Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:01

İsa İsmayılzadə. Şeirlər kitabı (davamı-5)


İsa İsmayılzadə
İsa İsmayılzadə
-

GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR...

(Şeirlər kitabı)


əvvəli


GECƏ TELEQRAMLARI

Gecə teleqramları döyər qapımı,
alıb oxuyuram ayaqdan-başa:
«Məni gözləməyin, qarşılamayın».
Nə ünvan,
nə imza,
nə gün,
nə də ay.
Amma hay-harayla gələn qatarlar
obaşdan özünü salar üstümə:
«Məni qarşılayın!..»

Dəyişib ünvanım, dəyişib yerim,
İllər arxasında, gecəyarısı
sözsüz teleqramlar döyər qapımı,
qışqıra-qışqıra gələr üstümə,
məni tapmayanda qayıdar geri.

Eh, bilirəm, kimsə çıxıb qarşıma
«Sağ əlin başıma» - deyəcək yenə.
Bəs, sol əl?
Solə li cibimdə gizlətməliyəm
sağ əl qatarları tutana kimi.
Qıvrıla-qıvrıla şütüyüb gedən,
Qışqıra-qışqıra gözümdən itən
uzaq xoşbəxtliyə çatana kimi.

1967


YAĞIŞLI GÜNLƏR

Bir zaman,
bir zaman elə bilirdim,
Mənim günlərimdir yağışlı günlər.
Çıxardım,
qalxardım hündür bir yerə –
Ayağım altında yağışlı dünya,
Baxardım yağışda çimən şəhərə.
Deyərdim, Vidadi, yağış yağanda,
Mənə qonaqsınız, yığışın gedək.

Hanı o yağışlar, hanı, Vidadi?..
Qalıb saçlarımda yağışın ətri,
Qalıb dodağımda yağışın dadı.
Yanağımda sərin nəfəsi qalıb,
Gözümdə – qurumuş sevinci qalıb,
Qulağımda səsi qalıb.
Əlimi yelləyim
illər üstündən,
Gəl, səni yağışa qonaq eləyim –
«Yağış qonaqlığı… Necədir, qardaş?..

Dodaqlarım cadar-cadar,
Yanaqlarım solub gedib.
Yollarıma çıxan illər
Sevincimin, heyrətimin
taqətini alıb gedib.

Hanı o yağışlar, Vidadi, hanı.
Ay suyu soğulmuş el dəyirmanı,
Hanı o yağışlar, hanı?

Yağışlı günlərimiz
niyə azaldı, niyə?
Bəlkə göyə çıxdı, göyə?
Neyləyim, Vidadi, neyləyim –
Yağışlı günləri kəcəvə kimi
Ordan endirməyə
gücümmü çatar? -
Yağışlı günlərdən asıla qalan
Ürəyim cadar-cadar,
Səsim-sözüm cadar-cadar…

1983


YENƏ GÖZDƏN DÜŞDÜ PAYIZ

«Belə havalarda» silsiləsindən


…Yağış döngəsindən keçdi maşınlar,
Yağış küçəsindən qaçdı adamlar.
Parklara köçdü payız,
yenə gözdən düşdü payız…
Ağzına su alıb, susanda axşam,
qaval çala-çala
arxlara su daşıdı navalsalar.

Tərslikdən ildırım da çaxmadı,
tərslikdən susdu axşam.

Belə havalarda neyləmək olar?
Bu ölü payızın,
bu boz axşamın
tutub yaxasından silkələyəsən-
bağırana kimi bağlı düymələr,
boğulana kimi zağıl qapılar…

1968


GƏRAYLI

Məni dağlara aparın –
Yoxsa, dağlar saymaz məni.
Tanımasa – çaylarından
Keçməyə də qıymaz məni.

At minməyi yadırğadım,
Düşüb getdim addım-addım.
Mən dağları qaldırmadım –
Qələm tutan saymaz məni.

Qayaları yəhərlənib,
Ətəkləri şəhərlənib.
Könlüm bir az qəhərlənib –
Qoy danlasın bir az məni.

İçə bilir bulağından,
Keçə bilir oylağından,
Deyəcəm: tut qulağından –
İncidəndə Araz məni.

