Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:01

Tağı Şahbazi (Simurğ). Siyasət adamı


-

(Hekayə)

Hacı Qafar çoxdan bəri şəhərdə yaşayırdısa da, lakin şəhərin mədəni həyatından pək uzaqda idi. O, teatro, klub, mühazirə, müsamirə kimi mədəni təşkilatları tanımaz, tanımaq belə istəməz. Heç maraqlanmaz ki, bu gün şəhər teatrosunda hansı oyun mövqeyi tamaşaya qoyulacaq, kimlər iştirak edəcəkdir. Yaxud klubda bu gecə nə tərtib olunmuş, harada kim nə xüsusda mühazirə oxuyacaq - bunlar heç də Hacı Qafarın qulağına girməz.
Klub? Teatro? Oyun? Mühazirə? Musiqi axşamları - bunlarla Hacı Qafarın nə işi - bunlardan Hacı Qafar nə əxz edə bilər? Müasirləşə bilərmi? Hacı Qafar hazırkı əsrdən geridəmi qalmış? Siz bunu iddia edirsinizmi? Bir saat içərisində Hacı Qafar kəndisinin bilik və mərifətini, siyasət, fənn, texniki və qeyri sahələrdə malik olduğu məlumatlarını sizin qarşmızda cari etsə, axıtsa, ağıllı-başlı müasir adam olduğunu sübut edəməzmi? Buyurun - nəticəsini görün.
Hacı Qafar yalnız bu gün belə deyildir. Altmış yaşında olduğu halda o kəndisini həp belə tanıyır. İnqilab da oldu, əhval və evza da dəyişdi. Əski üsuli-idarə belə təbdil oldu. Hər bir işdə yenilik vücudə gəldi, fəqət Hacı Qafar dəyişmədi. Hacı Qafarın əskidən belə qəbul etmiş olduğu nəzəriyyələri təğyir tapmadı. Mülkü və malı əlindən çıxdı isə də fəqət nöqteyi-nəzəri dəyişmədi, biləks sabiqdə dedikləri həyatda sübut oldu.
İnqilabdan əvvəl olduğu kimi, indi də Hacı Qafar siyasətlə maraqlanar, sabiqdəki kimi indi də dövlətlərin və padşahların münasibətlərini öyrənər, bu xüsusda daima söhbət edər, düşündüklərini söylər.
On il, bəlkə on beş il, bəlkə iyirmi il bundan əqdəm olduğu kimi yenə məscid həyətində, dəllək dükanında, hamam qabağında, dostu Kərbəlayı Fərzəlinin baqqal dükanında, müxtəsər, hər bir məclisdə üç, beş, on adam hazirunun çox və azlığının təfavütü yoxdur - cəm oldumu, Hacı Qafar sevdiyi, bildiyi məsələ dairəsində söhbətə başlar. O zaman gəl də, Şərq və Qərb məmləkətlərinin bir-birinə olan əlaqə və rabitələrindən "düvəli-müəzzəmə" arasındakı münasibətdən, dövlətlərin hərbi qüvvətlərindən danışılan söhbətə qulaq as... Hacı Qafarda nə qədər məlumat varmış!
Hacı Qafar bizim şəhərdə deyil, başqa ölkədə sakin olsa idi, yəqin ki, o ölkənin xarici işlər vəzarəti başında əyləşib ümuri-xariciyyəni idarə edərdi. Bu, Hacının öz fikri idi. Bunu başqalarına da hiss etdirmək istərdi.
O, siyasətdə Balduindən, Puankaradan, Mussolinidən az bilirmi?
Nə edəsən ki, bizim şəhərdə, bizim ölkədə adamın qədrini bilməzlər. Adama qiymət qoymazlar, heç bir şey anlamayan, səs-küy salan, özünü hər vasitə ilə məşhurlaşdıran adama bir də görürsən ki, böyük bir iş tapşırıldı.
Amma Hacı Qafar demişkən, "işin kanətinə" çatanda görürsən ki, hamısı "cüvəllağı", hamısı "bambulu"dur.
Bir dəfə Hacı Qafarın siyasətdən danışdığını eşitsəydiniz, siz də onun məlumat və biliyini təsdiq edərdiniz.
-Hər bir dövlətə nə lazımdır? - Siyasi söhbətdə Hacı Qafar əvvəlcə, əsasən, bu məsələni aşkar etmək istərdi.
-Elm, texnika, sənaye, para?
