Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:32

Suriya kimyəvi silaha əl atarsa...


Arxiv foto: Suriya
Arxiv foto: Suriya
-

NATO Türkiyənin Suriya ilə sərhədində «Patriot» raketlərini yerləşdirməyə qərar verib. Qərara səbəb Suriya prezidenti Bashar al-Assad-in kimyəvi silahlardan istifadə edə biləcəyinə dair səslənən fikirlərdir.

Alyansın baş katibi Anders Fogh Rasmussen bildirib ki, Ankaranın müvafiq xahişinə üzv ölkələrin nazirlərinin Brüsseldə keçiriləcək iclasında müsbət cavab veriləcək.

O, həmçinin bildirib ki, sistemin sərhəd boyunca yerləşdirilməsi bir neçə həftəyə başa çatdırıla bilər.

«The İndependent» qəzeti yazır ki, cənab Rasmussen bu tədbirin sırf müdafiə xarakteri daşıdığını bildirir, ancaq bəzi tənqidçilər NATO-nun 22 aydır davam edən Suriya vətəndaş müharibəsinə cəlb olunacağını söyləyə bilərlər.

DİVARDAN ASILMIŞ TÜFƏNG

Məsələn, Dəməşq rejiminin qızğın müdafiəçisi olan Rusiya «Patriot» raketlərinin yerləşdirilməsi planları ilə bağlı narazılığını artıq bildirib.

Dekabrın 4-də Brüsselə gəlməli olan Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvanın bu tədbirə mənfi mövqeyini rəsmən elan edəcəyi gözlənir.

Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen
Suriya rejiminin başqa bir dəstəkçisi – İran «NATO bir daha təcavüz yolunu tutub» bəyanatını verib.

Türkiyədə səfərdə olan Rusiya prezidenti Vladimir Putin bildirib ki, «Patriot» raketlərinin yerləşdirilməsi, təhlükəni nəinki azaltmır, əksinə onu daha da gücləndirir.

Putin məşhur bir rus deyimini bir daha dilə gətirib: «Əgər tamaşanın əvvəlində divardan tüfəng asılıbsa, deməli, tamaşanın sonunda o tüfəng mütləq açılacaq».

RASMUSSEN-İN İZAHI

Bununla belə, cənab Rasmussen vurğulayıb ki, NATO üzvü olan Türkiyəni müdafiə etməyə borcludur. «Biz bilirik ki, Suriya rejiminin raketləri var və həmçinin kimyəvi silahları var, biz qərar çıxararkən bunu nəzərə almalıyıq. Biz demirik ki, rejim kimyəvi silahlardan istifadə edəcək, lakin bu, bizim üçün qulaqardına vurulacaq bir şey də deyil», Rasmussen deyib.

NATO-nun baş katibi izah edib ki, «Patriot» raketlərinin yerləşdirilməsi, Suriyaya qarşı «uçuşlarsız zona» tədbirinə hazırlıq kimi qiymətləndirilməməlidir. O deyib ki, NATO-nun bu münaqişəyə hərbi müdaxilə planları yoxdur, «Patriot» raketlərinin funksiyası təyyarələrin vurulması yox, raketlərin aşkarlanması olacaq.

Bununla belə, baş katib əlavə edib ki, Suriya təyyarələri Türkiyənin dinc əhalisi üçün təhlükə yaradır.

Türkiyə-Suriya sərhədi boyunca yerləşdiriləcək «Patriot» raketləri Almaniyadakı Ramşteyn bazasından idarə olunacaq.

«The İndependent» yazır ki, Suriya rejiminin «xardal» və «sarin» qazlarına, həmçinin əsəb sarsıdıcı VX maddəsinə malik olduğuna dair məlumatlar vardır.

OBAMANIN «QIRMIZI XƏTTİ»

Barack Obama
Barack Obama
ABŞ prezidenti Barack Obama bildirib ki, Dəməşqin kimyəvi silahdan istifadə etməsi «qırmızı xətt» hesab olunur və bu hədd keçildikdən sonra münaqişəyə Qərbin hərbi müdaxiləsi qaçılmaz ola bilər.

Bir kəşfiyyat rəsmisi «New York Times» qəzetinə deyib ki, Suriya rejiminin kimyəvi silahlardan istifadə niyyətini göstərən hərəkətlər qeydə alınıb.

Türkiyə rəsmiləri isə bildirirlər ki, Assad rejimi qiyamçıları geri oturtmağa müvəffəq olmasa, kimyəvi silahlara əl ata bilər.

Onlar həmçinin deyirlər ki, Suriyaya Varşava Müqaviləsi ölkələrindən miras qalmış Scud, həmçinin Şimali Koreyadan alınmış SS-21 raketləri sərhəd boyunca yerləşdirilə bilər.

BMT SURİYADAN ÇIXIR. AVROPA BİRLİYİ DƏ…

Bu arada BMT bildirib ki, paytaxt Dəməşq ətrafında vəziyyətin pisləşməsi üzündən Suriyadakı bütün «qeyri-zəruri beynəlxalq heyətini» bu ölkədən çıxarmaq niyyətindədir.

BMT-nin 100 nəfərlik beynəlxalq heyətindən 25 nəfərinin elə bu həftə Suriyanı tərk edəcəyi xəbər verilib.

«The Guardian» qəzeti xəbər verir ki, BMT-nin öz heyətini Suriyadan çıxarmaq qərarı Dəməşqin kimyəvi silahlara əl ata biləcəyi ehtimalı ilə bağlıdır.

Münaqişə başlanandan bəri Suriyada BMT-nin 8 işçisi öldürülüb.

Jihad Makdissi
Jihad Makdissi
Avropa Birliyi də bəyan edib ki, Suriyadakı fəaliyyətini məhdudlaşdırmaq niyyətindədir.
Bu arada xəbər verilir ki, Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Jihad Makdissi rejimdən üz çevirib və ölkədən qaçıb.

Onun Londona qaçdığı ehtimal olunur.

Qəzet xəbər verir ki, BMT-nin bu qərarından sonra beynəlxalq qurumların Suriyadan tamamilə evakuasiya olunacağını gözləmək olar.

BMT-nin hazırda Suriya boyunca 1000 nəfərlik milli və beynəlxalq heyəti var, lakin döyüşlərin şiddətlənməsi və internetin 48 saat ərzində «söndürülməsi» bu ölkədə hər hansı humanitar fəaliyyəti mümkünsüz edir.

SURİYA KİMYƏVİ SİLAHA ƏL ATMAYACAĞINI DESƏ DƏ…

Suriya rəsmiləri bildiriblər ki, onlar heç bir şəraitdə xalqa qarşı kimyəvi silahlardan istifadə etməyəcəklər.

Buna baxmayaraq, ABŞ dövlət katibi Hillary Clinton xəbərdarlıq edib ki, Assad rejiminin kimyəvi silaha əl atdığı barədə hər hansı səhih məlumat Vaşinqtonu qəti addımlara keçməyə vadar edəcək.

Türkiyə rəsmiləri isə «The Guardian» qəzetinə bildiriblər ki, Suriya hökumətinin üsyançıların olduğu əraziləri bombardman etməsi nəticə vermir və bu səbəbdən Dəməşq kimyəvi silahlardan istifadəyə əl ata bilər.

Amerika və onun müttəfiqlərinə istinad edən AFP xəbər agentliyi də bildirib ki, Assad rejiminin kimyəvi silahlar olan bazalarda hərəkətə keçdiyi aşkarlanıb.
XS
SM
MD
LG