Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:30

Məqsəd Nur "Tərs kimi" (Hekayə)


-

Məqsəd NUR


TƏRS KİMİ

1.

Bu qadın mənim uzağ əğrabamdı. Qara, boynu-boğazı xəzli paltoda, küləyin qarı minib küçələrdə at oynatdığı sazanaqda alçaqtavanlı evimin dəhlizində dayanıb. Çıxıb getmir. Onun gəlişi ürəyimi çəkib ayağımın altına sərmələyib. Gücüm çata, hər ikisini dəhlizdəcə tapdalayam: onu da, yanına salıb gətirdiyi oğlunu da.

Bu qadının hər gəlişi üzür! Qohum-əğraba barədə gətirdiyi xəbərlər var: mənimçün mənasızdı! Sallaq baxışlarımdan, meyit üzü gətirdiyim sir-sifətimdən bu qadın itilib-getməyini arzuladığımı görmürmü? Onun qəsdi uzaq qohumlardan gətirdiyi bəd xəbərlərnən məni sancmaqdı. Canıma oturasadı. Başdan-ayağa fırıldaq düyünçəsi.

Gətirdiyindən sevinir: paltosunun dərinliyində fındıq boyda gözləri parıldayır... Boğazından tutub mətbəxə tərəf sürüdüyü zənbilə danışır: göstərmək istəyir ki, öz gününə şaddı. Ailəsini (ərini, gijdı ərini...) haralardan sürüb haralara gətirib; güzəranından razıdı, urvatlıdı, onun ağlına, namusuna söz ola bilməz. O göstərmək istəyir ki, bədniyabətlik olmasın, mən bu alçaqtavanlı evdə heç vaxt xoşbəxt ola bilmərəm. Mən də onun belə bilməyini istədim, mənə sərfdi!

Kiminsə yerdən götürülməyi barədə (qocalardan biri götürüb ölüb) təfərrüatı ilə danışdı: yası yola verməyinnən dəm tutur. Mayasından qayçıladığı və boyası qopub-sökülməkdə olan dırnaqlarını ovurdunun üstünə qoyub durur. Ara verir. Oğlu az qala bu qadını dalıyca sürüyüb aparmaqdan özünü gücnən saxlıyasıdı. Mən də əliqoynumda. Lodur olub-qalmışam, soyuq divara sökənəklənib gözlərimi kipriklərimin dalına atıb gizlətmişəm (uzun kipriklərim var).

* * *

Üçkiloluq bankada qatıq da gətirmişdi, özü keçib mətbəxdə yerbəyer elədi, boş banka istədi: divara danışırdı. Mən ikisini verdim, o birini aldı...


2.

Elan qəzetinin “Adam axtarıram” bölməsini hər ikimiz gizlicə izləyirdik. Dəfələrlə, gizli də olsa, bura elan göndərmək, heç olmasa poçtda gizli ünvan qoymağa getmişik - ayrılıqda; mən özümü poçtun pilləkənlərində də görmüşəm, oturmuşam pilləkəndə, əlimi qıçıma, onun arasına çəkmişəm; amma elanları bərkdən, birlikdə oxuyanda hər ikimiz gülmüşük. Adam axtaranlara gülürük.

-Cındalar! (ikimiz də birdən deyirdik)

Hər dəfə (elanları ucadan oxumaq bizdə adət halını alıb) elan sahiblərindən bir neçəsinin səsini duymuşuq, o səsi duyanda heç birimiz gülmərik. Bu barədə çənə-çənəyə verib danışmışıq. Kimlərsə bu xırda şablon elanların içində ağlayıb-sızlayır, içlərini tutub anqırır və bu elanla qəhərlərini havaya atıb canlarını tıncıxmaqdan qurtarırlar. Elələri də var, kef onu dingildədir, onda da biz təzədən gülürük...

Bunların bəziləri deyirsən musiqidi, o musiqidən bizdə də var və biz o səsi bir küncə çəkilib tənhalığa qapılanda, yaxud qulaqlarımıza pleyer qulaqlıqları keçirib qaranlıq otağa çəkiləndə eşidirik...


