Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:27

Rusiya oliqarxının 6 kambocalını dənizə tulladığı xəbər verilir


Arxiv foto
Arxiv foto
-

Çox zəngin adamların kefi kök olanda və ya əksinə kök olmayanda və yaxud da qürbətdəki adalardan birində canları sıxılanda nə edirlər?

Çox zəngin adamların bu sahədə çox zəngin də fantaziyaları var.

Məsələn, əgər yazılanlar doğrudursa, 6 Kamboca dənizçisini bir göz qırpımında okeana tullamaq olar. Bu, Qərb mətbuatının yazdığına görə, Rusiya oliqarxı Sergei Polonsky-nin «yaradıcılığıdır».

Londonda çıxan «The Mail on Sunday», eləcə də bir sıra başqa mənbələr bildirirlər ki, Polonsky son «yaradıcılığına» görə çox uzun müddətə həbsxana cəzası ilə üzləşə bilər.

Kambocadakı Siyanukvil şəhərinin prokuroru Huot Vicheth deyib ki, 40 yaşlı Rusiya maqnatına qarşı «əvvəlcədən düşünülmüş zorakılıq və azadlıqdan qanunsuz məhrumetmə» kimi ciddi ittihamlar irəli sürülüb.

Prokuror bildirib ki, hadisə cənab Polonsky-nin iki başqa dostu ilə onları adadan əsas sahilə aparan katerdə təşkil etdiyi Yeni il ziyafətinin ardınca baş verib.

Keçmiş əmlak milyarderinin köməkçiləri bildiriblər ki, guya Sergei Polonsky Kambocanı tərk etməyəcəyi barədə yazılı iltizam verdikdən sonra zaminə buraxılıb.

KAMBOCA DƏNİZÇİLƏRİNİN İDDİASI

Sözügedən 6 kambocalı dənizçi hərbi polisə bildiriblər ki, oliqarxın katerində onları əvvəlcə kayutlardan birində «məhbus ediblər», sonra isə bıçaqla hədələyərək, dənizə tullanmaları üçün əmr veriblər. Dənizçilərin Polonsky-nin katerində xidmətdə olduqları bildirilir.

Sergei Polonsky
Sergei Polonsky
Cənab Polonsky-nin sözçüsü bildirib ki, o, 24 və 25 yaşlarında iki dostu ilə özünə məxsus kiçik adada yeyib-içərkən havaya atdıqları fişənglər polisin diqqətini cəlb edib. Başqa bir Britaniya mənbəyi isə sözçünün daha geniş şərhini verir.

Demə, Polonsky-nin katerinə gələn polislər ruslardan sənədlərini tələb ediblər, onlar isə bildiriblər ki, sənədləri adada qalıb və lazımdırsa, ordan götürə bilərlər.

RUS VƏ KXMER DİLLƏRİNİN FƏRQİ

Sözçünün dediyinə görə, bundan sonra «rus və kxmer dillərinin fərqinin yaratdığı anlaşılmazlıq nəticəsində Polonsky-ni və onun dostlarını həbs ediblər və qandallayaraq yaxınlıqdakı hərbi bazaya aparıblar»…

Rusiyanın, yeri gəlmişkən, başqa bir oliqarxa – Prokhorova məxsus RBK saytı isə Polonsky və dostlarının zaminə buraxıldıqları barədə xəbərlərin yanlış olduğunu bildirir.

Sayt RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Kambocadakı konsulu Pavel Seskyanov rusların azadlığa buraxıldıqları barədə xəbərləri təkzib edib. Konsul bildirib ki, zamin məsələsinə yalnız məhkəmələr baxır, onlar isə çərşənbə axşamınadək tətildədir.

Diplomat həmçinin bildirib ki, Polonsky və dostları Konstantin BaglaiAlexander Karachinsky qanunsuzluğa yol verdiklərini etiraf etmirlər.

«The Mail on Sunday» qəzeti yazır ki, Kambocada şəxsi adası olan Polonsky, elə həmin adada Rusiyada külli miqdarda pul atdığı iddia olunan investorlardan gizlənir və investorlar onun Rusiyaya ekstradisiyasını tələb edirlər.

Alexander Lebedev
Alexander Lebedev
«The Mail on Sunday» qəzetinin bu iddiası başa düşülmür, çünki rəsmi Moskvanın Sergei Polonsky barədə heç bir axtarış qərarı yoxdur.

Bununla belə, qəzet yazır ki, Rusiya prokurorluğu Polonsky-ni başqa bir oliqarxa, keçmiş DTK casusu və hazırda Britaniyanın «The İndependent» və «Evening Standard» qəzetlərinin sahibi olan Alexander Lebedev-ə qarşı ən əsas şahid kimi qiymətləndirir.

Bu həmin Lebedevdir ki, Rusiya telekanallarından birində canlı debatda Polonsky-nin çənəsinə vurduğu bir yumruqla onu döşəməyə sərmişdi.

PUTİNİN SEVDİYİ VƏ SEVMƏDİYİ OLİQARXLAR

Rusiya oliqarxlarını iki aşkar qrupa bölmək olar: Rusiya prezidenti Vladimir Putinin xoşladığı və xoşlamadığı oliqarxlar.

Onun xoşlamadığı oliqarxlardan ən ağıllı tərpənənləri xaricə, əsasən də Britaniyaya qaçmağa macal tapıblar. Buna macal tapmayan Khodorkovsky sonu görünməyən həbs cəzası çəkir.

Putinin sevdiyi oliqarxların da çoxu Britaniyadadır. Çelsi futbol klubunun sahibi Roman Abramovich-in daimi yaşayış yeri Londondur.

Məsələn, Vladimir Putin bir neçə ay bundan əvvəl, Mərkəzi Rusiya əyalətlərindən birinin qubernatorunu iş yerində tapmadığına görə (yeri gəlmişkən o, məzuniyyətdə imiş) vəzifəsindən qovur, amma ərazisi Azərbaycandan 7 dəfə böyük olan Çukotkanın qubernatoru Abramovich-i itirib-axtarmır. Daha doğrusu, itirib-axtarmırdı. Abramovich 2008-ci ildə qubernatorluqdan öz ərizəsi ilə gedib.

Roman Abramovich (sol) və Boris Berezovsky
Roman Abramovich (sol) və Boris Berezovsky
Başqa bir maraqlı əlamət isə bundan ibarətdir ki, Rusiya prezidentinin sevdiyi oliqarxlar, adətən, onun sevmədiyi oliqarxları məhkəməyə verirlər, necə ki, Abramovich Berezovsky-ni məhkəməyə verib.

Polonsky isə Lebedevin mümkün məhkəməsində şahid ola bilər.

MÜKƏMMƏL BİR «NOVI QOD»

Polonsky-nin Kamboca qalmaqalından sonra yazdığı bloqda deyilir: «Mən mükəmməl bir Yeni il bayramı keçirdim. Hamıya dinclik arzulayıram. Hamını bağışlayıram».

Nə qədər baş sındırdımsa, bu məqalənin məntiqini anlamadım. Kimi bağışlayır və niyə bağışlayır?

Gəldiyim ala-babat nəticə budur ki, görünür, Sergey Yuriyevich doğrudan da mükəmməl bir «novı qod» keçirib…
XS
SM
MD
LG