Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:09

Hüseyn Arif. Şeirlər


-

SEÇİLMİŞ ƏSƏRLƏRİ KİTAB

___________


XALQSIZ XALQ ŞAİRLƏRİ


Bir həyat şairi var,
Bir də vaxt şairləri.
Eldən, gündən xəbərsiz
Saray, taxt şairləri.

Biri haqqa daş atar,
Biri kölgədə yatar,
Kim sevib, kim yaşadar
Bu bədbəxt şairləri.

Biri var, üzdəniraq
Haça dil, hazıryaraq.
Qapı, baca, künc, bucaq
Əl-ayaq şairləri.

Hüseyn Arif, nə xəbər
Nə qədərmiş nə xəbər
Başsız başa keçənlər
Xalqsız xalq şairləri.


BİZ AYRI DÜŞƏLİ

O günlər yuxuydu, yoxsa həqiqət,
Bəlkə bir düyünlü sirr idi, getdi.
O arzu, o ümid, o söz, o söhbət
Dodaqdan süzülən dürr idi, getdi.

Şırşırlar oyandı, çağladı dağlar,
Çiçəklər boylandı, bəzəndi bağlar.
Biz ayrı düşəli bir qərib bahar,
Yanımdan xəbərsiz yeridi, getdi.

Buludlar üfüqə çəkildi lay-lay,
Zəmilər biçildi, buğdalar tay-tay
Biz ayrı düşəli bir alovlu yay
Çölləri, düzləri bürüdü getdi.

Bulaqlar boynunda üşüdü yarpız,
Yarpaqlar, budaqdan endi aramsız.
Biz ayrı düşəli bir yorğun payız,
Sarı çuxasını sürüdü, getdi.

Axdı damcı-damcı buz salxımları,
Sellər yaraladı bürcü, hasarı.
Biz ayrı düşəli bir qışın qarı
Gözümün içində əridi, getdi.

Könlümdə dörd fəslin qəmi, nisgili,
Möhnətin sonu yox, qəmin sahili,
Yetmiş vida ili, ayrılıq ili,
Ömrün günlərinin biriydi, getdi.


Bir dağ kəli yaraladım zirvədə

Bir dağ kəli yaraladım zirvədə
Baş titrədi, ayaq əsdi, daş axdı.
Bir canlını candan saldı bir zədə
İki gözdən iki damla yaş axdı.

Düşünmədim, anadır, ya baladır,
Ovçu atar ov bərədən keçəndə
Ala tula qanlı daşı yaladı,
O sönürdü tikanlığın içində.

Qabaqlaşdıq sökülməmiş qızıl dan,
Mən silahlı, o silahsız bu yerdə.
Yarıyolda ayrı düşdü qatardan,
Mən günahlı, o günhasız bu yerdə.

Öz halına təkcə özü ağladı,
Kimi var ki, kim dayana yanında.
Dil uzadıb, nəm torpağı yaladı,
Sumu keçdi xəyalından son anda.

Dodaq yanır, yanaq yanır, üz yanır,
Buludumu, dumanımı əyləsin?
Boylandıqca baxış yanır, göz yanır,
Bu yanğıyla sellər, sular neyləsin?

Ağır-ağır dartıb bükdü dizini,
Muncuqladı kirpiklərdə donan tər.
İndən belə toz basacaq izini,
İndən belə nə yürüş var, nə səfər.

Birdən-birə elə çırpdı özünü,
Sağ buynuzu qopub qaldı qayada.
Ey Hüseyn, müxtəsər et sözünü,
Bu qan səni tutasıydı, tutdu da.



Gözəllərə

(zarafatyana)

Gözəllər, söyləyin bu necə işdi,
Qiyməti şöhrətə ada verdiniz?
Kədəri yaxının üstünə atıb,
Sevinci aparıb yada verdiniz?

Hər saxta gülüşə, hər yalan sözə,
Aldanıb düşdünüz dolaşıq işə.
Sonralar möhnətlə gəlib üz-üzə
Ömrü közə tutub, oda verdiniz.

Buza döndü qələm, bozardı kağız,
Arxamı qış kəsdi, qarşımı payız.
Yüzünüz bir şair yaratmadınız,
Biriniz yüz şair bada verdiniz...


Sən dərsə gəlməyəndə...

Düşür yadıma hərdən
Məktəb həyətində mən
Yoluna göz dikərdim,
Qəlbim sızlardı birdən
Sən dərsə gəlməyəndə...

Durub-durub anardım,
Gizli-gizli yanardım.
Neçə dostun içində
Özümü tək sanardım.
Sən dərsə gəlməyəndə...

Zəng səsi ucalardı,
Uşaqlar söz alardı.
Gözlərim boş masanda.
Fikrim səndə qalardı
Sən dərsə gəlməyəndə...

Dözməyib buna bəzən
Düşüb gah da həvəsdən
Nə danım həqiqəti,
Qaçardım mən də dərsdən
Sən dərsə gəlməyəndə...


A QIZLAR

Siz elə kimsəylə oturub, durun,
Könlünüz nə desə yetirsin sizə.
Bir əli daş-qaşla oynasın onun,
Bir əli gül-çiçək bitirsin sizə.
Xidmətmi gərəkdir?
Hər xidmət hazır,
Burda beçə balı, orda ət hazır
Mənzil istəsəniz, imarət hazır,
Günəşi ovcunda gətirsin sizə.

Hüseyn Arifin bir ərzi də var,
Çoxdankı, çoxları çox şey arzular.
Sevəndə katibi sevin, a qızlar,
Şairin nəyi var, nə versin sizə?!


MEŞƏBƏYİ

Kef üstündə kefimizi
Gəldi, sordu meşəbəyi.
- Buyur! – dedik, atdan enib,
Bardaş qurdu meşəbəyi

Qamçısını atdı sola,
Çantasını çəkdi dala.
Şirin-şirin, bala-bala
Bizlə vurdu meşəbəyi.

İsti kabab, təzə fətir
Doymaq olmur, yenə gətir.
Bığlarını arada bir
Eşib durdu meşəbəyi

Altımışı verib yelə
Düşməyibdir ruhdan hələ
Qarşıdakı bir gözələ
Göz də vurdu meşəbəyi.

Yatdı biri – keflənərək,
Birini də yıxdı külək.
Hüseynlə axıradək
Möhkəm durdu meşəbəyi


AY MİRZƏ DAYI

Aşıq Mirzə Bayramova

Mən beşikdə ikən telli sazınla
Laylamı sən çaldın, ay Mirzə dayı
Yenə dilləndirdin “Yanıq Kərəmi”
Canıma od saldın, ay Mirzə dayı.

Ağır toylar gördün, nişanlar gördün,
Mahaldan-mahala atını sürdün.
Gəlinlər gətirdin, qızlar köçürdün,
Çox nəmərlər aldın, ay Mirzə dayı.

Sənət meydanında imtahan olur,
Hüseynin əhvalı pərişan olur.
Səsin tutulanda könlüm qan olur,
Sən niyə qocaldın, ay Mirzə dayı?
XS
SM
MD
LG