Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Siyasi partiyaların fəaliyyəti ilə bağlı yeni sənədlər qəbul olundu


Milli Məclis
Milli Məclis
-
Milli Məclisin 11 dekabr iclasında millət vəkilləri bir sıra məsələlərə münasibət bildirib, müxtəlif təkliflərlə çıxış ediblər.

AZƏRBAYCAN VƏ İRAN ARASINDA VİZA REJİMİ TƏTBİQ OLUNACAQ

Milli Məclisin 11 dekabr iclasında Azərbaycan Hökuməti ilə İran Respublikası arasında hər iki dövlətin vətəndaşlarının vizasız gəlib-getmələri ilə bağlı memorandumların ləğv edilməsi müzakirə olunub. Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib. Bundan sonra viza rejimi tətbiq olunacaq.

Sənədlər barədə məlumat verən Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu sənədlərin kökündə SSRİ dövründəki mövcud qaydalar dayanır. Azərbaycan bütün ölkələrlə münasibətləri tənzimləyən viza sistemi yaradıb.

«Belə sənədlərin imzalanması və ləğv edilməsi beynəlxalq praktikada asanlıqla həyata keçirilir», - deyən deputat Fuad Muradov İranla həmişə problem olduğunu, Arazda Xudafərin su anbarının tikilməsinə ehtiyac olmadığını deyib.

«AVROPA İLƏ DƏ ARAMIZDAKI VİZANI GÖTÜRMƏLİYİK»

Məsələyə münasibət bildirən deputat Qüdrət Həsənquliyev həmin sənədlərin əleyhinə səs verib. O, İranla viza rejiminin aradan qaldırılması tərəfdarıdır:

Zeynəb Xanlarova
Zeynəb Xanlarova
​«Özü də tək İranla yox, Avropa ilə də aramızdakı vizanı götürməliyik. Rusiya ilə viza rejimi götürülüb, hansı problem yaranıb? Sərhədlərin qapanması çıxış yolu deyil. Mən etirazımı bildirir, onları da bunun əleyhinə səs verməyə çağırıram».

Q.Həsənquliyevin çıxışını bəyənən deputat Zeynəb Xanlarova iranlılarla azərbaycanlıların qardaş olduğunu, qardaşı-qardaşdan ayırmağın düzgün olmadığını deyib.

«İranda müalicə olmaq istəyən xəstələr var. Bizi bir-birimizdən təcrid etmək düzgün deyil», - deyərək qərarın əleyhinə səs verib.

SİYASİ PARTİYALAR HESABATLARINI SADƏLƏŞDİRİLMİŞ MÜHASİBAT UÇOTUNA UYĞUN TƏRTİB EDƏCƏK

Milli Məclisin 10 dekabr iclasında Cinayət Məcəlləsi, Mülki Məcəllə və İnzibati Prosessual Məcəllədəki «Mühasibat uçotu» haqqında qanun layihələrinə dəyişiklik edilməsi də müzakirə olunub. Sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.

Əli Hüseynli
Əli Hüseynli
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli CM-nə 169.1 maddəsinin əlavə edildiyini deyib. Həmin maddədə siyasi partiyaya daxil olma, onun üzvlüyündə qalmağa məcbur etməyə görə 1000 manatdan 3000 manatadək cərimə, 2 il islah işləri, 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində siyasi partiyaların dövlət orqanları və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməsi, xarici ölkə siyasi partiyalarının bölmələrini yaratmaq və s. kimi məsələlərə görə cərimələr nəzərdə tutulub. Fiziki şəxslər 750-1500, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcək.

«Mühasibat uçotu» haqqında qanuna təklif olunan dəyişikliyə görə, siyasi partiyalar maliyyə hesabatlarını sadələşdirilmiş mühasibat uçotuna uyğun tərtib etməlidir. İllik maliyyə hesabatı auditor rəyi ilə birlikdə KİV-də dərc edilməlidir.

