Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:41

Murad Köhnəqala. Faciə-buk


-

Murad Köhnəqala


FACİƏ-BUK


- Salam!

- Salam!

- Necəsən?

- Sağ ol, sən necəsən?

- Mən də yaxşıyam, çox sağ ol!

- İş-güc necədir?

- Yaxşılıqdı, çox sağ ol! Səndə nə var, nə yox?

- Belə dəə, məndə də babatçılıqdı.

- Bura bax, profildəki öz şəklindi?

- Belə dəə! Həm hə, həm yox! Nəydi ki?

- Heeç, elə-belə soruşdum...

- Bəs səninki öz şəklindi?

- Yoox, bu, rus aktyorunun şəklidir.

- Mənimki də Hollivud aktyorudur...

- Deyirəm axı! Bizdə belə əzələli adam çox azdı, axı...

- Belə baxanda mənim də əzələm pis deyil, ancaq öz şəklimi qoymuram.

- Niyə?

- Bilmirsən? Bu feyzbuk şeytan əməlidir!

- Sən dindarsan?

- Əlbəttə! Müsəlman olasan, dindar olmayasan?

- Mən də dindaram, əlhəmdülillah!

- Bəs namaz qılırsan?

- Yox, namaz qılmıram, ancaq allahımı yaxşı tanıyıram.

- Mən də namaz qılmıram, ancaq burdakı kafirlər əlimə keçsə bıçağı qarnına soxardım.

- Məni demirsən! Birdən elə statuslar yazırlar, adamın ayağı altından yer qaçır. Ateistlər son vaxtlar lap ağ eləyib. O gün biri yazır ki, qadına çarşab geyindirmək biabırçılıqdı. Mən də yazdım ki, a kişi, get, öz arvadını çarşabsız elə, xalqın ana-bacısıyla işin olmasın! Mənə yazır ki, sən ərəbin quldarlıq quruluşunun əmrlərini hələ də yerinə yetirirsən. Dedim, a kişi, bu dindi, Quran bütün bəşəriyyət üçün gəlib. Dünyada əvvəl-axır hamı İslamı qəbul eləməlidir. Dedim, bu gün küçədə çadrasız gəzən qadınlar, bilirsənmi, nəyin əlamətidir? Qayıtdı ki, nəyin? Dedim, canına azarın, bəs xəbərin yoxdur, qadınlar üzüaçıq gəzərsə qiyamət yaxınlaşır? Gör, yazıb məndən nə soruşur?

- Nə soruşurdu, mən ölüm?

- Deyir ki, bunu sənə kim deyib, haradan almısan bu informasiyanı? Dedim, əə, ateistsən-mateistsən, nəsən, get Quranı oxu, orda hamısı yazılıb!

- Nə dedi bəs?

- Yazdı ki, mən Quranı da, başqa dini kitabları da oxumuşam, orda elə şey yazılmayıb!

- Sən nə dedin, bəs?

- Yazdım ki, yaxşı oxumamısan, get bir də oxu, hahahahaha! Sonra yazdım, tutaq ki, yazılmayıb, peyğəmbərimiz də heç bunu buyurmayıb. Bəs sənin özünün namusun haradadır, əə?

- Nə deyibsəən! Mən ölüm, ləzzət elədi mənə! Bunlara imkan versən adama namaz qılmağı da qadağan eləyərlər.

- Allah qoysa, İran bomba düzəltsin, gör, bunların kökünü necə kəsəcəyik!

- Amin-amin! İnşaallah, bəradərim! Bunları yer üzündən silmək lazımdı!

- O gün bir qız mənə yazır ki, səninlə görüşmək istəyirəm. Dedim, ay qız, sənin internetdə nə işin var, bağla buranı, çıx get, otur, öz xarabanda! Mənə deyir, yox, mən sənnən görüşmək istəyirəm.

- Biri də mənə eynilə belə yazmışdı...

- Adı nəydi, mən ölüm?

- Adı zad idi, Təhminə!

- Mənə yazan da Təhminə idi.

- Profil şəkli necədir?

- Əlini çənəsinə qoyub gülümsəyir.

- Ay sağ ol! Mənə yazan da odu. Sənə nə yazmışdı?

- Deyir, gəl görüşək.

- Bəs sən nə yazdın?

- Yazdım ki, gəl sabah saat 7-də Nərimanovda görüşək.

- A kişi, sən nə danışırsan? O, sabah mənimlə görüşəcək, özü də saat 9-da!

- Qardaş bilirsən nə var? İkimiz də görüşək, kimə razı olsa, qoy, qız onun olsun!

- Ə, sən nə danışırsan? Sənin danışdığın bilirsənmi, nə deməkdi? Mən səndən sonra artığınla görüşməliyəm? Bu sözünə “otveçat” gedirsən?

- Mən nə dedim ki? Qız özü görüşü belə verib dəə! İkincisi də, mən sözümə də özümə
də “otveçat” olan oğlanam! Səninlə harada istəyirsən, davay, görüşək!

- Dayan görüm əə! Məni razborkaya çağırırsan? Sabah gəl Nərimanova, səni yortmasam kişi deyiləm!

- Məni yortan hələ anasından olmayıb! Sənin bağırsaqlarını yerə tökməsəm nakişiyəm!

- Saat neçədə gəlirsən, əə?

- Saat 5-də parkda olarsan!

- Gəlməyən də nakişidir!

- Gözləyəcəm! Əynimdə qara kostyum, gözümdə qara eynək olacaq. Ağ “nol yeddi”dən düşəcəm. Əlimdə də “Nokia” telefon olacaq.

- Mən də qara kostyumda, qara “Çeşka”dan düşəcəm, qara eynək, əlimdə də “Blackberry” telefonu olacaq.

- Oldu, gözləyəcəm!

- Sən meyitsən!

- Ona baxarıq!

publika.az
XS
SM
MD
LG