Ucalığa qalxan olsam,
Ordan göyə baxan olsam,
Dağlar kimi arxam olsa –
Heç incidən olmaz məni.

Qıyya çəksəm, atıb-tutar,
Dərələr səsimi udar.
Qayalar əlimdən tutar –
Yıxılmağa qoymaz məni.

1978
Qarabulaq yaylağı


MƏN BİR TERMOS ŞÜŞƏSİYƏM


Mən bir termos şüşəsiyəm,
çilik-çilik olmuşam,
tökülmüşəm içimə.
(Eh, kimin nə vecinə)

Birinin gözlərindən,
birinin ürəyindən
qolaylanıb atılanda,
tənhalığın üstünə düşüb, sınmışam –
necə sındığımı heç kəs görməyib,
Heç kəs öilməyib.
Mən bir termos şüşəsiyəm –
pərtliyin də üstünə,
sərtliyin də üstünə
düşəsiyəm bugun-sabah.
Mənim ürəyimin qırıntıları
qəlpəyə dönə bilər,
dostuma, tanışıma, arzuma deyə bilər…

Bir gecə
kiminsə əlləri qonaq gələcək,
kiminsə nəfəsi qonaq gələcək
kövrəlmiş ürəyimə.
Toplayıb bir yerə qırıntıları
düzəcək yan-yana.

Sonra da yana-yana
zərgər barmaqlarla cıllayacaq –
xarabalığın tən ortasında
möhtəşəm bir ürək ucalacaqdır.
Ancaq möhtəşəm ürək
mənim ürəyimə bənzəməyəcək.
Soyuqdan genişlənib, istidən sıxılacaq,
darıxacaq, boğulacaq,
bağlı qalmış qapı kimi
taybatay açılmaq istəyəcək.

Mən bir termos şüşəsiyəm,
Təzədən, təzədən,
təzədən sınmaq üçün,
təzədən yanmaq üçün
bir heyrətin üstünə
daş kimi düşəcəyəm…

1967


DUEL

Heyf! «Duel» sözü uzaqda qaldı,
qaldı keçən əsrin sahillərində,
qaldı keçən əsrin salonlarında,
böhtanlarında,
yalanlarından.

Heyf, «Duel» sözü uzaqda qaldı
Mən duelə çağırardım qorxaqlığı,
ətaləti, səsləyərdim ədaləti-
sekundantım – həqiqət
atasını yandırardım yalanların,
anasını ağladardım böhtanların.
Mən duelə çağırardım
qonşu paxıllığını,
telefon qeybətini,
yaltaqların söhbətini.
Dodaqlarda iblis olan «təbəssümü»
çağırardım.

Sağ qalsaydım,
son gülləmi boşaldardım
«haralısan?» kəlməsinə.
(dilçilərin acığına gəlməsin)
Lənət deyib kor şeytana,
qışqırardım: Sən ey, qarı düşmən,
gəl meydana!
Deyərdim ki, zəhərləyən güllərəri –
nifrətim.

Heyif «Duel» sözü uzaqda qaldı,
qaldı keçən əsrin sahillərində,
qaldı keçən əsrin salonlarında,
böhtanlarında,
yalanlarında.

1965


BİR DƏ GÖRƏRSİNİZ…

Dostlarıma, əzizlərimə

…Bir də görərsiniz mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm,
Çətin,
Çətin yolunuza çıxam dünyada.

Başını bulayıb, köks ötürəm də,
Əlini dizinə çırpan da olar,
Tüstüsü başından çıxan da olar,
Mənsiz
bir ömürdən-gündən usanan,
Başdaşına dönüb, baxan da olar.

Yığışın bir yerə, yığışın, dostlar,
Sizin aranızda
sizdən xəbərsiz
Mənə də, mənə də bir yer tapılar.
Dinib-danışmaram, susaram onda.

Neyləyim, neyləyim, açılmaz daha
Sözmə
ömürlük bağlı ürəklər,
Üzümə
ömürlük bağlı qapılar.

Siz də danışmayın, bir anlıq susun
Siqaret üstündən yaşarsın gözü
Tüstüsü başından çıxan Abbasın.

