Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:44

Britaniyalı alim Nobel mükafatını yarım əsr gözləməli olub


John B. Gurdon (sol) və Shinya Yamanaka
John B. Gurdon (sol) və Shinya Yamanaka
Sir John Gurdon 2012-ci il üçün Fiziologiya və Tibb üzrə Nobel mükafatına Kioto Universitetinin professoru Shinya Yamanaka ilə şərikli layiq görülüb.

Britaniya mətbuatında yazılanlara görə, məktəb illərində ona verilmiş xasiyyətnamədə deyilirdi ki, John-un elm sahəsində heç bir perspektivi və istedadı yoxdur.

Sinif rəhbəri yazırdı: «Mən bilirəm ki, o, alim olmaq istəyir. Bu, axmaqlıqdır. Bu, həm onun özü üçün, həm də ona dərs deyənlər üçün vaxt itkisindən başqa bir şey deyildir...».

O, müəlliminin həmin hesabatını çərçivəyə salıb və onu indiyədək iş masasının üstündə saxlayır.

Səbəbini soruşanda deyir: «Təcrübələrim nəticə verməsəydi, heç olmasa təsəlli tapacaqdım ki, bu barədə sinif rəhbərim mənə vaxtında xəbərdarlıq etmişdi».

Kembric Universitetində çalışan 79 yaşlı Sir John Gurdon xatırlayır ki, onun klonlaşdırma sahəsində ilk məqaləsi 1958-ci ildə dərc olunanda, bu, elmin praktik əhəmiyyəti olmayan cəfəng bir sahəsi idi.

John Gurdon-un Nobel mükafatının «şəriki» yaponiyalı professor Yamanaka elə məhz 1958-ci ildə doğulub.

O, 2006-cı ildə isbat edib ki, dəri hüceyrələrindən bədənin bütün «ixtisaslaşmış» hüceyrələrini yaratmaq mümkündür.

Bu isə, sadə dillə o deməkdir ki, pasientin dəri hüceyrəsindən onun beynini, gözünü, böyrək və ya ürəyini «təmir» etmək üçün lazımı hüceyrələri inkişaf etdirmək mümkündür.

ÇÖMÇƏQUYRUQ YARADAN ALİM

1958-ci ildə Oksford Universitetinin məzunu John Gurdon qurbağalar üzərində təcrübə aparanda, dünyanın aparıcı alimləri qəti əmin idilər ki, «ixtisaslaşmış» hüceyrələrin ixtisasını dəyişmək mümkün deyildir. Başqa sözlə, ürək hüceyrəsindən böyrək hüceyrəsini inkişaf etdirmək elmi baxımdan imkansız bir iş sayılırdı.

John Gurdon məhz bu yanaşmanın yanlış olduğunu isbat etdi.

O, 1962-ci ildə sübut etdi ki, qurbağanın bağırsağından götürülmüş hüceyrənin nüvəsini mayalanmamış qurbağa yumurtasına köçürdükdə, bu yumurta özünü normal qaydada mayalanmış yumurta kimi aparır.

Üstəlik bu yumurtalardan normal çömçəquyruqlar, onlardan isə qurbağalar yetişir.
İlk baxışda sadə görünən bu eksperimentin insanların zədələnmiş orqanlarının bərpası üçün istifadə edilə biləcəyinin başa düşülməsi üçünsə, nə az, nə çox, 50 il lazım gəlib.

Nəhayət, 1996-cı ildə Edinburq Universitetindən Sir Ian Wilmut John Gurdon-un nəzəriyyəsindən faydalanaraq məməli hüceyrəsindən bütöv bir heyvanı – tarixə «Dolly» kimi düşmüş quzunu klonlayıb.

Arxiv foto: həkimlər klonlaşdırılımış quzunu müayinə edir
Arxiv foto: həkimlər klonlaşdırılımış quzunu müayinə edir
Lakin burası da var ki, klonlaşdırma üçün mayalanmamış yumurta hüceyrələrinə ehtiyac vardır və söhbət insan hüceyrələrindən gedəndə, bir çox tənqidçilər bunun etik baxımdan yolverilməz olduğunu söyləyirlər.

BBC müxbiri John Gurdon-a Nobel mükafatının ona bu qədər gec nəsib olmasından kədərlənib-kədərlənmədiyini soruşanda alim, «əksinə, şükür edirəm ki, hələ sağam», deyib.

PROFESSOR GURDON «ŞÜKÜR» ETMƏKDƏ DƏ MÜDRİKDİR

«The Guardian» yazır ki, ötən il Nobel Assambleyası tibb üzrə mükafata Rockfeller Universitetindən Ralph Steinman-in layiq görüldüyü barədə qərar qəbul etmişdi.
Stokholm qalibi təbrik etmək üçün zəng edəndə, məlum olmuşdu ki, Ralph Steinman 8 gün əvvəl vəfat edib.

Nobel mükafatının nizamnaməsinə görə, onu «ölümündən sonra» qaydasında vermək olmaz.

Bir bloggerin təbirincə desək, onda ədəbiyyat üzrə Nobel mükafatı Lev Tolstoya verilə bilərdi.

DONALD CRAM-IN YERİ NECƏ SƏHV DÜŞDÜ

1987-ci ildə İsveç Kral Elmlər Akademiyasının Amerika ilə vaxt fərqinə fikir verməyən əməkdaşları Kaliforniyada xalça təmizləyən Donald Cram-ı yuxudan oyadıblar.

Nobel medalı
Nobel medalı
Donald Cram ona Nobel mükafatı verildiyi barədə xəbəri eşidəndə, dərhal başa düşüb ki, zəng edənlər nömrəni səhv salıblar.

Doğrudan da bir qədər sonra Stokholmdam edilən zəng sahibini tapıb. Bu, kaliforniyalı xalça təmizləyənin adaşı, Los Ancelesdəki Kaliforniya Universitetində molekulyar dizaynla məşğul olan Donald Cram imiş.

DÖRDÜNCÜ ARTIQDIR

Nobel mükafatı nizamnaməsinin başqa bir qaydası da var. Bu mükafat hər hansı sahə üzrə eyni vaxtda yalnız üç nəfərə verilə bilər.

2008-ci ildə üç alim kimya üzrə flüoresent proteinin araşdırılmasına görə mükafata layiq görülmüşdü.

Halbuki, bu nəzəriyyənin bünövrəsini qoyan Douglas Prasher kənarda qalmışdı.

Mükafatı alanların kef etdikləri bir vaxtda, Prasher ailəsini dolandırmaq üçün şəhərlərarası avtobus sürücülüyü edirdi.
XS
SM
MD
LG