Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:54

Əhəd Muxtar. Şeirlər


-


ŞEİRLƏR


Salam, insanlar

1.

Salam, əzəmətli, səbrli çinar,
Qaranquş yuvalı, naxışlı eyvan,
Ürəyim o ötən çağları anar,
Göynəyi bilinər baxışlarımdan.

Hanı bicarlarda çeşmələnən arx
Dolanıb evbəev gəzərdi kəndi.
İstidə qurumuş damlalarsayaq
İntizar gözümə yığışıb indi.

Salam, güllü təpə, balaca yarğan,
Gəlir xatirimə narahat peşəm:
Meşədən şələli qayıdan zaman,
Mən sizə söykənib, nəfəs dərmişəm.

Salam, Dan ulduzu, unutdum demə,
Sən idin qayğılı yollarıma şam.
Sübhün nəfəsini çəkib sinəmə,
İllərlə mən səndən tez oyanmışam.

İçi «qançır» olmuş qaloşum vardı,
Şaxtada soyuqda geyərdim hər gün.
Sonra da taxçaya yuyub qoyardım –
Gələn payız üçün, gələn qış üçün.

2.

Aslan gücü vardı hər birimizdə,
Atalar, qardaşlar uzaqda idi.
Bizim sevincimiz, kədərimiz də
Cəbhələrdən gələn soraqda idi.

Dedilər evlənir «kontuz» Güləli,
Yığışdıq toyuna nər döyüşçünün.
Topların səsindən bağlanan dili
«Vağzalı» səsilə açıldı o gün!

Bütün ürəklərin ağrısı idi
Şəhid olanların kədəri, yası.
Dərdli anaların ağısı idi
Bəşərin ən böyük simfoniyası!

Tanrını çağırıb yersiz köməyə,
Analar yalvardı xeyri var kimi.
Qurumuş biləklər qalxardı göyə
Qınından sıyrılmış qılınclar kimi!

Pirani qocalar əlində qəlyan
Səssizcə çəkərdi bu dərdi, qəmi.
Heykələ dönərdi fikir-xəyaldan
İldırım qarsıyan palıdlar kimi!

Tale sınağında durduq nər təki,
Yollar ayrılmadı, haçalanmadı.
Cəsur insanların ürəyindəki
Ümid qırılmadı, parçalanmadı!

- Sağ əlin başıma, Həlimə nənə,
İki məktub gəlib oğlanlarından.
- Darıxma, ay bala, gün gələr, sənə
Biz də gözün aydın deyərik, inan.

- Məhərrəm, maşallah, kişidir daha,
Oyuncağa dönüb əlində kotan.
- Bizi kişiliyi oturdu baha.
- Noolub?
- Ayağına batıbdı tikan.
Deyirəm, kotanı burax bir yana,
Xətrin istəyirsə, ayrı iş axtar.
Deyir, tikan nədi, ana, ay ana,
Ürəyində qəlpə gəzdirənlər var!

Ələsgər itirdi üç qardaşını,
Axdı ürəyinə gözündəki yaş.
Axır ki artırıb bir il yaşını,
O da döyüşlərə yollandı birbaş.

Oğullar getmişdi – boyları çinar,
Əjdaha ağzından alov qapardı.
Analar ömrünü yedi intizar,
Gözünün nurunu yollar apardı...

Kiminin gedişi gözdağı oldu,
Kiminin gəlişi bayrama döndü,
Kiminin ulduzu qürbətdə söndü –
Şöhrəti – gecikən sorağı oldu...

Başlandı ellərin bəxtəvər çağı,
Rahat nəfəs aldı azad insanlar.
Mərmiylə şumlanmış ana torpağı
Çiynində günəşə qaldırdı onlar.

3.

Salam, qayaların tağı şəlalə,
Salam, qatarlanmış bəyaz binalar.
Sizin qarşınızda daldım xəyala,
Durdu göz önümdə qəmli analar.