-Yox, yox, Hacının fıkrincə, bunlar hamısı düzələndir. Əsasən hər bir dövlətə, hər bir məmləkətə iki şey lazımdır. Zənn edirsiniz ki, Hacı Qafar deyəcək ağıllı padşah, ədalətli qanun, yox, o bu qədər də idealist deyildir. Hacı Qafarın zənnincə, hər bir məmləkətə bir dənə ağıllı vəzir və bir də qeyrətli və şücaətli qoşun lazımdır.
Səadət və şöhrətini gözləyən dövlət və millətə bundan artıq şey lazım deyildir.
Görürsən ki, bunu dedikdən sonra hazirun tamamən Hacı Qafarla şərik olur; şərik olmamaq olurmu - şəhadət barmağını qaldırıb bu sözləri elə bir etiqad, elə bir ruhla söyləyir ki, təsdiq etməkdən başqa bir şey qalmayır.
Üsuli-idarə xüsusunda Hacı Qafar kəndinə məxsus fıkir bəsləyirdi. Qanuni-əsasi və filan xüsusunda məxsus nəzəriyyəsi var idi.
Qanuni-əsasi oldumu-olmadımı, onun o qədər əhəmiyyəti yoxdur, məmləkətdə hər bir şərait dairəsində, hər bir üsuli-idarədə intizam gərək olsun, məmləkətin başında duran padşahın zabitəsi olmadısa, o padşahlıqda qayda və nizam gözləmək bicadır; burada bir xülasə çıxarırdı: padşahın nizam qoymaq üçün vəziri və nizamı bərpa etmək üçün hərbi qüvvəsi olmalıdır və sonra fıkrini izah etmək üçün deyirdi ki, padşahın qoşunu oldumu, onu hamı tanıyar, hamı onun ziyarətinə gələr, elçi göndərər. Hə, onda əqilli vəzir lazımdır ki, padşahların göndərdiyi elçi ilə danışa bilsin. Hacı Qafann bu cür siyasi söhbətləri bir çoxlarını maraqlandırırdı, odur ki, Hacı Qafarın bir yerdə oturmuş olduğunu görüncə dərhal tanıyanlar cəm olurlar, bilirlər ki, Hacı Qafar siyasətdən şirin-şirin danışacaq. Eşidən də deyir:
-Siyasi işləri Hacı Qafar kimi bilmək lazımdır. Kişi dünyanın hər bir tərəfındən xəbər verir. Vallah yaşa!
Hacı Qafarın ən sevdiyi məsələ müharibə və müharibə ehtimalı idi. Hacı ömründə çox müharibələrin şahidi olmuşdu. Ona görə də müharibə ilə əlaqədar olan məsələlərdən danışdıqda Hacı Qafar hansı hökumətlərin ittifaqı mümkün olduğuna artıq əhəmiyyət verirdi. Bu söhbətlərdə Hacı Qafar öz hökumətlərinə çox məsləhətlər verir idi. Nə edəsən ki, bu söhbətlər dükan qabağında, məscid həyətində, hamam qarşısında eşidilir, ancaq Hacı Qafarın istədiyi hökumətlər tərəfındən eşidilməyir, biləks etinasız buraxılırdı.
Hacı Qafar hansı hökumətə məsləhət verir, hansını kəndinin hökuməti zənn edirdi?
Bunu aşağıdakı hissədən biləcəyiz.
İkindi zamanı idi. Qarasu hamamı qarşısındakı daş səki üstündə iki nəfər oturmuşdu. Onlardan biri Ağabala oğlu Kərbəlayı Nəcəf, ikincisi dəxi xarrat Bağır idi. Bunların qarşısında əlindəki ağaca təkiyə edərək Şahcahan oğlu Məlik durmuşdu. Söhbət o yan-bu yandan başlamışdı. Şahcahan oğlu Məlik söhbətçi olduğundan dar səki üstündə oturanlar, qəsddən vaxtlarını axşam etmək üçün onu saxlayıb danışdırırdılar. Söhbəti daha uzatmaq istəyərək onlar dəfəatla Şahcahan oğlu Məlikə yanlarında daş üstündə yer təklif etmişdilərsə də hər dəfə:
-Gedirəm, arvadağa da yəqin acığa qərq olub, dədəmi gordan çıxardacaq ki, turşu gec gəlmişdir, - deyə əlindəki sarı kağızı göstərir idi.