3.

O qızın bir də gözümə görünməyi mənə lazım deyil. Bilirdim, belə bir şey olmalıydı. Sən demə o, daim qürur duyduğu beretini... (o özünü fransız qadınlarına bənzətmək istəyirdi, amma gəzdiyi kişilərdən danışanda onları “özgə sinyor” adlandırırdı) ...hə, bretini az qala boğazınacan keçirəndə kaftara oxşadı və hələ mənim qolumdan yapışıb səndələyə-səndələyə yol da getdi, sevgidən danışdı, mənim yolumda durmayacağından, sevgiyə görə heç kəsə, heç kəsə yalvarmayacağından... yenə təkrar elədi... boğazıma keçməyəcəyindən danışır.

Bu onun ruhu deyil, onun ruhu hardasa uzaqlarda düşüb qalıb və hətta sərxoşlanıb asfaltı cırmaqlayanda belə o, həmin ruhu caynaqlarına keçirib qaytarmaq istəyir və bu zaman ifritəyə dönür.

Mən də onun minib çapmaq istədiyi köhnə xalçadan savayı bir şey deyiləm...


4.

Xalçanı bir sürü hikkəli qadın gətirib evin ortasına atmışdı. Üstündə iki şir üz-üzə baxışırdı, içiçeşnili butalar da qıraqlarına düzülmüşdü. Özüm, haçansa demişdim satılsın, itsin o xalça gözümnən, bu evdən çıxsın, gödəkdi, köhnədi... İndi camaatın yaxasından yapışmışam. Nəsə o xalça fırransın gəlsin, buralarda hardasa yan-yörəmdə olsun... Xalça da valikdədi - İstanbulda...

Əvəzinə gödəkcə gəldi, deyirdilər it dərisidi. Deyirdilər bir sürü iti bəsləyib axırda sallaqxanaya doldururlar, dərisi bu yana, qalanı sabuna-filana gedir... Yadımdadı, xalçanı gətirən arvadlar (soruşmasam da əminiydim ki, sallaqxanaya küşkürlənən itlərin hamısı qancığıydı) bir sürü qoyunu arxaşa yığıb ağula doldurur, sonra üç ayağını sarıyıb birini açıq qoyur və qırxıb buraxırdılar. Tərəkəmə arvadları... Bu səhnədən itlərin xoşu gəlirdi, qızıxıb şellənirdilər. Şirə dönürdülər. Həmin vaxt da kürsək başlanırdı...


5.

Qadın eşidəndə ki Onun yaddaşı dumanlıdı, getdikcə lap da dumanlanır, korşalır, ayaqüstəcə, dar dəhlizdə onun yaxasından sallaşdı, az qala onu qara paltosunun arasına salıb sevindiyindən qızdıracaqdı ki, buna ehtiyac var! Qadın tez resept dedi, min cür iynə-dərman adları çəkdi və yazmağa məcbur elədi.

Yaxşı ki, yaddaşı dumanlıdı, qadın gedəndən sonra duman söhbətinə görə sevindi: belədə üzbəüzündəki hər şey yaddaşına yazılsa, məsələn, biri elə bu qadın, orda yer qalmaz ki. Amma duman çəkilməsin, pərdə olsun və o daha dərinlərə - bilmədiyi, görmədiyi boşluqlara cumsun və bu dolaşıqdan qurtulmasın. Qadın gedəndən sonra bildi: bu duman deyilmiş, zədəymiş...


6.

Mənim altşüurum yaman qızıb: eləbil ona qızıxma iynəsi vurublar və döyüşdə qalib gələcəyindən əmindi. Budu, o dəmir barmaqlıqlar arasında bəsdənmiş karrido öküzü kimi meydana cumur, burda onu qıraqdan alqışlayır və ta hansı hünərlər göstərəcəyini gözləyirlər...