GÜRCÜSTAN AZƏRBAYCANLILARININ DƏRSLİK PROBLEMİ MİLLİ MƏCLİSDƏ

Millət vəkili Vahid Əhmədov Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən danışıb. O, Gürcüstan azərbaycanlılarının Azərbaycanda vizasız qala bilməsi üçün müəyyən olunmuş 30 günün artırılmasını istəyib. Eyni zamanda millət vəkili Gürcüstandakı məktəblər üçün Azərbaycan dilində dərsliklərin göndərilməsinin də vacib olduğunu deyib.

Vahid Əhmədov
Vahid Əhmədov
Vahid Əhmədov erməni lobbisinin Gürcüstan azərbaycanlılarının deportasiyasına çalışdığından təşviş duyduğunu da dilə gətirib.

Millət vəkili Siyavuş Novruzov da Gürcüstan azərbaycanlılarının problemlərinə toxunub. Onların aktivliyinin artırılmasına ehtiyac olduğunu vurğulayıb:

«Gürcüstanda bu gün 500 min azərbaycanlı yaşayır. Gürcüstan parlamentində 2 azərbaycanlı var. Biz gücümüzü qoyub onların və gürcü dilini bilənlərin sayını artırmalıyıq. Gürcüstan rəhbərliyi ilə görüşlərdə dəfələrlə oradakı azərbaycanlıların işlə təminatı məsələsini qaldırmışıq. Deyirlər ki, siyahını verin. Diplomunu göstərsin. Çıxarır Elşad Abdullayevin ABU-sunun diplomunu. Ortada olan budur».

QƏBƏLƏ RLS HAQQINDAKI MƏLUMATLAR SENSASİYAYA ÇEVRİLMƏSİN

Gürcüstanda Azərbaycan investisiyalarının yatırılmasına münbit şərait yarandığına diqqət çəkən deputat Əli Məsimli Qəbələ RLS-lə bağlı Rusiyanın imtinasına toxunaraq, bunu Azərbaycanın «böyük qələbəsi» adlandırıb.

Deputat Mübariz Qurbanlı həmin olayla bağlı medianın məsuliyyətindən söz açaraq deyib:

«Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan Cənubi Qafqazda güclü və öz təhlükəsizliyini təmin edən dövlətdir. Bununla bağlı yayılan informasiyalar üçüncü tərəfə kömək edir». O, Qəbələ RLS-in qapadılmasının Rusiya ilə münasibətlərə mənfi təsir göstərməyəcəyini də vurğulayıb.

10 DEKABR «UŞAQ ŞILTAQLIĞIDIR?»

Siyavuş Novruzov
Siyavuş Novruzov
Müxalifət partiyalarında təmsil olunan bir qrup şəxs tərəfindən ötən gün paytaxtın mərkəzində keçirilən aksiyalara münasibət bildirən Siyavuş Novruzov deyib:

«Bir neçə nəfər öz sürücüsünü, cangüdənini şəhərin meydanına göndərib şuluqluq salan, qaçdı-qovdu oynayanlar ermənidən yaxşı deyil. Bunlar 20 ildir eyni sözü deyirlər. Bu adamlar üçün xalq, millət, dövlət anlayışı yoxdur. Özlərini düşünürlər».

Millət vəkili Əli Əhmədov Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərardan söz açaraq, ölkənin beynəlxalq nüfuzuna bunun müsbət təsir edəcəyini deyib. O, müxalifətin 10 dekabr aksiyasına da toxunaraq, bu aksiyanı «uşaq şıltaqlığı» adlandırıb.

Spiker Oqtay Əsədov isə çıxışında Rusiyada, Ukraynada Azərbaycan deputatının olmaması barədə düşünmək lazım olduğunu deyib.

«TÜRK FİLMLƏRİNİN DUBLYAJI DAYANDIRILSIN»

Azərbaycanda yayımlanan türk filmlərinin dublyajına ehtiyac olmadığını deyən millət vəkili Fərəc Quliyev onsuz da hamının bu dili başa düşdüyünü deyib:

«Dublyaj özü də düzgün edilmir. Məsələn, Şabanın filmində hamının danışığı dublyaj olunur, Şabanın danışığı olduğu kimi verilir. Ondansa hamısı türk dilində verilsin».
XS
SM
MD
LG