Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:31

Təranə Vahidqızı "Quş dili" (Seçmə hekayələrdən)


Təranə Vahid
Təranə Vahid
-

Bir gün gəlib onu yaşadığı ərazinin polis bölməsinə apardılar.

Döydülər, söydülər, danışdırdılar, gizli xəfiyyə olduğundan ehtiyat edib, araşdırdılar, kimlərlə dostluq etdiyini, kimə işlədiyini soruşdular...



Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Təranə Vahidqızı


QUŞ DİLİ


Külək Yer üzünə sürgün olmuş yaddaşsız insanlar haqqında qəmli nəğmə oxuyurdu...

...Ona vergi verilmişdi, peyğəmbər olmasa da, dünyanın o üzündə əfsanəyə çevrilmiş Süleyman peyğəmbər kimi dağların-daşların, qurdların-quşların, suların, ağacların, xardal dənəsi boyda canlıların dilini bilirdi.

Amma üçüncü sivilizasiyanın bu qatma-qarışıq çağında, Yerin naşı kimyagərlər tərəfindən təcrübə meydanına çevrilib pıqqapıqla qaynadığı bir vaxtda Süleymanabənzər kimi birinin gəlişinə kim inanacaqdı?

Lap elə inansa da, göy üzünün deşildiyi, torpağın zəhərləndiyi, bitkilərin xəstələndiyi, adamların azğınlaşıb mənəviyyatsızlıq taununa yoluxduğu bir vaxtda onların ruhunu necə xilas edəcəkdi?

Ağlı üstündə olan bu yükü çiyninə götürməzdi. Dünənə kimi adicə bir balıqçı idi. Ağlı kəsəndən gözü dənizdə, ayağı suda olmuşdu.

Amma bir sualın cavabını uzun illər tapa bilməmişdi: niyə ömrünü-gününü dənizdə keçirən balıqçının qazanında həmişə xırda balıqlar qaynayır? Vaxt tapıb bu sualı gündən yanmış, dodaqları bir-birinə qapanmış, gülüşü yadırğamış atasına verməyə macal tapmadı. Əli tora yenicə yatanda atasını itirdi. Onun taleyi də bütün bədbəxt balıqçıların taleyi kimi oldu. Səhər evdən çıxdı, bir daha geri qayıtmadı. Sağlığında dediyi kimi, onu dəniz ilahəsi çəkib apardı...

Gözünün yaşı qurumamış bir çətən külfət gözünü taxta yığınının üstündə atılıb qalmış köhnə tora dikdi.

O da toru çiyninə atıb atasının açdığı cığırla dənizə yollandı. Atasından sonra ilk dəfə dənizlə üz-üzə dayananda içindəki hisslər: sevgi, nifrət, qəzəb bir-birinə qarışıb suların üstündə ağ köpük kimi çalxalandı.

Sonra bu köpüklər əriyib yox oldu, suların üstündə günəşin şüaları rəqs etdi, dalğalar çılpaq ayaqlarını yaladı, o suların üstü ilə yeriyib dənizin qurtaracağından boylanan günəşi tutmaq istədi.

Sonra uşaq vərdişlərindən əl çəkib qumun üstünə atdığı toru götürüb qonşularının köhnə qayığına atıb o gün ilk dəfə tək-tənha dənizə çıxdı. Dəniz bu dəfə həmişəkindən daha səxavətli oldu.

Axşam evə bir şələ balıqla qayıtdı. Anası qapının ağzında heyranlıqla oğluna baxdı. O da eynən atası kimi “qismətli gün idi” – dedi. Sonra balıqları anasının gətirdiyi ləyənə boşaltdı. Balıqlar rəng verib rəng aldı. Atasından fərqli olaraq təknədəki ən iri balığı seçib anasına uzatdı və qayğıkeşliklə “uşaqlara bişir” – dedi.

Anası özünü itirib əlini önlüyünün arxasında gizlətdi.

Anasının hərəkəti onu təəccübləndirəndə anası həlim səslə:

- Onun müştərisi var. Bayaq gəlmişdi, pulu da bax ora qoyub, sürahinin üstünə - dedi.
Həmin axşam bütün balıqlar satıldı. Təknənin dibində iki-üç xırda-para, yöndəmsiz balıq qalanda, illər boyu ona rahatlıq verməyən qəliz sualın sadə cavabını tapıb xeyli kədərləndi. Sonrakı günlər, sonrakı illər də belə oldu. Qazanları xırda balıqlarla dolub boşaldı.

