Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:47

Azərbaycan Dövlət Neft Fondu Avstraliyanın istiqrazlarını alır


Arxiv foto
Arxiv foto
-

«Kürüsü və nefti ilə zəngin olan Azərbaycan Avstraliyanın hökumət istiqrazlarını alır».

Bu barədə yazan «Wall Street Journal» qəzeti qeyd edir ki, beləcə, Azərbaycan investisiyanı Beynəlxalq Valyuta Fondunun (BVF) «güvənli əmanət valyutası» sayılan Avstraliya dollarına yatırır.

Qəzet hazırda Avstraliya hökumətinin istiqrazlarını almaq üçün bütün dünyada bir çox təyinatlı dövlət sərvəti fondlarının (Azərbaycan Dövlət Neft Fondu da bu kateqoriyaya aiddir) «növbəyə dayandığını» yazır.

Öz istiqrazını satan hökumət xarici borclarını qısa müddətdə ödəmək imkanı qazanır. Elə bu üzdən hökumət istiqrazlarının alınmasını «borcların satın alınması» kimi də açıqlamaq olar.

Əlbəttə, alıcılar bu işi təmənnasız görmür, kreditləri dəqiq şərtləndirilmiş müddətə və dəqiq sələm faizinə verirlər.

«Wall Street Journal»ın məlumatına görə, indi 33 milyard dollar vəsaiti olan Azərbaycan Dövlət Neft Fondu Avstraliya istiqrazlarını ötən ilin iyulundan almağa başlayıb. Avstraliya dollarının bir ayın içində 3-4 faiz bahalaşması da məhz həmin dövrə təsadüf etmişdi.

AZƏRBAYCAN VALYUTA ZƏNBİLİNİ ŞAXƏLƏNDİRMƏK MƏQSƏDİ

«Bu addım Azərbaycanın valyuta zənbilini şaxələndirmək məqsədilə atılıb». «Wall Street Journal»ın suallarını yazılı cavablandıran Azərbaycan Dövlət Neft Fondu belə bildirib.
Fondun fikrincə, ABŞ və Avropanın maliyyə bazarlarındakı hazırkı aşağı kredit faizləri mühitində bu siyasəti seçmək qaçılmaz idi.

ABŞ dolları
ABŞ dolları
Qəzet bəzi maliyyə analitiklərinin Avstraliya istiqrazlarını Azərbaycan kimi ölkələrin almasını tənqid etdiyini də diqqətə çatdırıb. Həmin təhlilçilər istiqrazların bənzər alışı nəticəsində Avstraliya dollarının ABŞ dolları ilə müqayisədə «daha aşağı» və «daha təbii» nisbətini pozduğunu düşünürlər.

MALİYYƏ GÖSTƏRİCİLƏRİ O QƏDƏR YAXŞIDIR Kİ...

«Wall Street Journal» bu addımı atan Azərbaycanın Rusiyanın da daxil olduğu ölkələr sırasına qatıldığını yazır və son bir ildə Avstraliya istiqrazı satışının 76 faiz artdığını vurğulayır. Analitiklər sözügedən artımı Avstraliyanın borclarının azlığına və bu ölkədə təxminən 100 adamdan 5-nin işsiz olmasına bağlayırlar.

Ölkənin maliyyə göstəriciləri o qədər yaxşıdır ki, BVF Avstraliya dollarını beynəlxalq «güvənli əmanət valyutası» elan etməyə hazırlaşır. İndi yalnız ABŞ dollarının, avro və Britaniya funt-sterlinqinin, Yaponiya yeni və İsveçrə frankının bənzər statusu var.

Hökumət istiqrazları həm də ona görə «güvənli əmanət» sayır ki, borcu satın alan subyektin (bu halda Azərbaycan Dövlət Neft Fondunun), ən pis halda, qoyduğu pulu geri götürmək imkanı qalır. Düzdür, daha pis hallar da var. Məsələn, Rusiyanın borclarını alan bir sıra Qərb ölkələri rublun məzənnəsi enib-qalxdığından, 1998-ci ildə pullarını geri ala bilməyiblər.

«Wall Street Journal»ın məlumatına görə, Azərbaycan Dövlət Neft Fondu indiyədək 200 milyon Avstraliya dolları (209 milyon ABŞ dolları) dəyərində istiqraza sahiblənib, ancaq nizamnaməsinə görə vəsaitlərinin yalnız 5 faizini kredit reytinqi «A» kateqoriyasına və ondan daha yüksək kateqoriyaya daxil olan ölkələrdə saxlaya bilər.
XS
SM
MD
LG