Yalvarıram sizə,
Mən gedəndən sonra «qeybət daşını»
Bir qara daş kimi atın dənizə,
Dalğıclar yığılsa –
tapa bilməsin.
İlişməsin ayağına bir kəsin.

…Bir də görərsiniz, mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm –
Çətin,
Çətin yolunuza çıxam dünyada.

1983


BİR GECƏLİK NAĞIL

Qan çanağı kimi qızaran günəş
Açıb gözlərini,
üfüq boyunca
Qırmızı-qırmızı baxırdı bizə –
Gözlərimizə, qollarımıza,
əllərimizə.
Bir sahil qalmışdı, bir üfüq, bir də
Qovuşan,
sevişən
kölgələrimiz.
Bir də şəfəqlərdə titrəyən dəniz.
Sahilin soyumuş səssizliyində
Əriyib, yox oldu
kölgələrimiz.
Bir ulduz yıxıldı
boşluğa sarı,
Hardansa Ay doğdu – ağır taxtalı,
Ağardı, ağardı sahil qumları,
Aydınca göründü çınqıllı eniş.
…Nə vaxt çıxıb getdi – bilən olmadı
Qaraqışqırıqçı, xəbərçi Günəş…

Günəşin qanına bələnən üfüq,
Günəşin qanına boyanan dəniz
Qırmızı-qırmızı bizə baxanda
Sahil uyumuşdu,
qum soyumuşdu.

Sən günəş suyuna çəkilən zaman
Bir arzu yanırdı damarlarımda.
Dənizi sinəmə sıxmaq istədim –
Qaranlıq əlimdən aldı onu da.

Ulduzlar dayandı başımız üstə,
Oğrunca boylanan uşaqlar kimi,
Bizdən danışdılar, bizdən dedilər.
Sonra günəş gəldi – qızılı, isti,
Qovdu ulduzları – o «uşaqları»
üfüq boyunca.
Ulduzlu bir yuxu gözlərimizdən,
Ulduzlu bir nağıl xəyalımızdan
Çəkilib getmədi, getmədi ancaq.

1969
Qaqra


NECƏ DEYİM

Neyləyim
mən səni sevə bilmədim,
Adsız çiçəkləri, otları sevdim,
Tanışları sevdim, yadları sevdim,
Ürəyimə yatan adları sevdim,
Neyləyim,
tək səni sevə bilmədim.

Sızladım qarışqa yuvası üstə,
Göynədim «Sarıtel» havası üstə.
Dünyanın məhəbbət «davası» üstə
Tək səni,
tək səni sevə bilmədim.

Ağacın üstündə budaqlar qoşa,
Budağın üstündə yarpaqlar qoşa,
Dağlar da,
quşlar da verib baş-başa-
Nə olsun
Mən səni sevə bilmədim.

Qol-qola söykənən budağı sevdim,
O dərəni sevdim,
budağı sevdim,
Məni haraylayan ocağı sevdim –
tək səni sevə bilmədim.

Bir baxışdan dağ çayına vuruldum,
Bulaq gördüm – ağ suyuna vuruldum,
Sənə şer yazım dedim, - yoruldum,
Mən nə deyim, mən də deyim – bilmirəm.
Qələm səni, kağız səni sevmədi.

Bulud gəldi, yağış gəldi – bilmədin,
Göy üzünə axın gəldi – bilmədin.
Tanrıdanmı qarğış gəldi – bilmədin –
Mən gəlmədim
yollar səni sevmədi,
Açılmayan qollar səni sevmədi.

Necə deyim – o yolları bağışla,
Necə deyim – bu qolları bağışla,
Necə deyim,
necə deyim – bilmirəm –
Sənsiz keçən bu illəri bağışla,
Sənlə keçən bu illəri bağışla,
Vurulduğum dağ çayını bağışla,
Sevdiyim çiçəyi-otu bağışla,
Sevdiyim ocağı-odu bağışla,
Sevdiyim tanışı-yadı bağışla-
Neyləyim,
neyləyim,
deyə bilmirəm.

