Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:23

Ölüsoyanların dağıtdığı qaçqın qəbri (Seyfəddin Hüseynlinin tərcüməsi)


-

Dünən Qenonun arvadı gəlmişdi mənə dəyməyə. Çiyələkli tort, nar, alma gətirmişdi. Yarım saat yanımda oturub qeybət elədi, borcundan çıxdı. Çox elə vecinədir mənim ölməyim: yenə əvvəlki kimi paylamağında olacaq...


Şalva Bakuradze


QURU TORPAQ

(Gürcü yazıçısı Şalva Bakuradzenin bu hekayəsini rus dilindən Seyfəddin Hüseynli tərcümə edib. Müəllifin icazəsi ilə çevrilərək çap edilir)


Xoşuma gəlir buranın torpağı - qurudur. Keçən il Saburtali qəbiristanında yazıq, bədbəxt Ninanı dəfn eləyəndə İlo təkbaşına üçcə saata qazmışdı qəbri. Yumşaq, quru torpaqdır. Amma bizim Drandada beli yerə sancan kimi su çıxırdı. Bir metrdən artıq qazmaq olmurdu.

Xoşuma gəlir buranın torpağı. Oğlum da yanımdadır burda: adamın insafı olar, bundan artıq nə lazımdı mənə... Əgər qayıdası olsalar, nəvələrim ikimizi də aparıb orda təzədən dəfn edərlər, mən də çürüyərəm oranın bataqlığında.

Dünən Qenonun arvadı gəlmişdi mənə dəyməyə. Çiyələkli tort, nar, alma gətirmişdi. Yarım saat yanımda oturub qeybət elədi, borcundan çıxdı. Çox elə vecinədir mənim ölməyim: yenə əvvəlki kimi paylamağında olacaq. Ancaq hər nə isə, xoş oldu mənə, ürəyimcəydi...

Dali, Şalikoyla gəlmişdi. Uşaqları da gətirmişdi: xudaya, necə də böyüyüblər! Quta artıq üçüncü sinifdədir; işə bax bir, gör vaxt nə tez keçir! Qocalanda vaxtın sürətinə alışırsan, hiss eləmirsən onu!.. Çarpayımın qabağında düzlənib, başladılar nənələri üçün mahnı oxumağa. Mənimsə gözlərimdən yaş axırdı. “Ay ana, sən də vaxt tapmısan ölməyə: axı hələ bu uşaqları böyütmək lazımdı!” “Böyütmək nədi, - dedim, - ildə bir dəfə də görmürəm üzlərini... Vaxtım çatıb mənim, indi yükün hamısı sənin çiyinlərinə düşəcək”.

Elə danışırdım ki, guya ölümdən qorxub-eləmirdim. Eşitmişdim ki, ondan qorxmağa dəyməz, ancaq yenə də qorxurdum. O dəfə yuxumda görürəm, Maçarkanın sahilində, Merxuli tərəfdə dayanmışam. Başmaq geymişdim, donum qısaydı, deyəsən, yeniyetmə vaxtlarımdı. Əlimdə suyla dolu cürdək tutmuşdum. O biri tayda qonşular oturmuşdular, akkordeon çalıb bərkdən oxuyurdular. Romeo məni görüb akkordeonu kənara qoydu, ayağa qalxıb harayladı: “Su-u-u, bizə su-u gəti-i-ir!..” Pis yuxudu: öləcəm yəqin.

Xoşuma gəlir buranın torpağı, əsas da odur ki, münbitdi. Lobya, pomidor əkmək üçün yaxşıdır. Yazda, səpin vaxtı barmaqlarınla yeri oyub, toxum basdırmaqdan gözəl nə ola bilər?! Neçə dəfə, təzəcə bellənmiş dirrikdə, çılpaq dizlərimi yerə atıb işləmişəm, neçə axşam, dırnaqlarımın altı torpaqla dolu ola-ola, yemək yemişəm, ancaq ölümü bircə yol da ağlıma gətirməmişəm. Heç indi də o haqda fikirləşə bilmirəm, həm qorxuram, həm də eləcə maraqlı gəlir: görəsən, o dünya varmı, hüzrə gələn qohumları özüm də görə biləcəyəmmi?

Yasımı gərək Qoqi apara: çoxdan tanıyır məni, səfeh söhbətlər eləməz o. İstəyirəm, uşaq vaxtımızı, mənim əlaçı olmağımı, sinifdə hamının mənə vurulmağını yada salsın. İstəyirəm, desin, gözəl idim mən – həm bədəncə, həm də belə... Oğlumu, onun dərdindən necə çərlədiyimi xatırlasın. Gözləri dumduru oğlum... Uzadacaqlar məni onun böyrünə, bununla da bitəcək hər şey. Üstümə torpaq tökəcəklər, vəssalam.
Xoşuma gəlir buranın torpağı. Bozumtuldur, quru ot rəngindədir. Bu cür torpaqda meyit yaxşı qalır. Ölümündən iki il sonra Kolyanı Zuqdididə təzədən dəfn eləmişdilər. Qəbri açan məzarçı danışırmış ki, elə qalmışdı, deyərdin bəs, cəmi iki həftə əvvəl ölüb. İnanmıram mən belə şeylərə, ancaq deyirdilər də... Axı qurudur buranın torpağı.

SƏHƏR QƏZETLƏRİNDƏN ÇIXARIŞ: 3 mart 2002-ci ildə Vake-Saburtali qəbiristanında vəhşilik faktı qeydə alınıb. Abxaziyalı qaçqın Mariya Sardionovna Kupravanın qəbri dağıdılıb. Naməlum ölüsoyanlar mərhumənin barmaqcılını və üç qızıl dişini çıxarıblar. Vake-Saburtali Hərbi Polisi təhqiqat aparır...

Qurudur buranın torpağı...
XS
SM
MD
LG