Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:40

Azərbaycan tarixi «Möhtəşəm yüz il» serialındakına bənzəyirmi?


Mustafa Çəmənli
Mustafa Çəmənli
-
«Şah Təhmasib «Möhtəşəm yüz il» serialında göstərilən kimi olmayıb».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxmış «Ölüm mələyi» romanının müəllifi yazıçı Mustafa Çəmənli söylədi.

ÇALDIRAN DÖYÜŞÜNDƏN ƏVVƏL QOŞUN İÇKİ İÇİBMİŞ?!

Onun fikrincə, dövrünün ən mütərəqqi şahlarından olan Şah Təhmasibin Türkiyənin «Möhtəşəm yüz il» serialındakı obrazı gerçəkliyə uyğun deyil:

«Mən Sultan Süleymanın «Cahan Sultanı» çağırıldığını qəbul edirəm, amma Sultan Süleyman məhz Şah Təhmasibin tədbirləri sayəsində Azərbaycanda çox qala bilməyib. Elə «Möhtəşəm yüz il»də də deyilir ki, cəmi 4-cə gün qalır... Təhmasib öz təzkirəsində yazır ki, Sultan məni atam kimi (1 Şah İsmayıl—S.İ.) döyüşə çağırırdı. Amma atam o zaman səhv edib. Durmuş xanın təhrikiylə (1 Şah Təhmasibin dayısı—S.İ.) döyüşə gedib. Sonra eşitdim ki, o gecə şərab içiblər. Təhmasib yazır ki, o döyüşə getmək lazım deyildi. Mən istəmirdim ki, iki müsəlman dövləti üz-üzə gəlsin. Təhmasib hər şeyə sülhlə yanaşan şah olub. Fikirləşib ki, məğlub olacağını bildiyi halda əsgərləri ölümə göndərmək nəyə gərəkdir?».

Yazıçı bu fikirdədir ki, Türkiyə türkləri bizim qardaşımızdır:

«Amma gərək belə filmlər çəkiləndə başqasının heysiyyətinə toxunmayasan».

TARİX KİTABLARINDA ŞAH TƏHMASİBİN OBRAZI YOXDUR!

Romanı yazarkən Səfəvilər dövrünə aid müxtəlif qaynaqlardan yararlanan yazıçı hətta Şah Təhmasibin özünün təzkirəsini (katiblərin—pərvanələrin yazdığı—S.İ.) belə oxuduğunu bildirdi:

«Şah Təhmasibə çox müsbət münasibətim yarandı. Atası Şah İsmayılı tarix kitablarında göylərə qaldırsalar da, oğul Təhmasib barədə geniş yazılmayıb. Yəqin ki, bütün şahlar kimi Təhmasib də qüsursuz deyildi. Amma etiraf edək ki, 53 il 6 ay hakimiyyətdə olmaq hər şaha qismət olmur. Şah Təhmasib ədalətli olub. Vergi sistemində dəyişiklik edib. Atasından sonra ətrafını da genişləndirib—bəylərbəyində birləşdirib. Yetimxanalar açıb».

MÖHTƏŞƏM SÜLEYMANA MÖHTƏŞƏM ZƏRBƏ?!

Mustafa Çəmənli Şah Təhmasibin döyüşə çox ciddi hazırlaşmağa məcbur olduğunu bildirdi:

«Haradan keçəcəksə, o kəndləri vergidən azad etdirib. Deyib nə qədər məhsulunuz var yığın, mən kəhrizləri doldurmağa məcburam. Silah-sursat gətirən dəvələrin gedişinə-gəlişinə belə nəzarət edib. Sultanın orduları keçəcək yeri bərbad vəziyyətə salıb ki, gəlib heç nəyə nail olmasın. Həqiqətən də, Sultan Süleymanın möhtəşəmliyini, böyüklüyünü inkar etmədən bildirək ki, o, Azərbaycana hücum edib... Əvvəl İbrahim Paşa girib. Sultan özü də gəlib. Görüb ki, qalmaq mümkün deyil. Azuqə yoxdur.
Şah Təhmasib
Şah Təhmasib
Ən çox qaldıqları müddət bir ay olub. Şah Təhmasib arxadan ona dəfələrlə zərbələr vurub. Serialda buna işarələr də var. Təhmasib hücum edib onun şəhərlərinin bəzisini yandırıb, bəzisini də yandırmayıb. Yazır ki, mən istəmədim, müsəlman dövlətinin bir çox şəhərlərini yandıra bilərdim, yandırmadım...».

ÖLÜM MƏLƏYİ KİMDİR?

Yazıçının romanında «ölüm mələyi» adlandırdığı Şah Təhmasibin oğlu II Şah İsmayıldır :

«İsmayıl Mirzə 24 yaşında qəhrəman bir oğlan olub. Sultan Süleymanın neçə paşasını əsir götürüb. Hətta Sultanın qulamını belə oğurlayıb. Osmanlılar ona «Dəli İsmayıl» adı qoymuşdular. Döyüşdə qətiyyətli imiş. Şücaəti hərdən qəddarlıq dərəcəsinə çatırmış. Həm də şairlik, naqqaşlıq qabiliyyəti olan İsmayıl Mirzə atasının (I Şah Təhmasibin—S.İ.) bağladığı sülh sazişi ilə razılaşa bilmirdi. Şah Təhmasib sülhün pozulmaması naminə (bəlkə arada hakimiyyəti oğluna verməmək məsələsi də rol oynayıb) oğlunu Qəhqəhə qalasına saldırıb...».

QƏHQƏHƏ QALASINDA KEÇƏN 19 İL 6 AY 21 GÜNLÜK ÖMÜR...