Zaman su kimi axıb getdikcə vaxt onu həmyaşıdlarından, məhəllələrindəki dostlarından, elə vaxtın özündən də uzaqlaşdırdı.

Özü də bilmədən başqa bir dünyanın sakininə çevrildi. Çox vaxt gecələr də evə gəlmirdi, sahildə yatıb qalırdı. Belə gecələrdə anası səhərəcən çimir eləmirdi. Səhər uzana-uzana gələndə, anasının solğun çöhrəsi uzun müddət gözünün qabağından getmirdi.

Hər dəfə də özünə söz verirdi ki, bir də anasını incitməyəcək. Sadəcə, söz verirdi...
Bir dəfə yenə sahildə yatıb qalmışdı.

O gecə uzun bir gecə idi. Elə bil vaxt hardasa ləngiyib yolda qalmışdı. Gecə yarıdan sonra heç yata bilmədi, ayın dənizdə üzdüyünü görüb o da suya girdi.

Birdən-birə ulduzlar da dənizə töküldü. O, həyatında heç vaxt görmədiyi gözəlliklə üz-üzə dayandı. Bu gözəllik qəlbinin gözünü açdı, ruhunu yuyub işıqlandırdı. Bu gözəllikdən ayrılıb sahilə başqa bir insan kimi çıxdı və ömrünün ən gözəl yuxusunu gördü...

Səhər ayılanda nə ay vardı, nə də ulduzlar, nə müqəddəslər. Hamısı çıxıb getmişdi. Qulağına xışıltılı bir səs dəydi. Başını qaldırıb ətrafa boylandı. Sahil bomboş idi. Başını yenidən qumların üstünə qoydu. Bu dəfə xışıltılı, yapışqanlı səsi aydın eşitdi.

Dikəlib yerində oturdu. Ətrafına göz gəzdirdi. Qumun üstündə xırda ağ ilbizdən başqa gözünə heç nə dəymədi. Xırda ağ ilbiz başını çanağından çıxarıb oğrun-oğrun ona baxdı. O da özündən asılı olmayaraq salam verdi.

Xırda ağ ilbiz utanıb başını çanağında gizlətsə də, yapışqanlı səslə onun salamını alıb pıçıldadı:

- Axır ki, dil bilən bəndə ilə rastlaşdım.

Az qala havalanacaqdı. Qumun üstündə dalı-dalı geri çəkildi.

Xırda ağ ilbiz başını irəli uzadıb mehribanlıqla güldü:

- Qorxma, sənə yaxşı xəbərim var. İndi sən bütün canlıların - dağların, daşların, quşların dilini bilirsən.

Dili dolaşa-dolaşa:

- Bircə bu qalmışdı! – dedi.

Xırda ağ ilbiz yapışqanlı ağzını marçıldada-marçıldada dedi:

- Biz canlılar həmişə danışmışıq. İnanmırsan? İstəyirsən sənə bir əhvalat danışım. Cavab gözləmədən danışmağa başladı:

- Hələ Süleyman dövründə bir qarışqa əllərini göyə qaldırıb dua edərək deyirmiş: "Ey mənim Allahım! Biz də sənin məxluqunuq və sənə möhtacıq. Bizi Adəm övladlarının günahlarına görə həlak eləmə!"

Xırda ağ ilbiz bu əhvalatı danışıb qəmləndi.

O, xırda ağ ilbizə necə təsəlli verəcəyini bilmədi. Elə bil içinə haradansa gur bir işıq doldu. Ətrafındakı qumların necə hərəkət etdiyini, başının üstündəki günəşin neçə gülümsədiyini, dənizin özünə neçə layla çaldığını eşidib mat qaldı. Ətrafında nə vardısa hərəkət edirdi, tərpənirdi, danışırdı. Qumları sığallayanda qum dənələrinin necə qıdıqlandığını, uğunub getdiklərini öz gözləri ilə gördü. Sahildəki daşlara tərəf qaçdı.

Ləpələrin çırpıldığı qayalar sevincdən çırpınırdı. Geri döndü, o qorxulu bu aləmdən uzaqlaşmaq üçün toru qayığa atıb dənizə çıxdı. Sular danışırdı. O, özünü itirmişdi, bilmirdi dəli olub, ya yox. Qolundakı saata baxdı, doqquzu göstərirdi. Dəli olsaydı vaxtı itirərdi. Bir az sakitləşdi.

