Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:54

ZƏRDÜŞTilik


Zərdüşt Şəfi
Zərdüşt Şəfi
-

...Zərdüşt də ölümə aşiq idi. Ölüməmi, yoxsa Allahamı? Bəlkə o, «0,5 və ya gözlənilməz qətlin tarixçəsi» hekayəsində olduğu kimi yarımçıqlıq fəlsəfəsinə tapınmışdı?..


Gənc yazar Ülviyyə Heydərova "Oxu zalı"na göndərdiyi bu yazıda ötən ay vaxtsız vəfat etmiş həmkarı Zərdüşt Şəfini anır.


Ülviyyə Heydərova


ZƏRDÜŞTİLİK


- Heyf deyil cavan ölmək.
- Yaxşı görək, bu nə sözdü danışırsan?
- Hə nədir? Düz deyirəm, sən onu bilməzsən...

***

- Zərdüşt, sənə nə deyim?! Fərhad Metenin ölümündən elə yazmısan adamın lap ölməyi gəlir. Bura bax, birdən başımı yerə qoysam o cür yazarsan?
- Hm, niyə də yox!

(müxtəlif illərdə müxtəlif görüşlərin birində)


***

- Üli, Zərdüşt öldü!

Günel Eminli bu xəbəri telefonla mənə deyəndə noutbuk, netbuk, planşet və plazma televizorları güzgü kimi bərq vuran kompyuter mağazasında idim.

Zəngdən xeyli əvvəl - satıcı qızın anbardan adapteri gətirməsini gözləyəndə mobil telefonlarında soyadımın əvəzinə «Noutbuk» yazan dostlarımı, tanışlarımı düşündüm.

Onların arasında Zərdüşt də var idi və düzünü deyim ki, ən çox da elə onu fikirləşdim. Çünki iki gün əvvəl vəziyyətinin yaxşı olmadığını eşitmişdim. Təşvişə düşsəm də, sonra ailəsindən xəbər gəlmişdi ki, özünü yaxşı hiss edir.

Ona görə narahatçılığımın üstünə sanki bir az soyuq su səpilmişdi. Daha doğrusu, onu elə Zərdüştün özü vədi ilə çiləmişdi. Gunelə söz vermişdi ki, hardasa bir həftəyə, uzaqbaşı on günə Bakıya gələcək və bizi evlərinə dəvət edəcək. Həmişəki kimi inanmışdım ona.

Bilirdim ki, yalanı yanında gəzdirməyi sevməzdi. Mağazada kompyuterlərə baxa-baxa yadıma düşdü ki, o, iki-üç il əvvəl noutbukla netbuk arasındakı seçimində mənim də fikrimi öyrənmişdi.

Hərdən Ülüşdən bezib məni «Noutbuk» çağırsa da, ona noutbuku yox, hər yerdə daha rahat yazmaq üçün netbukun əlverişli olduğunu demişdim.

Deyəsən, sonda netbuk almışdı. Beynimdə elə bu xatirə gəzib dolaşdı. Bir də növbəti həftəni - onunla görüşəcəyimiz günü düşündüm. Sadəcə düşündüm.


Xəstəliyindən sağalmayacağını bilsəm də, amma yaşayacağına əmin idim. Özü də lap çox.

Bu böyük ümidi haradan alıb ürəyimə doldurmuşdum? Bilmədim. Görünür, ölümü ona yaraşdırmırdım. Heç inanmıram, kimsə onun xətt saqqalına sığınan ağ bənizində, eynəyinin altında gizlənən parıltılı gözlərində ölüm nişanəsinə rast gəlsin.

Bircə yazıları və söhbətlərində ölümdən danışmağa həvəsli idi. Yazılarında yox, amma ikilikdə olanda söhbətlərində sözünü kəsib, onu kəskin şəkildə danlamaqdan çəkinməzdim.

Çünki iki ailə üzvümü vaxtsız itirən bir insan kimi amansız, insafsız, vəfasız ölümün sərt üzünə bələd idim.

Odur ki, ölümə eşq elan edənləri görəndə (illah da mənə yaxın insanlar olanda)
Zərdüşt Şəfi
Zərdüşt Şəfi
əsəblərim tarıma çəkilir. Zərdüştü də dost, həmkar yox, daha çox doğma insan kimi qəbul edirdim.

O qədər doğma ki, gələcəkdə onun həyat yoldaşına baldızlıq edəcəkdim. Bu neçə ildə nə küsüb barışdıq, nə də söz, fikir davasına çıxdıq. Mübahisəmiz ancaq ölmək, ölümü yaxınlaşdıran vasitələr (daha çox siqaret) üstündə düşmüşdü.

Əlbəttə, mən Allahın insana verdiyi ömür payına müdaxilə etmək fikrindən uzaq insanam. Lakin həyat eşqi ilə yaşamaq əvəzinə ölümü dilindən düşməyən gəncləri (məhz gəncləri!) görəndə nədənsə hirsimi gizlədə bilmirəm.

Zərdüşt də ölümə aşiq idi. Ölüməmi, yoxsa Allahamı? Bəlkə o, «0,5 və ya gözlənilməz qətlin tarixçəsi» hekayəsində olduğu kimi yarımçıqlıq fəlsəfəsinə tapınmışdı? Yaşamağın ən ləzzətli vaxtında arzularını, ideyalarını, hekayələrini, romanlarını, xatirələrini, çatını, bir sözlə, bütün varlığını yarımçıq qoyub getmək, həyatını vaxtından əvvəl bitirmək yalnız Zərdüştün və onun Allahının ağlına gələ bilərdi.

