Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:30

ABŞ İran rəsmilərinə viza verməyib


BMT-nin New Yorkda keçirilən iclası 24 sentyabr 2012
BMT-nin New Yorkda keçirilən iclası 24 sentyabr 2012
-

Amerika Birləşmiş Ştatları BMT-nin N Yorkda keçirilən iclasında iştirak etməli olan İran rəsmilərinə viza verməkdən imtina edib.

Bu barədə məlumat verən Reuters agentliyi İranın rəsmi xəbər agentliyinə istinad edir.

İran Ədliyyəsinin İnsan Haqları İdarəsinə istinad edən İRNA xəbər agentlyinin məlumatına görə Birləşmiş Ştatlar BMT-nin sosial və insan haqları məsələsi ilə məşğul olan Üçüncü Komitəsinin iclasına gələn İran rəsmilərinə viza verməyib.
İranın rəsmi bəyanatında deyilir ki, ABŞ hökuməti İran nümayəndə heyətinin üzvlərinə viza verməməklə Tehranın BMT ilə əlaqələrinin və əməkdaşlığının qarşısını almağa çalışır.

İran Ədliyyəsi BMT-ni Amerika hökumətinə belə qərarlara qarşı xəbərdarlıq etməyə və Washingtona BMT-ni qonaqlayan bir ölkə kimi öhdəliklərini xatırlatmağa çağırıb.
İRNA-nın məlumatında İran nümayəndə heyətinin neçə üzvünə viza verilməməsi məsələsinə aydınlıq gətirilməyib.

ABŞ-ın İrandakı konsulluq məsələlərini icra edən İsveçrə səfirliyi də heç bir şərh verməyib.

ABŞ Dövlət Departamenti isə bildirib ki, viza məsələləri ilə bağlı heç bir şərh və ya izahat vermir.

1947-ci ildə ABŞ və BMT arasında imzalanmış pakta əsasən Amerika fərdi ölkələrlə münasibətlərinin keyfiyyətindən asılı olmayaraq Birləşmiş Millətlərin qonağı olan bütün fərdlərə və nümayəndə heyətlərinə viza verməlidir.

Bununla belə, Amerika Birləşmiş Ştatları 1979-cu ildən bəri diplomatik münasibətlərə malik olmadığı İranın nümayəndələrinə ölkəyə daxil olmaq üçün viza verilməsindən vaxtaşırı imtina edib.

İranın Fars xəbər agentliyi bildirir ki, bu ilin sentyabrında ABŞ, BMT Baş Assambleyasının iclasına gedən İran nümayəndə heyətinin iki nazir də daxil olmaqla, 20-dək üzvünə viza verməkdən imtina edib, hərçənd İran prezidenti Mahmoud Ahmadinejad həmin tədbirə qatıla bilib.

Həmin vaxt adının çəkilməsini istəməyən Amerika rəsmisi bildirmişdi ki, BMT-nin tədbirlərində iştirak etmək istəyənlər üçün vizalar ABŞ qanunları və ABŞ-ın BMT ilə müqaviləsi əsasında verilir, lakin viza sənədləri tamamilə məxfi saxlanır.

2009-cu ildə İran hakimiyyətinin Ahmadinejadın təkrar prezident seçilməsinə qarşı etirazları yatırdığı bir vaxtda, İranın birinci vise-prezidentinin başçılığı ilə BMT-nin qlobal maliyyə böhranına həsr olunmuş iclasına gəlməli olan nümayəndə heyətinə viza verilməmişdi.
XS
SM
MD
LG