Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:40

İsa İsmayılzadə. Şeirlər kitabı (davamı-2)


İsa İsmayılzadə
İsa İsmayılzadə
-

GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR...

(Şeirlər kitabı)


əvvəli burda


YARPAQ ODASI

Camal Yusifoğluna

Payızda ağaclar fikirli olur.
Fikirli-fikirli susar yarpaqlar,
fikirli-fikirli göyə sovrular,
başımın üstündə buludlar ağlar…

Payızın fikrini bilmək istəsən
gərək ağac olasan,
gərək yarpaq olasan
gərək budaq olasan.
Dəniz də fikirli, qağayılar da,
fikirli-fikirli yağar yağışlar.
Bütün illərimi, qayğılarımı
duyğumu evimə yığar yağışlar.

Dənizin fikrini bilmək istəsən,
gərək dalğa olasan,
Yağışın fikrini bilmək istəsən,
gərək bulud olasan.
İlləri yenidən görmək istəsən,
Gərək vaxt olasan, sükut olasan,
qorxulu-qorxulu baxacaq onlar,
yuxulu-yuxulu baxacaq onlar.

Kimsə zəng eləyib, xəbər alacaq
yağışlı gecəni necə yatmışam.
Xidmətçi xala da dilxor olacaq:
- Bağışlayın, sizi gec oyatmışam.
Heç kəs o gülləri soruşmayacaq,
Lap axşama kimi mürgüləsələr,
güllərin yuxusu sovuşmayacaq.

Gecə bir kupedə yol gedəsiyəm
yuxusuz, mürgülü gözlərlə yenə
Yağışlı axşamın hədiyyəsini
bir qız alıb,
«sağ ol» deyəcək mənə.

O da oxşayacaq, sığallayacaq
qorxudan böyümüş şehli gözləri,
heyrətli gözləri, zərif gözləri,
ətirli gözləri, iri gözləri…

Lənkəran, 1970


BİR QARIŞ KÖLGƏ

Toyuqlar bir çimdik darıdan ötrü,
sərçələr bir parça kölgədən ötrü,
səri bir ümiddən, «bəlkə»dən ötrü
ora vurnuxanda, bura qaçanda,
atamın tərləmiş, düzlü kölgəsi
bir qarış olardı.

Atamın tərləmiş, sözlü kölgəsi
elə o zamandan bircə qarışdır.
O tərləmiş kölgə, o duzlu kölgə
elə o zamandan, elə o gündən
pencəyi, köynəyi, ürəyi kimi
qırış-qırışdır.
Neyləyim, axı –
kölgə ütüləmək gəlmir əlimdən.

Nəvəsi –
bəvəsi böyüdü, amma
atamın kölgəsi hey boy atmadı,
heç əsgərliyə də aparmazdılar.

Bir gün Qarayazı düzənliyindən
bir qatara minib, Bakıya gəldi,
Günəş şaxıyanda, üstümə düşdü,
Atamın kölgəsi mənə qarışdı.
Atamın kölgəsi bircə qarışdı,
atamın kölgəsi mənə qarışdı.

Neyləyim, axı –
kölgə ütüləmək, kölgə uzatmaq,
kölgə yelpikləmək, kölgə yaşatmaq,
kölgə əzizləmək gəlmir əlimdən.

1969


BİR ANLIQ QONAĞAM SƏNİN ÖMRÜNƏ

Bir anlıq qonağam sənin ömrünə,
bir az da vaxtım var, daha nə deyim,
Dözüm gözlərinin dərinliyinə,
ancaq gəl soruşma kiməm, nəçiyəm.

Soruşma, soruşma neçə yaşım var,
soruşma, soruşma hardan gəlmişəm.
Uzaq mavilikdə bir adaşım var –
mən onun səsiyəm. Ordan gəlmişəm.

Bu mənim əllərim – buyur, yaxşı bax,
bu mənim gözlərim – oxu doyunca.
Köçüm gözlərinə bircə anlığa
güzgüdə məni gör ömrün boyunca.

Məni gör,
məni gör,
məni gör, bəli,
baxışım durulsa, saçını dara:
oxşa bircə anlıq qəribəliyi,
soruşma: «Sən hara, bu yerlər hara?» -

Bir anlıq qonağım sənin ömrünə,
bir az da vaxtım var, daha nə deyim.
Dözüm gözlərinin dərinliyinə,
ancaq gəl soruşma kiməm, nəçiyəm…

1970


GÜLLƏR DEMƏDİ…

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə».

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

1971


YOLLARDA

Dostum T.Qabilə

Arabalar olub beşiyim mənim,
dörd təkərli evim-eşiyim mənim,
biçilmiş ot olub döşəyim mənim…
hər səhər, hər axşam tozlu yollarda.