Dolub bəbəyimə, dolub kədər, qəm,
Kövrəlib ürəyim yaman bu axşam.
Durub öz-özümdən sual edirəm:
Mən nə itirmişəm, nə qazanmışam?

Torpaq gülümsünür anatək mənə,
Axır ürəyimə nur çöhrəsindən.
Üfüqdən-üfüqə çatan tarlalar
Mənə söhbət açır öz bəhrəsindən.

Durur ağsaqqaltək Talış dağları,
Qoynunda naringi-limon bağları.
Xanbulan, Lovayin – dövləti, varı,
Min bulaq süzülür hər dərəsindən.

Burda hər addımda şəfa qaynağı,
Qızıl parçasıdır daşı, torpağı.
Bir yol bircə evin olsan qonağı,
Yüz il danışarsan bol süfrəsindən.

Günəş ölkəsidir ulu Vətənim,
Dünyadan böyükdür ümidim mənim.
Bərəkət tapıbdır yurdum, məskənim
İnsan nəfəsindən, insan səsindən!

4.

Bu da böyük meydan, mərmər abidə –
Ömürlük yadigar min bir şəhidə!
Odlu ürəkləri – əbədi məşəl,
Onu alışdırıb min nəfəs, min əl!..
Salam, bu torpağın Mirzəsi, salam,
İgid Baloğlanı. Həzisi, salam!
Salam, ey zülmətə məzar qazanlar,
Süngüylə, qılıncla tarix yazanlar!
Bu yurdda yer əkən, daş yonan da siz,
Bu yurdu ucaldan, yaşadan da siz!
Bu eşqlə, bu odla varam, insanlar,
Salam, ana torpaq. Salam, insanlar!..

Astara, 1976


Atam haqqında düşüncələr

1. Biri vardı, biri yoxdu...

Bir mehriban əl
Oxşadı saçımı.
Pencəyinin ətəkləri arasında
Gizlətmişdim başımı.
Sonra yüyürdük.
Elə bil uşaqdı
Mənim kimi
Kəpənək dalınca qaçdı.
Adamlara əl elədi,
Ağaclara, güllərə baxdı.
Birdən
Çiçəklənən budaqlar doldu barla...
Töküldü yarpaqlar,
Payız yerini dəyişdi baharla,
Çiçək yerinə
Qar yağdı başımıza.
Qayğılı-qayğılı baxdı mənə.
- Üşüyürəm, atacan.
Qüvvətli əllərilə
Sıxdı məni köksünə.
Bir göz qırpımında
Qaldırdı başının üstünə.
Ata qürurundan,
Ata sevincindən
Ürəyim döndü dağa.
Bilmədim, o qərib axşam
Göylərə tapşırdı məni,
Yoxsa torpağa...

2. Bir nəslin gözündə

Əksin də qalmayıb,
Böyüdəm,
Asam mən başımın üstündə.
Bir anlıqa ovutmaq üçün qəlbimi
Saatlarla donam qarşında
heykəl kimi.
Bir kövrək təbəssümə dönüb sən,
Bir nəslin baxışlarına
səpələnmisən.
Sanki bir zaman
Əkib-biçdiyin,
Yolunda canından keçdiyin
torpaqda deyil,
Bir nəslin bəbəklərində
Əbədi məskən salmısan.

1969


Dost görüşünə tələsirəm

Bir naxələf həddi aşıb
Bir ürəyi dağlayanda.
Bir nadürüst vicdanına
Min yol tula bağlayanda;
Şəvə saça qar yağanda,
Qaynar gözə qəm çökəndə.
Səbrimin od-ocağına
Bir divanə yağ tökəndə
Dostlarımla görüşməyə
Tələsirəm

Bir işıqlı təbəssümdən
Bir çöhrəyə nur düşəndə,
Küsülülər barışanda,
Həsrətlilər görüşəndə;
Pünhan qalmış bir saf çeşmə
Ürəklərə axan zaman,
Kükrəyən çay, coşqun dəniz
Yatağından çıxan zaman
Dostlarımla görüşməyə
Tələsirəm...