Qayıq sahildən xeyli aralanmışdı. Toru ədəb-ərkanla suya atdı. Belə anlar balıqçının qızıl vaxtıdır. Toru suya atırsan, ürəyin çırpına-çırpına gözləyirsən, amma oradan nə çıxacağını bilmirsən. Bu xoşbəxt anın xətrinə əsil balıqçı ölümə də gedər. Ürəyinin döyüntüsü dənizin çırpıntısına qarışmışdı. Tor dartıldı, qayıq güclü təkandan az qala çevriləcəkdi. O, var qüvvəsi ilə qayığı nizamlayıb çevrilməyə qoymadı. Ancaq özünə gəlməmiş eşitdiyi səsdən tükləri biz-biz oldu:

- Olmaz, dedim ki, məni tutmaq olmaz!

Toru çəkdi, 4-5 yaşlı nərə balığı çırpınıb qışqırdı.

O, özünü tamam itirmişdi. Kəkələyə-kəkələyə:

- Sən nə deyirsən? – dedi.

- Deyirəm məni tutmaq olmaz, mən çox balacayam, yeməli deyiləm. Çömçəquyruq kimi bir şeyəm. Heç mənim 10 yaşım da yoxdur. Sevginin nə olduğunu bilmirəm, düz 11 ildən sonra kürü tökəcəyəm. Məni apara bilməzsən, sata bilməzsən. Anamı kürüyə görə öldürdünüz, atamı aldadıb tora saldınız. İndi də mənim axırıma çıxırsınız.

Arıq-şüllət nərə balası qəzəbindən əsir, çətinliklə nəfəs alırdı. O özünü itirmişdi. Bu dar macalda yadına qocalıb əldən düşmüş ədəbiyyat müəllimləri düşdü. Düzdü, məktəbdə pis oxuyurdu, amma atası balıqçı olduğundan qara, buruq saçlı şairin balıq haqqındakı nağılı yaman xoşuna gəlmişdi. İnanmışdı ki, gec-tez atasının da toruna danışan balıq düşəcək. Amma çox gözləmişdi, çox... Sonralar əmin olmuşdu ki, atası ancaq adi balıqları tuta bilir, onun toruna heç vaxt sehrli balıq düşməyəcək. İndi çoxdan gözlədiyi möcüzə baş vermişdi. Toruna sehrli balıq düşmüşdü. Neyləsin, balıqla şərt kəssin?

Balıq havasızlıqdan partlayırdı. Heç fikirləşmədən balığı tordan çıxarıb suya atdı. Suyun şappıltısı sakitliklə yanaşı onun qorxusunu-ürküsünü, vahiməsini qovub uzaqlaşdırdı. Avarları var gücü ilə çəkib, sahilə tələsdi...

O gündən sonra bir müddət dənizə çıxmadı. Anası nə duydusa ondan dənizə niyə getmədiyini soruşmadı. Bir müddət sonra qəsəbəyə xəbər yayıldı ki, balıqçı Yunusun oğluna vergi verilib. Həyətdə-bacada it-pişiklə, qurd-quşla, kol-kosla danışır.

Qəsəbənin dəllək arvadlarından bir neçəsi min bir bəhanə ilə onlara ayaq açıb məsələnin nə yerdə olduğunu öyrənməyə çalışsa da, quş dili bilən adamın adam dilini bilmədiyini görüb kor-peşman geri qayıtdılar. Anası oğlundan əlini üzüb bağ-bostanın hayına qaldı, özündən kiçik qardaşı dükanda işə düzəldi, illər boyu bu qapıya balıq almağa gələnlər daha bu tərəflərə ayaq basmadı. O, hamının dilini bilsə də, heç kim onun dilini tapmadı.

Heç camaatın ağzını yummaq da mümkün olmadı. Bir gün gəlib onu yaşadığı ərazinin polis bölməsinə apardılar. Döydülər, söydülər, danışdırdılar, gizli xəfiyyə olduğundan ehtiyat edib, araşdırdılar, kimlərlə dostluq etdiyini, kimə işlədiyini soruşdular. Balıq kimi susmağı ona baha başa gəldi.

Günlərin birində onun bölmədən çıxarıb tanımadığı bir yerə apardılar. Siçana oxşar bir kişi onu xeyli sorğu-suala tutdu. Qurd-quş dili bilib-bilmədiyini soruşdu. Ağzı köpüklənə-köpüklənə dedi ki, əgər belə bir istedadı varsa, gizlətməsin, fərasətini ortaya qoyub bolluca pul qazansın, ev-eşik, var-dövlət sahibi olsun, bir sözlə, adam olub adamlara qoşulsun.