Birdən bu vaxt tindən Hacı Qafar çıxdı. Hacını görən kimi hamam qarşısında söhbət edənlər bir dəqiqə sükut ixtiyar edərək ona sarı baxdılar. Hacı salam verdi və yaxınlaşdıqda durdu.
Söhbətə məşğul olanlar ayağa qalxıb Hacının salamını aldılar və yanlarında yer təklif etdilər. Hacımn sevdiyi yerlərdən biri də bura idi. Hacı oturdu.
Hə, yenə Məlik sizin üçün nə doğrayır, nə tökür, - deyə Hacı yanında oturanlara baxıb Məlikə işarə etdi. Hacının Məlik ilə zarafatı var idi. Qorxma, səndən eşitdiklərimi füruşa verməyirəm, indi bilirsən ki, mövsüm dəyişib, köhnə paltarlara qiymət qoymayırlar.
Bunları deyirsənsə, bunlar zərgərdir.
Kərbəlayı Nəcəf Hacının fıkrini tamam etmək üçün:
Bəli, dədə-baba sözüdür "zər qədrini, zərgər bilər", - dedi və Hacıya baxdı.
Elədir, odur ki var, söz də odur ki var. Qaldı yeni mövsüm gəldi, fılan getdi, bunlar qulağıma girməz. "Zər qədrini, zərgər bilər", vay qalayçının halına hə... hə... hə...
Axı bir də var ki, hər vaxtın öz meyvəsi var, vaxtsız dərilib təklif olunan meyvə kal olar, dişi qamaşdırar, xahəni də olmaz, - deyə Məlik Hacını qızışdırmaq istədi.
O, çürük meyvələr üçün deyilib, bizim meyvələr çürümək bilməz.
Hacını söhbətə qızışdırmaq lazım idi. Bunu hamısı bilirdi, odur ki, Məlik onu yavaş-yavaş "suya çəkmək" istəyirdi.
Vay o meyvəçinin halına ki, meyvələri köhnəlmiş ola, sözləri boyat ola.
Söz var ki, xoruz səsi eşitməmişdir. Söz var ki, çeynənmişdir. Söz gövhərdir.
İndi də o qədər söz satan var ki.
O söz satanlara baxma. Beşgünlükdür.
Mitingivay elədilər, qətnamə çıxarıldı, qurtardı, - deyə Kərbə layı Nəcəf əlavə etdi və səsini aşağı salıb:
Deyirlər ki, bu gün bir böyük iclas qurublar və xəbər veriblər ki, sabah məhəllədə yenə mitinq olsun. - Məlik bunu eşitcək, Hacıya baxıb sonra ahəstəcə:
Eşitmisənmi, - deyə sordu və cavab gözləməyərək dedi ki, - bu gün əsgərləri fırqələrin qabağına yığmışdılar. Deyirlər ki, balkondan bir nəfər danışıb, nə deyibsə bilmirəm.
Burada xarrat Bağır öskürüb dedi:
Kim bilir, gərək içlərində olasan biləsən.
Sabahkı qətnamədən anlaşılar. Hə... hə... hə...
Olar. Qətnaməsiz "onların" ibadəti batildir...
Kərbəlayı Nəcəf davam etməyib:
Yaxşı, əsgərlərə nə söz demiş olsunlar, bu maraqlıdır.
Heç, küçədə elə bir söz ola bilməz, sən deyən olmaz, o təbrikdir, bu elə hər bir torpaqda var, hər bir dövlətdə var. İstambulda salamlıq olar... Əsgərlər hazır olar. Gəl onda büsatı gör, - bu sözləri deyərək Hacı fikrə getdi və bir azdan sonra:
Bizim padşahlarda- ancaq Osmanlının qoşunu. Kişilərdə qeyrət var, - dedi və bir-bir müsahiblərinin üzünə baxdı.
Bəs İran necə, Hacı, deyirlər ki, düzəlibdir?
Hər bir məmləkətə, hər bir dövlətə iki şey lazımdır. Biri ağıllı vəzir, biri də qeyrətli qoşun. Mən bunu demişəm, yenə deyirəm. İranda çoxdan bəri ağıllı vəzir yox idi. İndi İran onu tapmışdır. Görək indi bu ağıllı vəzir qoşun düzəldə bilər, ya yox, hələ ki bir şey yoxdur...
İnşallah ki, düzəldər...
Onda bizim padşahların qabağına duran olmaz. Çünki qalır Əfqan - o barədə xatircəm ol.
