Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:37

Gi de Mopassan - Görüş (İlk dəfə)


Guy de Maupassant
Guy de Maupassant

Tərcümə: Günel Eminli...


Görüş vaxtına az qalsa da, Madam Aqqan yerindən tərpənmirdi. Əlindəki çətirlə ayaqqabısının burnuna döyəcləyə-döyəcləyə otağında qərarsız əyləşmişdi. O, artıq hazır idi - şlyapası, bürüncəyi və əlbəttə, şlyapaya birləşmiş rübəndlə bərabər; di gəl, ürəyi soyumamışdı. Üzünü gizlətmək üçün daha bir rübənd də götürmüşdü. O bunu, faytonun içərisində taxırdı və tam hazırlandıqdan sonra işığa çıxırdı.

İki il ərzində o öz gözəl məşuqu Vikont de Martelye üçün beləcə çox geyinmişdi, çox hazırlanmışdı. Xanım Aqqan bu görüşləri kübar dairələrinə mənsub olan birja dəllalı - əri işdə olarkən Vikontun subay mənzilində təşkil edirdi.

Pəncərələrin arasında qırmızı ağacdan hazırlanmış tualet stolunun üstündəki saatın əqrəbləri bir-birini qovhaqovda idi, onun yanında yarıya qədər oxunmuş açıq kitab, kaminin üzərindəki sakson farforundan hazırlanmış dolçanın içində iki dəstə bənövşə xoş rayihə yayırdı. Bu ətir həm də Madam Aqqanın yataq otağından gələn minaçiçəyinin iyi ilə də qarışırdı.

Əqrəblər 3-ü göstərəndə Madam Aqqan qalxmağa məcbur oldu. O, yüngülcə başını döndərərək, saata baxdı və fikirləşdi: o artıq məni gözləyir, təsəvvür edirəm, necə səbirsizliklə var-gəl eləyir. Çölə çıxarkən lakeyə xəbərdarlıq etdi ki, 1 saatdan sonra gələcək, amma əlbəttə, bu ağ yalan idi. Pilləkənləri düşüb pay-piyada yola düzəldi.

Mayın axırları – gözəl günləriydi. Elə bil, kənd baharı Parisi yavaş-yavaş ram edir, əvvəl-əvvəl damlarından başlayıb ev-eşiyə divarlardan qədəm basır, küçələri al-əlvan edir, daş fasadları, asfaltı, səkiləri gəzir, daş döşənmiş küçələri və yaşıllaşan meşə tək şəhəri təbii, gözəl rənglərlə ağuşuna alıb, məst edirdi.

Madam Aqqan sağa - fayton dayanacağına getmək üçün Provans küçəsindən keçib sağa dönəsiydi, di gəl, havanın ilıqlığı, yazın təravəti onun qəlbini elə ovsunladı ki, fikrini dəyişib Şosse danten küçəsini seçdi və özü də qeyri-ixtiyari qarmaqarışıq hiss keçirərək Trinite bağçasındakı yaşıllıqdan zövq almaq istədi. “Heç nə olmaz” fikirləşdi, 10 dəqiqə artıq gözləyər. Bu fikirdən xoşallandı, camaatın arasından addımladıqca məşuqunun halını xəyalında təsəvvür edirdi: bax, onun səbr kasası dolub-daşır, tez-tez saatına baxır, pəncərəni açır, qapını dinşəyir, əyləşir, bir dəqiqdən sonra yenə qalxır, siqar çəkməyə cəsarət etmir (Madam Aqqan ona görüş günləri siqar çəkməyi qadağan etmişdi) və siqar dolu qutuya həsrətlə baxır.

O, arın-arxayın yeriyir, yolda qarşılaşdığı hər şeylə - simalarla, dükanların şüşələri ilə əylənir, qəsdən addımlarını ləngidir, vitrinlərin qarşısında daha çox vaxt itirməyə bəhanə tapıb dayanırdı.