Hardansa birdən götürüb dəlliyi tutur: ona öküz kimi baxırlar! Neyçün? O qızıxmış və məsxərəyə qoyulmuş, əldə oynadılmaqçün boş meydana buraxılmış öküz olmalıdırmıııııı? O bir vəhşidi, o şüurun xarabalıqları içində, geniş bir meydanda vurnuxur, buynuzunu rənglərə keçirir, özünü divarlara çırpır. Bu meydan onunçün cəhənnəm qəbristanlığından savayı bir şey deyil, onu aldadıblar, onu oynadırlar. Onun qəfəsində, sındırıb dağıtdığı barmaqlıqlar arasında mısmırıq və qoca şüur oturub...

...Və o öz qəfəsinə - çağırmadığı qonağın üstünə cumur...


7.

Ağ-qara, ağ qara, ağ-qarğa... yox, çaşdım, ağ-qara, ağ qara...

Güzgünün üstünə sancılmış ağ-qara şəkildən yaxalığı enli, damadama donlu qız baxır: ala gözlü, şıltaq, iddialı və bir az da qorxaq görünür. Gözlərinin dərinliyində yazıqtəhərlik var...

Mən heç vaxt bilmərəm, onun şəkildəki gözləri, damadamalarının çeşidləri nə rəngə çalıb...

Qucağımdadı. Rənglər barədə uzun-uzadı danışmağa başladı. Heç nə!


8.

Hər gün, mən işə gələndə canciyər dostum çəlimsiz cüssəmə zillənir. O bilmir ki, mən nə işə gəlmək, nə onu, nə də başqalarını görmək, nə sürət qatarı kimi qabağa getmək istəmirəm. Bircə onu deyir ki, qatar yola düşüb, biz mütləq qabağa getməliyik. Dostum qabağa getmək barədə fikirlərini əsaslandırmaq naminə bütün şəhəri və şəhərin hərəkətini, qısatuman qızları, cib telefonlarını, Parapetdə kaleydeskop qoyub Aya və Saturna baxdıran fiziki görsədir. Belə çıxır ki, yaşamağ olar! Mən bir söz demirəm: başala barmağını qatlayır, gətirir keçəllənməyə gedən alnıma. Döyəcləmir. Əlini geri qaytarır. Mən gözümü yumuram: döyəcləsə yaxşıydı. Belə çıxır ki, yaşamağ olar! O bütün ümidlərini mənə, ən çox da mənim dəm-dəm gələn tərpənişimə bağlıyır...
Susuruq. Botanika bağına gedək! Burda dostumun ümidləri dirilir, təzədən qızışır, proyektlər cızır, baxışları canlanır, adamın laaaap içini silkələyir. Yenə misallar gətirir. Qadınlardan danışırıq. Qadınları ala dağdan qara dağa çəkirik. Dostum bu fikirdədi ki, şəhəri gəzəndə qadınların yerişinə diqqət kəssək, görərik ki, onların bir ayağı yerdədisə, bir ayaqları göydədi. Bizdən qabaq Aya gedəcəklər! Onlar bizim köynəyimizi içəridən cırıb bir köynək yana atlanıblar. Biz onların dərinliklərinə girdikcə onlar Göyə gediblər və həmin vaxt kəsiyində rahatlıqla özlərinə kosmik stansiyalar axtarıblar... Hər gün üstümüzdədilər; elə bir qadın tapmazsan ki, üstə çıxmaq istəməsin. Onların bizə yazığı gəlir. Bizdən aldıqları tükənib. Hər şeyi üstümüzə atıb gedəcəklər. Üstə çıxmaq da bu yolu bir addım yaxınlaşdırmaqdı.
Mən buna inanmıram...

* * *

... Biz yenə iş yerimizin uzun və soyuq koridorunda üz-üzə gəlirik. Dostum məndən əl götürəcək: yanında saçları dalğın bir xanım var...


9.

