Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:04

Koray Tarqay: «İsveçrədəki cərimə burada tətbiq oluna bilməz»


20 oktyabr aksiyası
20 oktyabr aksiyası
-
ATƏT-in Bakı ofisi mitinq cərimələrinin artırılmasını nəzərdə tutan layihədən narahatdır və sərbəst toplaşma azadlığını məhdudlaşdıracaq hər hansı dəyişikliyə qarşı çıxır.

Bunu ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay oktyabrın 30-da AzadlıqRadiosuna müsahibəsində deyib.

Milli Məclis noyabrın 2-də həmin layihəni müzakirəyə çıxarmalıdır. İctimai Palata isə bu dəyişikliklərə etiraz olaraq parlament qarşısında aksiya keçirməyi planlaşdırır.

«TƏKLİF HÖKUMƏTDƏN GƏLMƏYİB»

Koray Tarqay bildirir ki, ATƏT-in Bakı ofisinin nümayəndələri bu məsələni hər gün aidiyyəti rəsmilərlə müzakirə edirlər:

– Görək nə olur – rəhbərlik bu təklifi nə dərəcədə dəstəkləyir, sahib çıxırmı? Çünki bu təklif hökumətdən gəlməyib. Bir millət vəkilinin təşəbbüsüdür. Bu cərimələrin bir həddi olmalıdır, Qərb standartlarına nə qədər uyğun olduğu müzakirə edilməlidir. Bu, böyük bir işdir, birdən-birə olacaq iş deyil. Onsuz da bəzi qaydalar var, bəzən tətbiq olunur, bəzən yox. Bu cərimələri nə qədər artıra bilərsiniz, nə qədər yüngülləşdirə bilərsiniz, nə dərəcədə tətbiq edə bilərsiniz – bunu geniş müzakirə etmək lazımdır. 56 ATƏT ölkəsində, digər ölkələrdə nümunələr nədir, cərimələrin həddi nədir – bunları çıxarıb baxmaq lazımdır.

– Bəzi millət vəkilləri bildirirlər ki, cərimələr əslində yaşayış minimumuna uyğun olmalı deyil, yoxsa vətəndaşı həmin xətadan çəkindirə bilməz. Sizin bu fikrə münasibətiniz?

– Cərimələr hər yerdə var. Son zamanlar İspaniyada, İtaliyada, Portuqaliyada bunların çox şişirdilmiş həddini gördük. Təbii, ictimai asayiş üçün lazımdır, amma bunun da həddi olmalıdır. Bir də iştirakçı ilə təşkilatçı arasında fərq olmalıdır. Bu, elə də asan iş deyil. Dəyişikliklər çox diqqətlə hazırlanmalıdır. Biz də parlamentdəki müzakirələrdə iştirak etməliyik. Ondan sonra problem çıxarsa, onu həll etmək daha çətin olacaq. Dəyişiklik ediləcəksə, ölçülərə indidən baxmaq lazımdır. Müzakirələr olsun, ancaq sonda ölkənin xeyrinə olsun.

MİLLİ GƏLİRİ 60 000 DOLLAR OLAN İSVEÇRƏ HARA...

Koray Tarqay deyir ki, təlaşa düşmək, yaxud sevinmək üçün hələ tezdir. Görüşlər davam edir:

- Şablonlar var. Məsələn, Hollandiyada, Danimarkada, İngiltərədə cərimələr necə tətbiq olunur. Amma milli gəliri 60 000 dollar olan İsveçrədə, yaxud 49-50 min dollar olan Lüksemburqdakı standart burda tətbiq oluna bilməz. Əvvəlcə bir prinsipi müəyyənləşdirmək lazımdır. Biz insan hüquqlarını məhdudlaşdırıcı hər hansı tədbirə qarşıyıq.

Oktyabrın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər layihəsini plenar iclasa tövsiyə edib.

Dəyişikliklər qəbul olunarsa, razılaşdırılmamış mitinqə çıxacaq vətəndaşlar 500 manatdan 1000 manatadək, mitinqin təşkilatçıları 1500 manatdan 3000 manatadək, təşkilatçı vəzifəli şəxsdirsə, (siyasi partiyanın rəhbəri və ya funksioneri), 3000 manatdan 6000 manatadək cərimə edilə bilər.
XS
SM
MD
LG