Küçənin başındakı kilsənin bağçasına girmək həvəsi onu elə güc gəldi ki, xiyabanı keçib, uşaqlar üçün salınan bağçaya daxil oldu və yanağı allı, gülərüzlü, xoşsimalı bəzəkli lenltərlə bəzənmiş, işıq saçan dayələrin yanından ötüb, ensiz çəmənlikdə iki dövrə vurdu.
Sonra kətil götürdü və gözlərini zəng qülləsindəki dairəvi saatın siferbalatına zilləyib əqrəblərin hərəkətini izləməyə başladı.

Yarım saat tamam olcaq, qəlbi sevincdən riqqətə gəldi, saatın zəngini eşidəndə sevindi. Miromenil küçəsinə çatmaq üçün o artıq yarım saat oğurlamışdı, 15 dəqiqə də ləngimək lazımıydı; deməli, hələ gəzmək olar. Bu artıq görüşdən oğurlanmış 1 satdır. Bu dəfə o, 40 dəqiqə-filanla canını qurtaracaqdı.

Aman Allah! O, görüşə getməyi qəti arzulamırdı. Elə bil, diş həkiminə gedən xəstəydi; bu iki ildə azı həftədə bir dəfə baş tutan bu görüşləri xatırlayır və fikirləşəndə ki bu görüşlərdən biri də bu gün onun gözləyir, üzülür, başdan ayağa səksənirdi. Düzdür, bu diş həkimində olduğu kimi əziyyətli deyildi, di gəl, o qədər cansıxıcı, darıxdırıcı, zəhlətökəniydi ki, Madam Aqqanın əlacı olsaydı, cərrahiyyə əməliyyatına razılıq verərdi. Amma nolsun, o gedirdi, asta-asta, tələsmədən... Bəzən ayaq saxlayır, əyləşir, bir qədər yubanarır, amma yenə gedirdi, gedirdi.

Aha! O bu görüşü böyük məmnuniyyətlə başından edərdi. Axır aylarda yazıq Vikontu artıq iki dəfə aldatmışdı və bu yaxınlarda yenə də yalan satmaq istəmirdi. Amma niyə, niyə ayaqları özxoşuna ora səmt almışdı? Niyə? Yazıq Martelyedən ayrılmaq üçün tutarlı bəhanəsi yox idi. Hər şey necə başladı? Niyə? Madam Aqqan özü də bilmirdi. Vikontu sevirdimi? Bəlkə də! Amma yox, sən deyən sevgi-filan yoxuydu, yüngülcə aşiq olmuşdu, vəssalam. O, yarlı-yaraşıqlı, alicənab, nəzakətli, gözəl tərbiyə alımış adam idi və ilk baxışdanca kübar qadın üçün əsl məşuq təsiri bağışlayırdı.

Vikont onun qəlbini oğurlayanacan üç ay keçdi. Pis müddət deyildi, mübarizəsindən, inadkarlığından dönməmişdi. Axır, madam ram oldu, həyəcanla, valehedici qorxu və təşvişlə Vikontun subaylıq mənzilində görüşməyə razı oldu. Sonra başqa görüşlərə ayaq açdı. Bəs onun qəlbi? Onun fəth edilmiş, ram edilmiş, tovlanmış zərif qadın qəlbi bu dəhşətli evin kandarından addımını atanda nə hiss edirdi? Düzünü o deyə bilməzdi. O unudub. Hadisəni, tarixi yadda saxlamaq olar, lakin yüngül, keçici qəlb əsintisini, həyəcanını yadda saxlamaq çətindi. Amma o təsbeh muncuqları kimi eyni olan görüşləri, sevginin çarpaz yollarında belə yorucu, darıxdırıcı, birrəng dayanacaqları unutmamışdı. Belə görüşlərdən növbətisinin bir azdan baş verəcəyini ağlına gətirəndə, ödü ağzına gəlirdi.

