Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:29

Avropa inəklərinin Azərbaycan aqibəti...


Arxiv foto
Arxiv foto

Xarici idmançılar milli komandanın üzvü olur. Xarici avtomobillər milli maşın kimi «istehsal» edilir. Bəs inəklər? Bu araşdırma xarici inəklərin milliləşdirilməsinə həsr olunur

-
Yüksək qonorar və vətəndaşlıq verməklə əcnəbi idmançı milli komandanın üzvü olur. Xarici avtomobillər ehtiyat hissə kimi ölkəyə gətirilib, milli maşın kimi "istehsal" edilir. Bəs inəklər? Bu araşdırma xarici inəklərin milliləşdirilməsinə həsr olunur

3 ildir xaricdən gətirilən cins heyvanlar Azərbaycana alışıb, bəhrə verə bilirlərmi?

QITLIQDAN NECƏ QURTULMALI...

Yerli hökumət 2008-ci ildə ölkəni qıtlıqdan sığortalamaq üçün ayrıca Ərzaq Proqramı qəbul edib. Çünki Dünya Ərzaq Təşkilatı bir neçə ildir dünyada ərzağın qiymətinin bahalaşacağı ilə bağlı həyəcan təbili çalır. Artıq taxıl məhsullarının qiymətində bu artımı görmək mümkündür.

«2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»ında ölkənin idxaldan asılılığını azaltmaq üçün bir neçə hədəf müəyyənləşib. Onlardan biri də süd və süd məhsulları istehsalının artımıdır. Hökumətin hədəfi doğrulsa, Azərbaycan, necə deyərlər, nəinki süd gölündə üzməlidir, üstəlik, xaricə də süd və süd məhsulu satmaq imkanı qazanmalıdır. 2015-ci ilə qədər ölkədə süd və süd məhsullarının istehsalının 2.5 milyon tona çatması əsas hədəf kimi götürülüb. Hökumət bu məqsədə aparan yolu heyvandarlığın tərkibini xarici cins heyvanların hesabına yaxşılaşdırmaqda görüb.

Azərbaycana son illərdə 21 milyon manatlıq damazlıq heyvan gətirilib.

Ölkəyə «Aqrolizinq»in xətti ilə son üç ildə 21 milyon manatlıq damazlıq heyvan gətirilib. Bunun üçün lazım olan maliyyə isə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılıb. 2009-cu ildən üzü bəri «xarici» heyvanlar üçün ayrılan vəsait artan xətt üzrə gedib. Elə alınan heyvanların sayı da.

Büdcə hesabına hökumət bu hədəfə yaxınlaşıbmı? Ayrılan vəsait yetərlidirmi və səmərəli xərclənirmi? Üstəlik, ortada effektiv nəticə varmı?

AzadlıqRadiosu və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun «İctimai Vəsaitlərlə bağlı Regional Araşdırıcı Jurnalistika Məktəbi» layihəsi çərçivəsində biz bu suallara cavab axtardıq.

«AVROPALI İNƏK» VƏ AZƏRBAYCAN TÖVLƏSİ...

«Aqrolizinq» ASC
«Aqrolizinq» ASC

«Aqrolizinq» ASC-dən AzadlıqRadiosuna verilən məlumata görə, ölkəyə 2009-cu ildən indiyə kimi 4500-ə yaxın damazlıq dişi heyvan gətirilib. Bu heyvanlar 200-dən çox iri və kiçik fermer təsərrüfatına verilib. Kimisi beş-on heyvan alıb, kimisi yüzdən çox. Heyvanın dəyərinin 50 faizi büdcə hesabına ödənilir, fermer isə yerdə qalan hissənin yarısını ilkin ödəniş kimi verir, yarısını da 3 il ərzində qaytarmalıdır. «Aqrolizinq»dən deyirlər ki, şərt bununla bitmir. Yəni, könlündən damazlıq heyvan keçən fermerin özünün əkin sahəsi olmalıdır. Gətirilən inəyin saxlanacağı tövlədə hər şərait yaradılmalıdır: normaya uyğun nəmlik, işıqlandırma, tavanın hündürlüyü, heyvanların çimizdirilməsi, sağımı üçün yer, qaşovu, sərt gigiyenik qaydalar... Bir sözlə, tövlə cins inəyə bir növ Avropanı xatırlatmalıdır ki, heyvan məhsuldar süd verə bilsin.