Mənim beşiyimə kəllər qoşulub,
cöngələr qoşulub, illər qoşulub.
Qucaqdan-qucağa ərkim daşınıb
tozlu yollarda, sözlü yollarda.

…Dizin ağrıyırmı, Umnisə xala,
qolun yorulubmu, yanağı xallı?
Qorxmayın, qorxmayın – düşüb qalmaram
tozlu yollarda, gizli yollarda.

Mən harda qalmışam – gətirin görüm,
zoğal çubuğunu ötürün görüm,
beşik aradamı indi mən sürüm
sizsiz yollarda, sizli yollarda.

Yolları, kəlləri qoşum arzuma,
illəri, yelləri qoşum arzuma,
hərlənib, fırlanıb, düşüm arzuma
ya səhər, ya axşam tozlu yollarda.

1971


VAXT

Ayağı sayalı illər içində
Bir il tanıyıram, aylar – qanadlı,
Bir il tanıyıram, günlər – yer atlı.
Güvənib qanadlı arzularıma
Elə tələsirdim, elə qaçırdım…
Gecələr sığınıb yazılarıma
Elə uçunardım, elə uçardım.

Ayağı sayalı aylar içində
Bir ay tanıyıram – dəniz nəfəsli,
Bir ay tanıyıram – dalğa həvəsli.
Bir dəniz gözlünün baxışlarından
İllərlə yerimdə donub qalmışam.
Bir kənd axşamının yağışlarında
Özümü dünyanın qəribliyində
sanıb qalmışam.

Ayağı sayalı günlər içində
Bir gün tanıyıram ömrümdən uzun,
Bir gün tanıyıram – onda nə yazım.
Uzanıb, uzanıb, uzanıb gedtb
Xəbər sorağında, səs sorağında.
Uzanıb, üfüqdf gözümdən itib
Məndən uzaqlarda – Kür qırağında.

Ayağı sayalı anlar içində
Bir an tanıyıram sükut qanadlı,
Bir an tanıyıram – heyrətli, odlu.
«Gözümün önündə, Muğan düzündə
Günəş heydən düşüb, günəş yorulub;
Yorğun şəfəqləri görünməz əllə
Qızıl örtük kimi çölə sərilib.

Bir dəniz nəfəsli,
dağla həvəsli,
Bir sükut qanadlı,
heyrətli, odlu,
Ümidli, arzulu,
sözlü, yazılı,
Hey uzanıb gedən,
gözümdən itən
Ayağı sayalı illərdə ötrü,
Aylardan, günlərdən, anlardan ötrü
Darıxmışam mən.
Ürəyim atlanır onlardan ötrü.

1974


ÇAYLAR ÇİÇƏKLƏYƏR YAĞIŞ YAĞANDA

Şıdırğı, selləmə yağış yağanda,
Bizim evimizin yaxınlığında
Arxlar çiçəkləyər,
Kür çiçəkləyər.

Suyunun sinəsi, üzü buluda,
Hər damcı – təzəcə açılan buta,
Açıla-açıla solar yerində.

Bir az boy göstərib, dikləmək istər,
Qorxulu-qorxulu bükülmək istər,
Bükülə-bükülə ölər yerində.

Şıdırığı, selləmə yağış yağanda,
Mən o çiçəkləri görə bilirəm,
Mən o çiçəkləri dərə bilirəm.

Şıdırığı, selləmə yağış yağanda,
Mənim xəyalımın uzaqlığında
Araz çiçəkləyər, Kür çiçəkləyər,
Dəniz çiçəkləyər, göl çiçəkləyər,
Səma çiçəkləyər, çöl çiçəkləyər.

Çaylar çiçəkləyər bahar gələndə,
Arxlar yarpaqlayaq payız gələndə.

1973


QIZLAR, OĞLANLAR

İmtahan günləri yaxınlaşanda,
Çıxardıq çöllərə oğlanlı, qızlı.
Gözlərldə ilk sevgi aşıb-daşanda,
Baxardıq, susardıq biz sözlü-sözlü.

Qovaq kölgəsinin sərinliyində
Hərə bir gözələ çələng hörərdi.
Hardasa,
ürəyin dərinliyində
Körpə bir məhəbbət boy göstərərdi.

Kəsilib məhəbbət imtahanında.
«Əladan»,
«yaxşıdan» alan da oldu.
Bir göz sınağından,
qız sınağından
keçərək, sinifdə qalan da oldu.

