Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:21

Ramiz Əsgər: «Orxon abidələrinin vəziyyəti pisdir»


Türkoloq Ramiz Əsgər
Türkoloq Ramiz Əsgər
«Bu necə olur ki, Azərbaycan türkologiyanın qabaqcıl məktəbi sayılır, amma Orxon abidələrinə bir azərbaycanlı alimin ayağı dəyməyib?».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına təzəcə çapdan çıxmış «Orxon abidələri» kitabının müəllifi tanınmış türkoloq Ramiz Əsgər söylədi.

İNDİYƏDƏK ÜÇ NƏFƏR ORANI GÖRÜB

Orxon Abidələri
Orxon Abidələri
Onun sözlərinə görə, indiyədək bu abidələri Azərbaycandan çox az adam görüb: «Yalnız Vilayət Quliyev Xarici İşlər Naziri işləyəndə Monqolustana səfər edib. O da 90 km-likdəki Tonyukuka gedə bilib. Bir dəfə də şair Məmməd İsmayıl gedib. Onu da Qorki adına Ədəbiyyat İnstitutunda oxuyanda monqolustanlı tələbə yoldaşı aparıb. 500 km-i atla-dəvə ilə gediblər. O vaxt elə idi. Deyəsən, Anar müəllim də nə vaxtsa orada olub. Dəqiq bilmirəm».

TORPAQ BOLDUR

Ramiz Əsgər Monqolustanın qəribə özəlliklərinə diqqət çəkdi:

«500 km gedirsən, nə bir məntəqə, nə bir şəhər, nə bir qəsəbə görürsən. Ara-sıra, 100 km-dən bir 5-6 yurt görə bilərsən. Orada insanlar ya dəvə bəsləyir, ya mal-qara, ya qoyun-quzu. Monqolustanda torpaq boldur. Bizdəki kimi deyil. İstəsən 1000 hektaracan tuta bilərsən. İcazə istənilmir. Çünki ölkə böyükdür, əzəmətlidir, gözəldir».

TÜRKİYƏ MUZEY TİKDİ

Ramiz Əsgər Orxon abidələrinin içində bizim üçün ən vacib olanını da saydı: «Ən vacibi Bilgə Xaqandır, onun qardaşı Kül Tigindir—biz Gültəkin deyirik. Bir də, vəzirləri Tonyukukdur. Bunlar bir-birindən 600 km məsafədədir. Ulan-Batorun çevrəsindədir. Getdim, gördüm, şəkillərini çəkdim. Onların vəziyyəti pisdir. Daha doğrusu, lap pis idi. Türkiyə gəldi Monqolustanda—çölün düzündə bir muzey tikdi».

TONYUKUKU YERİNDƏN TƏRPƏTMƏK MÜMKÜN OLMADI

Qonağımız muzeyin Monqolustanla mədəniyyət mübadiləsi proqramları çərçivəsində tikildiyini söylədi:

«O çərçivədə Süleyman Dəmirəl bir müqavilə imzalamışdı. Koço Çaydam deyilən yerdə muzey ucaltdılar. Abidələrin orijinallarını gətirib qoydular muzeyin içinə. Surətlərini saxladılar öz yerində. Təkcə Tonyukuk 600 km uzaqda olduğundan onu
Orhon-Yenisey abidələrindən
Orhon-Yenisey abidələrindən
tərpədib gətirmək mümkün olmadı. Heykəllər tısbağa altlığın üstündə olub. Aşındığı, çürüdüyü üçün muzeyin içinə qoyanda ayrıca altlıq düzəldiblər. Abidələrdə aşınma gedir. Hətta bir dəfə ildırım vurub. Bir çox mətnlər yararsız hala düşüb. Bəzi misralar oxunmur. Nə yaxşı ki, 120 il əvvəl Radlov abidələrin üzünü köçürüb. Baxırsan ki, o vaxt o söz görünürmüş, indi oxunmur...».

ORXONDA 54 ABİDƏMİZ VAR

Ramiz Əskər Orxon-Yenisey abidələrinin çox böyük əraziyə paylandığını söylədi: «Bir qismi - Orxon çayının hövzəsindədir, digəri — yüzlərləsi isə Yenisey çayının hövzəsindədir—o da minlərlə km uzanır. Orada bir daş var, burada bir qəbirüstü yazı var, o tərəfdə qayaüstü rəsm var... Orxonda 54 abidəmiz var. Elə onların şəklini çəkmək çox əziyyətli bir işdir. Yaxından çək, uzaqdan çək, qərbdən, şərqdən... Bir-birindən aralıdır. Kompleksə qızıl əşyalar daxildir, taclar var, heykəllər var, balballar var—300-500 km uzanır... Bunları tək-tək çəkmək lazımdır. Monqolustanda da yayda 35 dərəcə isti, qışda 35 dərəcə şaxta olur. Heykəllər də bizim axırıncı əmanətimizdir. Bəs bunu kim etməlidir?».

V-VI ƏSRLƏRDƏ QOYULMUŞ ABİDƏLƏR HƏLƏ DƏ DURUR!

Abidələri öz gözləriylə görüb şəklini çəkən yorulmaz türkoloq rəngli kitab buraxmaq qərarına gəlir: «Orxon yazılarını ilk dəfə olaraq çap hərfləri ilə yazdım. Çox əziyyətlə. Abidələri öz gözümlə görəndən sonra düşündüm ki, rəngli bir kitab buraxım. Gənclərimizdə vətənpərvər duyğular yaransın. Görsünlər ki, V-VI əsrlərdə qoyulmuş abidələr hələ də ayaqdadır. Qoy bilsinlər kökləri haradan gəlib. Amma kitab rəngli olduğu üçün çox vəsait lazım gəldi...».

- Ramiz Əsgər kitabı necə nəşr etdirə bildi?
- İmkansız türkoloq səfər üçün pulu necə tapdı?
- Bu qiymətli kitab niyə cəmisi 200 nüsxə çıxıb?
- Azərbaycan ali məktəblərində Orxon-Yenisey abidələri necə öyrənilir?
- Ümumiyyətlə, Orxon-Yenisey abidələrini kim daha yaxşı tədqiq edib?
- Ən əsası, monqollar türk abidələrinə necə yanaşırlar?


Bu maraqlı söhbəti buradan dinləyin.

XS
SM
MD
LG