Aman Tanrım! Onun görüş yerinə getmək üçün tutduğu faytonlar adi səfərlər üçün nəzərdə tutulan ekipajlara qəti bənzəmirdi. Faytonçular əlbəttə,
işin nə yerdə olduğunu təxmin edirdilər. O bunu faytonçuların baxışlarından hiss edirdi. Paris faytonçularının dəhşətli sirayətedici baxışları olur! Təsəvvür etmək belə çətindir ki, onlar neçə illər keçəndən sonra məhkəmədə gecə yarı hansısa küçədən vağzala apardıqları canini ifşa edə bilərlər. Onların sutkadakı saatlara tən gələn müştəriləri, sərnişinləri olur, bu düz; di gəl, yaddaşları o qədər itidir ki, məsələn, ifadə verirlər: “bax, bu həmin adamdır, mən onu Martir küçəsindən götürdüm və keçən ilin 10 iyulunda gecə yarısından 40 dəqiqə keçmiş Lion vağzalına çatdırdım”. Əlbəttə, belə risk edəndə həyəcanlanmağa dəyər, necə ki, gənc qadın başqası ilə görüşə gedərkən öz ləyaqətini küçədən keçən bir faytonçuya etibar edir. İki il ərzində Madam Aqqan Miromenil küçəsində həftədə birindən hesablasaq, yüz yaxud yüz iyirmi fayton tutmalı olub. Deməli, ona qarşı həlledici məqamda elə bu sayda şahid ifadə verə bilər.

Faytona əyləşərkən o dəqiqə cibindən ikinci daha qalın, qara yarım maskanı xatırladan rübəndi taxıb, gözlərinin üstünə salırdı. Düzdür, üzü bağlıdır, amma libası, şlyapası, çətiri – məgər bunları kim isə yadda saxlayıb, tanıya bilməz? Miromenil küçəsində - necə də əziyyətlidir! Ona elə gəlirdi ki, o yoldan ötənlərin hamısını, eləcə də qulluqçuları birbəbir tanıyır; hamısını!

Fayton dayanan kimi o balaca otağının qabağından çəkilməyən qapıçının yanından ötüb, giriş qapısından içəri dürtülürdü. Qapıçı isə onun haqqında hər şeyi bilirdi – onun ünvanını, adını, ərinin peşəsini, çünki bu qapıçılar dünyada ən məharətli xəfiyyələrdirlər! Bu iki il ərzində o qapıçının cibinə 100 franklıq əskinası birtəhər ötürərək onu ələ almağa çalışmışdı. Lakin o qapıçının ayaqları altına bükülmüş əskinası atmaq kimi sadə hərəkəti etməyi cəsarəti çatmadı. O qorxurdu. Amma nədən? Özü də bilmirdi! Birdən qapıçı onu anlamazsa və onu səslərsə? Piləkənin yanında baş verəcək qalmaqaladan və bura yığışa biləcək kütlədən qorxurdumu? Bəlkə, onu həbs edəcəklərindən qorxur? Vikontun mənzilinə çatmaq üçün yarım mərtəbə qalxmaq lazım gəlirdi, lakin pillələr ona Sen Jak qalasındakı kimi sonsuz gəlirdi. Vestibülə çatar- çatmaz o özünü tələyə düşmüş kimi hiss edərdi, yuxarı və ya aşağı mərtəbələrdən gələn yüngülcə xışıltıdan belə nəfəsi daralırdı. Geriyə dönmək mümkün deyildi, orada qapıçı və küçə onun yolunu kəsmişdilər, əgər bu an kimsə yuxarı mərtəbədən aşağı enirdisə, o Martelyenin qapısının zəngini çalmağa cürət etmir, digər mənzilə gedirmiş kimi özünü apararaq onun mənzilinin yanından ötüb keçirdi. O, yuxarı mərtəbələrə qalxır, qalxır, qalxırdı. O yəqin ki 40-cı mərtəbəyə qədər belə çıxa bilərdi. Pilləkənlərdə səs-səmir kəsilən kimi birdən Vikontun mənzilini tapmamaq qorxusuyla qaçaraq aşağı düşərdi.