1984


ADINLA BAŞLANAN ŞER

Evimizdə atam Mustafanın adını daşıyan uşaq böyüyür


Adın evimizdə yaşayır, ata,
Ay-ay, fəsil-fəsil böyüyür adın.
Mənim dodağımda titrəyir hər gün,
Mənim ürəyimdə döyünür adın.

Qohumlar-qonşular səndən danışır,
Adının başına yığışır hamı.
Uşaqlar adına təzə söz qoşur,
Hələ dinə bilmir mənim ilhamım.

Adın süd qoxulu,
ümid qoxulu,
Adın altı aylıq –
şirin yuxulu.
Bizim evimizə gəldiyin gündən
Nəvəsən,
babasan,
oğulsan, ata.
Uzun bir yuxusan,
«nağılsan», ata!
Adın bala-bala yaşa dolacaq,
Ata sevincimlə yaşıd olacaq –
Özünsə, torpaqda uyuyacaqsan.

Sənin keçmədiyin yollardan keçib,
Sənin görmədiyin günlər görəcək.
Qismətin olmayan illərdən keçib,
Hər il,
noyabrın iyirmi ikisində
Ölümün üstündən aşıb birtəhər,
Sağ qalacaq sənin balaca kölgən.
Özünsə onda
Özünsə torpaqda uyuyacaqsan.

Çöllərdə günəşdən yanan alnının
Par-par qəzəbinin, odlu hirsinin
Üzünü-gözünü doğrayıb-keçən
səs şırımları,
söz şırımları
qayıtmaz daha.
Dava illərinin quş yuxusundan
Səni bir səksəkə oyatmaz daha.

Adın bala-bala
yaşa dolacaq –
Bağçada,
məktəbdə əlindən tutub,
Adınla yanaşı yeriyən yerdə,
Az qala inanıb, deyəcəm: sağsan.


* * *

Məni kövrəltməyə nə var, əzizim.
Təkcə məndən ötrü, tək məndən ötrü
Günlərlə qəlbində dolandırdığın,
Özünü yaxşıca inandırdığın
Bir xoş sözə bəndəm,
xoş sözə bəndəm.
Yenə deyəcəksən: xoş söz nədir ki,
Söz danışdım sən də.

Məni kövrəltməyə nə var, əzizim,
İşığı özündən, gün kimi aydın
Bir xoş üzə bəndəm, xoş üzə bəndəm.
Yenə deyəcəksən: xoş üz nədir ki,
Söz danışdım sən də
Nə qədər sağam,
Sən mənə o sözü heç deməsən də,
Üzündən, gözündən oxuyacağam,
Telindən, əlindən oxuyacağam,
Titrəyən səsindən oxuyacağam,
Bir dəfə, beş dəfə oxuyacağam,
Min yol, milyon dəfə oxuyacağam.

Məni kövrəltməyə nə var, əzizim
Dumduru,
işıqlı bir gözə bəndəm;
Birdən,
gözlənilməz yaxşılıq kimi,
Dağlardan, daşlardan süzülüb gələn,
buz bulaq kimi,
Nə vaxtsa ürəkdə gizlədiö qalan
İsti nəfəs kimi,
xoş qılıq kimi
Çıxa qabağıma, deyə:
- Bu da məni!..
Bu dünyadan daha nə istəyirsən?..
Heç nə istəmirəm. Daha sözüm yox,
Bu dünyada, vallah, mənim gözüm yox.

Məni kövrəltməyə nə var, əzizim…

1985



* * *

Ovcumla dost olan mehriban əllər,
ovcumda məst olan bəxtəvər əllər
sənindir,
mənimdir.
Könlümü isidir qızılı tellər
sənindir,
mənimdir.
Üstümüzə düşən yorğun kölgələr,
ovcumuza yağan solğun yağışlar,
adımıza düşən solğun ləkələr
sənindir,
mənimdir.

Bu yollar bizimdir, biz – bu yolların,
səkilər bizimdir, biz səkilərin.
Bircə atım quru barıt da elə,
atom da elə,
dünya da elə.
Qarşıda yollar var,
Əlin ovcumdadır
gedirik hələ.


