Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:41

Ədalət Əsgəroğlu. Şeirlər


-

Deyilənlər gerçəkdimi
Könül onu göyçək saysın?
Yazılara qələm çalan
Gülün vursun, çiçək saysın…

Alqışam söz qarasında
Haqq qaşla göz arasında
Düz düzdümü sırasında
Sonrasını fələk saysın.

Əsgəroğlum halım duysun
Boy verin boylanıb dursun
Qanadlanan eşqim olsun
O da özün mələk saysın.

***

Gün-güzarım pozuq düşüb,
Görün rüzgar nə istəyir?
Pərdə çəkib üz –gözünə
Özü aşkar nə istəyir?

Can istəyir, canım peşkeş,
Qəm istəyir, mənəm qəmkeş.
Versin üç-üç, alsın beş-beş,
Özgə nə var, nə istəyir?

Əsgəroğlum, ayrılıq var,
Yol bitirməz haça yollar.
Gedənə yar, gələnə yar,
Mənəm zəvvar nə istəyir?

***

Tərsə düşən yazıların
Zavalı bir navaldı ki…
Surətin gör binəvanın
Görsən demə xəyaldı ki…

Yar yaxasın çəkə yana,
Amansız qala divana.
Aşiq ki, qıymasın cana…
Cavabı yox, sualdı ki…

Şeh düşüb könül xalına
Gəl, indi döz məlalına
Əsgəroğlum xoş halına
Halın zurna qavaldı ki.

***

Sığınıb Tanrı eşqinə,
Hürr olan, hürr olum necə?
Könül, odun bəs eyləmir
Bu odnan, kül olum necə?

Cana məlhəm sözü yoğur,
Ələ düşmür belə uğur.
Olumdan bir ölüm doğur,
Ölümdən bir olum necə?

Əsgəroğlum çox yanası…
Tikansızdı gülxanası.
Eşqin dəli divanası,
Deməz ki, pir olum necə?


***

Zalım fələk şah deyibən,
Mat qoyub dondurma məni.
Gərdişinlə at oynadıb,
Boşuna qandırma məni.

Səni deyirlər adilən,
Zəkirlər ahı dadilən.
Qalanırmı od odilən,
Yanıram yandırma məni.

Əsgəroğlu dara düşüb,
Hardan gəlib, hara düşüb?
Sınmıramsa zora düşüb,
Zülümnən sındırma məni.

***

Sığınıb Tanrı eşqinə,
Hürr olan, hürr olum necə?
Könül, odun bəs eyləmir
Bu odnan, kül olum necə?

Cana məlhəm sözü yoğur,
Ələ düşməz belə uğur.
Olumdan bir ölüm doğur,
Ölümdən bir ölüm necə?

Əsgəroğlum çox yanası...
Tikansızdı gülxanası.
Eşqin dəli-divanası,
Deməz ki, pir olum necə?

***

Şükür, Tanrım şükranədi,
Rəhmdildi, aman eylər.
Nə verərsə, gözüm üstə,
Nə eylərsə, yaman eylər.

Sevdirər qəddi-qaməti,
Can bahası əmanəti.
Möhürlüdü qiyaməti,
Asilər nə güman eylər?

Əsgəroğlum, kəs ahları,
Özündə gəz günahları,
Sev ki, gerçək sabahları,
Səni əhli iman eylər.

***

Tanrım, könlüm aşiqanə,
Bir aman ver, dözüm, durum.
Nuş eyləyim şirin-şirin,
Düyün-düyün çözüm, durum.

Yozulurmu naşı deyən,
Ağlın kəssə başdı yiyən.
Mən gerçəyin aşiqiyəm,
Gerçək olub özüm, durum.

Əsgəroğlum mərd haraylar,
Sinəsi gülşən saraylar.
İtkin düşməz haqqı-saylar,
Bədirlənsin sözüm, durum.

***

Qəlb deyəni ağlım dedi,
Mən də dedim, düz vaxtında.
Görən gözlərimə şükür!
Gördüm nəzərin, haqqın da.

Qan-qadalı nələr varmış,
Can sökən nalələr vermiş.
Al üzlü lalələr varmış,
Bu, allı-güllü baxtımda.

Əsgəroğlum, haqq eylədim,
Eşqimi çıraq eylədim.
Çox böyüdü, şah eylədim.
Əyləşdi könlüm taxtında.

***

Əhdinə vəfalı dünya,
Könlümdü hüsnün heyranı.
Bir gedişə şah deyibsən
Mat qoyubsan Süleymanı.

Ay sinəsi dağlı gəzən,
Haqqını çıraqlı gəzən.
Bir ömürlük sağlıq gəzən,
Olur gözlərin qurbanı.

Umud dolu xanimansan,
Həm yanansan, həm yamansan.
Sən özün sultansan, xansan,
Neynirsən özgə fərmanı.

Əsgəroğlum, ağam, paşam,
Gerçəyəm əhvalı xoşam.
Tək sənə aşiq olmuşam.
Sevmərəm ayrı dünyanı.

***

Sözün özü güldü, balam!
Ruzigar əssə, solmaz ki...
Bu ömür beş gündü, balam!
Beşi də qara olmaz ki...

