Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:45

Azərbaycanda ədalət kişilərin əlindədir


Azərbaycan hakimi Xanlar Hacıyev hazırda Avropa İnsan haqları məhkəməsinin hakimlərindən biridir
Azərbaycan hakimi Xanlar Hacıyev hazırda Avropa İnsan haqları məhkəməsinin hakimlərindən biridir
Britaniyada çıxan «The Independent» qəzeti yazır ki, ötən il «Eurovision» mahnı müsabiqəsindəki qalibliyindən sonra Azərbaycanın daha bir liderliyi müəyyən edilib.
Bu ölkə ədliyyə sistemində kişilərin hegemonluğuna görə Avropa məkanında liderlik edir.

«The Independent» yazır ki, Azərbaycan qadın hakimlərin say azlığına görə Britaniyadan sonra gələn yeganə keçmiş sovet respublikasıdır.

«The Guardian» qəzeti isə bu nisbəti qəbul etsə də, Ermənistanı Britaniya və Azərbaycanın arasında yerləşdirib.

Hər iki qəzet bu məlumatı Avropa Şurasının bu yaxınlarda açıqladığı hesabatından götürdüklərini bildirib.

Avropa Şurası 45 Avropa ölkəsinin ədliyyə nazirliklərinə sorğu göndərib. Nəticədə bəlli olub ki, İngiltərə və Uelsdə hakimlərin yalnız 23 faizi qadınlardır. Şotlandiyada bu rəqəm 21 faiz təşkil edib. Ermənistanda da bu rəqəmin 23 faiz olduğu söylənir. Azərbaycan hakimlərinin yalnız 9 faizinin qadın olması ilə sonuncu yerdədir.

ƏDLİYYƏ SİSTEMİNƏ AYRILAN PULLAR

Ali Məhkəmə
Ali Məhkəmə
«The Guardian» yazır ki, məsələn Sloveniyada nisbət tamamilə fərqlidir. Burada hakimlərin 78 faizi qadınlardır.

Mən, Avropa Şurasının 444 səhifəlik hesabatına nəzər saldım və aşağıdakılar bir qədər maraqlı göründü.

Məsələn, hesabatda qeyd olunur ki, Azərbaycan sürətlə inkişaf etməkdə olan bir iqtisadiyyat kimi ədliyyə sisteminin büdcəsini artırmaqda və genişmiqyaslı islahatları həyata keçirməkdə xüsusi olaraq seçilir.

Hesabata görə, Azərbaycan, Türkiyə və Kiprdə ədliyyə sisteminə ayrılan pullar 2010-cu ilin göstəricilərinə görə 50 faiz artmışdır.

Müqayisə üçün deyək ki, məsələn, Avstriyada bu cür artım 5 faizdən az olmuşdur.

HAKİMLƏRİN MAAŞI BİR O QƏDƏR DƏ ÇOX DEYİL...

Hesabatın «maaşlar» bölümündən bəlli olur ki, ədliyyə sisteminə ayrılan pulların çoxluğuna baxmayaraq Azərbaycan hakimləri və prokurorları Avropadakı əksər həmkarlarından az maaş alırlar.

Bu mənada Azərbaycan keçmiş Sovet məkanında yalnız Ukrayna və Moldovanı geridə qoya bilib.

Lakin bir daha hakimlərin cinsi tərkibi məsələsinə qayıdaq. Əslində bu məsələ nə dərəcədə prinsipialdır?

Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi barədə istər beynəlxalq qurumlar, istərsə də insan haqları qrupları çox deyiblər və çox da yazıblar.

Amma, məncəi, nə Britaniyada, nə də Azərbaycanda çıxarılan məhkəmə hökmlərinin ədalətli-ədalətsiz olması, hakimin qadın və ya kişi olmasından asılı deyil. Hər halda, indiyədək heç kimi iddia etməyib ki, ədaləti qadınlara həvalə etsən, məhkəmə sisteminin işi köklü şəkildə dəyişə bilər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG