Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:10

Ədalət Əsgəroğlu. Mənə demişdilər, getmə bu yolu


-

Mənə demişdilər, getmə bu yolu,
Axı, demişdilər, bu yava yoldu.
Mən bəxtikəm olan bəxtikəm oğlu,
Mənə nə oldusa, lap əcəb oldu.

Oldu, heç olmayan ağdan, qaradan,
Özümü şah tutdum, şah mat olandan.
Qəfəsdə bülbülü təbdən salandan,
Qarğa dil-dil ötdü, əcəb dəb oldu.

Tanrı ruzisini təpəgöz yedi,
Yaman söz fırlatdı, yaman bic dedi.
Bir dəli şeytan da candan keç, dedi,
Doldu səbir kasam, ləbələb oldu.

Mən dərdi bənövşə olandan bəri,
Azdım gümanımda, gəzdim sərsəri,
Öldü Əsgəroğlu bu yaz səhəri,
Özü də bilmədi nə səbəb oldu.
XS
SM
MD
LG