Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:18

“Serialda Təhmasibin qorxaq şah kimi qələmə verilməsinin əleyhinəyəm" (Debat)


Namiq Musa (sağda) və Qismət
Namiq Musa (sağda) və Qismət

"Bədii filmdə və ya serialda istənilən qədər fantaziyaya, improvizələrə yer var".

-

"Səfəvi dövləti ilə Osmanlıların münasibətlərindən danışırıq. Məncə, problem ondadır ki, İran, Azərbaycan və Türkiyə tarixçilərinin kontaktları olsa da, bu institutlaşmayıb".


“Möhtəşəm yüz il” serialında bölgənin tarixi saxtalaşdırılırmı? Sənət əsərinə “tarixi təhrif etmisən” demək olarmı?

“Pen klub”da bu suallara cavab verdilər: Almaniyadan “Avropa Tarix İnstitutu”nun alimi Zaur Qasımlı (telefonla), Azərbaycandan isə tarixçi Namiq Musalı və gənc yazar Qismət.

“ŞAH TƏHMASİBİN ACİZ ŞAH KİMİ VERİLMƏSİNİN ƏLEYHİNƏYƏM”

Şahnaz Bəylərqızı:

- “Möhtəşəm yüz il” serialında Azərbaycan tarixinin təhrif olunması və Səfəvilərə yuxarıdan aşağı baxılması haqda fikirlər var. Məsələn, bu serialda Sultan Süleyman Şah İsmayılı əmir adlandırır. Və ya Şah Təhmasib aciz, qorxaq biri kimi təqdim olunur. Bu da tamaşaçıda narazılığa səbəb olur. Tarixçi kimi Namiq Musalı nə fikirləşir bu haqda?

Namiq Musalı:

- Bu narazılıqlar təbiidir. Amma biz ssenari müəllifini tarixə sadiq qalmamaqda günahlandıra bilmərik. Bu cür yaradıcılıq nümunələrində tarixin yüzdə yüz, dəqiq şəkildə verilməsini tələb etmək mənasızdır. Düzdür, məsələnin başqa tərəfi də var, bizim tariximiz serialda saxtalaşdırılıb. Biz bununla bağlı fikrimizi deyə bilərik. Ancaq yaradıcılığa müdaxilə edə bilmərik. Bu gün Türkiyədə siyasi dairələrin bu seriala qadağa qoyma çağırışını, yaradıcılığa siyasi konyuktura ilə yanaşmanı qəbul etmirəm. Serialı bir qrup tarixçi məhkəməyə versəydi, buna normal baxardım. Ancaq ölkə rəhbərliyinin serial haqda iddiaları, ona xitam verilməsi haqda danışmaları arzuolunmazdır.

O ki qaldı, Şah İsmayılın şah kimi yox, daha aşağı titullu hökmdar kimi təqdim edilməsinə və ya Şah Təhmasibin Sultan Süleymanın qarşısına çıxmaqdan qorxan, aciz şah kimi verilməsinə, bunun da əleyhinəyəm. İngilis tarixşünası Laurens Lokartın bir fikri var: “Şah İsmayıl və Şah Təhmasib Osmanlı imperiyası öz qüdrətinin zirvəsində olan zaman ona qarşı layiqli müqavimət göstərə bildilər. Tək bu fakt kifayətdir ki, onlar öz adlarını dünya tarixinə yazdırsınlar”. Yəni Şah İsmayılla Şah Təhmasib yarım əsr ərzində Osmanlı imperiyasının aramsız hücumlarına baxmayaraq öz dövlətlərini qoruya bildilər. Məmlüklər də qüdrətli dövlət idi. Ancaq Sultan Səlimin bir yürüşü bəs etdi ki, Məmlüklər dünya xəritəsindən silinsin. Ancaq Səfəvilər 200 il boyunca qüdrətli osmanlılara qarşı durdular. Bu da Səfəvi şahlarının həm sərkərdə, həm siyasətçi kimi qabiliyyətindən xəbər verir.

Proqramın audioyazısını dinlə



VİDEOYAZISINI İZLƏ

QİSMƏT: “FİLMDƏ, SERİALDA İSTƏNİLƏN QƏDƏR FANTAZİYAYA, ANAXRONİZMƏ, İMPROVİZƏLƏRƏ YER VAR”

Qismət:

- Bədii filmdə və ya serialda istənilən qədər fantaziyaya, anaxronizmə, ssenaristin, rejissorun improvizələrinə yer var. Türkiyədə sənət adamlarının da serialda razı qalmadıqları məqamlar var. Ancaq onların fikrincə, bu o demək deyil ki, baş nazir səviyyəsində ittihamlar səsləndirilməlidir və ya yaradıcılıq məhdudlaşdırılmalıdır. Qaldı ki, o təhriflərə, bu günlərdə “oxuzalı.az”da da “Nəsimi” filmi ilə bağlı müzakirə getdi. Yəni İsa Hüseynovun “Məşhər” romanı başdan ayağamı Nəsiminin dövrü haqda dəqiq informasiya verir?.. O mənada serialla bağlı bu qədər aşırı reaksiya doğru deyil.

Ş.B:

- Serialın yaradıcı heyəti bu reaksiyaları nəzər ala bilərmi?

Qismət:

- Düşünmürəm ki, serialla bağlı radikal addım atılacaq. Ssenaristin qorxaq davranacağına, geri çəkiləcəyinə, serialın yarımçıq qalacağına inanmıram. Nə nəzərdə tutublarsa, onu da çəkəcəklər.

