Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:45

Rüstəm İbrahimbəyov kitabını təqdim etdi və... xəritə göstərdi


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-

“Bir neçə nəfər çıxır və kitabı oxumadan müəllifi tərifləyirlər - təqdimat budur. Ona görə də mən təqdimatları sevmirəm, ancaq bu təqdimat istisnadır, ömrümdə birinci dəfədir ki, kitabımın təqdimatını keçirirəm”.

Kinodramaturq, nasir Rüstəm İbrahimbəyov bu sözləri ABŞ-da ingiliscə çapdan çıxmış “Günəş kələfi” kitabının Bakıdakı təqdimatında deyib.

O sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən tədbirdə bildirib ki, əslində kitab 1996-cı ildə işıq üzü görüb, sadəcə, ingiliscəyə təzə tərcümə olunub və bu versiya Nyu-Yorkda çap olunub.

“Günəş kələfi” kitabı 4 povestdən ibarətdir. Müəllif əsərdə Bakı mənzərələrinin, paytaxtda yaşayan insanların həyatının əhatə olunduğu deyib.

Tədbir iştirakçılarına kitabın 1-ci hissəsi əsasında çəkilmiş 20 dəqiqəlik film də göstərilib.

Tədbirdə Kinematoqrafçılar İttifaqının yeni üzvlərinə vəsiqələr də verilib.

Təqdimat zamanı Rüstəm İbrahimbəyov Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən ona qarşı irəli sürülən ittihamlar barədə də danışıb. O, tədbir iştirakçılarına Bakının Google-dakı peykdən çəkilmə xəritəsini göstərərək kino kompleksinə ayrılmış torpaq sahəsi ilə bağlı məsələyə aydınlıq gətirməyə çalışdı:

“Kino evi Bayılın qurtaracağında yerləşir, bu, Fəxri Xiyabandan 5 kilometr aralıdadır. Çox unikal layihədir. Bütün sənədlər də yerli yerindədir. Bu torpaq sahəsi üçün Prezidentə müraciət etdim, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim, razılaşdılar. Həmin əraziyə getdikdə isə məlum oldu ki, orada yaşayanlar var, ona görə də biz torpağı orada yaşayan adamlardan aldıq və Kino İttifaqının adına sənədləşdirmək mümkün olmadığından ayrı-ayrı adamların adına rəsmiləşdirdik. Torpaq verilib Kino İttifaqının balansına, sadəcə, bu torpaqlar həmin adamların adlarına sənədləşdirilib”.

Kinorejissor deyir ki, ərazinin Dövlət Neft Şirkətinə məxsusluğu barədə heç bir sənəd yoxdur:

“Mən bilmirəm "bu yerlər daimi bizimkidir" nə deməkdir? Məhkəməyə vermişəm, amma yəqin ki, uduzacam, əllərində heç bir sənəd olmadan "bura daimi bizimkidir" demələri ondan xəbər verir ki, arxayındırlar. Arxayındırlar ki, bizdə məhkəmələr yuxarıların sözü ilə işləyir”.

Rüstəm İbrahimbəyov Kino evinin layihəsini göstərərək onun üzərində çox çalışdığını bildirdi. Layihəyə görə, əsas bina Bakıdakı Filarmoniya binasının memarlıq üslubuna oxşar inşa edilməlidir. Mərkəzi binanın arxasında isə otel olmalıdır ki, kino festivallarına gələn qonaqlar orda qalsınlar.
XS
SM
MD
LG