Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:42

İlham Əliyev: «İslam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir»


İlham Əliyev
İlham Əliyev
-

SAMMİT BAŞA ÇATDI

Oktyabrın 16-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII Zirvə Toplantısı başa çatıb.

Sammitin yekunu ilə bağlı Bakı Bəyannaməsi qəbul olunub.

Sammitin bağlanış mərasimində çıxış edən prezident İlham Əliyev ECO-nun inkişaf edəcəyinə ümid etdiyini deyib: «Bizim təşkilatımız iqtisadi məsələlərə baxsa da, bu gün iqtisadi məsələləri geostrateji məsələlərdən ayırmaq olmaz. Bizim ümumi səylərimiz ümumi uğurlara gətirəcək. Güclü iqtisadiyyat olmadan biz müstəqil ola bilməyəcəyik».

Prezident bildirib ki, Azərbaycan sədr olaraq növbəti illərdə təşkilatın inkişafına öz töhfəsini verəcək.

İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti toplantısı gələn il Pakistanda keçiriləcək.

İLHAM ƏLİYEV TOPLANTIDA ÇIXIŞ EDİB

«Bəzi ölkələrdə islamafobiya meyllərinin güclənməsi, İslam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir».

Bunu Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısındakı açılış nitqində bildirib.

Prezident İlham Əliyev Azərbaycanın ECO-nun fəaliyyətinin genişləndirilməsi üçün əlindən gələni edəcəyini bildirib: «Bu zirvə görüşü çox əlamətdar tarix ərəfəsində baş verir. 1992-ci ilin noyabrında ECO-ya 7 yeni üzv daxil olub ki, onlardan biri də Azərbaycan idi. Azərbaycan öz fəaliyyətində ECO-ya daim böyük önəm verib. Bizi həm ortaq tarix, həm də siyasi və iqtisadi maraqlar birləşdirir. Hesab edirəm ki, təşkilatımızın bu tarixi irs üzərində formalaşması böyük ənənədir. Biz çalışırıq ki islam mədəniyyətinin təbliği istiqamətində fəaliyyətimizi gücləndirək. 2018-ci ildə Azərbaycanın Naxçıvan şəhəri islam mədəniyyəti paytaxtı olacaq».

Prezident ötən il Azərbaycanın ECO-ya üzv dövlətlərin də dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini xatırladıb. Dövlət başçısı çıxışında Azərbaycandakı iqtisadi və sosial inkişafdan da danışıb: «Azərbaycan ECO Bankın səhmdarıdır və üzv ölkələrdə həyata keçirilən vacib layihələrdə həm bank vasitəsi ilə, həm də investor kimi iştirak etmək niyyətindədir. Biz yeni bazarlara çıxmaq üçün araşdırma işləri aparırıq. İnvestisiya yatırmaq üçün özümüzə dost-qardaş bildiyimiz ölkələrə üz tuturuq».

BAKIDA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ZİRVƏ TOLANTISI KEÇİRİLİR

Oktyabrın 16-da Bakıda Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci zirvə toplantısı işinə başlayıb.

Zirvə toplantısında İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.

Tədbirə Azərbaycan prezidenti İlham Əliyev, Pakistan prezidenti Asif Ali Zardari, İran prezidenti Mahmud Ahmadinejad, Əfqanıstan prezidenti Hamid Kərzai, Tacikistan prezidenti Emomali Rahmon, Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan, Özbəkistan parlamentinin sədri İlgozar Sobirov, Qazaxıstan, Qırğızıstan, İordaniyadan yüksək vəzifəli hökumət nümayəndələri qatılıblar.

Tədbirdə İƏT-in keçmiş 11-ci toplantısı adından Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın və Azərbaycan prezidenti Ilham Əliyevin çıxışı , İƏT Xarici İşlər Nazirləri Şurasının sədri Elmar Məmmədyarovun çıxışı, İƏT baş katibinin çıxışı, İƏT-in 2012-ci il Bakı Bəyannaməsinin qəbulu, İƏT mükafatlarının təqdimatı olacaq.

İqtisadi Əməkdaşlıq Təşkilatını 1985-ci ildə İran, Pakistan və Türkiyə yaradıb. İndi Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan da bu qurumun üzvüdür.

İclasda nəqliyyat, kənd təsərrüfatı, energetika və ətraf mühitin mühafizəsi sahəsində regional iqtisadi əlaqələrin inkişafı mövzuları, həmçinin quruma üzv ölkələr arasında inteqrasiyanın dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı bildirilir.

Sammitin yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Bu arada tədbirlər əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
XS
SM
MD
LG