Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:36

Kamal Almuradlı: «Çoxdandır oğul atanın fikrinə görə işdən çıxarılmırdı»


Kamal Almuradlı
Kamal Almuradlı
-
Bir neçə gün öncə kütləvi informasiya vasitələrində dramaturq və rejissor Rüstəm İbrahimbəyovu müdafiə edən Rövşən Almuradlının oğlu Kamal Almuradlı AzTV-dəki işindən çıxarılıb. Rövşən Almuradlı AzadlıqRadiosunun «İşdən sonra» proqramında da Rüstəm İbrahimbəyovu müdafiə edən fikirlər səsləndirmişdi. Hətta indiyədək heç bir quruma üzv olmayan Rövşən Almuradlı İbrahimbəyovun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqına üzv olacağını deyib.

Kamal Almuradlı isə son 4 ildə AzTV-nin «Səhər» musiqi informasiya proqramında rejissor işləyib. Bu ilin martında isə ştata götürülüb. Dediyinə görə, onunla 6 aylıq müqavilə bağlanıb. Amma iyulun 31-də - müqaviləsinin başa çatmasına 1 ay qalmış ona müqavilə müddətinin bitdiyini deyiblər.

- Səbəbi aydın etmək elə də çətin deyil. İyulun 26-da atamın müsahibəsi getdi. Buna da tez reaksiya verdilər. 4 gün ərzində məni işdən uzaqlaşdırdılar.

- Amma konkret Sizə nə deyiblər?

- Müqavilə müddəti bitdiyi üçün işdən azad olunduğumu deyiblər. Əslində 6 aydan bir müqavilə yenilənir. Bəhanə etdilər ki, iyulun 31-də hamıda müqavilə yenilənir, fərqi yoxdur ştata neçə aydır düşmüsən. Bir daha deyirəm ki, müqavilə 6 aylıq bağlanır, həmin müddət isə başa çatmamışdı. Hər halda, indi 37-ci il deyil ki, repressiya qurbanı olasan. Azərbaycanda çoxdandır ki, belə addım atılmırdı, yəni oğul atanın fikrinə görə işdən çıxarılmırdı. Onu da deyim ki, AzTV rəhbəri Arif Alışanov indi istirahətdədir. O yoxdursa, işçini necə çıxarıblar, o da maraqlıdır.

Bu məsələyə münasibət öyrənmək üçün AzTV-yə zəng vurduq. Növbətçi bildirdi ki, həm mətbuat xidmətinin, həm «Səhər» proqramının, həm də ümumilikdə televiziyanın rəhbərliyi məzuniyyətdədir. Ona görə bizim sualları kimin cavablandıracağını bilmir. Televiziyanın kadrlar şöbəsi ilə əlaqə yaratmaq cəhdlərimiz də alınmadı.

CƏMİL QULİYEV: «KİM DEYİBSƏ, ÇOX SƏHV DANIŞIR»

Üstəlik, Kamal Almuradlı işdən çıxarılmasında «Mədəniyyət» telekanalının rəhbəri Cəmil Quliyevin təsiri olduğunu düşünür. Cəmil Quliyev həm də Rüstəm İbrahimbəyovun başçılıq etdiyi ittifaqa alternativ yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Rövşən Almuradlının «İşdən sonra» proqramında ittifaqla bağlı səsləndirdiyi fikirlərə də mətbuatda ilk olaraq o, cavab vermişdi. Kamal Almuradlı:

«Cəmil Quliyev Rüstəm İbrahimbəyov adına Beynəlxalq Kino Məktəbində mənə 3 il dərs deyib. Məni yaxşı tanıyır. Atamın müsahibəsindən 1 gün sonra o, «Trend»ə danışıb. Üstündən 2 gün keçəndən sonra mən işdən azad olunuram».

Amma Cəmil Quliyev AzadlıqRadiosuna açıqlamasında Kamal Almuradlının dediklərini təkzib etdi:

«Siz gedin kim onu işdən çıxarıb, ondan da soruşun. Mənim bu məsələyə aidiyyətim yoxdur, qətiyyən yoxdur. Kim deyibsə, çox səhv danışır. Bilirsiz təşkilat yaradılıb, biz də çıxıb getmişik, onlar da qalıb işləsinlər».

Kamal Almuradlı hüquqlarının müdafiəsi üçün bundan sonra hansı addımlar atacaq. O, hələlik bu yöndə qəti qərar vermədiyini deyir.
XS
SM
MD
LG