SON ŞERİM

Sön sözüm, son şerim, görən hardasan,
Hələ yox gəlirsən çox-çox uzaqdan.
Gəlirsən, könlümə od sala-sala,
Bilirsən ki, bu yanda, yaxınlardasan-

Onda nəyə lazım? Eh, niyə lazım?-
Qələmim quruyub, yerində qalar.
Sənin nəfəsindən ölər sözlərim,
Sahilə atılan balıqlar kimi
Çırpınıb, yerində qalar sözlərim.

Hələ təzə-təzə pöhrələnirəm,
Hələ təzə-təzə boy atıram mən.
İkicə budağım – iki balam var,
Təzəcə özümə qayıdıram mən.
Şairlər demiş,
«Hələ bu dünyayla geylü-qalım var».
Bilsəm ki, anamın tutqun üzündə,
Qonşumun gileyi, sərt baxışında,
Dünyadan köçməyə hazırlıq görən
Gözəl nənəmizin yır-yığışında,
Bilsəm ki, həkimin deməyəcəyi
bircə sözündə
Sən varsan, sən varsan, sonuncu şerim,
onda nə deyim.

Bilsəm ki, Arazın duru gözündə,
Yazmaq istəydimi ağ kağızların
bomboş hamarlığında,
Kişilərin hər gün gözümdən düşən
Qrimli, qrimsiz tumarlığında,
Hər səhər güzgüdən üzümə baxan
Gizli bir kədərin hənirtisində,
Mişar dişlərində, balta səsində,
Toz-toz, qəlpə-qəlpə ölən palıdın
Torpağa millənən iniltisində,
Düşmən kələyində, dost gileyində
Bilsəm ki, sən varsan, sonuncu şerim,
onda nə deyim.

Son şerim!
İndidən mən sənə şer qoşuram,
İndidən nə bilim, neçə il qabaq.
İə isə… ürəyim deyir – qoşuram.
Bir ağzıgöyçək də güdümsəyəcək,
Bərik eləyəcək.
Sonra arxasınca-
«Son şerə bir bax!..»

Son şerim, sən mənim son nəfəsimsən,
Son şerim, sən mənim son beyşiyimsən,
Son şerim, sən mənim son həvəsimsən-
«Sonbeşik üstündə əsir analar…»

İndidən titrəyir qələmim mənim,
əllərim mənim,
ürəyim mənim.
İndidən, indidən titrəyir, allah,
Yolumu gözləyən günlərim mənim,
İllərim mənim,
Əlim titrəyir –
Əlimin altında qələm titrəyir,
Qələmin altında ölüm titrəyir
sonbeşik üstə,
son nəfəs üstə
son həvəs üstə.

1981


BİR PARÇA TORPAQDI

Hara getsəm, hardan olsam,
Üzümü tutmasam Qarayazıya,
Üzümü tutmasam Borçalıya mən-
Elə mənim kimi darıxır şerim,
Elə mənim kimi vurnuxur şerim.
Elə bil, sözümü-
yazdıqlarımı
təkcə ona deyirəm.

Bir parça torpaqdı – bir parça Vətən
Qeyrəti özündə, dili özündə,
Ocağı özündə, dili özündə..

Bir parça torpaqdı – bir parça Vətən,
Mənim gündoğanım,
günbatanımdır;
Günüm ordan çıxır, ordan da batır-
Çıxır yavaş-yavaş Qaradüzündən,
Borçalı elini tezdən oyadır.
Qalxır Yağlıcaya, Babəkərə də,
Gedib Başkeçiddən o yanda bitir.

Ulu yurd yeridi,
umid yeridi,
Adı bir,
özü bir torpaqdı ora.
«Azərbaycan» adlı nəhəng palıddan
Qopub, qanadlanmış yarpaqdı ora.

Adı bir, özü bir torpaqdı ora;
Adaş bulaqlar var, adaş yarpaqlar,
Adaş qayalar var, adaş otlaqlar.
Çölləri, yelləri, elləri adaş…

Mənim qibləgahım –
bir parça torpaq,
bir ulu Vətən,
bir qoca torpaq-
Mənim güvəndiyim dağlar ordadır.
Evimdə balaca Azərbaycan var-
Qarayazı – ünvan,
Borçalı adı.

