Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:58

QABİL. Şeirlər


-

Seçilmiş əsərləri (kitab)

_______


SƏHV DÜŞƏNDƏ
YERİMİZ


Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür talışa
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.

1969


DƏNİZDƏ ADAM BATIB...

Gecənin bir aləmi
Tir-tir titrədi şəhər,
Qopdu çərçivəsindən
Qapılar, pəncərələr.

Sovruldu asimana
Yerin tozu-torpağı.
Şaqqıltıyla qırıldı
Ağacların budağı.

Xəyalım uçdu bu dəm
Uşaqlıq çağlarına
Əlçatmaz illərdəki,
Qumlu sahillərdəki
Pirşağı bağlarına...

O vaxt, o zaman haçan -
Haçan qopsaydı tufan,
Haçan, haçan ki, Xəzər
Nərildəsəydi nər-nər,
Rişəsindən qopsaydı
Yaşıl-yaşıl tənəklər,
Səma burulğanında
Çaşbaş olsaydı quşlar,
Yaylım atəşlərinə
Dönsəydi xırda daşlar,

Məsmə nənəm deyərdi,
Suğra anam deyərdi,
Fatma xalam deyərdi:
Xəzri qopmayıb hədər
Qurban aparıb yenə
Qan-qan deyən ləpələr.
Dənizdə adam batıb,
Onunçun bir-birinə
Xəzri aləmi qatıb.
Ya da nahaq qan düşüb,
Bu bağlar arasında.
Qız üstündə cayıllar...
Uşaqlar arasında.

Ya hansı yekəbaşın
Ağız-burnu əyilib.
Allaha xoş getməyən
Artıq-əskik deyilib.

Xəzri allah cahadı
Xəzri allah inadı.
Xəzri allah üsyanı
Çərxi fələk fəğanı.


Bəs niyə bu gün qopmur
Azərbaycanda xəzri?!

Təkcə pirşağıda yox
Hər yer, hər yanda xəzri?!

Dağ-daş ahu-fəğandır,
Qurularım bir yana,
Yaşlarım yanhayandır...
Dolu zindanlarımız
Düşmənə ərməğandır!..
Gediş-gəlişlər hədər,
Danışıqlar gümandır.
Dənizdə cür’ət batır
Qəti qətiyyət batır.
Kişilik axtalanır,
Qan dəryası daşmayır.
Neçin ki, laxtalanır...
Yerə, yurda dağılıb
Tökülmüş dəndi birlik,
Pərən-pərəndi birlik.
Lüzum varkən yumruğa,
Lüzum yoxdur buyruğa.

Çıxır suyun üzünə
Cinayətlə, xəyanət.
Batır suyun dibinə
Abır-həya, ləyaqət.

Dənizdə suya gəlməz
Dilənçi uşaq batır.
Gələcək nəsil batır,
Günəşli sabah batır.
Didişmə güdazına
Verilmiş torpaq batır.

Dənizdə adam batmır,
Dənizdə millət batır.
Şan batır, şöhrət batır,
Kim-kimi bəyənməyir,
Əli tətikdə hazır.
Kim-kimi bəyənməyir
Qətlinə fərman yazır.
Batmış qanlar bürüyüb
Bu gün dağı-dərəni.
Ay Allahın cahadı,
Əs, ey dəli tufanım,
Dəyiş bu mənzərəni!

Təyyarədən satqınım
Enir qolları bağlı.
Cəza cəza yerində
Baxıb xəcalət çəkir
Vətən sinəsi dağlı.

Məscid məscid dibində,
Məscid işbaz cibində.
Yox, Allah evi deyil
Bu Allah evcikləri.

Xəzri, yerlə-yeksan et
Bu haram evcikləri.
Bu günah evcikləri,
Bu tamah evcikləri.
Bu bəladan hamını
Xilas et, qopar, Xəzri!
Xalqı qat qabağına
Cəbhəyə apar, Xəzri!

Dənizdə adam batıb,
Yenə də bir-birinə
Xəzri aləmi qatıb.
Pirşağı bağlarında,
Uşaqlıq çağlarında
Rəhmətliklər deyərdi...
Rəhmətliklər nə yaxşı
Görmədilər bu dərdi.

22 aprel, 1996


ÜMİD
SƏNƏDİR ANCAQ...


Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sərhədlər....
Səsimizə səs verir
Dünya başbilənləri;
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Dəyirmi masalarda
İzi var dirsəklərin...
Ağla sığan söhbəti,
Sözü var dəstəklərin,
Yardım bağlamasında
Özü var dəstəklərin
Lap ləl-cavahir olsun
Hər yardımın dəyəri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Diplomat cənabların
Hər biri hörmətlidir.
Bu məqamda ölkəmə
Təşrifi qiymətlidir.
Rəyi təqdirə layiq,
Rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan
Kimdir ki, bu işləri?
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

İşğal altında qalır
Torpağımız-daşımız,
Nələr görmür gözümüz,
Nələr çəkmir başımız.
Qarışıb bir-birinə
Baharımız-qışımız.
Çadır göstərmək olub
Hər çatana peşəmiz...
Sərgi olmasın deyə
Bu mil-muğan düzləri
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən...
Düşünüb daşınıram
Özlüyümdə dərindən:
İntiqam ala bilməz,
Qana qan ola bilməz
Məzarları bəzəyən
Ehtiram çiçəkləri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Söhbətlər çözələnir,
Bir şey görünmür hələ,
Heyətlər təzələnir,
Bir şey görünmür hələ.
Müddətlər təzələnir,
Bir şey görünmür hələ.
Açılmır ki, açılmır
Düyünü bu torpağın.
Qov alışa bilərmi,
Od saçmasa çaxmağın?
İldırımlardan belə
Umma bu zərrələri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm,
Mən də qan istəmirəm.
Təzə-tər qərənfilli
Xiyaban istəmirəm.
Tükənir səbrim fəqət,
Sazişlər,
Qətnamələr,
Bəyanətlər
Kifayət!
Kiyafətlər
Kifayət!
Ziyafət dumanında
Nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan
Biyaban istəmirəm!

Yellənsin sülh bayrağı,
Bu bayrağa kəm baxan,
Həm baxmayan,
Həm baxan
Bədgüman istəmirəm,
Sevindirsin milləti
Qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

1996


NƏSİMİ
BAZARINDA


Çeçen aullarında
Xalq torpaq vayındadır,
Sinəsində avtomat.
Nəsimi bazarında
Xalq qarın hayındadır
Əlində ölü manat.

Bomba yağmurlarından
Çeçen xərabələri
Xalqın şöhrət tacıdır.
Bir daşı laxlamayan.
Gəlməylə dolub daşan,
Qaçqınla dolub daşan,
Köçkünlə dolub daşan.
Veyillə dolub daşan,
Möhtəkirlə, qatillə,
Düşgünlə dolub-daşan
Bu adlı-sanlı bakı,
Tarixi şanlı bakı
Sədəqə möhtacıdır.

Nəsimi bazarında
Vur çattasındı, vallah!
Babək də, koroğlu da
Nağıl as-ındı, vallah!
Azərbaycan torpağı
Doludur generalla.
Bir general ay çeçen,
Sənin bəsindi vallah...

Bir ovuc millətə bax,
Millətdə qeyrətə bax,
Sən bir qaşıq qana bax,
Bir qaşıq ümmana bax.
Yeddi başlı əjdaha
Başında tufana bax!

Nəsimi bazarında
Böyük Mirzə Ələkbər
Deyir ki:
Tərsinə yox,
Düzünə dövran edir
Elə çərxi fələklər.
Nəsimi bazarına
Çevrilib başdan-başa
Azərbaycan torpağı.
Hər eli, hər oymağı.
Əbəs yerə çəkmirəm
Nəsiminin adını
Əbəs yerə salmıram
İnamın, kişiliyin
Fərhadlar Fərhadını!
Nəsimi dönməzliyi
Axtarıram, camaat!
Nəsimi sönməzliyi
Xalqa lazım bu saat.
Hədər misal çəkmirəm
Nəsimi bazarını
Nəsimi bazarında
Görüb qan ağlayıram
Millətin rüzgarını.
Çeçen küçələrində
Körpə kamikadzelər
Dağ boyda tank üstünə
Fəda olmağa gəlir...
Nəsimi bazarında
Bizim də ki, uşaqlar
Cındır əski əlində
Maşınlara şığıyır,
Şüşə silməyə gəlir.

