Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 14:49

21 Azər Hərəkatı onu görməyənlərin xatirində necə yaşayır?


İranda Azərbaycan milli hökuməti
İranda Azərbaycan milli hökuməti
-
12 dekabr - Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli hökumətinin yaranmasının 67-ci ildönümüdür. Dekabrın 12-də milli hökumətin qurulmasıyla nəticələnən bu hərəkat tarixə 21 Azər Hərəkatı adıyla düşüb. «21 Azər» sözü bizə nə deyir? 21 Azər onu görməyənlərin xatirəsində necə yaşayır? Bu suallarla bir sorğu keçirdik.

NƏNƏM: «QƏRİB CANIM, VAY!» DEYƏ AĞILAR DEYƏRDİ…

Sədrəddin Soltan-jurnalist: 21 Azər mənim üçün 28 Maydır! Azərbaycan Cümhuriyyəti Quzeylilər üçün nədirsə, Azərbaycan Milli Hökuməti də güneylilər üçün odur. Quzeydə Cümhuriyyətin bərpasında necə iştirak etmişiksə, Güneydə Azərbaycan türkünün haqqının təmin olunmasında, milli hökumətin istəklərinin bərpasında da o cür iştirak edirik. Bu baxımdan, mən özümü Güney və Quzeydə gedən milli azadlıq prosesində iştirak edən bir insan kimi hiss edirəm. 28 May bayramına sevindiyim kimi, 21 Azər gününün qeyd olunmamasına üzülürəm. Güney barədə biz Quzeydə ancaq ədəbiyyatdan oxumuşuq. Süleyman Rüstəmin Cənub həsrətli şeirlərinin üstündə böyümüşük. Evdə nənəmizin öz dədə torpağının tərifi üstündə boy atmışıq. Nənəmin ağrıyanda, xəstələnəndə, burada nəvə-nəticələrinin olmasına baxmayaraq, «Qərib canım, vay!» deyə ağılar deməsi ilə ərsəyə gəlmişik… Zaman keçdikcə bilmişik ki, bizim Güney Azərbaycanımız da var… Dünyanı anladıqca bilmişik ki, Güney Azərbaycan türkünün vəziyyəti necədir… Və insan qananda da, bir mətləbi ananda da onun üçün dəhşət olur. Biz həmin çətinliklərdə, dəhşətlərdə böyümüşük. Təbii ki, ağlamaq, sıtqamaq deyil, bacardığımız qədər millətimizin milli haqqının təmin olunması işində iştirak etməyə çalışmışıq. Sovetlər dönəmində bizə o qədər ətraflı anlatmayıblar. Qorxublar. Amma Sovetlər çökəndən sonra həm quzeylilər, həm güneylilər bizə bu hərəkat barədə danışdılar və 21 Azər barədə bizdə bütöv təsəvvür yaranmağa başladı. O bizdə bütöv ümid yaratdı. Yarımçıqlığımız da elə burdandır. Güney və Quzeyin vəziyyətləri fərqli olduğundan, biz dünyaya və hadisələrə bütöv baxa bilmirik—bölünmüş millət olduğumuzdan. Artıq 15-20 ildir ki, 21 Azər Hərəkatına quzeyli-güneyli Azərbaycan türkü bütöv baxmağa başlayır. Mənə elə gəlir ki, illər uzunu bizə öyrədilənlərin yekunu, nəticəsi bu olmağa başlayır—biz 21 Azərə bütöv baxmağa başlayırıq! Bir millət olaraq!

İranda Azərbaycan məktəbi - 1946
İranda Azərbaycan məktəbi - 1946
ATAMIN MÜHACİRƏTİ 47 İL ÇƏKDİ…

