Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:34

Prezidentə məktub yazanı polisdə saxladılar


İlham Əliyev Yevlaxda
İlham Əliyev Yevlaxda
-
«Prezidentə məktub yazmaq cinayətdir». Bunu Yevlax rayon sakini Allahverdi Sultanov bildirir. O deyir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2008-ci ildən –yəni hərbi xidmətdən qayıdandan sonra prezidentin rəsmi saytına dəfələrlə məktub yazıb 100 manat maaşı olan bir iş istəyib. Məktubunda da qeyd edib ki, ölkədə yüz minlərlə iş yeri açıldığı barədə bəyanatlar verilir. O da həmin iş yerlərindən birində çalışmaq istəyir. Amma əvəzində oktyabrın 7-də prezident Yevlaxa gələndə, onu atası Bəhram Rüstəmov və qardaşı Nicat Rüstəmovla birlikdə polis şöbəsində saxlayıblar ki, gözə görünməsinlər:

«Prezident avtovağzalın açılışına gələcəkdi. Atamın işlətdiyi kafe də avtovağzalla üzbəüz yerləşir. Atam, mən, qardaşım kafenin qarşısında dayanmışdıq. Polis gəldi, hamıya oranı tərk etməyi tapşırdı. Bizi də maşına oturdub şöbəyə apardı. Dedilər siz prezidentə məktub yazıb iş istəmisiniz. Ona görə də, prezident gedənədək burada qalmalısınız. Orda bizdən başqa bir nəfər də var idi prezidentə müraciət edən. Sonra xəbər gəldi ki, Daxili İşlər naziri Ramil Usubov gəlir şöbəyə baxış keçirməyə. Bizi bir otağa salıb ağzımızı bağladılar. Hətta orda «KPZ»dəki dustaqları belə gizlətmişdilər. Nazir gedəndən sonra qapını açıb bizi dəhlizə çıxartdılar. Ac-susuz gözlətdilər. Təxminən üç saat sonra isə dedilər ki, «prezident getdi, siz də gedə bilərsiniz». Soruşdum «bizi niyə saxladınız bu qədər vaxtı burada?». Bildirdilər ki, prezidentə məktub yazdığına görə».

Allahverdi Sultanov deyir ki, polisdə saxlanmağı onu mübarizəsindən çəkindirməyəcək. İş üçün yenə də müraciət edəcək, hətta başqa orqanlara da yazacaq. Ancaq o, düşünür ki, dövlət başçısına yazdığı məktublar Prezident Administrasiyasından rayon icra hakimiyyətinə göndərilir. İcra hakimiyyətindən isə onunla maraqlanan yoxdur. Bir sözlə, onu çağırıb bir iş vermək əvəzinə polisi çağırıb belə tapşırıq verirlər.

POLİS DEYİR MÜMKÜN OLAN İŞ DEYİL

Yevlax rayon polis şöbəsinin özünü Əvəz Kərimov kimi təqdim edən əməkdaşı AzadlıqRadiosuna deyilənləri təkzib edib. Deyib ki, prezidentin rayona gəlişi ilə əlaqədar polis heç kimi saxlayıb şöbəyə gətirməyib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə belə bir halı imkansız sayır. Deyir, indiyədək yerli rayon şöbələrinin fəaliyyətində nəinki belə hallar, heç belə cəhdlər də qeydə alınmayıb:

«Əksinə, cənab prezident rayonlara səfərə çıxarkən, onun sakinlərlə görüşü mütəşəkkil qaydada təşkil olunur. Polisin hansısa vətəndaşı cənab prezidentlə görüşdən məhrum etməsi mümkün olan hal deyil. Buna nə kimsənin haqqı, nə də cəsarəti çatar. Bütün sakinlər-istəyənlər cənab prezidentlə görüşə gəlir. Bu görüşlərin də təhlükəsizliyi polis, hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə təmin edilir».

İCRA HAKİMİYYƏTİNİN TABELİYİNDƏ OLAN İDARƏLƏR

Yevlax rayon icra başçısının birinci müavini Qənimət Qaraşov deyir ki, Allahverdi Sultanov rayon prokurorluğunda işləmək istəyir. Ora isə vətəndaşları işə icra hakimiyyəti götürmür. Prokurorluq orqanlarında işə girmək istəyən qəbul qaydasına əsasən gedib imtahan verməlidir.