Nəsimi bazarına
Niyə Çeçenistannan
Əsmir odlu küləklər?
Atəşkəslə nə sayaq,
Sakit olsun ürəklər,

Bu qədər şəhid qanı,
Bu qədər şəhid canı
Hədərmi getdi, hədər?
Yad əllərdə mahallar
Yad əllərdə namuslar...
Küləkdən şappıldayan
Çadırların sırası
Ana-bacı saçında
Bəlalar sırsırası
Şəhid deyil, nədir bəs?
Nəsimi bazarına
Əs, ey odlu külək, əs!
Əs, çeçen diyarından!
Bəlkə tərpəniş görə
Xalq öz oğullarından...

Ay nə bilim, nə bilim
Sındırdılar milləti,
Dondurdular milləti,
Yandırdılar milləti,
Keçməz bu bəhanələr!
Lap Cövhər dudayevi
Doğrasalar da əgər
Nədir çeçenin həddi,
Nə həddi sına qəddi?!
Nəsimi bazarında
Dəyirman daşı kimi
Vallah hərlənir başım.
Yanıram-yaxılıram
Vallah, atam-qardaşım?
Nə qədər satmaq olar.
Nəsimi bazarında

Humanitar damğalı
Sədəqə - yardımları?
Nə qədər batmaq olar
Yuxarıdan aşağı,
Aşağıdan yuxarı?!

Bəlkə çeçen qanınnan
Qan vuraq qanımıza?
Ya çeçen vicdanından
Vicdan calaq eyləyək
Sabirlərə dağ çəkən
Bu gor vicdanımıza?!
Qınama vətən məni,
Nahaqqamsa qəbrə qoy,
Diri-diri sən məni.

Qınama millət, məni,
Neyləyim, dilləndirir
Aşkar həqiqət məni.
Ağlar həqiqət məni.
Xalqın bu rüzgarında
Nəsimi bazarında,
Nəsimi bazarında...

4 fevral, 1995


ÇADIRLARA
ALIŞMAYIN


Cərgə-cərgə, düzüm-düzüm,
Görüb qan ağlayır gözüm...
Millətimə budur sözüm:
Çadırlara alışmayın!

Nə gen-bolu, nə də darı,
Nə qırışı, nə hamarı...
Yığışdırın bu bazarı,
Çadırlara alışmayın!

Vurun, deşin dolu kimi,
Qırın tikan kolu kimi,
Uzaqlaşan dəli kimi...
Çadırlara alışmayın!

Əski-üskü dam-daşımız?!
Burda xeyir-şər aşımız?!
Qaraçı da yoldaşımız?!
Çadırlara alışmayın!

Burda tapmayın rahatlıq,
Bir dəqiqə, bir saatlıq,
Aman günü! El-elatlıq...
Çadırlara alışmayın!

İmarətə tən olsa da,
Pəncərəsi gen olsa da,
Dövrəsi gülşən olsa da,
Çadırlara alışmayın!

Tayfa deyil, millətik biz,
Bir evik, bir külfətik biz,
Saraylara şöhrətik biz
Çadırlara alışmayın!

Burum-burum qalxır tüstü,
Deməyiniz bu da bəsdi.
Məst etməsin sizi isti,
Çadırlara alışmayın!

Sən ey xalqım, ey diyarım,
Ey cavanım, ixtiyarım,
Ey didərgin balalarım,
Çadırlara alışmayın!

Barışqanlıq cinayətdir,
Lap bir anlıq - cinayətdir,
Alışqanlıq - cinayətdir,
Çadırlara alışmayın!

3 dekabr, 1993


Yanıq
Kərəmi


Ağla, ya ağlama,
Yanıq Kərəmi!
Sinəmi
Dağla, ya dağlama,
Yanıq kərəmi!
İşlər belə getsə
Belə qalacaq.
Naləylə azalmaz
Millətin qəmi,
İşlər belə getsə.
Elə getməsə
Dünya belə qalıb,
Belə qalacaq.

Alıb qucağına
Qara baxtını,
Sazla səsləyirsən
Qarabağını.
Gönü suya verən
Ey dili qafil,
Bu iş bilirsən ki,
Saz işi deyil,
Yanıq kərəmi!
Qorası sıxılan
Göz işi deyil
Yanıq kərəmi!