İynə vurdururam: əsəb gərginliyinə qarşı. Deyirlər guya mən xəstəyəm-filan. İllərdi, müalicədən baş götürüb qaçıram. İndi iynə vurdururam, yanlarım deşik-deşikdi. Cızdağım çıxır, amma sabah da vurulmağına razıyam. Qıraqdan baxan deyər mən süni mayalanma zalına salınan inəyəm. Qıraqdan özümə gücsüz görünürəm, mütiyəm. Burda ən maraqlı məqam mənim qeyri-səmimiliyimdi. Hətta mən özümü yalançı adlandıranda da başqalarına növbəti yalan hazırladığımı bilirəm...

İynə vurdurmaqda marağım hər şeyi sınaqdan keçirmək, öz üzərimdə bir daha təsdiq etməkdi ki, mən tamam sağlamam və məni aldadırlar. Ömür gedir, daha yuxarılarda əhvali-ruhiyyə konveyeri işləyir və mən Oralardan sızıb gələn sağlamlığımın sirrini bircə özüm bilirəm. Gizlədirəm. Göydən göndərilənlərə də badalaq gəlmək istəyirəm. Görüm, sızqanı qapamaq gücüm varmı... Sızqa da sifariş verilmiş poçt kimi öz işindədi. Hansı deşikdən olsa öz bağlamalarını dürtəcək, qonşuya verib gedəcək, qapıya qoyacaq... Ya sahibinə çatmayınca gəlib getməkdən üzülməyəcək. Əslində sirrimi gizlətməkçün xəstəxanaya yıxılmışam...

Özüm barədə gəldiyim nəticələr dəqiqdi: mən Tanrının, Peyğəmbərlərin dediyi yoldayam, sapmamışam. Amma vaxt keçdikcə aşağılarımnan bir xəyanət iyisi gəlir. Getdikcə günah, xəyanət, sapıntı yığnağı oluram. Özüm barədə hər təzə tapıntı köhnələri vurhay qəbrə yollayır. İndi mənim canım sapıntı, xəyanət və günah qoxusu ifraz edən zavallı konveyer olmalıdı...

İynə vaxtı sakitləşdim. Tibb bacısına ilişmək istədim, nəsə alınmadı... Mən ən yekə qüvvələrin qabağında acizəm, çapalayıram və ən yekə qüvvələr - Tanrı, Xəstəlik, Fəlakət, Hökumət hər an məni istədiyi quyuya atar, boğar... Birdən tibb bacısının əllərini, dərisinin qoxusunu duydum: ən uzağı bütün münasibətlərdən və mübarizələrdən əl çəkəcəyimi və tibb bacısının işinə baxacağımı düşündüm. İnanırdım ki, bu və ya başqa preparat ən azı məni yatırdacaq...

Mən sadəcə münasibət xəstəsiyəm! Tibb bacısı da öz münasibətini, iş-gücünü, preparatlarını... və başqa haqlarını dinməzcə mənə sırıyırdı. Məncə o nəyisə duymuşdu. İynəni gətirəndə gülümsünürdü. Mən indi bildim ki, tibb bacısı nəyisə bilirmiş və sızqadan gələn bağlamaların qabağına özünəsərf iddialarla cavab qoyurmuş... Qıraqdan gələnləri inkar etməkdən ötrü onların ünvanına gülüşlər, kinayələr göndərirmiş. Mən xəstəxanada yatdığım ara tibb bacısı hər qıraqdan gələn məktubu durmadan cavablayırmış.

Mən guya ətrafımdakıların bu hərəkətlərinə protest verəcəm, qayıdıb onlara deyəcəm ki... (Mütləq analarını söyəsən ki, düzələ) Bunu sadəcə çərənləmək, ya nəyisə tənqid və təsdiq etməyin xatirinə deyərdim. Birdən dayandım və bildim ki, bununla da mən əlimi atıb qapımın çölündən oğurladığım və minnətdar olmadığım naməlum ünvanın çoxdan yolladığı poçtalarından istifadə etməkdəyəm...

* * *
Mən tibb bacısının yanındayam, çıxıb gəzməkdən qorxuram. İstəyirəm o mənim yanıma uzansın...