KƏNDDƏN BAKIYA GƏTİRİLƏN CİNS HEYVANLAR VƏ UCUZ SÜD ALICILARI

Əcnəbi cins inəkləri gendən tanımaq mümkündür. O, boy-buxunu ilə az qala fili xatırladır. Daşkəsənin Quşçu kəndində fermer Firudin Həsənov da bol süd almaq arzusuna iki-üç il əvvəl düşüb. O, «Aqrolizinq»dən 30-a yaxın damazlıq inək aldığını söyləyir. Amma gün şüasının zorla işıqlandırdığı tövlədə bir neçə heyvanı görürük. Tövlə sanki aylarladır təmizlənmir, heyvanlar da peyinə bulaşıblar. Milçək də bir yandan heyvanın başı üzərində vızıldaşır. Hörümçəklər divarlara torlardan «sənət əsəri» toxuyublar. Yem saxlanan qabların da üstündə milçək uçuşur.

Bu şəraitdə saxlanan heyvan nə qədər süd verir? Firudin Həsənov deyir ki, gündəlik 18-22 litr süd sağa bilirlər.

- Ən yaxşı halda, üçüncü nəsil bala verəndə süd məhsuldarlığı 28 litrə çata bilər.


- Bəs südü harada satırsınız?


- Kənddə südü sata bilmədik, çox ucuz istəyirdilər. Məcbur oldum heyvanları Bakıya, Saray qəsəbəsinə göndərdim. Çünki Bakıda südün 1 litrini 80 qəpikdən sata bilirik.

Tərbiyə Yusifova
Tərbiyə Yusifova

Samux rayonunda yerləşən «Ruzi» Fermer Təsərrüfatının rəhbəri Tərbiyə Yusifova isə deyir ki, inəyin rasionunda şirəli yemi bol eləsə, gündə 35 litr süd sağa bilər:


«Amma edə bilmirik. Xaricdən gətirilən heyvanlar çox ciddi qulluq, kalorili yem istəyir. Südünü 32 qəpikdən satırıq. Südün qazancına elə inəyin yemini alırıq. Nəzərdə tutmuşduq ki, tikdiyimiz yeni tövlədə inəklərin özünü saxlayacağıq. Onun verdiyi süd hesabına əldə olunan gəlirə də buzovlar üçün tövlə tikəcəyik. Amma xərci borcunu zorla ödədiyindən bu heyvanlar üçün lazım olan şəraiti yarada bilmədik».


DÖRD İLDƏ SÜD İSTEHSALI ARTIBMI?

Azərbaycanda ötən il adambaşına günə yarım litrə qədər süd istehsal olunub. Yəni, Dövlət Statistika Komitəsi adambaşına illik 180 litrə yaxın süd istehsal edildiyini göstərir. Bəs 2008-ci ildən bəri, yəni damazlıq heyvanların ölkəyə gətirilməsindən sonra artım nə qədər olub? Rəsmi statistikada 2007-ci ildən bəri süd istehsalının artım dinamikası belə olub:

İlSüd istehsalı (ton)İllər arasındakı fərq
(faizlə)
20071 341.3
20081 381,63
20091 433,13.7
20101 536,17.1
20111 6225.6


«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyin sədr müavini Rövşən Ağayev deyir ki, əslində artım dinamikasının yüksək olmayacağı gözlənirdi. Onun bildirdiyinə görə, alınan damazlıq heyvanın ölkədəki mal-qaranın ümumi sayında payı cüzidir:
«Buna görə ümumi süd istehsalında damazlıq heyvanın payını görmək çətindir».