Hacımn müsahibləri "bizim padşahlarımız" dedikdə, onun hansı padşahları nəzərdə tutduğunu yaxşı bilirlər. Onun fıkrincə, bütün islamların padşahları Osmanlı, İran və Əfqandır. Hacı özü azərbaycanlı olub, Azərbaycanda yaşayırsa da, amma yenə "bizim dövlət" dedikdə, Osmanlı, İran və Əfqan məmləkətlərini nəzərdə tuturdu. Hələ Nikolay zamanında öz olduğu yurdunu müvəqqəti olaraq Rusiya çar hökumətinin əlinə keçmiş hesab edir idi. Bu fıkirdə idi ki, bir gün "öz padşahlarımız" bu yerləri çar rus hökumətindən geri alacaqlar.
Hacı, Əfqan padşahları ilə indi hökumətlərin arası necədir?
Bir az sükut edəndən sonra Hacı:
Əfqan bizim başımızın ucalığıdır, - dedi. Əfqan əmirindən qorxurlar, qorxduqlarına görə sözünü danışmazlar. Amma çox hökumətlər istəyir ki, onu öz tərəfınə çəksin, çünki nədir, qüvvəsi var.
Allah kömək olsun, - deyə xarrat Bağır başını tərpətdi və əlavə etdi: - Çətindir, gərək "özü" kömək olsun.
Hacı gülümsədi və dövlət, siyasət işini bildiyinə güvənərək və özünü daha da artıq bilikli göstərərək dedi:
Çətin deyildir, çalışmaq və ağıl lazımdır. Oldu - iş gedəcək, olmasa - düşəcək urusun halına.
Amma onun taxtdan yıxılmağı lap təəccüb idi: bu qədər qüvvə, bu qədər nizam...
Bilirsən...
Bu vaxt dərzi Əli ilə xarrat Bağırın qardaşı oğlu Əhməd çatıb salam verdilər. Hacıgilin söhbəti kəsildi. Müsahiblər yeni gələnlərə baxdılar, bir azdan sonra Məlik üzünü dərzi Əliyə və Əhmədə tutub:
Yəqin firqələrdən gəlirsiniz. Təzə xəbər, təzə bir əhvalat?
Ey sən də, təzə xəbəri, təzə əhvalatı onlar sənə nə üçün desinlər? Sabah gələr ki, burjuysan, evini ver kluba, məktəbə... hə... hə - Hacı zarafat etdi.
Hacı, kluba ev vermək, ya məktəb üçün bir evdən keçmək necə işdir? Pisdirsə, mən ölüm, açıq söylə.
Qoy Hacının əvəzinə mən cavabım verim, - deyə Məlik sözə başladı.
De, sən de.
Mən fırqələrin qabağında həmişə düzünü deyirəm.
De görək.
Mənim qanacağım budur ki, elm və maarif üçün ev vermək böyük və müqəddəs işdir. Ancaq xoşluq ilə, zülm ilə yox.
Əhsən! De görək, xoşluq ilə verərsənmi? Söz burasındadır ki, bu vaxta qədər xoşluq ilə heç bir şey etməmisən - nə evini vermisən, nə pulundan, nə qeyri malından keçmisən, indi ver.
Zəhmət və məşəqqət ilə qazandığını, beş gün dünyada ömür sürmək üçün mövcud etmiş olduğunu bir dəqiqənin içində almaq - zülmdür.
Alınan şey sənin deyildir, başqasının zəhmətini istismar etməkdən əmələ gələn şeydir. Ona görə də səndə gərək qalmasın, xalqa verilsin.
Mən, məsələn, Hacı Qafar, de görüm nə vaxt özgənin zəhmət haqqını verməmişəm. Sən dərzi Əlini mən çoxdan tanıyıram. Sən də məni tanıyırsan, bir çox dəfə sənə paltar tikdirmişəm. Elə vaxt olmuşdur ki, mən sənə tikdiyin paltar üçün haqq-zəhməti verməmiş olam? Ya başqa adam göstərə bilərsənmi ki, onun pulunu mən kəsmiş olam?
Əvvələn, olsun sən həmişə işlətdiyin adamın haqq-zəhmətini vermisən, amma elələri var ki, sən də bilirsən, mən də bilirəm, qapısında işlətdiyi adamların zəhmət haqqını verməmişdir. Hələ bəyləri, zavodçuları qoy bir yanda dursun. İkinci, sən verdiyin haqq aldığın xeyirə müqabildirmi? Burada istismar olmamışmı? - deyə dərzi Əli Hacıdan cavab gözlər bir şəkil aldı və cavab verməyəcəyini bilir kimi Hacıya, sonra başqa müsahiblərə baxıb güldü.