Umudlar sabaha uyar,
Barsız şair qəm buduyar.
Bağrı tıncıxan quyular,
Su tökmək ilə dolmaz ki...

Durdum üz-üzə fələknən
Mən qələmnən, o lələknən.
Bəyaz donlu bir mələknən,
Gəlib canımı almaz ki...

Əsgəroğlum, olur nələr?
Yazılar qanlı namələr.
Binası küskün xanələr,
Düzlənər, izi qalamaz ki...

***

Ötər rüzgar acı-acı,
Özündən ötürməz məni.
Karvan-karvan yüküm bəlli,
Körpələr götürməz məni.

Şahə qalxar and-amanlar,
Silkələnər xanimanlar.
Sinəmi didər aslanlar,
Tülkülər bitirməz məni.

Köçündən yayınan quşun,
Köksündə dayanar qurşun.
Çinar kimi şah duruşum,
Diz üstə gətirməz məni.

Əsgəroğlum,ölüm yalan,
Bu söz ki, çürüməz balam!
Dan yerində sevdalanan,
Sabahlar itirməz məni.

***

İçindən sovrulub durur,
Mən olan, məndə olmayan.
Bir gün düşür ayaqlara,
Zil olan, bəmdə olmayan.

Boğur özünü öz köpü,
Bilməz nədi yaxşı, kötü,
Bom-boşun gəlib ötür,
Doğulan, bəndə olmayan.

Oluma, ölümə doğru,
Bir “ol”!-dan olanlar doğdu.
O nədir ki, Əsgəroğlu!
Həm olan, həm də olmayan.

Muradımı sirr saxladım,
Saxladım ki, gerçək ola.
Pərvazlana şahin kimi,
Qanad çala sağa-sola.

Gülüm güllər gülüşüdü
Güllərin könüllüsüdü.
Naz etməyin ölüsüdü,
Çətin ki, gətirəm yola.

Əsgəroğlum, söz dərmişəm,
Eşqi deyilən dərvişəm.
Deməlisin çox demişəm
Yazdım ki, yazılı qala.

***

Eşq dəlisi, düş çöllərə,
Məcnundan da lap betər ol!
Ya dillərdə dastana dön,
Ya da çürü, dərbədər ol!

Aynasında qəm butası,
Qan çiləyər tər yaxası.
Gülöyşədi narxanası,
Get, dənələ - bəxtəvər ol!

Yanağında lalə xalı
Yanğısında Ney misalı.
Bu nişanda xoşdur halı
Gör halımı bixəbər ol.

Əsgəroğlum qara gedər,
Gerçəklər aypara gedər,
Saylar itər, sıra gedər,
Sözün qalsın, gəl, gedər ol!

***

Ağam, məni sınağa çək,
Suallar siir olan yerdə!
Alın yazım möhürlənir,
Mövlanə pir olan yerdə.

Sevənlər eşqdən bayılır,
Qumrusu erkən ayılır.
Tikanlar güldən ayrılır,
Aşiqlər bir olan yerdə.

Əsgəroğlu, haqqın qulu
Sevdalıdır ömür yolu,
Qansızlar qan tökmür, durur,
Könüllər hürr olan yerdə.

***

Yaxası açılıb gülün,
Xal üstündə xan havası.
Havalanan gözəl budu.
O da gerçək binəvası.

Qana həris bu hay-həşir,
Cana can deyib dirəşir.
Alması, narı titrəşir
Amanabənddi heyvası.

Əsgəroğlum dillər tökər,
Pərdə-pərdə sədlər sökər.
Dartışması uzun çəkər
Görünməyəndi davası.

***

Mənəm, mənəm deyən fələk,
Gör, mənimlə bölər nələr?
Bir üstə birini gəlməz,
Qoşa-qoşa gələr nələr?

Tellənən ürəyim olsun!
Qızılsa, dirəyim olsun!
Bir məsum mələyim olsun!..
Sonra olsun, nələr, nələr?

Əsgəroğlum qara tirdi,
Həmi aşkar, həmi sirdi,
Olum-ölüm özü pirdi,
Olar nələr, ölər nələr?

***

Nur qona qara gözlərə,
Bir cüt ala göz üzündən.
Nişangaha göz eyləyib
Vura ovu düz gözündən!

Halı dildən-dilə düşə
Ümidi get-gələ düşə
Eşqə düşən belə düşə,
Alov tuta öz-özündən.

Əsgəroğlum, arzun sıcaq,
Dada gələ bu dil-dodaq
Ha deyəsən nazı burax
Xoşallana naz sözündən.

***

Oxu, gözəl məndən oxu!
Divanələr oxunsa, zor.
Millənib yazılan könül.
Ilmə-ilmə toxunsa, zor.

Beş gün, sıralanıb gedər,
Bir-bir qaralanıb gedər.
Birdən aralanıb gedər
Əhd-kamın yoxunsa, zor.

Əsgəroğlu, andım qələm,
Sultanımdı, eylər kərəm.
Nura dönüb vəcdə gələn,
Sarı simə toxunsa zor.
XS
SM
MD
LG