Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:27

Çingiz Abdullayev: "Yazıçılar İrana gedəndə ehtiyatlı olsunlar"


-

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, "Pen-Klub"un rəhbəri Çingiz Abdullayev İranda həbs olunmuş azərbaycanlı şairlərin azadlığa buraxılmasında Azərbaycanın Prezidenti və xarici işlər nazirinin xüsusi əməyini qeyd edib.

"İranda həbsdə olan gənc şairlərimiz Fərid Hüseyn və Şəhriyar Hacızadənin azadlığa buraxılmasında göstərdikləri diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, xarici işlər naziri Elmar Məmmədyarova və XİN-in mətbuat katibi Elman Abdullayevə təşəkkür edirəm", - Abdullayev deyib.

O, bildirib ki, Azərbaycan XİN bu məsələ ilə bağlı İrana 5 dəfə nota verib.

AYB rəsmisinin sözlərinə görə, əvvəlcə casusluq, daha sonra narkotik keçirmək və sərhədi qanunsuz keçməkd günahlandırılan bu gənc şairlərin heç bir cinayət əməli təsdiq olunmayıb:

"Məhkəmə onları azadlığa buraxarkən də qərarında heç bir cinayəti göstərməyib".

Bu hadisədən sonra AYB üzvlərinin İrana gedib-getməyəcəyinə münasibət bildirən Abdullayev deyib ki, bu məsələ ilə bağlı heç bir qadağa qoya bilməzlər, çünki AYB ictimai təşkilatdır.

"Mən deyə bilmərəm ki, İrana getməyin. Sadəcə, tövsiyə edərdim ki, bundan sonra İrana gedərkən ehtiyatlı olsunlar. Belə hadisələrin təkrarlanmamasını istəyirik", - o, bildirib.

Gənc şairlərin qanunsuz həbs olunmaları ilə əlaqədar İrandan təzminat alması məsələsinə gəlincə, Abdullayev deyib ki, əgər Avropa ölkəsi olsaydı, şairlər məhkəməyə bu hadisəyə görə müraciət edərək işi uda bilərdilər: "Amma mən inanmıram ki, onlar yenidən İrana qayıdıb məhkəməyə müraciət etsinlər".

Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunmuşdular.

Trend
XS
SM
MD
LG