Allahverdi Sultanovun prezidentlə görüşünə süni əngəllər törədilməsinə gəlincə, Qənimət Qaraşov bunu «şantaj» adlandırır:

«Dövlət qulluğuna boş yerlərə müsabiqələr elan olunur. Digər kateqoriya işlər üçün də məşğulluq mərkəzləri var. Ora müraciət edirlər. Bizim birbaşa tabeliyimizdə olan yaşıllaşdırma-işıqlandırma müəssisəsi, kommunal təsərrüfat istehsalat birliyidir. Biz müraciət edənlərin bu yerlərə işə götürülməsinə dair tapşırıq verə bilirik. Boş yerlər də var. Qane edənlər gedib işləyir, istəməyənlər getmir. O ki, qaldı dövlət başçısı gələndə onun görüşünə icazə verilməməsinə, bunu yalan deyir. Axı o nə pis iş görür ki, qarşısı alınsın. Sadəcə istədiyi işə girə bilmədiyi üçün şantaj edir. Amma onun prokurorluqda işə girməsi bizim səlahiyyətimizdə olan məsələ deyil».

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli
Qənimət Qaraşov deyir ki, rayonda dövlət qulluğuna da boş yerlər var. Amma heç kim o yerlərdə işləmək üçün gedib imtahan vermək istəmir. Hamı istəyir ki, kimsə tapşırsın, gəlib orada işləsin. Amma bu, mümkün deyil. Dövlət qulluğuna qəbul qaydaları buna imkan vermir.

Prezidentin saytına məktub yazdığı üçün başı ağrıdığını bildirən təkcə Allahverdi Sultanov deyil. AzadlıqRadiosuna bu vaxtadək belə müraciətlər Naxçıvandan da olub.

PREZİDENTİN RƏSMİ SAYTI NƏ ÜÇÜNDÜR?

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli isə hesab edir ki, prezidentə müraciət etdiyinə görə vətəndaşın polis şöbəsinə aparılıb heç bir qanuni əsas olmadan orada saxlanılması ciddi qanun pozuntusudur.

«Məqsəd rayonda vəziyyətin yaxşı olduğunu göstərməkdir. Düşünmürəm ki, bu, rayon icra hakimiyyətinin təşəbbüsü ilə edilir. Bu, yuxarıdan verilən göstərişdir ki, prezident rayona gələndə, ancaq müsbət məsələlərdən danışılmalı və yaxşı şeylər göstərilməlidir. Məlumdur ki, prezidentin bölgələrə səfərləri televiziya vasitəsilə yayımlanır. Sadəcə süni effekt yaratmaq məqsədi güdülür ki, ölkədə hər şey gözəldir və hətta hansısa rayonda ona şikayət edən vətəndaş da tapılmır. Yəni, bunlar hamısı gözdən pərdə asmaq üçün atılan addımlardır. Buna görə vətəndaşın həbsi isə kobud və biabırçı qanun pozuntusudur».

Ənnağı Hacıbəyli deyir ki, əslində belə vəziyyətin yaranması bir neçə amillə bağlıdır. Hakimiyyət ölkədə yüz minlərlə iş yerinin açıldığı barədə həqiqətəuyğun olmayan məlumatlar yayır. Vətəndaş isə gerçəkliyi əks etdirməyən bu məlumata inanıb təbii olaraq iş istəyir. Digər tərəfdən, hüquqşünasın fikrincə, tez-tez müşahidə olunan bu və digər hallar onu göstərir ki, əslində prezidentin rəsmi saytı dövlət başçısına şikayət edə biləcək adamları nəzarətdə saxlamaq funksiyasını yerinə yetirir. Yəni, sayt Prezident Administrasiyasında çalışanlara imkan verir ki, harada kimin dövlət başçısına müraciət edəcəyini əvvəlcədən bilsinlər. Həmin bölgələrə səfərlər olanda da, belə şikayətçilər barədə qabaqcadan tədbir görülür. Ənnağı Hacıbəyliyə görə, prezidentin səfəri öncəsi kimlərinsə saxlanılaraq şöbəyə aparılması yerli icra hakimiyyəti orqanı səviyyəsində atılan addım deyil. Bu tapşırıq onlara Bakıdan verilir.
XS
SM
MD
LG