Sazı köynəyə sal,
Apar küncə qoy.
Qılınca əl apar
Sazı dincə qoy.
Yanıq kərəmi!
Döyüş səhnəsində
Meydana atıl,
Səhnə meydanından
Hələlik çəkil!
Silkələ beynini,
Qafa tasını.
Bəsdi qarabağın
Qurdun yasını!
Hədər ümidlərin
Kəndirini kəs.
Xoşluqla qaytarmaz
Torpağı heç kəs!

Ağla, ya ağlama,
Yanıq kərəmi!
Düşmən qarabağda
Göyərdib zəmi...
Taxıl biçib-döyür.
Büllur sularımdan
Ovucla içir,
Oxx-ay da deyir.
Sən də, sən də ki,
Ağlamağında ol,
Çalmağında ol,
Baxıb yana-yana
Qalmağında ol!

Ay əsliyçin yanan
Yanıq kərəmi!
Qeyrət xəcaləti,
Namus sitəmi
Bəs niyə öldürmür?
Get qisas al da,
Get qan al,
Qisas al,
Gəl, sonra çal da.
İçin də özünü
Yandırır bu gün,
Çölün da özünü
Yandırır bu gün.
Odun da özünü
Yandırır bu gün,
Külün də özünü
Yandırır bu gün
Yanıq kərəmi!
Vallah, qara keşiş
Yaman geydirib
Ovsunlu köynəyi
Əyninə, yaman:
Açılır bağlanır
Qızıl düymələr,
Tilsimli düymələr
Gör bir haçandan.

Ağla, ya ağlama,
Demirəm daha...
Ağlama, deyirəm
Yanıq Kərəmi!
Səni and verirəm,
Qadir Allaha,
Tilsimli köynəyə,
Cırma çəkib cır.
Tilsim düymələri
Qoparıban qır,
Qır, inamla qır!
İntiqamla qır!
Qır ki, qara baxtın
Boyansın ağa...
Yoxsa ki, yoxsa ki,
Əlində sazın...
Həsrət qalacaqsan
Sən qarabağa
Həsrət qalacaqsan
Sən qarabağa...
Qara baxtım
Deyə-deyə,
Qarabağım,
Deyə-deyə,
Yanıq Kərəmi!

7 iyul, 1995


BİRCƏ SAQQAL
DARAGIMIZ


Hər şeyimiz qaydasında,
Hər işimiz düz.
Kimin şəkki-şübhəsi var?
Nə söhbət, nə söz?!
Yerbəyerdi, cabəcadı
Hər növrağımız,
Çatışmırdı
Bircə saqqal darağımız
Ölüm hökmü ləğv edildi
Diyarımızda.
Bəli, bircə bu çatmırdı
Rüzgarımızda.
Yetimimiz-yesirimiz
Çadırlarda, vaqonlarda
Əsirdən pis əsrimiz...
Bunun dəxli yox özgəyə
Sözməsəli lap özgəyə...
Bəs necə biz insanpərvər
Millətik canım.
Toyda-vayda,
Sağlıq üstə,
Söz üstündə,
Sifarişli
Rəqs üstündə
Cəhənnəmə tökülsün qanım.
Ölüm hökmü vəhşilikdir
Əlbət ki, əlbət.
Sən özünü ən mədəni
Millətlərə qat.
Lap onunu tikə-tikə
Doğrasın biri
Dəxli yoxdur,
Arxayındır
Nə gülləsi, nə də kəndiri
Avropanın Şurasında

Qərbin ora-burasında
Ucalaq təki,
BMT-nin gözlərində
Ucalaq təki,
Kitabında-dəftərində
Ucalaq təki.
Gör nə qədər ucu itmiş
Kələfimiz var.
Əlil-zəlil, çolma-çocuq
Xələfimiz var...
Gör nə qədər düyünümüz
Hələ açılmır.
Milyon qaçqın ürəyinə
Şəfəq saçılmır.
Aç əlini, aç qolunu
Neçə azğının
Balasına həris oğraş -
Neçə qızğının
Ölüm hökmü nəyə lazım,
Hədərdi hədər.
Ölümsüz də, hökümsüz də
Artır canilər
Ayıb deyil,
Həm də bizə nə deyər bəşər?!
Deməzlər ki:
Əşşi, günün-günorta çağı
Başlayınız:
Güllələyib, kəsib-asmağı!
Bas belinə beş il, on il-
Gedib uyusun,
Gedib yatıb
Beyni-başı bir az soyusun
Buraxılıb çıxsın cövlana,
Əllərini qoy təzədən
Batırsın qana.