Müsahibimiz hesab edir ki, süd istehsalının tonlarla artımını görmək üçün mal-qaranın tərkibi cins heyvanlarla əvəzlənməlidir: "Bu da uzun çəkən prosesdir».

Azərbaycanda əhalinin illik 3 milyon 200 min ton süd və süd məhsullarına tələbatı var.

HESABATDAN HESABATA ÖTÜRÜLƏN TƏKLİF

Ərzaq Proqramında yalnız 2015-ci il hədəfi göstərilib. Bəs 2009-cu və sonrakı illər üçün hədəf neçə ton olub? Proqramın yerinə yetirilməsi üzrə Kənd Təsərrüfatı Nazirliyinin illik hesabatlarında süd istehsalının həcmi barədə söz açılmır. Əvəzində nazirlik 2010-cu ildəki hesabatında ölkədə ət və süd istehsalının artımına ciddi təsir edən bəzi bitkilərin əkilmədiyini bildirib.


«Mal-qara ancaq otun, küləşin və kəpəyin hesabına yemləndirilir. Elə buna görə də mal-qaranın məhsuldarlığı çox aşağıdır»,- hesabatda deyilir.

Nazirlik fermerlərə müxtəlif bitki növlərinin əkilməsi üçün subsidiyaların verilməsini təklif edir. 2011-ci ildəki hesabatda da süd istehsalı ilə bağlı təxminən bu məzmunda «etiraf» və «təklif» oxuyuruq. Nazirlik təəssüflənir ki, hələ də südlük heyvanlar tam balanslaşdırılmış yemlə qidalanmır.

Yenə də rəqəmlərin dili ilə desək, 2008-ci ildə ölkədə bir inək və camış təqribən 1100 litr süd verib. Ötən il isə məhsuldarlıq 1135 litrə çatıb. (Latviya, Estoniya və Almaniyada bir inəyin məhsuldarlığı 5000-7000 litr olub).

Statistikaya əsasən, süd istehsalına görə Azərbaycan nəinki Qərb ölkələrindən, hətta 12 MDB ölkəsi arasında da axırıncı yerlədən birini tutur.

ÜMİDLƏR ÖZÜNÜ DOĞRULTMUR...

«Aqrolizinq»in şöbə müdiri Kamil Şamilov AzadlıqRadiosuna müsahibəsində bildirir ki, gətirilən heyvanlar öz yerlərində laktasiya dövründə (305 gün) 10 min litrdən artıq süd verir. Azərbaycanda ən yaxşı halda 6 min litr süd almaq olur. Müsahibimiz bunu heyvanlara qulluqla əlaqələndirir.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov da deyir ki, damazlıq heyvanlar, nəzərdə tutulduğu kimi, gündəlik 40-50 litr süd versəydi, reallıqda statistikada süd artımı mütləq özünü göstərməli idi:


«Gətirilən heyvanlar artıq bir neçə dəfə bala verib. Dişiləri də süd vermə yaşına çatıb. Yəni, təxmini hesablama aparanda, gətirilən cins mal-qaranın hesabına hər ildə ölkədə süd artımı 50 min tondan çox olmalı idi. Həm də idxal azalmalıydı. Amma biz statistik rəqəmlərdə bunun əksini görürük. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə 180 min tondan çox süd və süd məhsulları idxal edilibsə, ötən il bu rəqəm 680 min tona yaxın olub».


MİLÇƏK QOVLAMAQ DA SÜDÜ AZALDIR

Vahid Məhərrəmov deyir ki, yüksək məhsuldar cins mal-qara xüsusi qayğı tələb edir:


«Onlar hətta özlərini milçəklərdən qorumaq məqsədi ilə quyruqlarını yellədəndə belə enerji itirirlər. Bu da məhsuldarlığı azalda bilir. Cins mal-qara hər gün çimizdirilməlidir. Tövlə təmiz olmalıdır, rütubət, temperatur da məhsuldarlığa təsir edir. Bəzi fermerlər heyvanları 15 gündən bir çimizdirirlər. Necə olur ki, Hollandiyadan İsrailə ixrac edilən heyvan gündəlik 50 litr süd verir, amma Azərbaycanda fermerlər bundan 2 dəfə az süd alanda sevinirlər?».