Mustafa Çəmənli o vaxt Səfəvilərin xəzinəsinin də Qəhqəhə qalasında olduğunu dedi:

«Və Şah Təhmasibin oğlu İsmayıl Mirzə 19 il 6 ay və 21 gün bu qalada qalır... Roman çox maralı alınıb. Özüm yazdığım üçün demirəm. O dövrdəki saray çəkişmələri, Səfəvi xanədanında başlayan ikitirəlik, Şahsevənlərin ortaya çıxması və s. təsvir olunub. Təhmasib Şah iki dəfə xəstə olub. Həmən də yeni şahın kim olacağı üstündə qovğalar başlayıb. Şah sağalıb. Ayağa durarkən də bilir ki, doğmaları hakimiyyət davası edir, üzlərinə vurmur. Bir tərəfdə Təhmasibin gürcü qızından olan oğlu Heydər Mirzə idi. Təhmasib onu çox sevirdi. O biri tərəf qalada yatan İsmayıl Mirzəni şahlığa gətirmək istəyirdi...».

SÖHBƏT YASAVULU...

Yazıçı o dövrdə şahların yanında xüsusi yasavul olduğunu və hər şeyi şahın ovcuna qoyduğunu deyir:

«Təhmasib hər şeyi bilsə də, üstünü vurmur, sakitcə ikitirəlik salanları saraydan uzaqlaşdırır—başqa yerlərə göndərir. Hətta sevimli oğlu Heydər Mirzənin üzünə bir dəfə də bu söhbəti vurmur. Belə mərdanə cəhətləri olub onun. İkinci xəstəlikdən sonra Təhmasib ayağa dura bilmir. Hakimiyyət uğrunda mübarizə şiddətlənir. Və Şah Təhmasibin qızı Pərxan (1548-ci ildə Əhərdə doğulub—şah ona ölən bacısının adını veribmiş - S.İ.) Qəhqəhə qalasında yatan qardaşı İsmayılın qüdrətinə inandığından onu hakimiyyətdə görmək istəyir...».

HEYDƏR MİRZƏ ATASI ÖLƏN KİMİ 1 GÜNLÜK ŞAH OLUR

Mustafa Çəmənli Heydər Mirzənin cəmi bir gün şah olduğunu söylədi:

«Ona içəridə xəyanət edirlər və bir günün şahı öldürülür... Təhmasibin ən əziz oğlu atasından sonra aradan götürülür. Deyilənə görə, sakit təbiətli, çox göyçək bir adam olub. Vuruşmağa meylli deyildi, amma çox gözəl natiq idi. Venesiya səfiri belə yazıb. Heydər Mirzəni öldürənlər Qəhqəhə qalasında yatan İsmayılı hakimiyyətə gətirirlər».

II Şah İsmayıl
II Şah İsmayıl
II İSMAYIL... HAMINI ÖLDÜRTDÜRÜR...

Yazıçı deyir ki, qəhrəmanı zindana salıb yenidən qəhrəman yaratmaq mümkün olmur:

«Bu müddətdə onun düşüncəsində, psixologiyasında dəyişikliklər olması qaçılmazdır... 43 yaşında qaladan çıxıb hakimiyyətə gələn İsmayılın vəliəhdi yox idi (yalnız bir qızı varmış—S.İ.). O, hamıdan şübhəliydi. II Şah İsmayıl şahlığa gələn kimi başlayır qardaşlarını, əmisi uşaqlarını—kişi cinsindən olan hər kəsi aradan götürməyə... Ona görə də, romanın axırında—həm də onun ömrünün son gecəsində dostu Halvaçıoğluna deyir ki, sən bilirsənmi mən kiməm? Mən ölüm mələyiyəm. Qətlinə fərman verdiklərim gecələr yuxuma girib məni bu adla çağırır...».

PƏRXAN HAKİMİYYƏTƏ GƏTİRDİYİ QARDAŞINI ZƏHƏRLƏTDİRİR

Yazıçı romanı yazarkən gerçək hadisələrdən yararlandığını və belə bir qənaətə gəldiyini də bildirdi:

«Günahı olan və Allahın qarşısında günahkar olan bəndələrin heç biri cəzasız qalmır. Heydər Mirzənin ölümündə iştirak edənlər İsmayıl Şah tərəfindən cəzalandırıldı. Qardaşını şahlığa gətirən Pərxan hamını qırdığını görüb onu zəhərlətdirdi....».

Mustafa Çəmənli epiloqda yaratdığı obrazların taleyinə də aydınlıq gətirdiyini dedi:

«İsmayıldan sonra əvvəllər layiq bilmədikləri Məhəmməd Mirzəni hakimiyyətə gətirirlər. İsmayıldan böyük qardaş idi. Gözü zəif olduğundan tarixə «Kor Xudabəndə» kimi düşüb. Xudabəndənin həyat yoldaşı isə baldızı Pərxana qarşı mübarizəyə başlayır. Pərxanı onun istəyi ilə boğub öldürürlər. Taleyin işinə bax! Həmin xanımı (Xudabəndənin həyat yoldaşını) bir müddət sonra Qızılbaş əmirləri elə Pərxanın evinə gətirib boğurlar... Bu xanım ölkədə az qala ikinci şah sayılırdı. Şahın möhürünün yanına onun möhürü vurulurdu. O, sonradan hakimiyyətə gələn I Şah Abbasın anası idi. Epiloqda bir el sözü də vermişəm:
Nə baxırsan gülə-gülə,
Mən də baxdım gülə-gülə.
Uçacaqsan sən də bir gün,
Baxacaqlar gülə-gülə...».

Azərbaycan tarixi haqda söhbətlərimiz davam edəcək.
XS
SM
MD
LG