Hər şeyimiz qaydasında,
Gözəl, yerbəyer.
Bir o qalıb
Qatillərə sən qol-qanad ver.
Adını qoy insanpərvər-
Kövrək bir ad ver.

25 oktyabr 1999


NİSBİ SAKİTLİK NƏDİR

Mən tufandan əvvəlin
Sükutundan qorxuram.
Təbiətin bu təslim
Süqutundan qorxuram.

Nisbi sakitliyin də
Sonrakı dəhşəti var.
Toxtaq tapmış düşmənin
Amansız vəhşəti var.

Qəfil həmlə-hücumun
Həsrətindəsən məyər?
Mö’cüzəli yardımın
Möhlətindəsən məyər?

Haray-həşir salasan
İş işdən keçən kimi.
Təbil-şeypur çalasan
İş işdən keçən kimi?

Nisbi sakitlik nədir? -
Yə’ni düşmən dəm alır...
Səni yatırtmaq üçün
Şirin layla da çalır.

Torpaq gedir, var gedir,
Namus gedir, ar gedir.
Nisbi sakitlik - deyə
Suya vermişik gönü.
Hər şeyin öz təhri var,
Döyüşün də öz yönü...

Nə koroğlu, nə nəbi?..
Bu müqəddəs adlara
Bu saat, allah haqqı,
Coşur xalqın nifrəti,
Coşur xalqın qəzəbi.

Arvad-uşağa söz yox!
Bakıya axın gəlir.
Partizan olmalılar -
Dağlardan uzaqlaşıb
Bulvara yaxın gəlir...

Nisbi sakitlik nədir?
Şimşəklər çaxsın gərək.
Suyumuz da düşməni
Yandırıb-yaxsın gərək.

Nisbi sakitlik nədir?
Məəttəldir camaat.
Düşməni göz açmağa
Qoyma bir an, bir saat!

Nisbi sakitlik nədir?
Məni fikir aparır.
Düşmən azərbaycanı
Tikə-tikə qoparır.
Varımı-dövlətimi
Fasiləylə aparır.

Nisbi sakitlik nədir?
Əldən fürsət verirsən.
Öz əlinlə düşmənə
Özün möhlət verirsən.

Nisbi sakitlik nədir?
Kabab oldu ciyərim.
Qəti hücum gərəkdir,
Mətin ordu gərəkdir,
Ey körpə igidlərim,
Ey şanlı igidlərim!

Bu - döyüş meydanıdır,
Ölüm-dirim anıdır.
Bu - alış-veriş deyil
Peşman pulu ödəyib
Qaytarasan malını -
Laçını, kəlbəcəri,
Şuşanı, Xocalını.
Döyüşlərdə döyüşlə
Qaytararlar torpağı
Əsarətdən silahla
Qurtararlar torpağı.

Gəl nisbi sakitliyin
Üstündən qələm çəkək.
Ürəklərdə intiqam,
Qətiyyət, cür’ət əkək.
Qeyrət, qeyrət yenə də,
Yenə də qeyrət əkək!

1993


..LAZIM GƏLSƏ...
...LAZIMSAN DƏ!


Deyirsən ki: - lazım gəlsə hazıram
Qəsb edilmiş bu torpağı almağa.
Vallah-billah eşitməkdən bezirəm,
Hapla-gopla qarabağı almağa.

Qənşərimdə lay divarsan, lay divar.
Şir kimisən od saçılır gözündən.
Lazımsan də... bu lazımın vaxtı var?!
Düz demirəm? nə çıxırsan özündən!

Bəbəyinin içinəcən yalansan.
Keyf-damağın, ticarətin mə’rəkə.
Sən Bakıdan çıxıb torpaq alansan?
Badamlarda imarətin mə’rəkə.

Şan-şərəflə: “mən qaçqınam” deyirsən,
Əsl qaçqın ilanmələr çöldədir.
Min boynuma, çox sinənə döyürsən.
Tifil qaçqın muğandadır, mildədir..