«YEM DAİMİ NƏZARƏTDƏ OLMALIDIR»

Müsahibimiz əlavə edir ki, mal-qara üçün verilən yem daimi analizdən keçirilməlidir:


«Yemin tərkibində nə qədər yağ, zülal və digər vacib elementlərin olduğunu müəyyən edə bilirlərmi? Azərbaycanda taxıl istehsalı zamanı aqrotexniki qaydalara riayət edilmir. Taxıl yığılan kimi qurudulmalıdır. Fermer əldə etdiyi taxılı bir yerə tığlayır. Həmin vaxt taxılın içində qızışma gedir. Bu proses nəticəsində koaqulyasiya, yəni pıxtalaşma baş verir, buğdanın tərkibi dəyişir, zülal demək olar ki, yararsız hala düşür. Nəticədə fermerə elə gəlir ki, onun yemi var. Amma əslində o yem artıq istifadəyə yararsızdır, yəni heyvan yeyəcək, amma məhsuldarlığa müsbət təsiri olmayacaq».
Ölkəyə gətirilən damazlıq cins mal-qaranın bir hissəsi tələf olub. Ziyanı qiymətə çevirsək, bu, təxminən 1 milyon manatdır (2-ci səhifədə oxu)

1 MİLYON MANATLIQ ZƏRƏR

Ölkəyə gətirilən damazlıq cins mal-qaranın bir hissəsi tələf olub. Ziyanı qiymətə çevirsək, bu, təxminən 1 milyon manatdır.

Kənd Təsərrüfatı naziri İsmət Abasov mətbuata bildirib ki, damazlıq heyvanların ölkəyə gətirilməsi üzrə proqramın ilk illərində düzgün qulluq həyata keçirilmədiyinə görə bir neçə damazlıq heyvan tələf olub.

Amma statistik rəqəm «bir neçə yox», onlarla ölüm hadisəsindən xəbər verir.

«Aqrolizinq»dən Azadlıq Radiosuna verilən məlumata görə, 2009-cu ildən ötən ilə qədər 260-dan çox heyvan tələf olub və ya məcburiyyətdən kəsilib.

İlHeyvanların sayıÖlən heyvanın sayıÖlüm halı (faizlə)
2009769759,75
2010900829,01
201116001056,56
Cəmi32692628


HƏR 100 BAŞDAN 9-U ÖLÜB

Ekspert Vahid Məhərrəmov deyir ki, əldə olunan rəqəmlər ölüm faizinin yüksək olduğunu göstərir. Onun fikrincə, xaricdən idxal edilən cins mal-qaranın cavanlığı nəzərə alınsa, ölüm halları olmamalı, ya da çox aşağı olmalı idi:


«Bu inəklərin məhsuldar dövrü hələ qabaqdadır. Elə buna görə də, indiyə kimi gətirilən mal-qaranın hər 100-dən 8-nin ölməsi mənfi hal kimi dəyərləndirilməlidir. Məsələn, 2009-cu ildə hər 100 heyvandan 9-u ölüb. Bu kimi mənfi göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan hökumətinin heyvandarlığı inkişaf etdirmək məqsədilə ilə göstərdiyi səylər əslində bu sahəni sistemli inkişaf etdirməyib. Əksinə, görüntü yaratmaq məqsədi güdülüb».


Türkiyə Damazlıq İnək Yetişdiriciləri Birliyinin rəsmisi Onur Şahin də deyir ki, Türkiyədə yetişdirilmiş «Gentürk» cinsi arasında 100 başa 5-6 ölüm faizi qeydə alınır:


«Mən Azərbaycanda bəzi fermalarda oldum. Zənnimcə, ölümün bir səbəbi də ana inəklərlə buzovların bir yerdə saxlanmasıdır. Tövlənin şəraiti də önəmlidir».