Vikont həmişəki kimi ipək astarlı zərif məxməri kostyumunda eleqant və bir qədər gülməli görkəmdə qapını açıb onu içəri dəvət edərdi. Vikontun sevgilisini qarşılamaq mərasimində bu iki il ərzində heç nə dyişməmişdi, bir jest belə.

Qapını örtər örtməz o deyirdi: “ İcazə verin, əllərinizi öpüm, əziz dost”. Sonra Vikont Madamı zahiri dəbdəbəni qoruyub saxlamaq üçün yay-qış pəncərələri açılmayan, işıqları yanılı saxlanılan yataq otağına ötürürdü. Yataq otağında Vikont Madamın qarşısında diz üstə çökür və məftunluq və pərəstiş qarışıq hisslə onu aşağıdan yuxarı seyr edirdi. İlk günlər bu hərəkət çox yerinə düşürdü və xoş olurdu. Amma indi Madama elə gəlirdi ki, o artist Delonenin çıxış etdiyi hərbi pyeslərin beşinci aktına 120-ci dəfə tamaş edir. Öz jestlərini aradabir axı dəyişmək lazımdır.

Aman Tanrım, daha sonrası lap dəhşətli olurdu. Yox, o nəzakətli rəftarını dəyişdirmirdi, yazıq. Amma necə də bayağı görünürdü.

Ya Rəbbim, qulluqçusuz soyunmaq necə də əziyyətliydi. Yox, birinci dəfə bu o qədər də çətin gəlməzdi, amma həftədə bir dəfə bu artıq dözülməz olurdu. Kişinin qadından belə qurbanlar tələb etməsinə yol vermək olmaz. Soyunmaq çətin olurdusa, geyinmək əsla artıq namümkünə çevrilirdi, “İcazə verin sizə kömək edim, əzizim” deyib dövrə vuran bu cənaba hikkədən qışqırmaq, bir yağlı sillə çəkmək istəyirdi. “Kömək etmək?”, Amma necə? Nəyə kömək edə bilərdi o? Əlində sancağı necə tutduğuna tamaşa etmək kifayət idi ki, bunu anlayasan ki, o belə işlərə yaramır.

Ola bilər, elə bu anlarda Madamın Vikonta qarşı nifrəti oyandı. “İcazə verin sizə kömək edim” sözlərini deyəndə Madam onu ölüdürməyə hazır idi. Əlbəttə, onu iki il ərzində 120 dəfə qulluqçusuz geyinməyə təhrik edən adamı nifrət etməmək mümkün deyildi.

Yəqin Vikont kimi dünyada ağırayaq, bacarıqsız, cansıxıcı kişi az tapılar. Bax, bu bəstəboy Baron de Qrembal heç vaxt yazıq görkəmdə qadından “sizə necə kömək edim” soruşmazdı. O dəqiq kömək edərdi, elə diribaş, hazırcavab və məzəli adam idi ki. Şübhəsiz, o diplomat idi, bütün dünyanı gəzib görmüşdü, yəqin ki dünyada hər dəbdən paltar geyinən qadın soyundurub geyindirmək ona nəsib olmuşdu.

Zəngli qüllənin saatının sədaları vaxtın 03.45 olduğunu bildirirdi. O siferblatına baxaraq, içində qımışaraq “təsəvvür edirəm, necə səbirsizlənib” tez bağçanı tərk elədi. O heç xiyabanda on addım atmamış bir cənabla üzbəüz gəldi, cənab ona yüngülcə təzim etdi.
- Ah, Baron, bu sizsiniz? – təəccüblə dedi, çünki bu dəqiqə onun haqqında düşünürdü.
- Hə, Madam.