Restoranın “Şuşa” qoyub adını,
Söylə, bumu təəssübün, həsrətin?
Get görüklə manqalının odunu,
Lazım gəlib... ancaq yoxdu qeyrətin.

Qurban olum kəlbəcərə, laçına,
Lazım gəlsə qan uddurram yağıya.
Get bir yol gir çadırların içinə,
Gir, qulaq as oxşamaya, ağıya.

Bir gör nədən çıxardırsan pulunu.
“Şuşa”, “Laçın” qiyamətdir reklamın...
Unut girov gəlinini, dulunu,
Tez-tez de ki: - lazım gəlsə, inanın!

Əsl qaçqın dağ üstündən dağımdır.
Xəcalətlə baxır sənin boyuna.
Fərarilər yağıdan pis yağımdır.
Yox, gəlmərəm fərarinin toyuna,

Əsl qaçqın nənə, baba, körpədir,
Körpələrin yox nənnisi, beşiyi.
Lazımsan də... bəs görmürsən bu nədir?
Bir qaçqının varmı evi-eşiyi?

Yolda, izdə qabağımı kəsirsən,
Soruşursan: - nə olacaq axırı?
Cavabımda qəzəbindən əsirsən.
Üzə çıxır mis qazanın paxırı.

Lazımsan də!.. nə gəzirsən bazarda?
“Qaçdı-tutdu” oynasınlar səninlə?
Torpaqları tapdaq olan diyarda,
Qaçqın - deyib neyləsinlər səninlə?

Barmaq sayı Çeçen xalqı qəhrəman,
Dağı-daşı partizandı davada.
Qaçqınsansa sən bu saat, sən bu an,
Qeyrətə gəl, boş-boş gəzmə havada.

Xoruz kimi kəkələnmə o saat,
Bir doğru söz toxunanda şəstinə.
Lazımsan də... düz deyil, ay camaat?
Düşmən durub vətənimin qəsdinə.

Mən Ağdamdan gül fəslində çıxanda,
Dedim: “Arif, segah üstə qəzəl de”.
Ayrılığın buludunu sıxanda,
Familin də göz yaşları süzüldü.

İstəyirsən orda hazır olasan,
Qoşun-ləşkər qaytaranda torpağı?!
Qarabağda sənə lüzum olmadan,
Yellənəndə azərbaycan bayrağı?!.

Deyirsən ki: - lazım gəlsə hazıram,
Qəsb edilmiş bu torpağı almağa.
Vallah-billah eşitməkdən bezirəm
Hapla-gopla Qarabağı almağa.

12.09.1998.


SAGALMADI YARAN,
BALAM


Qəbrin üstündə bir ana
Ağı deyir yana-yana:
Sağalmadı yaran, balam,
Həkimlərə yalvaran balam.

Görəsən sağalmadı?
Ya sağaltmağa
Can atmaq istəmədilər?
Görəsən yaşaya bilərdi ki...
Yaşatmaq istəmədilər?!
Sağalmadı yaran, balam,
Həkimlərə yalvaran balam.

Görəsən əcəli çatdı,
Ömrü qurtardı, sağaltmadılar?
Ya təmənnaları vardı -
Sağaltmadılar?!
Sağalmadı yaran, balam,
Həkimlərə yalvaran balam.

Ananın gözlərindən
Yağış tökürdü... yağış.
Görəsən
Gərəkliydi-gərəksizdi
Bu yalvarış?
İş-işdən keçmiş -
Bu yalvarış?
Görəsən həkimlər
Acizdi...
Ya nacinsdi?!

Qəbrin üstündə bir ana
Ağı deyir yana-yana:
Sağalmadı yaran, balam,
Həkimlərə yalvaran balam.

15.07.1999.


BU GÜN
İDMAN VAXTI DEYİL


Uşaqlıq dostum, məktəb yoldaşım
Məşhur idman ustası Miri Vahabova


Bu gün rəqib qapısına
Top ötürmək vaxtı deyil.
Bu gün futbol hünərində
Xal götürmək vaxtı deyil.
O - sonranın söhbətidir,
İdman - dinclik ləzzətidir.
Od içində yanır torpaq,
Vətən ayrı hünər istər.
Haydı, cəbhələrdə qoşaq,
Hər idmançı şanlı əsgər.
Hər idmançı bir düşməni
Bəbəyindən nişan alsın.
Hər idmançı bir düşməni
Ürəyindən nişan alsın.
Yarışda yox,
Döyüşdə qoy zəfər çalsın.

