Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:44

London Starbucks, Amazon və Google şirkətlərini vergidən yayınmada ittiham edir


Arxiv foto
Arxiv foto
-

Adları çəkilən şirkətlərin üçü də Amerika şirkətləridir və onların Britaniyada vergidən yayınmalarını millət vəkilləri aşkar ediblər.

Onlar bildiriblər ki, Starbucks və Amazon Britaniyada vergidən yayınmaq üçün Hollandiyanın və Fransanın vergi rəsmiləri ilə separat sövdələşmə əldə ediblər.

Britaniya parlamentinin İctimai Məsələlər Komitəsinin rəhbəri Margaret Hodge bu üç şirkəti öz gəlirlərini mürəkkəb internet mühasibatı vasitəsilə Britaniyadan yayındırmaqda ittiham edib və bildirib ki, belə bir praktika ədalətsiz və rüsvayçıdır.

Şirkətlərin rəhbərlərinə müraciət edən xanım Hodge deyib ki, “biz sizi qanunsuz hərəkət etməkdə yox, mənəviyyatsız olmaqda günahlandırırıq”.

Millət vəkilləri aşkar ediblər ki, Avropadakı mənzil-qərargahı Hollandiyada yerləşən Starbucks bu ölkə ilə güzəştli korporativ vergi barədə razılaşma əldə edib.

Bir çox ölkələr onların ərazisində həyata keçirilmiş biznesin gəlirlərindən şirkət və ya korporativ vergi alırlar.

“The Daily Telegraph” qəzeti yazır ki, ötən 14 il ərzində Starbucks Britaniyaya 8 milyon 600 min funt sterlinq vergi ödəyib.

STARBUCKS VERGİNİ NİYƏ AMSTERDAMDA ÖDƏYİR?

Britaniya millət vəkilləri israr edirlər ki, Starbucks Amsterdamda 220, Britaniyada isə 6500 işçiyə malik olmasına baxmayaraq, korporativ vergini Hollandiyada ödəyir.
Sturbucks şirkətinin rəhbərliyi bildirib ki, Britaniyada alver çox da yaxşı getmir, lakin şirkət London qarşısında daha “etik” ola bilərdi.

Xanım Hodghe parlamentin sorğularına cavab vermədiyi üçün Amazon şirkətini topa tutub.

Qəzet yazır ki, Britaniyada 15 min işçisi olan Amazon vergilərini Lüksemburqa ödəyir,
Britaniyadakı biznesinin vergisini İrlandiya Respublikasında ödəyən Google isə bildirib ki, şirkətlər təbii olaraq verginin daha az olduğu yerlərə üz tuturlar.

Mühafizəkar millət vəkili Charlie Elphicke deyib ki, Britaniya hər il ödənməmiş vergilərlə milyardlarla funt strelinq itirir.

O deyib ki, “bu, zəhmətkeş və namuslu Britaniya vergiödəyininə qarşı ədalətsizlikdir və xarici şirkətlərə Britaniyanın öz şirkətləri ilə müqayisədə rəqabət üstünlüyü verir”.

QANUNLARA “YAMAQ” VURULMALIDIR

Millət vəkilinin fikrincə, xarici şirkətlər tərəfindən vergidən yayınma hallarını dayandırmaq mümkündür. Bunun üçün ölkənin xarici şirkətlərlərlə bağlı vergi qanunları möhkəmləndirilməli və qanunlardakı “dəlmə-deşiklərə yamaq vurulmalıdır”. Vergidən yayınan xarici şirkətlərə hökumət tərəfindən kontraktlar verilməməlidir.

Bununla belə, Britaniyanın özündə bir sıra ekspertlər düşünürlər ki, ölkədə uğurlu biznesi olan və minlərlə vətəndaşa iş yeri verən xarici şirkətləri çox da sıxmaq olmaz.
Vergilər üzrə tanınmış hüquq şirkəti Grant Thornton-dan Mike Warbuton bildirir ki, burada balansı saxlamaq mühümdür.

