-
«Leonardo da Vinci-nin keçmişdə Haliçle bağıə köprü layihəsi reallaşacaq».
Bunu ötən gün Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan İstanbul boğazından Haliçə su verilməsinin açılışında səsləndirib.
Dünya mediası bu xəbərə biganə qalmayıb və əksər media orqanları bu xəyalın gerçəkləşəcəyindən yazıb.
Məsələ bundadır ki, üç il yarımdır ki, İstanbul Böyükşəhər Bələdiyyəsi İstanbul boğazından 2 min 200 millimetrlik nəhəng borularla gündə 260 min kubmetr suyun Haliçə daşınmasına nail olub.
Baş nazir çıxışında artıq Haliçin təmiz suyunda 48 növ balığın məskunlaşdığını bildirib.
Sarıyerdən tunel və Kağıthane dərəsi vasitəsilə Haliçə su gətirmək 44 milyon türk lirəsinə (təxminən 19 mln 183 min manat) başa gəlib.
1995-ci ildən başlanan layihənin ümumi məbləği isə 758 milyon dollardır (594 milyon 651 min manat).
KÖRPÜNÜN ÖLÇÜLƏRİ DA VİNCİ-NİN LAYİHƏSİNDƏKİ KİMİ OLACAQ...
Leonardo Da Vinci-nin 510 il öncə çəkdiyi körpü proyektinin gerçəkləşməsindən danışan baş nazir onu da əlavə edib ki, bu, baş verərsə, çox fərqli bir körpü estetikası meydana çıxacaq. Həm də Haliçin bir tərəfindən digər tərəfinə ayaqla keçmə imkanı yaranacaq.
Haliç körpüsünün bütün ölçüləri Da Vinci-nin proyektindəki kimi olacaq, amma tikilinin inşasında yeni - müasir texnologiyalardan istifadə olunacaq.
Körpünün uzunluğu 220 metr, hündürlüyü 25 metr, eni isə 10 metr olacaq.
Beynəlxalq mütəxəssislərin ərsəyə gətirəcəyi layihə sponsorların hesabına həyata keçəcək.
Yerli hakimiyyət planı təsdiqləyib, amma tikintinin nə vaxt başlayacağı hələ bilinmir.
Xatırladaq ki, bu layihəni Leonardo Da Vinci 1502-ci ildə Osmanlı sultanı II Bəyazid körfəzdə körpü tikdirmək istəyərkən çəkib. Ancaq o vaxt Da Vinci-nin proyekti keçməyib.
2001-ci ildə həmin layihəyə Osloda müraciət ediblər.
Orada Leonardo-nun körpüsünün kiçildilmiş variantı inşa edilib.
Bəlkə də, həmin qayıdış layihənin təkrar yada düşməsinə səbəb olub.