Bu gün düşmən həmləsinə
Sinə gərmək məqamıdır.
Ana-bacı harayına
Cavab vermək məqamıdır,
Bükülməz qol,
Enli kürək məqamıdır.
Qorxaqlara, sısqalara, zəiflərə,
Öndə örnək məqamıdır.
Tirdə nişan vaxtı deyil,
Bu gün idman vaxtı deyil.

Bu gün idman sarayına
Axıb gəlmək vaxtı deyil.
Xalça üstdə
Qalibə də, məğluba da
Nə rişğəndlə, nə fərəhlə
Baxıb gülmək vaxtı deyil.
Bu gün qurşaq vaxtı deyil,

Fit... dəm-dəsgah vaxtı deyil.
Bu gün döyüş meydanında
Qanlı zəfər çalmaq gərək!
Qundaqdakı şəhidlərin
Zülmlərə mə’ruzların,
Zillətlərə şahidlərin
Qisasını almaq gərək.

Bu gün yarış vaxtı deyil,
Bu gün görüş vaxtı deyil.
Bu gün cıdır vaxtı deyil,
Cıdır düzü gülər sənə.
Çək atının cilovunu
Acı tənə gələr sənə.
Bir ağacçın
Dözməyirdik topxanaya.
Bu gün idman vaxtı deyil,
Şuşam dönüb viranaya.
Evlər yanır xana-xana.
Tamaşa qıl bu idmana.
Uclarında işıq yanan
Qılıncları qoyun qına!
O cür qılınc oynatmağın
Vaxtı deyil - idman deyə.
Gəlin, əsil qılınc çəkin
Yurdumuza qan salana.
Bir meşinə kaman çəkib
Ox atmayın - idman deyə.

Bu gün şahmat taxtasından
Götür şahı, götür matı!
Döyüşlərdə uduzmayaq
Biz bu saat bu şahmatı!
Bu gün beynim qələbələr
Fəndi üçün yansın gərək.
Yerlə-yeksan
Hər şəhərim kəndim üçün
Yansın gərək!

Qından çıxan qılınc kimi
Avarlar da çıxsın sudan.
Avarçı da xilas etsin
Yurdu qanlı bu qurğudan.
Yelkənlərin qanadında
Süzüb axmaq vaxtı deyil
Azarkeşlik yeri deyil,
Keyfə baxmaq vaxtı deyil.

Ağırlığı qaldıranlar
Gücənməsin bu gün nahaq.
Bu gün mənə lazım deyil
Yeddi batman daş oynatmaq.
Bu gün namus-qeyrət yükü
Yükdü qardaş!
Bu ağır yük
Belimizi bükdü, qardaş!

Bu gün qaçmaq vaxtı deyil,
Bu gün uçmaq vaxtı deyil.
Bu gün finiş ayrı finiş -
Bu gün gərək ayrı yarış -
Azərbaycan əsgərinə
Ayrı yeriş, ayrı yürüş.
Bu gün bilyard ağacları
Raket olsun, qrad olsun.
Düşmənləri şar-şar vurub
Tora salan qoy şad olsun.
Yurd-yuvamı dağıdanın
Yurd-yuvası bərbad olsun!
Qarabağın dağı-düzü
Dığalardan azad olsun!
Bulaqların büllur gözü
Qoy durulsun, şəffaf olsun.
Tunc bədənli övladlarım
Zər qədirli sərraf olsun!
Onda idman halal bizə!
Hər xal bizə, halal bizə.

17 iyun, 1992.


ANAMIN QANI...

(novella)

Anam Suğranın xatirəsinə

Müharibə... qırx ikinin qara günləri...
Unutdurdu kef-damağı, toy düyünləri.
Yoxa çıxdı süfrələrin nazi-ne’məti,
Üzdü xalqı, camaatı aclıq zilləti.
Xörək ətri, yemək dadı qeybə çəkildi.
Zorba-zorba adamların qəddi büküldü.
Dərman iyi... qan iyinə büründü Bakı,
Tənziflənmiş yaralı tək göründü Bakı.
Yaralının kəsilmirdi ardı-arası
Uzaq cəbhədən.
Onda axı harasıydı - hələ harası -
Gələydi də ümid verən
Soraq cəbhədən.

