Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:34

Ülkər Ucqar. Axıram


-

axıram

dumduru durulmuşam sənə
bu saat
baxsan
balıqçı əllərinə doğru üzən
qızılalalarımı görə bilərsən...

baxsan
o yandan, donumda pöhrələnən
çiçəklərim görünür.
durulmuşam, axıram
axıb gedirəm
xiyabanlar - ala
ev-eşik - ala
barmaqların - ala
şəhərin tərs üzündə mən axıram
avand üzündə maşınlar, insanlar,
bəlkə arxın suları da
dumduru

dumduru durulmuşam
qımız kimi gəlirəm
gəlirəm içimdən
gəlib axıram
toxunsan sınacaq bu bardaq
dağılacağam
səpiləcəyəm
sel götürəcək tikdiyin evi
dağılıb
dağıdacağam səni
axıb
axıdacağam səni
aparacağam səni...

toxunsan sınacaq bu bardaq...
səhəri Xəzərə göz dikən
türkmənlərin toruna
bir cüt qızılala düşəcək,
bir əllərin,
bir mən...
XS
SM
MD
LG