Mənim ilan boğan vaxtımdı indi

Yolumun üstündə bir ilan vardı,
Addım da atmağa yox idi imkan.
Quyruğun basanda o dəm çalardı,
İndi yapışmışam düz boğazından.

Hətta ovsunçular mat qalıb mənə,
Bilmirlər nə təhər tutmuşam onu.
Yabamı çalmışam əyri belinə,
Qonaqmı etmişəm bir daşa onu?

Nə isə... oynadır haça dilini,
Bərəldib gözünü aman istəyir.
Bir nəslin ömürlük qırıb belini,
Doymayıb, yenə də qurban istəyir!

Ta bilmir bu əfi körpə çağından
Dabbaqda gönünə bələdəm onun.
Ya qalxar havaya quş caynağında,
Ya saat qayışı olar çil donu.

Onun zəhərindən iflic olublar,
Divanə olublar, lap gic olublar;
Onun zəhərindən dillər quruyub,
Sinələrdə axan sellər quruyub...

Deyirəm özümə, səndə insaf var?
Öldürmə, yazıqdır, burax ilanı.
Yox, yox, kim əfv edər, kim bağışlayar
Dilinin altında zəhər olanı?!

Ayrı ilanlar da girir min dona –
Gah qara olurlar, gah sarı, gah ağ.
Zəhərli dilini qoysun qarnına,
Yoxsa onlara da növbə çatacaq!

Bir ilan boğuram lap yavaş-yavaş,
Qolumun qüvvəti nifrətdi, kindi.
Mən ilanoynadan deyiləm, qardaş,
Mənim ilanboğan vaxtımdı indi!

1987


And iç

Yarpağa and iç,
Bilim ki, sevirsən budağı.
Budağa and iç,
Bilim ki, sevirsən torpağı.

Sükuta and iç,
Bilim ki, sevirsən tufanı.
Həyata and iç,
Bilim ki, sevirsən insanı...


Mən bir sahil...

Mən bir sahil, sən bir dəniz,
Qovuşmaqdı diləyimiz.
Susayanda ürəyimiz
Qarşımıza bulaq çıxdı,
Nə sən içdin, nə mən içdim.

Mən kədərli, sən bir az şən,
Sən küsəyən, mən barışan...
Ömrümüzə «çox yaraşan»
Dəli hicran libasını
Nə sən biçdin, nə mən biçdim.

Bir arzudan yoğrulsaq da,
Bir atəşdə qovrulsaq da,
Bir rüzgarla sovrulsaq da,
Eşqin vüsal körpüsünü
Nə sən keçdin, nə mən keçdim...


Sevdadan ötrü

Dağılıb uçulsa bir dağ,
tutma yas qayadan ötrü,
Namusu əlindən getmiş
ağlamaz həyadan ötrü.

Bir həqiqət atəşində
kül olar min bir yalanın,
Min yalan uydurma, qafil,
bir quru xülyadan ötrü.

Haqq yolundan dönmərəm mən,
nə gərək böylə sualın:
«Özünü öldürmək neyçün
bu fani dünyadan ötrü?..»

Varsa könlündə məhəbbət,
damlası eylər kifayət qədər
Sahibi ömrü boyunca
çarpışa dəryadan ötrü!

Göylərin tufanı vardır,
yerlərin insanı vardır,
Hər şüa torpağa axmır
bir yeni mənadan ötrü?

Nəğmələr qoşdum sərasər
vəsf edəm vəfalı yarı,
Hər ürək tüğyana gəlmiş
bir hüsnü rənadan ötrü.

Uçdu bülbül, soldu gül,
istər sən ağla, ya da gül,
Qalmamış könlümdə taqət
yaş tökə sevdadan ötrü...