1985


GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR

Bu dünyaya bir də qayıtmağım var
Qəbrimin üstündə bitən gülləri,
Uyumuş,
soyumuş torpağı-daşı
Ölüm sükutundan oyatmağım var.
Bilmirəm çiçəklə, bilmirəm otla,
Bilmirəm ağacla, yoxsa buludla,
Dağları yerindən oynadıb gələn
Dəli qışqırıqla, yoxsa sükutla-
deyə bilmərəm.
Apardım özümlə öz dünyamı mən-
Ulduzlu göyləri, Ayı, günəşi,
İlğımlı çölləri, təpəlikləri,
Dağları, düzləri, biçənəkləri
Son gündə, son anda, son saatımda
Apardı gözüm.
O günü, o annı, dəqiqəni də
Apardım özüm.
Səsləri, sözləri, pıçıltıları,
Kür tərəfdən gələn uğultuları
Mikrofon qulağım «yazdı» apardı.
Gecəli-gündüzlü, ömrüm boyunca
Kürün uğultumu məni çağırıb,
Suyun şırıltısı məni çağırıb,
Məni haraylayıb Qarayazıdan.
Mən də yuxularda hey uça-uça
getmişəm ora.
İlğımlar çağırıb məni uzaqdan,
Yəhərbel ilğımlar, kəhər ilğımlar,
Qarayel ilğımlar, ağyel ilğımlpar –
Bilmirəm, onları kimlər azadıb,
Çağırıb düzlərdən – Qarayazıdan.

Kürün uğultusu aparıb məni,
Suyun şırıltısı çəkib aparıb.
Sehrli ilğımlar əl eləməklə
Aparıb, yaxama çöküb aparıb.
Məni bu dünyaya bir də, yenidən
Bəlkə o uğultu gətirə bildi,
Bəlkə o şırıltı gətirə bildi.
Bəlkə o ilğımlar sehrli yolla
Məni bu dünyaya ötürə bildi.

Nəsə, ürəyimə damıb, bilirəm-
Bəlkə də yüz ildən, min ildən sonra,
Milyon ildən sonra – nə bilmək olar –
Nə vaxtsa dönəcək ömrün illəri…


BAKI… 18 MAY 1988

Yumruqdan düyüm-düyüm
düyüilənən gördüm məni,
Gözlərimə inanmadım,
Səni tanımadım, Bakı.
Küçələrin, meydanların
qayım-qayım qaynayırdı,
Oğulların, mərd qızların yumruqları
havadaca oyur-oyur oynadırdı-
Gözlərimə inanmadım,
səni tanımadım, Bakı.

Yeriyirdin, yüyürdün, kükrəyirdin
alay-alay, dəstə-dəstə-
gözlərimə inanmadım,
səni tanımalım, Bakı.

Düyüm-düyüm düymələnmiş qəzəbini
Oyur-oyur oynayan,
Qayım-qayım qaynayan
havalanmış nifrətini
Selə çevirmişdin, Bakı,
səsə çevrilmişdin, Bakı,
hirsə çevrilmişdin, Bakı.
O qəzəbin ovcundaca,
O nifrətin ovcundaca
Uçum-uçum uçunduqca,
Küçələrin,
meydanların
Torpaq deyib,
Vətən deyib,
Qarabağ deyib.
odlu-odlu qışqırdıqca,
dadlı-dadlı qışqırdıqca.
Qollarımı gen-gen açıb,
Gözlərimi gen-gen açıb
Hamını, hamını bir ucdan
öpmək istəyirdim orda,
göz yaşımı gizli-gizli
silmək istəyirdim orda,
hamının gözü önündə
Sevincindən ölmək istəyirdim orda.

May, 1988


QARAYAZI MEŞƏSİNƏ GEDƏN YOL

Qarayazı meşəsinə gedən yol,
Üşüyürsən,
nəfəsini dər bir az.
Tövşüyürsən, nəfəsini dər bir az.
Qarayazı meşəsində itən yol,
Gəl, ocağın qırağında qızınaq,
Mən heyranam bu yerlərin yazına,
İndi qışdır,
gəl birazca qızınaq.

