Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:24

ULDUZ, yoxsa... aldanmış kəvakib


Cavanşir Yusifli
Cavanşir Yusifli
-

Heç kəsə sirr deyil ki, bizdə hər iki dərgi – “Azərbaycan” və “Ulduz” satılmır, daha doğrusu onların satış göstəriciləri cüzidir.

Belə olan halda, yalnız bir nəticə hasil ola bilər: demək, nəşr və redaktorluq işində də müəyyən çatışmazlıqlar var.

Oxucular arasında sorğular aparılmalıdır, yavaş-yavaş elektron formata keçmək lazımdır.



Tənqidçi Cavanşir Yusifli "Oxu zalı"na göndərdiyi bu məqaləsi ilə Yazıçılar Birliyinin ədəbi dərgiləri ilə bağlı polemikaya qoşulur.


Cavanşir Yusifli


ULDUZ, YOXSA... ALDANMIŞ KƏVAKİB

“Ulduz” jurnalının bir sayının bu sahədə ardıcıl təcrübəyə malik olmayan gənclərə tapşırılması ənənəsi, fikrimizcə, bir anlam daşıyır: gənc ədəbi qüvvələr özlərini bu dərgidə necə görmək istərdilər?

Onsuz da indi gənclərin çap olunmaq problemi yoxdu, onların öz əsərlərini hansı dizaynda, belə deyək, hansı “vurğu işarəsi” altında görmək istəmələri nəticədə dərginin real rəhbərliyi üçün də bir sorğu nəticəsidir.

Bax, siz buna önəm verirsiniz, ədəbiyyatı bu şəkildə təsəvvür edirsiniz, biz sizə təsəvvür elədiyinizdən artıq imkanlar yaratmaq istəyirik, yəni baxışlar arasındakı fərq jurnalda gənc qüvvələrin mətnlərini düzgün bucaq altında çapını asanlaşdırır. Məncə, məsələ bu qədər sadədir.

Ancaq fikrimizcə, bu məsələdə seçim düzgün edilmir, yəni elə adam var ki, köməksiz də baxış bucağını məhz başqaları üçün maraqlı təqdim etməyə qadirdir, ancaq kollektiv var ki, ən maraqlı görünən nəsnələri də gözdən salır, bir dərgini böyük bir məzarlığa çevirir.

Hər il dərginin hər hansı sayının gənc kollektivə tapşırılmasının başqa bir önəmi ola bilməz. Əgər məqsəd təcrübə qazandırmaqdırsa, bir nömrə ilə bu, şəksiz başa gələn deyildir.

Bircə nömrədə insan ancaq nə dərəcədə təcrübəsiz olduğunu nümayiş etdirə bilər. Bu yazını yazmadan öncə “Ulduz” dərgisinin məqsədini özüm üçün bu şəkildə aydınlaşdırmağa çalışdım. Ancaq belə bir versiya da ola bilər: kənardan ağıl vermək, bəyənməmək asandır, gəlin bizdən yaxşısını çıxarın.

Ancaq, yenə də ancaq... bircə nömrə ilə bunu hər adam sübut eləyə bilməz. Lap sübut eləsə belə, bunun bir anlamı yoxdur. Ancaq elə bir dövrdə yaşayırıq ki, hər şey ola bilər və bu “hər şey” kiminsə qəlbinin bir küncündə mürgüləyən həsəd şimşəyinin təsiri ilə müharibələr dövrünün qızğın atmosferi içində müzakirələrə səbəb ola bilər.

“Ulduz”un bu ilki yeddinci sayı da elə bu baxımdan dəyərləndirilməlidir. Yazıların düzümü, məqalə adlarının seçimi, materialların bir-birinə və əsas ideyaya bağlılığı baxımından diqqətimizi cəlb edən qüsurlar dərgini necə deyərlər “bir nəfəsə” buraxan hər bir kəsin yol verə biləcəyi səhvlərdəndir.