“TÜRKİYƏ, AZƏRBAYCAN VƏ İRAN TARİXÇİLƏRİ SƏFƏVİLƏRİ BİRGƏ ARAŞDIRMALIDIRLAR”

Zaur Qasımlı:

- Səfəvi dövləti ilə Osmanlıların münasibətlərindən danışırıq. Məncə, problem ondadır ki, İran, Azərbaycan və Türkiyə tarixçilərinin kontaktları olsa da, bu institutlaşmayıb. Onlar birgə, mütəmadi işləmirlər, dialoq zəifdir. Son zamanlar Azərbaycandan tarixçilər tez-tez Türkiyəyə konfranslara gedirlər. Amma nəşrlərə baxanda deməzdim ki, iki ölkənin tarixçiləri sıx şəkildə iş birliyindədirlər.

Şahnaz B:

- İki ölkənin alimləri arasındakı ünsiyyət sıx olarsa, tarixə baxış, təqdimat dəyişə bilərmi?

Zaur Q:

- Təbii. Məsələn, Fransa-Almaniya kontekstində baxsaq görərik ki, artıq 1970-ci illərdən bu iki ölkə arasında intensiv debatlar aparılır. Yekdil dərsliklər hazırlayan komissiya var. Son 15 ildə Almaniya ilə Polşa arasında da belə komissiya yaradılıb. Mütəmadi kontaktdadırlar, hətta birgə dərslik də hazırlayıblar. Bu çox önəmlidir. Fransada və Almaniyada şərikli tarixdən danışırlar. Qafqaz bölgəsinə, yaxud da Osmanlı ilə Azərbaycana baxsaq eyni proseslərlə üzləşirik. Söhbət şərikli tarixdən gedir. Bizdə tarixçilərin əksəriyyəti post-sovet sindromundan hələ də uzaqlaşa bilmir. Ona görə Xətai dövrünə, Səfəvi dövlətinə sırf etno perspektivdən baxılır, yəni sırf Azərbaycan dövləti kimi. Bu da Azərbaycanda gedən proseslər baxımından təbiidir. Çünki “nation building”, yəni millətin yaranma prosesi bitməyib. Amma 15-20 il sonra bəlkə buna daha obyektiv baxılacaq.

Zaur Qasımov
Zaur Qasımov


Şahnaz B:

- Namiq bəy, Azərbaycan, Türkiyə və İran alimlərinin əməkdaşlığı mümkündürmü və bu, Zaur Qasımlının dediyi kimi ortaq tarixə baxışı, yanaşmanı dəyişə bilərmi?

Namiq M:

- 2008-ci ilin noyabrında İstanbulda Səfəvilərlə bağlı konfrans vardı. Ora İranın, Türkiyənin və Azərbaycanın sırf Səfəviləri araşdıran tarixçiləri dəvət olunmuşdu. Orda qərara alındı ki, beynəlxalq Səfəvi Araşdırmaları Mərkəzi yaradılsın. Təklif müsbət qarşılandı. Tehran Universitetinin professoru etiraf etdi ki, Səfəvi irsinin üç varisi ola bilər: Türkiyə, Azərbaycan, İran. Onun söylədiyinə görə, bu gün bu üç dövlət həmin irsi birgə araşdırmalıdır. Ancaq bu, söz olaraq da qaldı.

“HÜRRƏM NƏ QƏDƏR NÜFUZ SAHİBİ OLSA DA, BİR DÖVLƏT ONUN İRADƏSİ İLƏ İDARƏ EDİLƏ BİLMƏZDİ”

Şahnaz B:

- “Möhtəşəm yüz il”dəki hərəmxana ilə bağlı suallar var...

Namiq M:

- Təbii ki, Mahidevran, Hürrəm Sultan və ya Sultan Süleymanın cariyələri mövcud olub. Ancaq serialda Hürrəm Sultanın, Mahidevranın Sultana nə deməsi-filan artıq təxəyyül məhsuludur. Çünki tarixi salnamələr, qaynaqlar hərəmxana haqda yerli-yataqlı məlumat vermirlər. Sadəcə, sultanın qadınlarının adlarını verirlər. Hürrəmlə bağlı avropalı səyyahlar, müəlliflər yazıblar. Onlar da gözləri ilə gördüklərini yox, bəzən də məlumatlara şayiələri, öz fikirlərini qarışdırıblar. Ancaq bəli, Hürrəm Sultan həqiqətən də böyük ambisiyalara sahib olub. Serialda isə elə təqdim olunur ki, böyük Osmanlı imperiyası slavyan mənşəli bir qadının iradəsindən asılıdır. Ayrı imperiya olsaydı, bəlkə də bu, mümkün idi. Amma Osmanlı mürəkkəb dövlət quruluşuna malik idi. Bir qadın nə qədər nüfuz sahibi olsa da, bir qadının iradəsi ilə dövlət siyasətinin yönləndirilməsi mümkün deyildi. Məsələn, İbrahim Paşaya Sultanın münasibəti və başqa məsələlər real siyasi səbəblərdən meydana gəlirdi. Hürrəm belə istəyirdi deyə baş vermirdi. Bu təhrifdir. Ancaq bu onun üçün edilir ki, serial baxımlı olsun.

Şahnaz Bəylərqızı. Namiq Musa və Qismət
Şahnaz Bəylərqızı. Namiq Musa və Qismət


“Pen klub” proqramının vaxtı dəyişdi, veriliş bundan sonra ikinci günlər saat 19 00-dan 20 00-dək efirdə olacaq.
XS
SM
MD
LG