Qarayazı meşəsinə gedən yol,
Qarayazı meşəsindən itən yol,
Məni hara gətiribsən – bilmirəm,
Məni hara ötürübsən – bilmirəm.

Hanı mənim tanıdığım palıdlar,
Başım üstə ağarışan buludlar?
Süfrə kimi «sərdiyimiz» göy otlar
Bu yerlərin ayazına dayanmaz.

Bu meşələr niyə belə qarıyıb,
Ağacları ayaq üstə quruyub,
Palıdını, qovağını qor olub –
Tüfəng atım,
haray salım – oyanmaz.


Ağacların quluqları tutulub,
Budaq-budaq,
yarpaq-yarpaq ütülüb.
Bu ay qovaq niyə belə lüt olub-
Yellər bilər, özbaşına soyunmaz.

Niyə belə fikirlisən, qarağac,
Eh, nə bilim, nə çəkirsən, qar, ağac.
Aç üzünü, göstər görüm, qar ağac-
Dəli könül tanımasa, ovunmaz.

Qara yemşan tənhalığa çəkilib,
Külək çırpıb, dənə-dənə tökülüb.
Bu ulğunun beli niyə bükülüb –
Yaz günü bu dərdi ona qıyammaz.

O tərəfdə ağır-ağır axır Kür,
Fağır-fağır
qıraqlara baxır Kür.
Gün gələcək, sevinəcək axır Kür-
Kimsə onu mənim kimi duyammaz.

Ay xalaoğlu, o kababı bəri ver,
Qoy bişməsin, sulu-sulu, diri ver.
Aşıq qardaş, sazı köklə, yeri var-
Yoxsa, bizdən inciyər saz, küsər saz.

Bir ah çəksəm – meşə qalxıb oyanar,
Kür də durub, yatağından boylanar.
Ocağımız Kərəm kimi hey yanar,
Kababçı da hey fırlanar, usanmaz.

Qarayazı meşəsinə gedən yol,
Qarayazı meşəsindən itən yol,
Axır gəlib ürəyimdə bitən yol,
Üşüyürsən, nəfəsini dər bir az,
Tövşüyürsən, nəfəsini dər bir az.

1986


YAXŞI ADAMLARIN AZALIR, DÜNYA…

Yaxşı adamların azalır, dünya
Kommosdan lazerla
nə bilim, nəylə
Ağayının altı qazılır, dünya.
Sənin nə xəbərin,
öz işindəsən;
Günlər bala-bala gödəlir, dünya,
Ömrün bala-bala qısalır, dünya
Sənin nə xəbərin,
öz işindəsən;

Dan atır,
gün batır,
ulduzlar yanır,
Bir yanın yatanda biri oyanır,
Günəşin başına pərvanə kimi
365 yol dolansan belə,
Ürəyin soyumur, soyumur, dünya-
Günəşi sevirsən – birlik bunu-
Planet sevgisinin nə olduğunu
Ürəyin soyumur –
havan soyumur,
Dənizin soyuyur,
gölün soyuyur.
Adamlar soyuyur, biri-birindən,
Ölkələr soyuyur biri-birindən.
Alovlu kürsülər, odlu natiqlər
Yaman oynadırlar səni yerindən
Yenə köks otürdün,
havan çatışmır-
Sənə də bir loğman gərəkdi, dünya,
Bəlkə səninki də ürəkdi, dünya?..
Qulağının dibində
hey xısın-xısın,
hey gizli-gizli
Səndən danışırlar, səndən deyirlər,
Sonra da susurlar hey sözlü-sözlü.
Eh… Bəlkə bu da bir tiryəkdi, dünya.

Pələngin, ceyranın,
cüyürün kimi
Qarağacın kimi,
turacın kimi.
Yaylağın
bulağın,
otlağın kimi,
Yaxşı adamların azalır, dünya,
Axırda bu da bir söz olar, dünya.
Çinar babaların, küknar ərlərin,
Söyüd xanımların, cüyür qızların,
Palıd kişilərin, sərv qardaşların,
Maral adamların azalır, dünya.
Axırda bu da bir söz olar, dünya…

1985

KİTABIN DAVAMI
XS
SM
MD
LG