Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:33

Siyavuş Novruzov: «Azərbaycanı poliqona çevirmək istəyirlər»


Siyavuş Novruzov
Siyavuş Novruzov
«Azərbaycanda dini etiqad azadlığı haqqında qanuna Venesiya Komissiyasının rəyi qərəzlidir. Onlar bunu məqsədli edirlər. Azərbaycanı poliqona çevirmək istəyirlər. Hansısa planları var. Bunu həyata keçirmək üçün bu rəyi verirlər. Biz dəfələrlə bunun şahidi olmuşuq».

Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin oktyabrın 16-da keçirilən iclasında deyib.

Siyavuş Novruzov bildirib ki, Azərbaycan dini tolerantlıq baxımından dünyaya nümunə olan bir ölkədir. Onun fikrincə, xüsusilə xarici vətəndaşların Azərbaycanda dini fəaliyyətlə məşğul olması və digər məsələlərlə bağlı qanunun bəndinə Venesiya Komissiyasının iradı daha qərəzlidir.

Avropa Şurası Venesiya Komissiyası oktyabrın 12-13-də keçirilmiş iclasında Azərbaycanın «Dini etiqad azadlığı haqqında» qanununa rəy verib. Rəydə bildirilib ki, 2011-ci ildə dəyişikliklər edilmiş bu qanun hüquq əsas yaradır, lakin qanunda kifayət qədər məhdudlaşdırıcı müddəalar var. Venesiya Komissiyasının əsas tövsiyələri «Dini etiqad azadlığı» anlayışını genişləndirmək, vətəndaşlığı olmayan və xarici vətəndaşlar tərəfindən dini təbliğat aparılmasına qoyulmuş qadağanı aradan qaldırmaq, dini baxışları səbəbindən hərbi xidmət keçməkdən imtina edən şəxslərə alternativ mülki xidmət keçmək imkanı yaratmaq, dini icmalara daha çox muxtariyyət hüququ tanımaq, dini icmaların dövlət qeydiyyatında alınması sistemində islahatlar aparmaq, dövlət qeydiyyatı üçün lazım olan sənəd və məlumatların dəqiqləşdirilməsi, dini icmanın ləğv edilməsini tənzimləyən qaydalara dəyişikliklər etmək, ləğv olunmaq və digər sanksiyalarla üzləşən dini icmaların apelyasiya vermək hüququnu təmin etmək, qanundan «islami dini ibadət və rituallar yalnız Azərbaycan Respublikasında təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər» maddəsini çıxarmaq, vətəndaşı xarici dövlətə dini təhsil almağa göndərmək üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almaq tələbini ləğv etməkdən ibarətdir.
XS
SM
MD
LG