* * *

Bir gün dərsdən evə gəldim:
Bu nə deməkdir?
Bu nə süfrə, bu nə dəsgah, bu nə yeməkdir?
Lap ağ çörək... qolbas... süzmə... holland pendiri,
Hələm-hələm ələ düşməz dənəvər kürü...
Kərə yağı... şəkər tozu... mürəbbə, filan...
Təsvirsiz bir təbəssümlə
Anam dedi ki:
- Gəl çıx, hardasan?
Keç əyləş, bala!
Süfrəyə baxdım, getdim xəyala.
Kişilik - qeyrət hissim oyandı,
Qəlbimdə şübhə alovu yandı.
Soruşdum:
- Ay ana, hardandı bular,
Axı, hansı evdə bu saat bu var?..
Anam söylədi ki:
- Boyuna qurban
Əyləş, çörəyini ye,
Olma nigaran...
Allah ruzusudu -- pakdı, halaldı.
Bunun boyuna bax, bu nə sualdı?
Könülsüz yedim, uddum... yemədim,
Heç nə demədim...

* * *

Bir az müddət keçənnən
Yenə həmən dəsgahı,
Yenə həmən süfrəni
Gördüm evimizdə mən.
Bu dəfə ayağımı yerə möhkəm dirədim,
Xoruzlanıb anamın lap üstünə yeridim:
- Hardan, kimdən alırsan bu zəqqumu, zəhəri?
Baxdım gördüm anamın yaşla doldu gözləri...
Qucaqladı boynumu, öpdü nəmli gözümü,
Kövrək ana ərkiylə şillələdi üzümü:
Dedi:
- Zəhrimar demə, bu zəhrimara, oğlum,
Gedirəm qan verirəm yaralılara, oğlum.
Tapılmayan bu şeylər taqətimçün verilir.
Yenə də qan verməyə növbətimçin verilir.
Bu süfrə, bu naz-ne’mət qanıma əvəz, oğlum!
Get, ay anası ölmüş, get arxayın gəz, oğlum!

* * *

Düşdüm ayaqlarına məs’um anamın bu dəm:
- Ay anam, belə çıxır mən qanını yeyirəm?
Qan bahası süfrəni bir də açsan əgər sən,
Axtarma, baş götürüb qaçacağam bu evdən.

2 sentyabr 2000


ANA

Anam Suğranın əziz xatirəsinə

Məzarının başından
Kəsilmədi ayağım.
Keçdi günlər, həftələr
İslandı kipriklərim,
Qurumadı yanağım.
Keçdi günlər, həftələr
Əbədi həsrətinlə
Alışıb yana-yana.
Sənsiz bir ovuc külə
Dönmək istədim
Ana, ay ana!
Dedilər səbirli ol...
Çoxdur yetim sənintək
Axı, kimin anası
Dünyadan getməyəcək?
Eşitmək istəmədim
Təsəlli verənləri,
Təsəlli unutdurar
Bəlkə ayrı kədəri.
Vaxt ötdü, il dolandı.
Heç bilmədim, gözümün
Yaşı necə dayandı.
Mən necə sakit oldum?
Mən necə aram oldum?
Dedim, güldüm, danışdım,
Dərdsiz bir adam oldum.
Üstündəki təpəni
Yağış yudu, apardı.
Dövrəndəki gülləri
Külək yoldu, qopardı.
Sən gecələr gözünü
Zilləyirdin yorğana.
Birdən bir az sürüşər.
Birdən üstümdən düşər
Ana, ay ana!
Sən məni tərk edəli,
Bu işıqlı cahana
Yüz dəfə günəş doğub,
Yüz dəfə axşam düşüb,
Mənim dərdimi boğub,
Mənim gözümü silib
Təbiətin öz əli,
Həyatın öz axarı.
Mənim üçün çırpınan
O müqəddəs qəlbinin
Sahilsiz arzuları.
Axı, sən özün mənə
Demişdin dönə-dönə,
“Gedən quru bədəndir”,
Ana, ay ana?
Ruhun əbədi köçüb
Qəlbimdəki cahana.

1963
XS
SM
MD
LG