Söz burasındadır ki, bir nəfər sözü yoxdur, burada bütün sinif söhbəti vardır, - deyə Əhməd yoldaşı Əlinin sözünə qüvvət vermək üçün əlavə etdi.
Quru ilə bərabər yaş da yanar. Böylə olar... Bunun oyununu göstərirdilər, gərək Hacı, sən görə idin, görməli idin. Orada varlıların məişəti, rəftarı bildiyimiz kimi gözümüzün qabağmda nümayiş etdirilir idi.
Hacı teatroya gedən deyil.
Xeyr, xeyr, getməmişəm, getmərəm, bu vaxtımda mənə yaraşmaz da, - deyə Hacı qəti olaraq fıkrini bildirməyə tələsdi. Sanki qorxurdu ki, bu saat onu teatro tamaşasına dəvət edəcəkdirlər.
Amma sabah mitinqə yəqin ki, gələ bilərsiniz - deyə Əli gülümsədi.
Hə, doğrudan, yenə nə barəsindədir? - Şahcahan oğlu Məlik qabaqca mitinqin nə xüsusda çağırılmasını bilmək istədi.
Şuralar Cümhuriyyətini Qərb ölkələri təsdiq etmələri barəsində, bir də, yeni maarif evi açmaq xüsusunda danışıq olacaq.
Şuralar Cümhuriyyətini təsdiq etməkmi? Bunu mən çoxdan demişəm ki, Qərb ölkələrinin lovğalığına baxmayın. Yumşalacaqlar. Şərq məmləkətlərini görəndən sonra onlar duracaqlarını, - deyə Hacı Qafar siyasət aləmində dara olduğu məlumatı nümayiş etmək niyyəti ilə əlavə etdi.
Qərb ölkələrində zahiri qüvvə var, amma Şərq məmləkətlərinin batini və böyük qüvvələri olduğunu unutmaq olmaz.
Şuralar Cümhuriyyəti gərək meylini o yana verməsin, bu yana versin, bizim Şərq məmləkətlərimiz ilə ittifaqını möhkəm etsin.
O var, Hacı, o ittifaq möhkəmdir. Şura Cümhuriyyətləri İttifaqı bütün məzlumların nicat və xilası üçün var qüvvəsini sərf etməyə hazırdır.
Söz odur ki, var, bax söz odur, - deyə xarrat Bağır kəndi fıkrini söhbətə qatdıqdan xoşnud olar kimi yan-yörəsinə baxdı.
Öylə isə gəlin, sabah danışılan söhbətə qulaq asın, bəlkə Hacı bir nitq desin?
Xayır, sizinki teatro tamaşası kimi olur, - biz onu bacarmarıq... böylə söhbət olsa nə var?
Nə üçün, axund moizə etməyirmi? Nitq irad etmək dəxi o moizə kimidir, - deyə Əhməd başa salmaq istədi.
Qətnamə də olacaqmı? - deyə Məlik sordu.
Qətnaməsiz olmaz. Yoxsa axundun moizəsi kimi "nişəstənd, qoftənd, bərxastənd" əhvalatı olar.
Birdən Məlik üzünü göyə tərəf qaldırıb:
Bax, azan da deyilir. Bu zalım qızı mənim dədəmi gordan çıxaracaq ki, turşu gec gəldi. Mən isə, doğrudan da, söhbətə qızışıb turşunu unutdum, - dedi.
O da yeridir. Nə etsə yeridir.
Di dur, mən də sənə yoldaşam, - deyə Hacı da qalxdı.
Başqaları dəxi durub, xudahafiz edib dağıldılar.
Hacı ilə Məlik bir qədər sakit gedəndən sonra Məlik Hacıya söylədi:
Əslinə baxsan, bunlann sözü əsassız deyil.
Xarrat Bağır ilə Kərbəlayı Nəcəf bütün müsahiblər gedəndən sonra bir-birinə baxdılar və sonra Kərbəlayı Nəcəf dedi:
Allah ömür versin, Hacı siyasət işini yaxşı bilir.
Xarrat Bağır onun sözünü təsdiq edərək dedi:
Müsəlmanlıqda onun kimi siyasət bilən az tapılar. Siyasət adamıdır.

1932
XS
SM
MD
LG