Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:40

London 2012: maneələrlə və hicabla qaçış


Arxiv foto: Kanadalı dizeyner Elham Seyed Javad`ın yaratdığı olimpiadada hicab modeli. 21 aprel 2011
Arxiv foto: Kanadalı dizeyner Elham Seyed Javad`ın yaratdığı olimpiadada hicab modeli. 21 aprel 2011
-



Beynəlxalq Olimpiya Komitəsi London oyunlarında Səudiyyə Ərəbistanını təmsil edən ilk qadın – cudoçu Wodjan Shaherkani`yə baş örtüyü ilə yarışmağa icazə verib. Səudiyyə MOK-un (Milli Olimpiya Komitəsinin-red.) sözçüsü Razan Baker deyib ki, buna görə Beynəlxalq Cudo Federasiyasını (İJF) uzun danışıqlarla yola gətirmək lazım gəlib.

Bundan əvvəl İJF baş örtüyünün çıxarılmasını tələb edirdi. Federasiyanın əsas arqumenti bu idi ki, cudo yarışlarında hər hansı baş geyimi qadağandır və ondan döyüşün qızğın anında qeyri-ixtiyari istifadə edilə bilər. Məsələn, hicabla rəqibi boğmaq mümkündür.

Əlqərəz Şakerkani bu cümə günü yarışa başlayacaq.

Səudiyyədən olan başqa bir qadın idmançı - Sara Əttar da Ər-Riyad tərəfindən Olimpiadaya islami geyim qaydalarına tam əməl etmək şərti ilə buraxılıb. Lakin Səudiyyə Ərəbistanında qadın azadlıqlarına münasibət o dərəcədə sərtdir ki, Sara Əttar buna da şükr edir və deyir ki, “Məni bu yarışlarda qələbəyə ruhlandıran odur ki, Səudiyyə Ərəbistanını Olimpiadada təmsil edən ilk qadınam və bu çox böyük şərəfdir. Bu, Səudiyyə qadınlarının idmanla daha geniş məşğul olmasına imkan yaradacaq”.

Qadın idmançıların Olimpiadaya buraxılmasını bir çox mühafizəkar səudiyyəlilər sərt tənqid atəşinə tutublar və idmançıları burada yazılması mümkün və xoş olmayan sözlərlə təhqir ediblər.

Sosial şəbəkələrdə də bu polemika kəskin şəkil alıb. Ciddədən olduğunu bildirən Xaled əl-Cəbri adlı bir Twitter istifadəçisi yazır ki, “onların Olimpiadada iştirakı utanmazlıq və böyük günahdır. Onlar yarışda iştirak etmək istəyirlər ki, bədənlərini nümayiş etdirsinlər”.

Lakin ölkənin əksər, ələxüsus da gənc qadın vətəndaşları bu hadisəni Olimpiadanın ilk qələbəsi adlandırıblar.

Heç bütün Səudiyyə kişiləri də mühafizəkarlar kimi düşünmürlər. Fəhəd əl-Enzi yazır ki, o, ölkəsinin qadınlarının Olimpiadada iştirakı ilə fəxr edir.

Özünü Səfa adlandıran bir qadın isə yazır ki, “Səudiyyə qadınlarının nümayəndə heyətinin arxasında addımlaması tarixi hadisə idi. Növbəti dəfə bayrağı onlar daşıyacaqlar, sonra isə kişilərlə bərabər addımlayacaqlar”.

Qadın idmançıların Olimpiadaya buraxılmaları üçün insan haqları təşkilatları xeyli müddət idi ki, Səudiyyə hökumətinə təzyiq göstərirdilər. Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu məqsədə nail olunması üçün Ər-Riyadla uzun danışıqlar aparmışdı. Beynəlxalq Olimpiya BOK-un prezidenti Jacques Rogge müsəlman qadın idmançıların yarışlarda iştirakını olduqca müsbət hadisə adlandırıb və deyib ki, bu qadınlar öz ölkələrində həmcinsləri üçün nümunə olacaqlar.
London Olimpiadasında daha iki müsəlman ölkəsini – Qətəri və Bruneyi də ilk dəfə olaraq qadın idmançılar təmsil edəcəklər.

Qətəri atıcılıq növündə təmsil edən Bəhiyyə əl-Həməd bildirir ki, ona böyük bir tale qismət olub və əslində onun daha üç həmvətəninə də bu xoşbəxtlik artıq elə bu Olimpiadada nəsib olub.

Qətər, ümumiyyətlə, daha cəsarətli addım ataraq Londona birdən-birə dörd qadın idmançı göndərib. Nur əl-Maliki (yüngül atletika), Aya Maqdi (stolüstü tennis) və üzgüçü Nada Arakji. Nada Arakji Olimpiya Oyunlarında iştirakını yuxuya bənzədib. Lakin bu yuxu yox, gerçəkdir. Ən böyük gerçək isə bundan ibarətdir ki, o, hovuza Avropalı həmcinsləri kimi iki hissədən ibarət üzgüçülük kostyumunda baş vuracaq.

Bruneyli gənc qadın, 400 metrlik məsafəyə maneələrlə qaçışçı Maziya Mahusin, necə deyərlər ilk tarixi maneəni aşa bilib. O, hicabla da olsa, Olimpiadanın start xəttinə çaxacaq. O deyib: “Mən öz ölkəm – Bruney üçün yeni tarix yazmaq istəyirəm. Bruneyin ilk qadın idmançısıyam. Həm özüm üçün şəxsi rekord, həm də ölkəm Bruney üçün rekord qazanmaq istəyirəm”.

Rekord sözünün ingilis dilində bir mənası da elə tarix deməkdir. Və bu qızlar öz ölkələrinin ən yeni tarixini artıq yazıblar. İndi onların ölkələrində 1433-ci ildir və onlar təkcə minlərlə kilometr məsafəni deyil, az qala altı əsrlik zamanı aşaraq 2012-nin London Olimpiadasına gəliblər.
XS
SM
MD
LG