Vida nəğməsi

Gur sular kimi axdın,
Görmədim.
Üstündə zərrə qədər külü olmayan
Köz kimi
Yandırdın, yaxdın,
Fikir vermədim.
Duruldun çeşmə kimi,
Ürəyim təşnə oldu.
İçmədim.
Sübh çağı
Üfüqlərdən aşan,
Gülümsər çöhrələrə yaraşan
Günəş şəfəqi kimi
Bürüdün aləmi.
İntizar baxışların
Yeni bir aləmə körpü saldı,
Keçmədim...
İndi sənə hamı dostdur,
Məndən başqa.
İndi mənə hamı yaddır
Səndən başqa...


Sənsizlik

Bəzən sevincimə zəhər qatıblar,
Bəzən kədərimə gülənlər olub.
Məni dəyirmana ölü atıblar,
Diri çıxmağımdan ölənlər olub.

Bir səmtə tələsən külək olmuşam.
Səcdə qılmamışam hər ayinə mən.
Nə vaxt ki bir kəsə gərək olmuşam,
O dəm yetişmişəm harayına mən.
Kimin ki ömrünə enib duman, çən,
Boğub caynağında qəm-kədər məni.
Kimin ki saçına vaxtsız düşüb dən,
Üşüdüb əlçatmaz zirvələr məni.

Sənsiz üfüqlərdə bədirlənmişəm,
Hicran möhnətilə ərimişəm də.
Sənsiz sevinmişəm, kədərlənmişəm,
Min düyüm gizlənib hər ərişimdə...

Beləcə dözmüşəm hər səhər-axşam
Həyatın tükənməz işvə-nazına.
Beləcə, əzizim, gəlib çatmışam
Birgə ömrümüzün astanasına.

Vüsal sevincilə demərəm bir gün:
Sənsiz bu dünyada nə dərdim olub?
Sənə yetmək üçün, qovuşmaq üçün
Sənsizlik səadət sərhədim olub...


Səmərqənddə Əmir Teymurun hüzurunda

Yeddi mənzil aşaraq,
Gəldim sənin hüzuruna.
Az qala inanırdım
On ikinci imam kimi zühuruna.
Lakin sənin daş sərdabən
Polad zirehindən möhkəmdi –
Çıxa bilmədin sən
Şəninə saraylar ucaldan ustaların
Bir-birinə pərçim etdiyi daşların arasından.
Dayandım
Məzar sükutu ilə üz-üzə.
Lal daşlarla üz-üzə,
Lal daşlarla göz-gözə.
Birdən bir sükut
dilə gəldi,
Əsrlərin arxasından
bir kölgə dikəldi.
Təbillər gurladı,
Şeypurlar çalındı,
Yeridi ləşkər!
Xarabazara döndü şəhərlər.
Məmləkətlər alındı!
Dartıldı yaylar,
ürəklərə saplandı oxlar!
Sıyrıldı qılınclar,
üzüldü başlar!
Məğribdən Məşriqəcən
Yollar boyu düzüldü başlar!
Kişnərti... bağırtı... inilti...
Bir ildi, beş ildi, on ildi?..
Minarələrdən haray qopdu:
«Allahu-əkbər! Allahu-əkbər!..»
Ulu tanrı isə
Yenə də bu səfər
Göyün yeddi qatından
Görmədi,
Eşitmədi bu faciəni...

Xəyaldan ayırdı məni
Məqbərənin həyətində oynayan
Uşaqların gülüş səsi.
Xurmayı saçlı bələdçi
Gəlib keçdi qabağa.
Üzünü tutdu bir dəstə qonağa:
«- Baxın, bu da
Düünyaya meydan oxuyan
Temurləngin məqbərəsi...»


Gəlib Lənkərana general Həzi

İnsan axınıdır baxırsan hara,
Bir elin yollardan çəkilib gözü.
Otuz doqquz illik səfərdən sonra
Qızıl Lənkərana qayıdıb Həzi!

Qayıdıb evinə, doğma diyara,
Sinəsi ulduzlu, ürəyi odlu!
Mübarək üzünü tutub dağlara
Mənim torpağımın qəhrəman oğlu!

Bu gün al günəş də dağlardan enib,
Yerlər alqışlayır bu ehtiramı.
Kükrəyən tufanlı dənizə dönüb
Bu ilki qələbə – zəfər bayramı!

