Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:21

Rafiq Əliyev: «Dünyanın hamilə olduğu ədalət yaşadacaq məni»


Rafiq Əliyev
Rafiq Əliyev
AzadlıqRadiosunun «10 sual»ını bu dəfə professor Rafiq Əliyev cavablandırır.

- Rafiq müəllim, həyatda ən böyük vəzifəniz hansı olub və ən böyük işiniz nəyi sayırsınız?

- Ən böyük vəzifə insanlıqdı. Ondan böyük vəzifə yoxdur. Amma rəsmi vəzifələrim sırasında ən böyüyü, professor olmağımı sayıram. İş məsələsinə gəlincə, təvazökarlıqdan kənar olmasın, mənim ən böyük işim, ən böyük xoşbəxtliyim onda olub ki, yaxşı ailə yarada bilmişəm. Yaxşı övladlar böyütmüşəm. Birdə ki, vətənə, xalqa həmişə sədaqətli olmuşam və ömrümün sonunadək də belə olacaq.

Rafiq Əliyev

Rafiq Əliyev

Rafiq Əliyev

Rafiq Əliyev 10 fevral 1942-ci ildə Ağdam rayonunda doğulub. Texnika elmləri doktoru (1975), professor (1976), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının sabiq müdiri, MBA proqram direktoru, ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, «Zadə irsi və süni intellekt» Assosiasiyasının prezidentidir.
Ümumiyyətlə mənim fikrimcə, dünyada ən böyük adam xalqının, millətinin, məmləkətinin mənafeyini özündən xeyli yüksək tuta bilən şəxslərdir.

- Ən kiçik adam kimdi onda?

- Ən kiçik adam, nəfsinin qulu olan adamdır... Və dünyada kiçiklər çoxdur. Böyüklər çox azdır. Dünyada ən böyük sərkərdə, nəfsinə qalib gələ biləndir. Nəfsə qalib gəlmək çox çətindir. Məncə bunu bacaranlar Allahın sevgisinə tuş gələn insanlardı. Onlar da azdılar. Bir, üç, beş faiz.

- Ən yaxşı və ən pis nədi, sizin fikrinizcə?

- Ən yaxşı, ailəsinə sədaqətli qadın, millətə olan sevgi. Ən pis isə, bir ayrılıq, bir ölüm. Amma təbii ki, ölüm verilməli olan borcdur.

- Sizin beyninizdə küçələr çoxdu ya prospektlər?

- Hətta dünyada prospektlər azdır. Beynimin portretində küçələr çoxdur təbii ki. Amma gələcəyə baxanda, istərdim ki, millətimizin, onun fərdlərinin beynində prospektlər çox olsun.

- Beyninizdəki küçələrin hamısını gəzə bilmisiniz və gəzə bilmisinizsə hamının tanıdığı Rafiq Əliyevdən başqa nə verib sizə o küçələr?

- Virtual gəzmişəm. Və o küçələr mənə onu veriblər ki, həyat təkcə prospektlərdən ibarət deyil. Dolanbac küçələri var. Və prospektlərə çıxmaq üçün o dolanbac küçələrdən keçməlisən, təmizlənməlisən. O küçələrdən keçmək mənə çox şey verdi. Ümumiyyətlə, millət də belədir. Mən millətimizin bütün çətinliklərini normal hesab edirəm. Millət də bu çətinliklərdən keçib təmizlənməlidir.

- O prospektə çıxmaq həvəsi aparıb dalana dirəsə necə? Olubmu heç belə?

- Əlbəttə ki. Dəfələrlə olub. Mən dalanı görmüşəm. Amma, ağıllı adamla müdrik adamın fərqinə dair belə bir misal var də: «ağıllı adam düşdüyü çətin vəziyyətdən çıxış yolu tapa bilir. Müdrik adam isə belə situasiyalara ümumiyyətlə düşmür». Yəni müdrik odur ki, o dalana gedib dirənmir. Yəni bilir ki, dalan ola bilər, ora düşmür.

- İndi siz çətin vəziyyətdən çıxansınız ya ora düşməyən?

- Düşməyən (gülürük). Çalışmışam ki, düşməyim.

- Başınıza daha nələr gəlsə yaxşı olardı?

- Vətənim Azərbaycanın azad, demokratik bir ölkə olduğunu görmək başıma gəlsin. Bir də azad Qarabağı gedib bağrıma basıb öpmək, «Cıdır düzü»ndə dərindən bir ah çəkmək.

- Sizi kim öldürəcək?

- (Gülür) Təbii ki, məni Allah öldürəcək. Amma Qarabağ və millət dərdi də öz işini görəcək.

- Bəs kim və ya nə yaşadacaq?

- Fərdi planda övladlarım və nəvələrim. Amma ümumidə, əlbəttə ki, dünyanın hamilə olduğu ədalət yaşadacaq məni...

XS
SM
MD
LG