Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:34

14 saylı cəzaçəkmə müəssisəsində nə baş verib?


14 saylı cəzaçəkmə müəssisəsi
14 saylı cəzaçəkmə müəssisəsi
«MƏNƏ DEDİLƏR MƏHBUSLAR YEMƏKDƏN İMTİNA EDİB»

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov AzadlıqRadiosuna bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində məhbusların qiyamı olub: «Mənə dedilər ki, məhbuslar yeməkdən imtina edib. Onlar saxlanma şəraitinə etiraz ediblər».

Elçin Behbudovun sözlərinə görə, bu cəzaçəkmə müəssisəsi «həddindən artıq xoşagəlməyən ərazidə» yerləşir:

«Qızıldaşda daş karxanaları işləyir. Özüm də şahidi olmuşam ki, külək qalxanda orda toz-torpaqdan göz-gözü görmür. Sovet dövründə məhbuslara əzab-əziyyət vermək üçün müəssisəni belə bir yerdə salmışdılar. Bu müəssisə ləğv olunmalıdır».

MƏHBUSLAR ETİRAZ EDİB?

Sentyabrın 9-da Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinin bir qrup məhbusu saxlanma şəraitlərinə etiraz olaraq həbsxananın həyətinə çıxıblar. Ancaq rəhbərlik onları sakitləşdirə bilib.

Bu haqda AzadlıqRadiosunun müxbirinə şahidlər məlumat verib.

Dustaqlardan birinin qohumunun dediyinə görə, sentyabrın 9-da həbsxanaya baş çəkəndə onları yaxına buraxmayıblar, həbsxanadan təxminən 150 metr uzaqda saxlayıblar. Onlar həbsxana qarşısında bir neçə təcili yardım maşını gördüklərini deyiblər.

Bir neçə şahid AzadlıqRadiosuna həbsxana yaxınlığında qara maskalı əməliyyatçıları gördüyünü, hadisə yerinə xüsusi itlər gətirildiyini deyib.

20-DƏN ÇOX MƏHBUSUN APARILDIĞI DEYİLİR

Dustaqların qohumları 20-dən çox məhbusun həbsxanadan aparıldığını bildirib.

Həbsxana nəzarətçilərindən biri xəbəri AzadlıqRadiosuna nə təsdiq, nə də təkzib edib.

Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətindən isə bildirdilər ki, 14 saylı müəssisədə sakitlikdir, orada heç bir hadisə baş verməyib.

14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, həmçinin ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır.

Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində satirik yazar Mirzə Sakit, bloqqer Adnan Hacızadə, gənc fəal Bəxtiyar Hacıyev, AXCP fəalı Sahib Kərimov saxlanılıb. Hazırda hüquq müdafiəçisi Vidadi İsgəndərli də həmin təcridxanada cəza çəkməkdədir.
XS
SM
MD
LG