Hamı istəyir ki, sözünü deyə
Müqəddəs diləklər gül açıb bu gün.
Dünyanı taundan xilas eyləyən
Ərlərin həsrəti dil açıb bu gün!

Düz iyirmi milyon şəhidin qəmi
Çöküb gözlərinə duman, çən kimi!
Qəhrəman general
Bu əziz gündə
Durub əfsanəvi tankı üstündə!

Bu tank o tankdır ki,
Odlar içindən
Çıxıb yol gedibdir Baltikə qədər!
Bu tank o tankdır ki,
Əmr etsə Vətən,
Yenidən yerindən dəbərə bilər!

Bizim aramızda milyon Həzi var,
Qanında qaynayır elin qeyrəti!
Bu gün qan-qan deyən alçaq qəsbkar
Heç vaxt unutmasın bu həqiqəti!

Sən ey böyük insan!
Cəsarətinə
Nəğmələr qoşuram candan, ürəkdən.
Hər dəfə gələndə ziyarətinə
Elə bil yenidən doğuluram mən.

Adınla fəxr edir ulu Vətənim –
Doğma Azərbaycan, torpağım, daşım.
Xəzərtək kükrəyir ürəyim mənim.
Qarlı dağlar kimi ucalır başım!

1983


Ölüm cərgəmizə yaxınlaşıbdı

Başlandı bir nəslin yarpaq tökümü...
Nazim Hikmət


Yoxdur nə amanı, nə də möhnəti,
Nə abır-həyası, nə də qeyrəti.
Qəfil aparmaqdır işi, adəti.
Yaşımız yenicə qırxı aşıbdı,
Ölüm cərgəmizə yaxınlaşıbdı!

Gəlir, gözəlliyə, yaşa baxmır o,
Gəzmək vaxtımızdır qoşa, baxmır o;
Çallaşan, ağaran başa baxmır o.
Şəvə saçlılar da bu gün çaşıbdı -
Ölüm cərgəmizə yaxınlaşıbdı!

Həmişə baltanı vurub kökündən:
Müşfiqi sıradan qoparan gündən,
Cəfəri, Səmədi aparan gündən
Bir belə qudurub, həddi aşıbdı,
Ölüm cərgəmizə yaxınlaşıbdı!

Nə qədər dost-tanış cavan gedibdi,
Əlitək bir şair, insan gedibdi,
İki Sabirimiz yaman gedibdi...
Səbrimin kasası aşıb-daşıbdı,
Ölüm cərgəmizə yaxınlaşıbdı!

Gecələr bir işıq gəlirsə hardan,
Pusur kölgə kimi, əl çəkmir ordan.
Yoxsa xoşu gəlir bu yazanlardan?
Yoxsa sənətkara, şeirə aşiqdi?
Ölüm cərgəmizə yaxınlaşıbdı!

Gedirik, qaralan çıraqlar qalır,
Hələ yazılmamış varaqlar qalır;
Tifil, gözüyaşlı uşaqlar qalır,
Deyən, iblis ilə xısınlaşıbdı, -
Ölüm cərgəmizə yaxınlaşıbdı!

Özümüz getsək də, sözümüz durur,
Şeirdə, sənətdə gözümüz durur,
Bu torpaq üstündə izimiz durur,
Bu böyük hikməti qanmır, naşıdı,
Ölüm cərgəmizə yaxınlaşıbdı!..