Yanaşı çəkilən adlar da vardı,
Adları oxşayıb, əzizləyərdik.
Elə ki, yay gəldi, dərslər qurtardı –
Hər gecə yuxuda yol gözləyirdik.

Ay ötdü, il ötdü, ciblərimizdə,
Ay ötdü, il ötdü, ürəyimizdə
Qat kəsdi məhəbbət məktublarını…
Kim xəbər aparsın, kim bir söz desin.
Lövhə qabağında dərs danışanda,
Oğrun baxışların hənirtisini
Duyurduq üzümüzdə, kürəyimizdə.

Hamımız utancaq, küsən, küsdürən,
Yerişlər,
duruşlar,
baxışlar sözlü.
O şeytan qızları tir-tir əsdirən
İldırımlar sözlü,
yağışlar sözlü.

Üzüşmək,
üşünmək bəhanə oldu,
Dayandıq üz-üzə, nəfəs-nəfəsə.
Satdıq günü-günə, sonra nə oldu –
Dinib-danışmadıq bircə nəfəsə.

Bir gün zəng çalında sonuncu kərə,
Siniflər boşaldı…
Lövhələr üstə
Bir gün qoşa-qoşa adlar yazıldı,
Bir gün qoşa-qoşa adlar pozuldu.
Ağır addımlarla döndük evlərə.

Zərnilər saraldı, otlar saraldı,
Kitablar saraldı, adlar saraldı.
Üfüqdə sarımtıl günəş göründü,
Sıxdı barmaqları qızıl üzüklər,
Körpə bir məhəbbət titrədi, söndü.

On səkkiz il keçib. Deyimmi indi,
Deyimmi, kimi kimi sevirdi, qızlar?
Oğlan ürəyində, qız ürəyində
On səkkiz ildir ki, on səkkiz yaşlı
Bir dilsiz-ağızsız məhəbbət sızlar…

1974


KEÇİM QARAYAZI DÜZƏNLİYİNDƏN

Keçim Qarayazı düzənliyindən,
Qatım qabağıma ilğımlarını,
Aparıb, itirim çay qırağında…
Başım dumanlansın yovşan iyindən,
Axtarım bəstəboy ulğunlarını.

Keçim Qarayazı düzənliyindən…
Yəhərbel təpələr çıxsın qarşıma,
Gözümün önündə ilxıya dönsün.
Dəli qulun kimi qışqıran səma
Gümüş qamçı ilə üstümə ensin.

Səs-səsə verəndə ildırımları
Qaçım birnəfəsə Keşiş dağına.
Bürünüb yapıncı sıldırımlara,
Mat qalım dərənin hıçqırığına…
Sonra günəş çıxsın təbəssüm kimi,
Təpinsin sellərə,
təpisin torpaq.
Mənim səsim kimi, nəfəsim kimi
Dünya təzələnsin xumarlanaraq.
Keçim Qarayazı düzənliyindən,
Əldə – qoşalülə,
beldə – patrondaş.
Çölün sukutuna bir güllə sıxım.
İlan qabığının üstə çıxanda
Yenidən güməşsin əlim-ayağım.

Günorta yığılaq bulaq başına.
Sərinlik işləsin sinirlərimə…
Uzanan göylüyə, yumulsun gözüm.
Sənin torpağına, sənin daşına
Kim şer deyəcək mənim yerimə?
Sənin sağlığına, a Qarayazım,
Sənin sağlığına
daha nə yazım…

1976


YOLLAR

(mahnı)

Getdin, görünmədin sən,
Susdu dünyam o gündən.
Ürəyimdə həsrətim
Sənsiz döyünür indi.
Qəribsədim, axı, sənsiz,
Yollar xəbər gətirmədi,
Səni mənə yetirmədi.
Haraylayım yolları,
Səni qaytasın, barı.
Gəl, əllərinlə ovut
Könlümdəki qubarı.
Əridim gilə-gilə,
Uzaqlardan əl-ələ.
Ayrılıqdan gizlənib.
Yenə verək əl-ələ.
Şəhərləri adla, gəl,
Bir quruca adla gəl.
Könlümdəki qubarı
Öz əlinlə odla, gəl!
Gecə niyə uzadı?
Yolların nə uzundu.
Bircə ümid qalmışdı,
O da sənsiz usandı.

1972


GÖRDÜM BİR GÜNƏŞ VAR…

Qoynunda ərsəyə çatdığım Gürcüstan torpağına

Başımı qaldırıb, göylərə baxdım,
Gördüm bir səma var,
Doğma bir səma,
Gördüm bir günəş var.
Doğma bir günəş.
Aşdım o göylərin üfüqlərini,
İçdim o günəşin şəfəqlərini.

