Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:01

Dünyanın «firavanlıq indeksi»: Azərbaycan 142 ölkədən 94-cüdür


Legatum İnstitutunun «firavanlıq indeksi»nin banneri
Legatum İnstitutunun «firavanlıq indeksi»nin banneri
Legatum İnstitutunun hər il keçirdiyi «indeks»ə Azərbaycan və eləcə də onun qonşuları Gürcüstan və Ermənistan bu il ilk dəfə olaraq daxil ediliblər.

Ötən ilin reytinq cədvəlində 110 ölkə var idisə, bu il onların sayı 142-ə çatıb.

Azərbaycanın reytinq cədvəlindəki yeri 94 olub. Gürcüstan bir pillə yuxarıdadır.
Ermənistan 98-ci yerdə qərarlaşıb.

Keçmiş sovet ölkələrinin (Ermənistandan başqa) hamısı - Qırğızıstan (88), Tacikistan (86), Moldova (84), Ukrayna (71), Rusiya (66), Özbəkistan (64), Belarus (54), Latviya (47), Qazaxıstan (46), Litva (43) və Estoniya (35) Azərbaycandan yüksək pillə tutub.

Türkmənistan bu cədvəldə müəmmalı şəkildə yoxdur.

Bu reytinq cədvəlinin Azərbaycan hökumətini əsəbiləşdirəcəyi başa düşüləndir:

«Necə olur ki, Tacikistan, bu qədər sərvəti olan Azərbaycandan daha firavan ölkə olur?».

«LEGATUM NƏDİR, NƏÇİDİR VƏ NƏKARƏDİR Kİ?»

Rəsmi Bakının «Legatum indeksi»nə münasibəti təxminən bu məzmunda ola bilər.

Məhz buna görə də Legatum İnstitutu barədə məlumat verməyə dəyər.

Legatum İnstitutu
Legatum İnstitutu
«Legatum indeks»ini keçirən Legatum İnstitutu bir sıra beynəlxalq investorları birləşdirən Legatum Qrupu tərəfindən təsis edilib.

Qrup Dubayda mənzillənib və onun nəzdində yaradılmış Legatum İnstitutu, elə həmin qrup tərəfindən «müstəqil analitik və məşvərətçi təsisat» kimi təqdim olunur.

Onun keçirdiyi illik reytinqdə isə ölkələrin təkcə ümumi daxili məhsulu (ÜDM) deyil, həm də insan haqları, vətəndaş azadlıqları kimi digər faktorları da nəzərə alınır.

Keçmiş «yoldaş sovet respublikalarının» neft və qazla zəngin olan Azərbaycandan irəli çıxmasını əsasən bir-iki faktor təmin edib.

Onlardan biri də reytinq cədvəlinin «sosial sərmayə» adlandırdığı faktordur.

Mən iqtisadçı deyiləm, lakin həm də «sosial kapital» adlanan bu termin barədə internet mənbələrindən oxuduğum çox mürəkkəb təfsirlərdən bunu başa düşdüm ki, söhbət loru dildə desək, ölkə sərvətinin cəmiyyət və vətəndaşlar arasında ədalətlə bölüşdürülməsindən gedir.

Yəni bu mənada, Tacikistanın nəyi var ki, nəyi də bölüşsün, lakin Azərbaycanın cəmiyyətlə paylaşmalı sərvəti var.

İndeks tərtibatçılarının fikrincə, rəsmi Bakı elə məhz bunu lazımınca etmir.

Bu məntiqlə yanaşanda, Azərbaycanın nefti və neft fondları olmayan onlarca ölkədən niyə geridə qalmasının səbəbi aydınlaşır.

FİRAVANLIQ, YOXSA RİFAH?

Azərbaycan mediası «Legatum indeks»ini bir qayda olaraq «rifah indeksi» adlandırır.

Lakin «rifah» sözü Legatumun işlətdiyi «prosperity» sözünün dəqiq tərcüməsi deyil.

«Prosperity» sözünün ümdə tərcüməsi «çiçəklənmə» və ya «firavanlıq»dır.

«Rifah» sözü (ingiliscə «welfare») əsasən daha çox iqtisadi termindir və daha çox sosial təminatla bağlıdır.

«Firavanlıq» sözünün içində isə bir «xoşbəxtlik» anlayışı da var.

Yeri gəlmişkən, Rusiya mediası bu «indeks»i məhz «çiçəklənmə» indeksi adlandırır.

Lakin Azərbaycan mediasının bu reytinqi «rifah indeksi» adlandırmasında kinayəli bir məntiq də var.

Vətəndaş azadlığı olmadan rifahın firavanlığa çevrilməsi bir az müşkül məsələdir.

Prezident Kennedy «firavanlıq» anlayışına «iqtisadi liderlik» və «vətəndaş azadlıqları»ndan başqa, hətta caz musiqisini də əlavə edirdi.

Yaxın keçmişdə «ən yaxşı sosial təminata malik» Liviya, ümumiyyətlə, cədvələ daxil edilməyib.

Azərbaycanın reytinqdə tutduğu aşağı mövqeyi şərtləndirən digər iki ən əsas faktor da «fərdi azadlıqlar» və «ədalətli idarəetmədir».

Birinci faktora görə onun cədvəldəki yeri 117, ikinci faktora görə isə 113-dür.

«Legatum indeks»i tərtibçilərinin hər halda siyasi faktorlara daha çox diqqət göstərdikləri ondan bilinir ki, bu cədvəldə Türkiyə Azərbaycandan 5 pillə yuxarıda, İran isə 7 pillə aşağıdadır.

Azərbaycanın bu reytinqdəki ən yaxşı göstəricisi «sahibkarlıq» və «sahibkarlıq imkanları»dır - 67-ci yer.

ABŞ VƏ BRİTANİYA İLK ONLUĞA DÜŞMƏYİBLƏR

London
London
Britaniya bu mənada təskinlik tapa bilər. Onun reytinq cədvəlindəki 13-cü yeri bu il də dəyişməyib. Həm də təsəlli bundan ibarətdir ki, Londonun ənənəvi rəqibləri Almaniya (14) və Fransa (21) Dumanlı Albiondan geridədirlər.

Lakin ABŞ ötən ilki 10-cu yerindən bu il 12-ci yerə «sürüşüb».

Amerika mətbuatı «Legatum indeksi»nin, necə deyərlər, mürəkkəbi qurumamış yazır ki, bu, prezident seçkilərinin astanasında Barack Obama üçün çox böyük zərbədir.

Yəni, onun debatlarda məğlub olmuş rəqibi Mitt Romney indi rahatca deyə bilər ki, «mənə inanmırdınız, buyurun, «Legatum indeksi»nə baxın».

NEFTİ VƏ XOŞBƏXTLİYİ OLAN ÖLKƏ

Söhbət Norveçdən gedir. O ötən ilki liderliyini bu il də saxlayıb.

ABŞ-ı çıxmaq şərti ilə ilk onluğun tərkibi dəyişməyib: Danimarka, İsveç, Avstraliya, Yeni Zelandiya, Kanada, Finlandiya, Hollandiya və İsveç.

ABŞ-a məxsus onuncu yerdə indi İrlandiyadır.
XS
SM
MD
LG