Siçana oxşar kişi gələcək planını da gizlətmədi. Dedi ki, qara kürü bazarda qan qiymətindədir, balıqları tovlayıb tora salsın, sonrası onluqdur. Ancaq gəmirici insanın iştahası bununla bitmədi. İlan zəhərinin qızıl qiymətinə olduğunu dedi. Bir az da fikirləşib itiyini tapan adam kimi sevindi.

Əlini başına döyə-döyə dedi ki, çox səfeh adamdır, heç ağlına gəlməyib ki, xəzinənin yerini ilandan başqa heç kim dəqiq bilmir. İlanlardan xəzinələrin yerini soruşsun, əziyyət-filan çəkmədən şərikinə milyonlara sahib olsunlar.

O, bir həftə bu zəhlətökən adamın sayaqlamalarına qulaq asandan sonra çox çətinliklə hamını inandırdı ki, nəinki quş dilini, heç öz dilini də düz-əməlli bilmir.

Məsələ bu yerə çatanda gəmirici adamın axırıncı sözləri belə oldu:

- Bu zibili burdan aparın, mənim üçün peyğəmbər olub.

Amma adamlar ondan belə asanlıqla əl çəkmədilər. “Dəlidirsə, dəlixanada otursun” - dedilər.

Anası, bacısı, qardaşı yollarda qaldı. Sonra gələnlərin sayı azaldı, bircə anası onu unutmadı. Üç ili də beləcə keçdi. Bu dinməz-söyləməz adama burda da yer tapılmadı, bir səhər pal-paltarını qoltuğuna verib “day sən ağıllanmısan ” - deyib qapını göstərdilər. Qapıdan çıxanda dəlixananın pişiyi onu yola saldı. Darıxdırıcı olmasın deyə yola nərdivan da saldı.

Dedi ki, anam məni burda doğub, dəlixananın həyətində. Dəlilər məni çox istədiklərindən boğub öldürər qorxusu ilə böyümüşəm. Təcili yardım maşını anamı vuranda, son vəsiyyəti belə oldu: “ Heç yana getmə ha, sən burda doğulmuşsan, qanunla da burda yaşamalısan!” Mən də gic-gic qanunlara tabe oldum... tüpürüm qanunlara, anamın vəsiyyəti olmasaydı, çoxdan gedərdim bu xarabadan. Nə çoxdur başqa yerlər, restoranlar, kafelər... Bir də burdakılara yazığım gəlir. Siçovullar yaman quduzlaşıb. Nə tələ işə yarayır, nə dərman. Mən olmasam bu piylənmiş siçovullar zavallı dəliləri basıb yeyər.

Pişik bu sözləri deyib dayandı. Altdan yuxarı ona baxdı, gözləri doldu.

- Yaxşı, get, sənin üçün darıxacağam. Bir də heç kimə nəyi bilib bilmədiyini demə. Bilirsən də, çox bilən adamın başını o söz...

Pişik, sağ ayağını boğazına çəkib sözünü tamamladı. Hər ikisi ləzzətlə güldü. Ayrıldılar...

O, qurdun, quşun, otun, suyun dilini bilirdi. Qabağına çıxan əncir ağacı, zeytun budağı, üzüm tənəyi qan ağlayırdı. Xəstə, yaralı torpaq gözünü qaldırıb üzünə baxa bilmirdi. Yer üzündə adamların günahını yumağa təmiz heç nə qalmamışdı.

O, dəlixanadan birbaşa sahilə gəldi. Dəniz üçün nə qədər darıxdığını indi anladı. Payız olduğundan sahil bomboş idi… O, qumları sığalladı, qumlar üşüyə-üşüyə ona nəğmə oxudu, xırda ağ ilbizin çanağını döyüb halını soruşdu, sonra sahildə büzüşüb yatdı.

Yenə də ulduzlar dənizə töküldü, ay sularda üzdü, sonra bütün işıqlar uçub getdi.
Oyananda Yer üzünə qaranlıq çökmüşdü. Lap yaxında doğma bir uğultu eşitdi. O, səsə tərəf getdi, suya girdi, bütün ruhu dincəldi. Var qüvvəsi ilə dənizin dərinliklərinə tərəf üzməyə başladı.

Sahil arxada qalmışdı, Tanrı Yerdə yaşayanlardan əlini üzmüşdü, adamlar dilini itirmişdi, onlara quş dili bilən gərək deyildi. O, öz xoşbəxtliyini adamlardan uzaqda - dənizin dibində, balıqların, yosunların, balıqqulaqların arasında tapdı...
XS
SM
MD
LG