ZİYANA DÜŞƏN FERMERİN ZƏRƏRİNİ KİM ÖDƏYİR?

Tələf olan mal-qara sığorta edilib (Sığorta məbləği bir baş heyvan üçün təxminən 180-200 manat civarında olub). Amma sığorta şirkəti heç də bütün faktları sığorta hadisəsi kimi dəyərləndirməyib. Məsələn, damazlıq heyvanların sığortasını aparan «Alfa» sığorta şirkəti 2009-10-cu illərdə 40 hadisəni sığorta hadisəsi sayıb. Həmin müddətdə isə 160-a yaxın ölüm hadisəsi baş verib. Deməli, yüzdən çox ölüm sığorta hadisəsi sayılmayıb. Doğrudanmı, bu qədər ölümün baş verməsində günahkar yalnız fermerdir?

«Alfa» Sığorta Şirkətinə məsələyə aydınlıq gətirmək üçün müraciət etdik. Amma rəhbərliyin yerində olmadığını əsas gətirib suallarımızı cavablandırmadılar.

«Aqrolizinq»in Almaniyadan aldığı yeni sort inəklər
«Aqrolizinq»in Almaniyadan aldığı yeni sort inəklər

«Aqrolizinq»in şöbə müdiri Kamil Şamilov isə AzadlıqRadiosuna deyir ki, bəzi fermerlər heyvanlara zoobaytar qaydada qulluq edə bilməyiblər, buna görə də inəklər arasında tələfat baş verib:


«Biz sonradan belə məsuliyyətsiz fermerlərə heyvan vermədik».


Fermasında ölüm faktının baş verdiyi fermerlərdən biri - daşkəsənli Firudin Həsənov deyir ki, 10 heyvanın hamısı heç də onun məsuliyyətsizliyi üzündən tələf olmayıb:


«5-i xəstəlikdən öldü, biri otun içində mismar udmuşdu. Amma bəzilərini də məcburi kəsimə verdik. Gördük ki, bala vermir, fermaya xeyri dəymir. Kənd Təsərrüfatı Nazirliyinə müraciət elədim, mütəxəssislər gəlib baxdılar, akt bağladılar, kəsilməsinə razılıq verdilər. İnəyi kəsib ətini satdıq. Amma sığorta yalnız 2 heyvana ödəniş apardı».


Firudin Həsənov sığorta şirkətini haqsız saysa da, onunla məhkəmə mübahisəsinə girməyi də «mənasız iş» hesab edib.
Ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycana idxal olunan cins mal-qara digər qonşu ölkələrə idxal edilən mal-qaradan 30-40% baha başa gəlir: (3-cü səhifədə oxu)


XARİCDƏN ALINAN CİNS İNƏKLƏR DƏYƏRİNDƏN BAHA ALINIB?

Ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycana idxal olunan cins mal-qara digər qonşu ölkələrə idxal edilən mal-qaradan 30-40% baha başa gəlir:


«Hökumətin heç bir hazırlıq işləri görmədən tələm-tələsik büdcə vəsaitini bu sahəyə yönəltməsi başqa mətləblərdən xəbər verir».


Üstəlik, fermerlər dövlətin reallıqda onlara güzəşt etmədiyindən şikayətlənirlər. Fermer Firudin Həsənov bir heyvan üçün (sığortasız) təxminən 2000 manat ödəniş edib. Adının çəkilməsini istəməyən bir fermer isə dövlətin güzəştinin onların müqaviləsində görünmədiyini deyir. Ölkənin Qərb bölgəsində yaşayan fermer söhbətimiz zamanı ortaya bir qucaq kağız gətirdi. «Aqrolizinq»lə bağladığı müqaviləni göstərib dedi ki, burdakı rəqəmlərə diqqət yetirək:


«Bir heyvan mənə sığorta ödənişi ilə birgə 2400 manata başa gəlir. İndi bu 50 faiz güzəşt harada qaldı?».