1979


Bu torpaqda bitən dəmirağacam

Od-alov rəngindədir
mənim yarpağım.
Babəkin sıyrılmış qılıncıdır
hər budağım.
Köküm qartal caynağıdır,
işləyib dərinə.
Budaqlarım həsrətlilər kimi
sarmaşıb bir-birinə.
Görənlər mat qalır
bu vüsala,
bu sevgiyə,
bu görüşə.
Bir gün məni doğrasalar,
Rişələrimdən
körpə təbəssümlü
yüz-yüz pöhrə qalxar
üzü günəşə...
Kəsin məni,
beşik qayırın,
körpü salın,
ev tikin.
Lap aparın ocaqda yandırın
Və... naşı adamları qandırın:
Hərçənd dəmirdən sərtdir üzüm,
möhkəmdir bədənim,
Ancaq mən
Heç vaxt, heç zaman
ayrı yerdə bitmərəm.
Bu torpaqdır mənim yurdum,
əbədi məskənim.
Mən torpaqdan su yerinə
od içirəm.
Ömürlük də bu torpağa möhtacam.
Elə buna görə də
Odlar diyarında bitən möcüzəyəm –
dəmirağacam!

1983


Yüz il sonra da

Bir dağ siqləti mənim sözümdə,
Torpaq beşiyimdir, səma məskənim.
Üfüqlər köksümdə, yollar gözümdə,
Ümmanlar qəlbimdə gizlənib mənim!

Kainat lərzəyə düşüb səsimdən,
Sevən ürəklərdə odam, atəşəm.
Ulduzlar isinsin qoy nəfəsimdən –
Torpaqdan boylanan sönməz günəşəm!

Mən onun gücüylə, məhəbbətilə
Atıldım odlara səməndər kimi.
Bir eşqin, bir ömrün hərarətilə
Nura boyanmışam səhərlər kimi.

Min dəfə düşsəm də alova, oda,
Bir yol da düşmənə çökməmişəm diz.
Məni axtarsanız, yüz il sonra da
Yenə aranızda görəcəksiniz.

Sonsuz fəzalara yol açanların
Dünya sevincindən gözlərim dolar.
Əməli günəştək nur saçanların
Ürəyi əbədi ünvanım olar!


Müsəlmanların on beşinci əsrinə

Mübarəkdir qədəmin!
«Allahu-əkbər – ulu tanrı» dünyasına
tufanla gəlmisən,
vulkanla gəlmisən!
Şəttül-ərəb,
Qüds,
Colan...
Əlbəyaxa döyüşdədir
qürubla dan!
Milyonların şəfa dərmanı səndədəir,
Müstəbidlərin ölüm fərmanı səndədir!
Səndədir Əfqanıstanın təbəssümü,
İranın tufanı!
Səndədir fələstinlilərin
Vətən gümanı!
Sən neçə ölkə üçün, millət üçün
Yeni himn,
Yeni bayraq gətirmisən!
Azadlıq eşqiylə yanan ürəklərə
Sərin bulaq gətirmisən!..
Beş yüz il əvvəl
Kolumb səyahətə çıxıb
kəşf etdi «Yeni dünya»nı.
Beş yüz ildən sonra
Rza şah sığınacaq gəzə-gəzə
Təzədən «kəşf etdi» Amerikanı...
Hələ neçə şahı, sultanı,
əmiri, xanı
qürbət gözləyir,
zillət gözləyir...
Düyümlənmiş yumruqları
göyə qalxanların əsri!
Qürubda çarpışıb,
Dan yerinə ümidlə baxanların əsri!
Xoş gəlmisən
sən müsəlman dünyasına –
Kim üçünsə ulu tanrı,
Kim üçünsə ulu insan dünyasına!

1980


Başlayın birinci Azərbaycandan

Xalq şairi Süleyman Rüstəmə

O hansı diyardır min il yaşı var,
Hər qarış torpağı qızıldan baha?
Yüz xalqın içində alnında vüqar
İnamla yol gedir sabaha!
Görmək istəsəniz belə bir məkan,
Başlayın birinci Azərbayandan!

O hansı diyardır baxsan hayana,
Görərsən daşı da fikrə dalıbdı:
Meşəsi marala, düzü ceyrana,
Dənizi balığa həsrət qalbdı!
Belə bir torpağı versəniz nişan,
Başlayın birinci Azərbaycandan!