"Biz hamımız vergi ödəyirik, lakin elə etmək lazımdır ki, sistem ədalətli olsun, - deyib Mike Warbuton, - Eyni zamanda biz bütün dünyaya xarici bizneslərə və investisiyalara açıq olduğumuzu nümayiş etdirməliyik”.

AVROPA ABŞ ŞİRKƏTLƏRİNƏ QARŞI

Reuters agentliyinin yaydığı xəbərdən isə belə görünür ki, üçü də ABŞ-a məxsus bu şirkətlərin üstünə təkcə Britaniyada yox, Fransa da düşüblər.

Fransa da bu qənaətdədir ki, Amazon vergidən yayınmaq üçün Lüksemburq kanallarından istifadə edib.

Amazon şirkəti bildirib ki, Paris ondan əlavə olaraq 252 milyon dollar vergi ödəməsini tələb edib.

Reuters xəbər verir ki, ötən həftə Britaniya və Almaniya, beynəlxalq şirkətlərin “ədalətli vergi” ödəmələri məsələsini Böyük 20-lərin müzakirəsinə çıxaracaqlar.

Agentlik xəbər verir ki, Starbucks Britaniyada indiyədək nə korporativ, nə də gəlir vergisi verməyib. Şirkət 1998-ci ildən bəri adi vergi qaydasında cəmi 8 milyon 600 min funt sterlinq (təxminən 10.7 milyon manat) ödəyib.

Halbuki, şirkət bu müddət ərazində Britaniya boyunca, 3 milyard funt sterlinqlik (təxminən 3.7 milyard manat) qəhvə satıb.

Starbucks bildirir ki, onun məqsədi Britaniyada vergidən yayınmaq olmayıb, lakin bu ölkədə kafeteriyalar üçün icarə haqları son dərəcə yüksəkdir.

Şirkətin rəhbərliyi Britaniya parlamentinə izahat verib ki, Hollandiya hökuməti onlardan çox böyük güzəştli vergi alır.

Starbucks məlumat verib ki, hətta İsveçrədə qəhvə ticarəti üçün cəmi 5 faiz vergi alınır.

AMAZON DEYİR Kİ, QANUNSUZ HƏRƏKƏT ETMƏYİB

Britaniya parlamentini həm də internet taciri Amazonun Brüsseldə mənzillənmiş direktoru Andrew Cecil-in davranışı əsəbiləşdirib.

O bir neçə dəfə şirkətin Britaniyadakı ticarətinin təfərrüatlarını açıqlamaqdan yayınıb.
“Biz heç vaxt bu rəqəmləri ictimaiyyət üçün açıqlamamışıq” – deyib Cecil.

Reuters bildirir ki, bu rəqəmləri Amazonun illik maliyyə hesabatlarından almaq mümkündür.

Onun 2011-ci ildə Britaniyadakı qazancı 5. 3 və 7.2 milyard funt sterlinq arasında olub ki, bu da qlobal satışın 11-15 faizini təşkil edib.

Amazon şirkətinin Britaniya filialı bu qədər qazancın müqabilində ötən il cəmi 1 milyon funt sterlinq vergi ödəyib.

Google şirkətinin Şimali və Mərkəzi Avropada satış üzrə vise-prezidenti Matt Brittin etiraf edib ki, şirkət Avropada əldə olunmuş gəlirin bir hissəsini Bermud adalarındakı banklar vasitəsilə işləməklə vergiləri xeyli ixtisar edib.

Bununla belə Matt Brittin deyib ki, qanunsuz heç bir hərəkətə yol verilməyib.

Google ötən il Britaniyada 4 milyard funt sterlinq qazansa da, 2010-2011-ci illərdə maliyyə itkisinə məruz qaldığı barədə məlumat verib.

Şirkət 2011-ci ildə Britaniyaya yalnız 3.4 milyon funt sterlinq vergi ödəyib.
Hazırda Google şirkətinin maliyyə əməliyyatları Fransa hökuməti tərəfindən də araşdırılır.
XS
SM
MD
LG