Solmaz Tohidi —tarixçi—alim: 21 Azər Hərəkatı mənim bütün həyatımla bağlıdır. Atam bu hərəkatın fəal iştirakçılarındandı--Meşkin mahalında həm fədai dəstəsinin başçısı, həm də mahal firqə katibi idi. Hərəkat qan içində yatırıldıqdan sonra «demokrat nəsli» ilə (onları belə çağırırdılar—S.İ.) birgə Şimali Azərbaycana mühacirət edib. Atam danışırdı ki, bura 3 günlük gəlmişdik. Elə bilirdilər ki, tezliklə qayıdacaqlar. Sərhədə atamgil at üstündə gəliblər və atın üzünü o yana buraxıb keçiblər… Atamın mühacirəti 47 il çəkdi. Şükür ki, Allah ona ömür verdi və çoxlarından fərqli olaraq o günü gördü. Sərhədlər açıldı və atam 2 dəfə Vətənində oldu. Mən o hərəkatın nəticəsində dünyaya gəlmiş insanam. Ömrüm də o nəslin arasında keçib. Sənətimi də o tarixlə bağlamışam—İranşünas olmuşam. MEA-nın Şərqşünaslıq İnstitutunda o dövrdə həmin hərəkatın 37 üzvü işləyirdi. 1958-ci ildə o institut yarananda, onlar Azərbaycanda iranşünaslıq-- şərqşünaslıq məktəbinin bir qolunun əsasını qoymuşdular. Amma ona qədər də mən evimizdə o nəslin söhbətlərini eşidərdim. Bu hadisələr, söhbətlər elə cəlbedici oldu ki, mən də elmə gəldim. İndi tarix elmləri doktoruyam, İranşünasam. Bu sahədə kitablarım çıxıb. Atam hələ cavan vaxtlarında Bakının köhnə qəbiristanlığında böyük bir yer almışdı. Deyirdi ki, biz qəribik. Odur ki, torpağa gedəndə bir yerdə olmalıyıq. Əvvəllər o söz mənə qəribə görünərdi. Təəssüf ki, o qəbiristanlıq ildən-ilə dolur… Atam da 2001-ci ildə vəfat elədi. İndi orada 20 nəfər 21 Azərli yatır. Mən hər il anım günündə ora gedib tək atamı yox, onların hamısını yad edirəm. Allah rəhmət eləsin--Tağı Şahin, Agahi, Hidayət Hatəmi, Məhəmməd Şəms, Hüseyn Ciddi… Onların arasından görkəmli tarixçi alimlər çıxdı. Şamaxıda bir sovxoz vardı. Orada ancaq demokratlar yaşayırdı. Atam hər mayda bizi ora aparırdı. Yadımdadır ki, Məhəmməd Biriya o sovxozda yaşayırdı. Xatirimdə o insanlar çox canlı qalıb. Nə qədər desən, danışa bilərəm… Şübhəsiz ki, 21 Azər Hərəkatı bu gün Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının bazası olaraq qalır.
İranda Azərbaycan milli hökuməti
İranda Azərbaycan milli hökuməti
Bu hərəkat barədə kitablar yazılıb, xatirələr söylənib. Zaman özü bu hərəkatı sınaqdan keçirdi. Sübut etdi ki, bu hərəkat Cənubi Azərbaycan cəmiyyətinin içindən doğan bir hərəkat idi və ona xaricdən—SSRİ-dən, Şimali Azərbaycandan dəstək olsa da—bütün siyasi hərəkatlarda kənardan dəstək olur-- bunu əsas tutaraq ona şər atanların versiyası zamanın sınağından çıxmadı. Mən indiki Milli Azadlıq Hərəkatı yolunda çalışan cənubluları tanıyıram, onların fəaliyyətlərindən xəbərdaram. İnstitutumuzda bu mövzuda tədqiqatlar aparılır. Özüm tez-tez Cənubi Azərbaycanda oluram və görürəm ki, 21 Azərə maraq nəinki sönüb, əksinə artıb. Cənubi azərbaycanlılar bu hərəkata öz tarixlərinin baza hissəsi kimi baxırlar. Milli düşüncə, milli kimlik kimi məsələlərdə o hərəkata söykənirlər.

21 AZƏR MƏNƏ MİNLƏRLƏ İNSANIN QƏTLİNİ XATIRLADIR…

Vaqif Güneyli--sadəcə güneyli: 21 Azər bizə azad olmuş bir xalqın boğulmasını xatırladır… İkinci tərəfdən, mərkəzi hökumətin gücünü və minlərlə insanın qətlini xatırladır… Rəsmi qaynaqlara görə, 30 min, qeyri-rəsmi qaynaqlara görə, 70 min insanın ölümünü və məhvini xatırladır… Mən o bir ildə öz dilində təhsil almış bir şəxs tanıyırdım. Onun dediyinə görə, o zaman onlar şah dövrünün 20 ildə görə bilmədiyi işləri gerçəkləşdirdilər. Cəmi bircə il ana dilində təhsil alan o şəxs sonralar bütün Azərbaycan ədəbiyyatını çox gözəl öyrənmişdi. Ona görə də, o dövr Azərbaycan tarixində, ədəbiyyatında müsbət bir dövr kimi qalıb. Azərbaycanın milli şüurunun gəlişməsində böyük rolu olub. Hər il olduğu kimi, bu il də Kanadada, Amerikada, İsveçin Stokholm şəhərində, Amsterdamda, Bakının özündə müxtəlif tədbirlər keçirilməkdədir. Bakıda Seyid Cəfər Pişəvərinin məzarı ziyarət olunur, tədbirlər düzənlənir.
XS
SM
MD
LG