O hansı diyardır ərdir hər oğlu,
Dəryadır sevgisi, damladır kini?
Tarixin pozulmaz yaddaşında o,
Qılıncla yazıbdı öz taleyini!
Səməndər quşuna gəzsəniz ünvan,
Başlayın birinci Azərbaycandan!

O hansı diyardır orda qorxmadan
Törəyib çoxalır cənablar, serlər?
Orda hökm eləyir, sulayır meydan
Bəzi bığıburma multmilyonerlər!
Vallah şişirtmirəm, deyil bu yalan,
Başlayın birinci Azərbaycandan!

O hansı diyardır yaranan gündən
Azadlıq adında bir şüarı var?
İnamı yolunda dara çəkilən
Dahi Nəsimitək yüz şairi var!
Harda ki Allahdan uludur insan,
Başlayın birinci Azərbaycandan!

O hansı diyardır, orda doğma – yad
Yadın nəyi varsa – bal, şəkər, qaymaq!
Ürəyi xərabət, diləyi bərbad
Bir sürü gic, səfeh, avara maymaq!
Ədalət əliylə tutulsa divan,
Başlayın birinci Azərbaycandan!

O hansı diyardır əzəldən bəri
Ona Odlar yurdu söyləyirik biz?
Bütün pislikləri, əyrilikləri
Kəsməyə bir iti xəncər gəzsəniz,
Tərəddüd etmədən heç vaxt, heç zaman,
Başlayın birinci Azərbaycandan!

1983


Xalaxətrin qalmasın...

Diksinirəm yalançı tərifdən, alqışdan –
Yığıb məni boğaza xalaxətrin qalmasın.
Başımızın üstünü alan bu qarlı qışdan
Çıxarmaz bizi yaza xalaxətrin qalmasın.

Xalaxətrin qalmasın çağrılıq toya biz,
Xalaxətrin qalmasın yollanırıq vaya biz.
Xalaxətrin qalmasın oxunur jurnal, kitab,
Xalaxətrin qalmasın başlanır sual-cavab.

Əl verib görüşürük xalaxətrin qalmasın,
Lap elə öpüşürük xalaxətrin qalmasın.
Salam! Təbrik! Hər nida xalaxətrin
qalmasın,
Var ol! Yaşa! Əlvida! – Xalaxətrin qalmasın!

Ütülənmiş paltartək şax dururuq könülsüz,
Uzaq dosta, qardaşa tel vururuq könülsüz...
Əridib gilə-gilə ömrümüzü könülsüz,
Aldadırıq hər addım özümüzü könülsüz...

Xalaxətrin qalmasın... bu nə vərdiş, nə adət?
Bu adətlə itirmi bu torpağa sədaqət?
Məhəbbətdən tutmasaq ürəyin yükünü biz,
Kəsəmmərik bu mundar mərəzin kökünü biz!


Düşdü

Ələsgərsayağı

Usaq bir obada basıldı düymə,
Cəmi müşkül işlər yoluna düşdü.
Yetişmiş xiyarlar, kal pomidorlar
Tağından yolundu, balona düşdü.

Sədr gecə-gündüz sürdü kefini,
Bildi zərərini, bildi nəfini.
Özündən kiçiyin yıxdı evini,
Özündən böyüyün felinə düşdü.

Əmr etdi o səfeh, dəli qurumsaq,
«Baş üstə» söylədi bir neçə axmaq.
İldə üç-dörd dəfə əkildi torpaq,
Həyət bacalar da plana düşdü.

Getdi bostan – qarpız, yemiş qalmadı,
Öldü inək, camış – örüş qalmadı,
Dana-duna, quzu, çəpiş qalmadı,
Tamahı özgənin malına düşdü.

Qaldı bəzisinin gözü varaqda,
Bəzisi təsəlli tapdı araqda,
Ortada yeyənlər gəzdi qıraqda,
Əmi-dayıların dalına düşdü.

Görmədi əyrini, görmədi düzü,
Qulağı ardına vurdu haqq sözü.
Yedi də, köpdü də, qızanda gözü
Xalxın subayına, duluna düşdü.