"Ulduz" jurnalının gənclərə həvalə edilmiş son sayı
"Ulduz" jurnalının gənclərə həvalə edilmiş son sayı
Məsələn, sorğu təqdim edilirsə onun adını “yazıçı, tərcüməçi filankəslə sorğu” qoymazlar. Ad-padşahdır, düzgün adı olmayan yazı şəksiz ki, oxunmur.

Ancaq bu sayın bir məziyyətini qeyd etmədən ötüşmək olmaz. Aysel xanımın seçdiyi yazılar əsasən istedadlı qələm sahiblərinin mətnləridir: Mirmehdi Ağaoğlu, Cavid Zeynallı, Qumru Zeynallı, Günel XƏZƏL, Nərmin Hüseynzadə, Yeganə Cansail, Rəbiqə və sair. Redaktor gənclərin formalaşdırdığı ədəbi prosesi fraqmentlərlə, özü də önəmli saydığı fraqmentlərlə təqdim etmək istəyib.

Cavidin yazısı, Mirmehdinin hekayələri, Elmar Şahmarın şeirlərini nümunə kimi göstərə bilərik. Məlum tənqidlə bağlı müzakirələrdə imkan, maliyyə vəsaiti və digər cəhətlərdən söz açıldı.

Heç kəsə sirr deyil ki, bizdə hər iki dərgi – “Azərbaycan” və “Ulduz” satılmır, daha doğrusu onların satış göstəriciləri cüzidir. Belə olan halda, yalnız bir nəticə hasil ola bilər: demək, nəşr və redaktorluq işində də müəyyən çatışmazlıqlar var.

Oxucuların maraqları bütün hallarda nəzərə alınmır. Yəni, biz bunları təqdim edirik və hesab edirik ki, maraqlı mətnlərdir, hesab edirik ki, siz bunları həvəslə, birnəfəsə oxuyacaqsınız.

Ancaq bu diktə üslubu keçmişdə qaldı, oxucular arasında sorğular aparılmalıdır, yavaş-yavaş elektron formata keçmək lazımdır; indi bu nəşr bumunda (tərcümə təsərrüfatı), bu kitab küllüyündə çoxmu eşələnənlər var.

Məncə, keyfiyyətlə kəmiyyət göstəriciləri tərs mütənasibdir. Naşirə deyirsən ki, buraxdığın kitab zaydır, tərcümə naqisdir, və sair, o isə üzə durur, insanların üzə durub çörək qazandıqları indiki dövrdə hər hansı dərginin bir sayının gənclərə həvalə edilməsi təqdirəlayiqdir.

Bu, artıq işdir. Ona görə də onu təkmilləşdirmək lazımdır və zatən bu gözəl ənənə günlərin bir günü primitivlikdən çıxmalıdır. Yəni, elə bir düstur işləyib-hazırlamaq lazımdır ki, gənclərin hazırladığı nömrəni gördükdə real rəhbərliyin paxıllığı tutsun, daha doğrusu, məsuliyyəti artsın.

Mən gənclərə məsləhət görərdim ki, çevrilib bir “Ulduz”un keçmişinə də nəzər salsınlar. Akif Hüseynovun redaktorluğu ilə çıxan nömrələri, Yusif Səmədoğlunun nəfəs verdiyi jurnal-konsepsiyanı, yaxud Abbas Abdullanın təqdim etdiyi çox maraqlı sayları tapıb oxusunlar.

Bəyənmədiklərini bəyənməsinlər, ancaq bu saylarda öyrənməli çox şeylər var. Yaxud uzaq 90-cı illərdə cəmi 5 sayı nəşr edilən “Cahan” jurnalını tapsınlar.

Əgər dolğun material yoxdursa, tərcüməyə baş vursunlar, dünyanın gözəl mətnlərini dilimizə çevirsinlər; fikir verin, Ayselin çap elədiyi müəlliflərin hamısı gəncdir, onların ortaya qoyduqları mətnlərin ən azı bir hecası artıq tələffüz edilib, bunları birləşdirsən, bəlkə çox maraqlı təəssürat yaranar və buna cəhd ... təşəbbüs bütün hallarda lazımdır.
XS
SM
MD
LG