Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:52

Əvəz Zeynallı: «Gülər Əhmədova gəlməyincə, ifadə verməyəcəm»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Hakim:

- Əvəz Zeynallı, təklif edirəm ki, ifadə verəsiniz

Əvəz Zeynallı:

- Başa düşmədim, möhtərəm hakim. Hələ şahidləri dindirib qurtarmamış nə ifadə?

Hakim:

- Şahidləri gətizdiririk, arada boşluqlar yaranır deyə, təklif edirəm ki, boş vaxtlarda ifadələrinizi verəsiniz.

Əvəz Zeynallı:

- Hanı Gülər Əhmədovanın oğlu Vüqar? Niyə gətizdirə bilmirsiniz?

Hakim:

- Xaricdədir.

Əvəz Zeynallı:

- Necə yəni xaricdədir? Niyə icazə veriblər ona ölkədən çıxmağa? Bu tərəfdən barəsində məcburi gətirilmə tədbiri seçirsiniz, o biri tərəfdən deyirsiniz xaricdədir. Aydın Heydərov haradadır?

Hakim:

- O da məhkəməyə məktub göndərib.

Hakim Ramella Allahverdiyeva Aydın Heydərovun məhkəməyə ünvanladığı məktubu oxuyur. Məktubun məzmunundan bəlli olur ki, Aydın bundan əvvəlki məhkəmə iclaslarından birində əsəbiləşib, səhhətində problemləri yaranıb və məhkəməyə gələ bilmir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiqləyir.

«MƏNİM DƏ ONA 40 SUALIM VAR»

Əvəz Zeynallı:

- 97 yaşında gəlib yalandan üzə dayananda, bilmirdi ki, ürəyi tutacaq, halı pisləşəcək? Ağır cinayətlərdə ürək yoxdur. Burda hər şey dəmirdəndi, daşlaşıb.

Əvəz Zeynallının vəkili Elçin Sadıqov:

- Bizim o şahidə çoxsaylı suallarımız var. Xahiş edirik onun məhkəməyə məcburi gətirilməsi təmin olunsun.

Əvəz Zeynallı:

- Mənim də ona ən azı 40 sualım var. Gülər (Gülər Əhmədova), Tənzilə (Tənzilə Rüstəmxanlı), Aydın (Aydın ) gəlməyincə, şahidlərin dindirilməsi tam başa çatmayınca, mən ifadə vermək fikrində deyiləm.

Oktyabrın 26-da «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesində baş redaktor yenə tələb etdi ki, ibtidai istintaq vaxtı ifadəsi alınmış bütün şahidlər dindirilsin.

Əvəz Zeynallı:

- Mənim indi ifadə verməyimin heç bir əhəmiyyəti yoxdur. Gülər Əhmədovanın məhkəməyə gəlməsi barədə siyasi hakimiyyətin qərarı yoxdur. Onun oğlu da ölkədə deyil. Aydın Heydərov Mehdiabadda bostan sulayır. Sabir Tanrıverdiyev...

Hakim:

- Sabir Tanrıverdiyev ötən prosesdə üç saat yarım dindirilib.

Əvəz Zeynallı:

- Fasilə elan olunmayanadək şahidlər məhkəmə zalını tərk edə bilməzlər. Mənim ona suallarım var. Önəmli bir qəzetin baş redaktorunu şərləyə bilir, məhkəmə iclasına gələ bilmir?

«GÜLƏR ƏHMƏDOVANIN İŞİ İLƏ BU İŞ BİR-BİRİNƏ BAĞLIDIR»

Sonra Əvəz Zeynallı hakimə vəsatətlərini təqdim etdi. Dedi ki, Gülər Əhmədova ilə bağlı açılan cinayət işi ilə bu iş bir-birinə bağlıdır.

Əvəz Zeynallı:

- Gülər Əhmədova hadisəsi klassik hüquq dərsidir. Bu adam iddia edir ki, ondan 10 min manat rüşvət istəmişəm. Onun bu şikayətinə əsasən həbs olunmuşam. Amma o, barəsində rüşvət faktı olduğu halda azadlıqda gəzir. Hədə-qorxu gəlir. Elşad Abdullayev iyulun 11-də şikayət verib. Mənim səsim iyulun 25-də yazılıb. Oktyabrın 19-da qəzetimin tirajı artanda, dedilər Əvəzin qələmini qırın. Mən Ramiz Mehtiyevi, Əli Həsənovu tənqid etmişəm. Gülər Əhmədova isə dələduzdur. Bunlar bir-birinə bağlı cinayət işləridir. Barəmdə şikayət edən şəxs özü dələduzluqda günahlandırılır. Mənə qarşı cinayət işi, 311-ci maddə ləğv olunmalıdır. Gözləyirsiniz ki, Fuad Ələsgərov Sizə zəng edəndən sonra məni ev dustaqlığına buraxasınız?

Əvəz Zeynallı hakimdən məhkəmə protokollarını tələb etdi. Hakim isə dedi ki, protokollarla məhkəmə bitəndən sonra tanış ola bilər.

Əvəz Zeynallı:

- Mənim vəkilimə verilən şahid ifadələri ilə cinayət işi materiallarındakı şahid ifadələri fərqlidir. Müstəntiq Qabil Qasımov bir neçə şahid ifadəsi hazırlayıb. Vəkilimə isə yanlış ifadələri veriblər.

Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirdi:

- Gülər Əhmədovaya qarşı hərəkət dövlətə qarşı hərəkət idi. Gülər Əhmədova ilə bağlı cinayət işində ibtidai istintaqın gələcəyi nəticə hələ məlum deyil. 311-ci maddə ilə təqsirləndirməyinizin səbəbi zərərçəkən şəxs qismində dövlət idi. Bu, Sizin barənizdə cinayət işinə xitam verilməsinə əsas vermir.

Əvəz Zeynallı prokurorun dediklərinə münasibət bildirmək istəsə də, hakim ona söz vermədi və növbəti məhkəmə iclasını oktyabrın 18-ə təyin etdi.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
XS
SM
MD
LG