Yaman ayaq tutub yeridi yalan,
Aldı illər boyu təşəkkür, filan...
Gördü iş şuluqdur, çıxdı oyundan,
Ayrı yerdə bir süd gölünə düşdü.

İşarət etdilər, zalım qanmadı,
Körüyü basdılar, alovlanmadı.
Eli-obasıyla düz dolanmadı,
Nifrətin nagahan selinə düşdü.

Bir gün xəzan çağı saralanda ot,
Durdu başı üstə bir qara bulud.
Yalanı, nahaqı qarsalayan od
Canına, evinə, puluna düşdü.

1982


Parodiyalar


Hər şeyim əlimdədir...

Fərəhim, gileyim sənin əlində,
Şərəfim, taleyim sənin əlində,
Nə deyim, hər şeyim sənin əlində,
Qoyma ürəyimə qor dolsun, oğlum!

Rəfiq Zəka

Xəndanım gülümsündü.
Dedi: - Ata, görürəm.
Mən dünyaya gələli
Bilmirsən nədi dərd-qəm.
Necə də vurulmusan
Məndəki əziz ada.
Bəli, göz açan gündən
Bu işıqlı həyata
Mənim də minəcəyim
«Volqa», «Zim»im əlindədir.
Sıyıq dolu butılkam,
Əmziyim əlindədir!
Pitim, aşım, bozbaşım,
Plovum əlindədir.
Taleyimin, bəxtimin
Cilovu əlindədir.
Əlindədir baxışım,
Əlindədir duruşum,
Əlindədir gülüşüm...
Oğlun ömürlük yaşar
Azad, xoşbəxt, bəxtiyar.
Mənim coşğun ruhumda
Səbr, dözüm, ixtiyar,
Hamısı əlindədir.
Qəm yemə, ürəyinə
Əgər qor dola, atam.
Qor dolmasa ürəyə
Dönüb qurd olar adam...


Apostrof

Dövlətlərin sərhəd xətti – apostrof,
Qısqanclığın axır həddi – apostrof.
...Yoldaş durğu işarəsi!
Qıyma cərgə, sıra sına,
Qayıt vergül sırasına!

Oqtay Rza

Yoldaş durğu işarəsi!
Bundan sonra yerini bil.
Axı belə naz-qəmzənlə
Oynayıbdı de, hansı dil?
Başaşağı durma daha,
Qoy görk olsun sənə vergül.
Defistək ortada gəzmə,
Nidatək qırağa çəkil.
Dinməyəndə qızışırsan,
Qudurursan sən ilbəil.
Səni orfoqrafiyada
Saxlamaq tay mümkün deyil!
Apostrof ayrılıqdır
Oder kimi, Araz kimi.
Biçir-tökür ürəkləri
Dəhrə kimi, dəryaz kimi.
Əriyərsən, mum olarsan
Dayansan da Kəpəz kimi.
Alma onu vecinə sən.
Baxma ona qərəz kimi.
Qovur sacda, tök cibinə,
At ağzına çərəz kimi.
Yoxsa səni didib-yeyər
Sağalmayan mərəz kimi!

Apostrof... dövlətlərin
Arasında sərhəd olub.
Səbrlərin kasasını
Damcıladan son hədd olub.
Sevənləri bir-birindən
Ayrı salan möhnət olub.
Şairin el sevgisini
Faş eləyən cəhət...
Belə getsə. Deyəcəkər:
Söz başına qəhət olub?
Oqtaya ilk parodiyanı
Yazan... dostu Əhəd olub...

Yoldaş şair!
Xeyli vaxtdır yolun düşmür
Uca dağlar arasına,
Əlin dəymir mineralın
Orasına-burasına.
Həmkarların mat-qalıbdı
Bu işlərin sonrasına.
Gecə-gündüz deyinirlər
Şairlərin qarasına.
Qoyma onlar sənsiz qala,
Qıyma cərgə, sıra sına.
Nə qədər gec deyil, qayıt
Geoloqların sırasına...
XS
SM
MD
LG