10.

Dostlar, biz sizinlə uzağa gedən sürət qatarının ən rahat kupelərindən birində şəhərdən çıxırıq; bu günü biz çoxdan arzulayırdıq. Deyirdik, bir yığışaq, yeyib-içək, uzaq yol gedək... Nədənsə elə bir kişi görmədim ki, qatarda uzaq yol gedib yeyib-içməyi xoşlamasın.

Budu, Qaradağı çıxmamış başlanan şenliyimiz Hacıqabuldan keçir, Kürdəmir, Yevlax şoranlıqlarını arxada qoyur, Kürün üstünə, Gorana, Gəncəbasar yaşıllıqlarına tərəf irəliləyirik. Bütün gecəni içib danışmışıq. Günəş qatar düzəminin arxasından boylanır və mən aralığa çıxıram. Yulğun kolları, boy verən şehli arpa zəmiləri, sürətlə geridə qalan ağaclar, dirəklər və mən...

* * *
...Mən bu barədə sizə lap çoxdan demişdim, siz də bu barədə lap çoxdan unutmuşdunuz. Getsin qatar...


11.

Dar və alçaqtavanlı mətbəxin buğlanmış pəncərəsinə barmağıynan öz adını yazdı, sonra əlboyda sildiyi yerdən bayıra baxdı. Külək qarı başına alıb üzbəüz binanın divarlarına, pəncərələrinə, ağaclara çırpır, hardansa gəlib harasa tələsirdi. Küləynən getmək istəməyən çoxlu qar dənə(cik)ləri vardı. Pəncərənin küncünə, çalalara, ağac kovuşlarına sığınırdılar. Getmirdilər.

Bədənindən sızıltı keçdi: yerdəki taxta qırıqlarının, divardakı daşların, havadakı məftillərin yerinə.

Düşünürdü ki, lüt-üryan kimsə-nəsə zorla onu yerdəki taxta qırıqlarıyla bərabər qoysaydı, o da düşünməzdi...


12.

Qadın şam işığı istəmişdi: şamı nəlbəkidə döşəməyə gətirdi. Şam yandı, qurtardı. Pəncərədən özünü içəri soxan işıq pərdələnmişdi, qabağı açıldı...
O, ərindən bezən qadınla ortada sərilmiş birdəst yatağın, nəlbəkinin və kürəyi tərəfdəki küncdən yatağa sürünən şnurun sonunda - əlinin altında dayanan telefonun doldurduğu təkotaqda uzanmışdı.

Əlinin altında sığalladığı telefonun kələ-kötürləri ərindən bezən qadının geyinib getməsindən daha maraqlıydı...


13.

Qayanın şişində bitən tək palıd ağacının qonşu budağına sığınacağını unamazdı. Dünyanın üzünü su götürüb, bu zalım qızının az qala çiçəyi çırtlayasıdı. Su qadının lüt bədənə atıb gəldiyi qara xəzli paltosunun ətəklərini yalayır. İmansızın qızı qonşu budaqdakına haralardansa uzaq gələcəklərdən danışır, nəyisə Ona görk eləmək istəyir.
Yaxşı, O heç, budaqlar sınanacan qalxmağa ümidi var, bu qadınsa qalxmayacaq. Əksinə, budaqdan haralarasa atlanmaq qırımındadı. Qadın Onun son budağacan qalxdığı andan sonrakı halını görmək arzusuynan dayanıb. Eləbil qadın kenqurudu... Onu çağırır! O, qadının isti kisəsinə sığınmaz. Uzaq səfərə hazırlaşan qadın-kenquru sudan boğulan qayaların başlarıynan atlana-atlana ilim-ilim itməkçün Ona yalvarır. Diz çökməyə halı yoxdu...

O, qadının hiyləsini duyur. Ürəyində Göylərə yalvarır. Ki, bayaqdan suyun üzündə gözaltıladığı saman çöpünü qadın görməsin...
XS
SM
MD
LG