Müqavilədə mal-qaranın ümumi məbləği qeyd olunmayıb. Yalnız fermerin ödəyəcəyi məbləğ göstərilib. Hesablamalar fermerin bir inəyə orta hesabla 2200 manat (sığortasız) ödədiyini göstərir. Dövlətin əlli faizlik güzəşti ilə birgə bir baş heyvanın dəyəri 4 400 manata çıxır.

«JİQULİ» QİYMƏTİNƏ İNƏK

Maşın bazarında babat bir «07»ni 3-4 min manata almaq olar. Amma Azərbaycanda canlı dördayaqlı da elə dəmir dördtəkərlinin dəyərinə gəlib çıxır. «Aqrolizinq»in şöbə müdiri Kamil Şamilov isə deyir ki, fermerlər səhv edir, onlar 4-5 min manata inək almayıblar:


«Ən bahalısının dəyəri (çəkisinə görə) 3500 manatdır. Müqavilədə də ona görə heyvanın bütün qiymətini göstərməmişik ki, məbləğin yarısını hökumət ödəyir. Biz fermerin ödəyəcəyi pulu göstərmişik».


Bəs rəsmi rəqəmlər nə deyir? «Aqrolizinq» 2009-cu ildə 3 milyon manata 770 heyvan alıb. Orta hesabla bir heyvanın dəyəri təxminən 4 min manata çıxır.

Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında yerləşdirilmiş müqavilələrin reyestr məlumatları arasında «Aqrolizinq»in «Swisspoint Merchants Limited» adlı şirkətlə bağladığı razılaşma da var. Həmin müqaviləyə görə, «Aqrolizinq» 2011-ci ildə 200 baş «Simmental» cinsli mal-qara üçün şirkətə 700 min manatdan çox vəsait ödəyib. Yəni, bir simmental 3500 manata başa gəlib. 1400 «Holştrin-friz» (qara-ala) və «Svis» cinsli heyvan üçün isə təxminən 5 milyon manat xərclənib. Yəni heyvanın birinin dəyəri orta hesabla 3600 manat olub.

«BAZARDA UCUZ TƏKLİFLƏR VAR»

Türk şirkətləri isə bir inəyi 1000 manat ucuzuna təklif edir.

Yeni inək sortları
Yeni inək sortları

Türkiyənin Burdur şəhərində yerləşən «Kayalar» şirkəti Avstriyadan gətirilən, «Simmental» cinsindən olan 24 aylıq boğaz inəyi 2700 avroya satır. Şirkətin əməkdaşı Ümid Özcan bizimlə söhbətdə bildirdi ki, üçüncü doğuşdan sonra inəyin gündə 35 litr süd verməsi gözlənir. Müsahibimiz deyir ki, bu cinsin dəyəri Avstriyada təxminən 1200 avrodur, Türkiyəyə gəlib çıxana qədər - yəni, daşınma, sığorta və digər xərclərlə birgə maya dəyəri 2300 avroya çıxır.

Macarıstanın «Perde KFT» şirkətinin baş direktoru Halis Akçay isə AzadlıqRadiosuna bildirib ki, onlar Azərbaycana 2400 avroya damazlıq heyvan («Holşteyn» ya «Simmental») sata bilərlər:

«Daşınma, sığorta və başqa xərclər də bu məbləğə daxildir».


Halis Akçayın dediyinə görə, bu qiymətə təklif etdikləri inək boğazdır və 9 dəfə doğa biləcək:


«Birinci ili gündə 30 litr süd verir, sonrakı illər isə məhsuldarlıq 45-50 litrə çatır».


Bəs nəyə görə Avstriyadan Türkiyəyə gedən bir düyənin maya dəyəri 2300, Azərbaycana gələn heyvanınkı isə təxminən 4 min manat olur?