Sonra yavaş-yavaş hər yerə baxdım,
Gördüm bir yoxuş var,
Doğma bir yoxuş,
Gördüm bir eniş var,
Doğma bir eniş,
Gördüm bir naxış var, doğma bir naxış.

Gürcü ləhcəsində oxuyar quşlar,
Gürcü sükutunda susan qayalar
Uzaqdan-uzağa andığım üçün
Məni bağışlar.
Başımı qaldırıb, göylərə baxdım,
Gördüm bir səma var, doğma bir səma,
Gördüm bir günəş var, doğma bir günəş.

Mənim o günəşə qanım qaynayıb,
Yağışa, şimşəyə qanım qaynayıb.
Yoxuşa, enişə qanım qaynayıb.
Onun dərəsinə, onun düzünə
Könlümdən keçib ki, isti söz deyəm,
Dilmin ucundan qayıdıb sözlər –
Elə bilmişəm ki, öz evimdəyəm.

Bulağın gözünü gözüm bilmişəm,
Üfüqdə təntiyən günün odunu
Qonşudan aldığım közüm bilmişəm.
Kaxet çöllərini, Qarayazını,
Borçalı yurdunun üfüqlərini
Hələ deyilməmiş sözüm bilmişəm.

…Başımı qaldırıb, göylərə baxdım,
Gördüm bir səma var,
Doğma bir səma.
Gördüm bir günəş var, doğma bir günəş.
Aşdım o göylərin üfüqlərini,
İçdim o günəşi şəfəqlərini.

1975
Qardabani


TOY GÜNÜ

Toy günü evimiz küylə dolacaq,
İçində kükrəyən hirsdən, acıqdan,
Həyətdə çathaçat yanan ocaqdan
Yanağın allanıb, pul-pul olacaq.

Göz-göz otaqların pəncərəsindən
Vurnuxa-vurnuxa baxarsan o gün.
Evdə səksənərəm sənin səsindən
Adımı bircə yol çağırsan o gün.

Ürək səksəkəli. Əli xınalı…
O gecə eviniz yazıqlaşacaq.
Bakıdan toyuna gələn xəyalım
Beş yüz kilometr uzaqlaşacaq.

Beş yüz kilometr düşər araya,
Beş yüz kilometr uzat qolunu.
Sənin gözlərinin səssiz harayı
Bir ömür uzunu kəsər yolumu.

- Ay bir hava çalın, gəlin oynasın
- Durma, ay xanəndə, bir ağız oxu!
- Ay uşaq, ə noldu, bir qulaq asın,
- Ay bir hava çalın, gəlin oynasın.

Hava çalınacaq, çalınacaq hey
Sənin əvəzinə zurna çalanın
Gözü oynayacaq, qaşı süzəcək.
Alnına yapışan tərli onluğu
Görüb qızaracaq, allanacaq hey
Toybəyi gizlicə dodaq büzəcək –
- Durma, ay xanəndə, bir ağız oxu!..

İmzasız teleqramm gələr adına,
Gözlərin böyüyər, böyüyər o gün.
Mehtər Əli nəmər alıb atına
Arvadı yanında öyünər o gün.

Kimsə sallayacaq qaşqabağını,
Maşınlar düzülüb, fit verə-verə
Obaya yayacaq, elə yayacaq
Sənin ürəyinin qışqırığını.

1973


TƏZƏDƏN

Təzədən, təzədən körpə olmuşam,
Təzədən, təzədən iməkləyirəm.
Deyəsən, yumşalıb, ipək olmuşam,
Anasına ilıq sözlər deyirəm.

Təzədən-təzədən uşaq olmuşam,
Təzədən-təzədən «day» dururam mən.
(Bir vaxt oyuncaqsız böyüdüyümdən
Deyəsən, ürəyi yumşaq olmuşam).
Nə dayım gələcək gedər-gəlməzdən,
Nə də çömçələrdə payım gələcək.

Təzəcə-təzəcə dil açıram mən,
Ağzı sözlə dolu odam, təşnəyəm.
Divardan-divara «yol» açıram mən.
«Şəkərəm», «noğulam», nə bilim, nəyəm
Mənim nəfəsimdən siqaret iyi,
Onun yuxusundan süd ətri gəlir.
Heç mənim yuxum da bir yuxu deyil,
Onun yatışından gözüm dincəlir.

Boşlayıb biryolluq utancaqlığı
Astaca-astaca ondan deyirəm.
Neyləyim, neyləyim, neyləyim axı,
Gözümün önündə böyüyürəm mən,
Gözümün önündə, böyüyür şerim.

1976

KİTABIN DAVAMI
XS
SM
MD
LG