Baron Madamın əhvalını soruşdurduqdan və bir iki lazımsız ifadədən sonra:
- Siz bilirsiz, siz mənim xanım dostlarımdan (yəqin sizi belə çağırmağıma icazə verərsiniz) yeganə xanımsız ki, hələ ki mənim yapon kolleksiyamı görməmisiniz.
- Axı, cənab Baron, evli qadın subay kişinin evinə gedə bilməz.
- Necə? Niyə? Bu nə mövhumatdır. Axı söhbət nadir kolleksiyaya baxmaqdan gedir.
- Hər nə olur olsun, mən ora tək gedə bilmərəm.
-Niyə də olmasın? Mənim kolleksiyama baxmaq üçün çoxlu tək qadınlar mənim mənzilimdə olublar! Mən hər gün onları qəbul edirəm. İstəyirsiniz, adlarını çəkim? Yox, əslində mən bunu edə bilmərəm. Belə işlərdə bir qədər ədəbli olmaq lazımdır. Əslinə baxanda, niyə əgər sənin başqa pis məqsədin yoxdursa, niyə cəmiyyətdə öz mövqeyi olan, ciddi, tanınmış adamı ziyarət etmək günahdır?
- Siz haqlısız bəlkə də.
- Deməli, mənim kolleksiyama tamaşa etmək üçün gedirik.
- Nə vaxt?
- Elə indi.
- Mümkün deyil, mən tələsirəm.
- Siz bağçada yarım saatdır ki, oturmusuz.
- Siz məni izləyirdiniz?
- Mən sizə tamaşa edib, zövq alırdım.
- Həqiqətən tələsirəm.
- Əminəm ki, elə deyil. Etiraf edin, o qədər də tələsmirsiniz.
Madam Aqqan gülərək etiraf etdi:
- Haqlısız, elə də tələsmirəm.

Onların yanından fayton keçirdi. Bəstəboy Baron hayladı:” Faytonçu” – və fayton dayandı. Qapını açıb, dedi:
- Əyləşin, xanım.
- Yox, Baron, bu mümkün deyil, mən bu gün gedə bilmərəm.
- Madam, siz ehtiyatsız hərəkət edirsiz, əyləşin. Görürsüz, bizə artıq diqqət yetirməyə başlayırlar, ətrafımıza kütlə toplanır, elə anlayacaqlar ki, mən sizi oğurlayıram, və bizim ikimizi də həbs edəcəklər. Əyləşin, xahiş edirəm!

Madam özünü itirmiş və karıxmış halda cəld faytona əyləşdi. Baron da yanında özünə yer edərək, faytonçuya səsləndi:
- Provans küçəsinə.
Birdən Madam qışqırdı:
- Ax, mən tamam unutmuşam, təcili məktub göndərməliyəm, xahiş edirəm, məni yaxınlıqdakı teleqraf kontoruna aparın.

Faytonçu teleqraf kontorunun yaxınlığında Şatoden küçəsində saxladı. Madam Aqqan Barona dedi:
- Zəhmət olmasa mənə 50 santimlik blank götürün. Həyat yoldaşım sabahkı nahara Martelyeni dəvət etməyi tapşırıb, mən isə tamamilə unutmuşam.

Baron göy rəngli blankla geriyə qayıtdıqda, Madam karandaşla yazdı: “Əziz dost, mən özümü çox pis hiss edirəm, dəhşətli nevralgiya məni yatağa bağlayıb. Heç yerə çıxa bilmirəm. Sabah axşam yeməyinə gəlin, mən əfv diləməyə çalışacam” Janna.

Madam Aqqan blankın qıraqlarını isladaraq, əməllicə yapışdırdı və ünvanı qeyd etdi:
“Vikont Martelyeyə, Miromenil küçəsi, 240”, blankı Barona uzadaraq:
- İndi isə zəhmət olmasa, bunu teleqramlar qutusuna atın.
XS
SM
MD
LG