«Aqrolizinq»in şöbə müdiri Kamil Şamilov bunu onunla izah edir ki, onlar bütün xərcləri- alış, daşınma, sığorta və s. xərcləri mal-qaranın daşınmasını həyata keçirən şirkətin öhdəsinə qoyur:


«Bu xərclər isə maya dəyərinə təsir edir».


«AQROLİZİNQ»İN «MÜŞTƏRİLƏRİ» KİMDİR?

Heyvanları «Aqrolizinq»in sifarişi əsasında 3 ayrı-ayrı firma gətirib. Qurumdan AzadlıqRadiosuna bildirilib ki, müxtəlif illərdə Yeni Zelandiyanın «Rista Alliance», Anqilya-Britaniya-Vest-Hind adalarının «Ninox Alliance» və Latviyanın «Swisspoint Merchants Limited» şirkətləri onların keçirdikləri tenderin qalibi olublar. Bu şirkətlər sığorta, daşınma və digər xərclər daxil bir heyvanı təxminən 3000-3500 manata Azərbaycana çatdırıblar. Halbuki, kiçik bir araşdırma zamanı Azərbaycana 2400 manata heyvan təklif edən firmaların olduğunu gördük. «Aqrolizinq» deyir ki, tenderin qalibi olması üçün əsas şərtlər bunlardır: qiymətlərin ucuzluğu, vaxtında çatdırılma, heyvanların Dövlət Baytarlıq Xidmətinin tələb etdiyi xəstəliklərə görə sağlamlığı, heyvanların məhsuldarlığı barədə götürülən öhdəliklər və s.

Bu şirkətlərin daha hansı ölkələrə mal-qara satdığını araşdırmaq üçün internetdə uzun-uzadı axtarış apardıq. Amma «Rista Alliance»nin adına yalnız Azərbaycanla bağlı informasiyalarda rast gəldik. Özü də rəsmilər bu şirkəti yerli mətbuata Yeni Zelandiya yox, Böyük Britaniya firması kimi təqdim ediblər. Yeni Zelandiyanın biznes qeydiyyatı ofisinin saytında da bu imzada şirkət tapmadıq. Ancaq «Swisspoint Merchants Limited» in bu qurumda 2009-2011-ci illərdə qeydiyyatdan keçdiyini oxumaq olar. Yeni Zelandiyanın Kompaniyaların Qeydiyyatı rəsmi saytında (http://www.business.govt.nz) bu şirkətin rəhbəri İnta Bilderə aid 900-ə yaxın şirkət (o, bu şirkətlərin bəzinin direktorudur, bəzisinin səhmdarı) adını görmək olar. Yeri gəlmişkən, Latviya rəsmiləri İnta Bilderin həmdirektor olduğu digər bir şirkəti «çirkli pullar»ın yuyulmasında - 150 milyon dollarlıq fırıldaqçılıqda günahlandırır.

Xarici mətbuatda bu qadının adı "proksi" (yalançı) şirkətlər şəbəkəsinin fəalyyəti ilə bağlı hallanır.

Aqrolizinq bu şirkətə ötən il təxminən 1 milyon manatlıq başqa sifariş də (yem istehsalı və qurudulması üçün avadanlıqların satın alınması) verib.
Qonşu Türkiyə 1999-cu ildə ölkədə yerli damazlıq cinsin yaradılması üçün geniş proqram həyata keçirməyə başlayıb (4-cü səhifədə oxu).

QONŞULARIN TƏCRÜBƏSİ

Qonşu Türkiyə 1999-cu ildə ölkədə yerli damazlıq cinsin yaradılması üçün geniş proqram həyata keçirməyə başlayıb. Türkiyə Damazlıq İnək Yetişdiriciləri Birliyinin rəsmisi Onur Şahin deyir ki, artıq onlar «Gentürk» cinsli məhsuldar heyvana sahibdirlər. Artıq bu cinsin yeni nəsli ildə orta hesabla 6 min litr (gündə 20 l) süd verir. İndiyə kimi ölkədə südlük istiqamətinin inkişafı üzrə işlər aparılıb:


«Ötən ildə isə ətliyin inkişafı üzrə çalışmalara başlanıb».