Çünki o, bilirdi ki, əcdadları Tanrının qəzəbinə tuş gəlməsəydi cənnətdən qovulub yarımçıq qalmazdı. Yarımçıq qaldıqlarına görə Zərdüşt özü qarışıq bütün insanlara əlil kimi baxırdı. «…əslində hamımıza ilahi bir təqaüd düşüb - Allahın nemətləri dediyimiz əslində bizə verilən təqaüddü, verir ki, birtəhər yaşayaq, yarımçığıq axı, bilir ki, biz özümüz heç nə edə bilməyəcəyik…» - bunu Zərdüşt deyirdi.

O, elə bütöv olmaq üçün Allahının dərgahına tələsirmiş. Mənsə söhbətində «ö» eşidən kimi, sözün məcazi mənasında ağzının üstündən vururdum.

Əslində, onun hekayəsindəki fikirlə razıyam. Amma o da var ki, Allahın yaratdığı ən kamil varlıq kimi istəsək elə bu dünyada da bütöv ola bilərik.

Məsələn, ən azından insani keyfiyyətlərimizlə. Elə Zərdüştün özü heç də yarımçıq deyildi. Ən azı insaniliyi ilə.


… Telefonla danışandan sonra mağazadan çıxdım. Etiraf edim ki, xəbəri bilən kimi acı göz yaşı töküb hönkürdüm? Yox! Heç səsim, əlim-ayağım da titrəmədi. Çünki beynim, hisslərim onun ölüm xəbərini yaxına buraxmaq istəmirdi.

Zərdüşt Şəfi
Zərdüşt Şəfi
Bircə onu görürdüm ki, ayaqlarım AYB-yə doğru gedir. Qəribəsi bu idi ki, birliyə doğru irəlilədikcə içimdə bir boşluq yaranırdı.

Nəhayət, ikinci mərtəbəyə qalxıb xalamın yanına çatdım və hər şey də orda baş verdi. Ağladıqca içimdəki boşluq daha da böyüyür, ürəyim sanki böyük çüxura yuvarlanırdı. Heç nə yox, bircə var gücümlə bağırmaq istədim.

Elə bağırmaq ki, yəqin səsimi göyün yeddinci qatında yaşayanlar da eşidə bilərdilər. Ancaq bunu etmədim. Əlimlə ağzımı tutub bacardığım qədər səsimi içimdə boğmağa başladım. Boğub, boğub özümü sakitləşdirdim.

Deyim ki, Zərdüştlə ən çox AYB-nin tədbirlərində, Gənc Ədiblər Məktəbinin dərslərində, dərsdən sonrakı çay evlərində, kafelərdə, toylarda və s. yerlərdə, virtual aləmdə görüşmüşəm.

Yadımdadır, AYB-də tədbirlərdən sonra dördüncü mərtəbəyə qalxıb İlqar Fəhminin yanına gedərdik. Yaxud da təsadüfən Fəhminin otağında rastlaşardıq. Fəhminin maraqlı söhbətlərini, ağlabatan fikirlərini dinləməkdən yorulmazdıq. Oxuduğumuz kitabları. baxdığımız kinoları da müzakirə edərdik.

Bəzən də elə olurdu ki, Fəhmi ilə ikilikdə ədəbi söhbətlər edəndə Zərdüşt mütləqi şəkildə yada düşürdü. Sanki o da yanımızda idi.


…Bu artıq reallıqdı. İstəməsəm də Zərdüşt həyatımın indiki və gələcək zamanında cismani şəkildə iştirak etməyəcək.

Onunla sadəcə ünsiyyət formamda bir qədər dəyişiklik oldu: daha bundan sonra telefona əl atmayacam, çatda onu axtarmayacam. Əvəzində kitabını əlimə alıb istədiyim vaxt dünyanın hansı yerində oluramsa olum, lap elə göyün üzündə belə onun fikirlərini oxuyub, ünsiyyətimi davam etdirəcəm.

Bu baxımdan, yazıçı, onun bədii nümunələri insana digər sənət növlərindən daha yaxın olur. Yetər ki, mütaliəyə istəyin olsun.

Odur ki, Zərdüşt varlığı ilə həmişə istər mənim, istərsə də dostlarımızın yanında qalacaq, bizimlə yaşlanacaq, yubileylər keçirəcək.

Ürəyimdə yaranmış böyük boşluq da elə Zərdüştün yeri idi. Onu zaman-zaman xoş xatirələr, sərhədsiz zarafatlar, məzəli söhbətlər, hekayələrindən fraqmentlər, şeirlərindən parçalar dolduracaq. O yer getdikcə Zərdüştilik etiqadına çevriləcək.
Ruhun mübarək əziz insan!

P.S. Valideynini itirən birdən-birə böyüyür, uşağını itirən birdən-birə uşaqlaşır. Bəs görəsən, ruhu ruhuna, fikri fikrinə, zövgü zövgünə yaxın olan insanı itirəndə onun əzizi necə olur?
XS
SM
MD
LG