Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:55

Dostoyevski: "Konstantinopol bizim olmalıdır"


1877-78-ci illərdəki Russia-Türkiyə müharibəsində Plevnada türk mövqelərinin ələ keçirilməsini əks etdirən rəsm - rəssam Nikolay Dmitriyev-Orenburqski
1877-78-ci illərdəki Russia-Türkiyə müharibəsində Plevnada türk mövqelərinin ələ keçirilməsini əks etdirən rəsm - rəssam Nikolay Dmitriyev-Orenburqski
-

Dünyanın ən böyük yazıçılarından sayılan Fyodor Dostoyevskinin bir publisist kimi söyləmiş olduğu çoxlu sayda mübahisəli fikirlər var.

1873-81-ci illərdə hissə-hissə çap olunan "Yazıçının gündəliyi" əsərində Dostoyevski bəzən açıq-aşkar rus imperializminin ruporu kimi çıxış edir.

O yazır:

"Konstantinopol bizim olmalıdır: bizlər - ruslar tərəfindən fəth edilib türklərdən alınmalı və əbədi - bizimki olaraq qalmalıdır"

O belə fantaziyalarını nəylə əsaslandırır?

Əvvəla, Dostoyevski hesab edir ki, bu, pravoslav dünyasını birləşdirmək üçün vacibdir: əksəriyyəti pravoslav olan yunan, bolqar, Balkan xalqlarının Rusiyanın qanadı altına alınması üçün.

Dostoyevskidə İstanbulu fəth etmək fantaziyaları xüsusən 1877-ci ilin Rusiya-Türkiyə müharibəsi zamanı inkişaf etmişdi.

Ümumiyyətlə, rus ordusunun cəbhədəki uğurları, İstanbula yön alması o zaman Rusiya mətbuatında şəhərin gələcək təyinatı ilə bağlı fərziyyə və təkliflərə yol açmışdı.

Dostoyevski məşhur "Rusiya və Avropa" traktatının müəllifi Danilevski ilə polemikaya girir.

Danilevski düşünürdü ki, slavyan xalqları federativ ittifaqda, yəni bərabərhüquqlu ittifaqda birləşməlidirlər.

Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Konstantinopol isə yalnız Rusiyaya yox, eyni dərəcədə bütün qalan slavyanlara da məxsus olmalı, yəni pravoslavların ümumi şəhərinə çevrilməlidir.

Dostoyevski isə federasiya ideyasını rədd edir, o hesab edir ki, şəhər Rusiya İmperiyasının tərkibinə daxil edilməli, Rusiya pravoslavların birliyində müstəsna rola və imtiyaza malik olmalıdır.

Onun fikrincə, bu məsələdə ruslarla başqa slavyan xalqları arasında bərabərlik işarəsi qoymaq olmaz:

"Rusiya Konstantinopola slavyanlarla bərabər əsasda necə sahiblik edə bilər? Axı Rusiya nə ayrı-ayrılıqda həmin xalqların heç birinə bərabər tutula bilməz, nə də bir yerdə onların hamısına. Əlbəttə, nəhəng Qulliver, istəsəydi, liliputları inandırmağa çalışardı ki, heç bir cəhətinə görə onlardan fərqlənmir. Amma bu, çox mənasız bir söhbət olardı. Belə mənasız söhbətləri edib özünü buna zorən inandırmaq nəyə lazımdır? Konstantinopol bizim olmalıdır: bizlər - ruslar tərəfindən fəth edilib türklərdən alınmalı və əbədi - bizimki olaraq qalmalıdır"

Digər tərəfdən Dostoyevski hesab edirdi ki, bəşəriyyət fani dünyanın nemətlərinə şirnikib "İsa Məsihi satdığı üçün" katolik kilsəsindən üz döndərib və bu, Avropada materializm və ateizmin geniş yayılmasına yol açıb.

Yazıçıya görə, Avropanın təməlində dayanan xristianlıq zəiflədiyi üçün sosializm təbii təzahür kimi meydana çıxaraq onun yerini tutmağa başlayıb. O sosializm ki bəşəriyyətin problemlərini İsa Məsihin qoyduğu yolla çözmək istəmir, həll yolunu Allah və İsa Məsihdən kənarda axtarır.

Buna görə də Dostoyevski hesab edir ki, gələcəkdə sosializmi yalnız pravoslavlıq durdura və Avropanı yenidən dirçəldə bilər. Çünki yazıçının fikrincə, özünü gözdən salmış katolik kilsəsindən fərqli olaraq pravoslavlıq öz paklığını qoruyub saxlaya, İsa Məsihin qoyduğu yola sadiq qala bilib.
Türkiyə - Qalata körpüsü, 1975
Türkiyə - Qalata körpüsü, 1975
XS
SM
MD
LG