Hökumət mal-qara saxlayan fermerlərə mütəmadi yardım edir. Müsahibimiz deyir, hər baş mal-qara üçün illik təxminən 100 manat, süd verirsə, 30 manat əlavə vəsait ödəyir. Amma yardım bununla bitmir. Fermer südü süd zavoduna satdığı təqdirdə hər litr üçün 4 qəpik, soyudub satırsa, 2 qəpik də əlavə ödəyir. Fermer inəyi süni mayalandırırsa 30 manatlıq, «Gentürk»dən mayalandırırsa, əlavə 12 manatlıq dövlət yardımı alır.

«Kayalar» şirkətinin rəsmisi Ümid Özcan isə deyir ki, Türkiyə hökuməti Anadolu bölgəsindəki fermerə damazlıq heyvan alması üçün qarşılıqsız 100-140 min lirə (təxminən 50-70 min manat) ayırır. Yəni, fermer bu pulu sonradan hökumətə qaytarmır.

QAZAXISTAN 1 MİLYARD DOLLAR AYIRIB

Qazaxıstanlı həmkarım, «İctimai Vəsaitlərlə bağlı Regional Araşdırıcı Jurnalistika Məktəbi»in üzvü Ardak Bukeeva deyir ki, onun ölkəsində ətçilik üzrə inkişafa nail olmaq üçün hökumət 1 milyard dollar vəsait ayırıb:


«Alınan inək və öküzlər cinsindən asılı olaraq 3-5 min dollardır. Fermerə yardımın istiqamətləri qanunvericilikdə öz əksini tapıb. Yəni, fermerə illik 6 faizlə (kommersiya krediti illik 14-18 faizdir) kredit verilir. Heyvanı fermer özü tapır. Ölkəni də özü seçir, cinsi də. Hökumət buna qarışmır. Bundan başqa, cins heyvanin alınması, o cümlədən onun yemi üçün dövlət hər baş heyvana 1300 dollarlıq subsidiya verir. Fermerin krediti 2-3 ildən sonra qaytarmaq güzəşti var. Hökumət yem üçün də fermerə ayrıca subsidiya ayırır. 400 baş mal-qaradan az olmayaraq heyvan saxlayan fermerlər üçün də ayrıca subsidiya mövcuddur».


Ardak Bukeeva deyir ki, ölkədə ətçilik üzrə heyvandarlığı dəstəkləyən iki dövlət proqramı var. Biri əsasən xaricdən mal-qara gətirən orta və iri biznesə yardım edir. Digəri isə iri təsərrüfatlardan heyvan alıb saxlayan orta və kiçik fermerlərə əl uzadır.

FERMER HÖKUMƏTDƏN İMDAD GÖZLƏYİR...

Hələ də lizinq borcu ödədiyindən adının çəkilməsini istəməyən azərbaycanlı fermer isə bizimlə söhbətdə deyir ki, bir neçə il qabaq necə ağır işin altına girdiyinin fərqinə varmayıb:


«Elə bilirdim qaz vurub qazan dolduracam. Amma elə olmadı. Bir düyə 3 ildən sonra xeyir verməyə başlayır. Biz isə bu illər ərzində heyvanın pulunu ödəməliyik. Onu yedizdirib saxlamalıyıq, qulluğunu tutmalıyıq. Hamısı xərcdir. Hökumət ölkədə kiçik fermer təsərrüfatlarını inkişaf etdirmək istəyirsə, fermerə hər mənada əl uzatmalıdır. Heç olmasa, krediti 3 ildən sonra qaytarmağa başlayaq. Keyfiyyətli yem ala bilmək üçün bizə subsidiya versin. Belə davam edərsə, cins mal-qara alan kiçik təsərrüfatlar yenidən yerli heyvan saxlamağa məcbur olacaqlar».
XS
SM
MD
LG