Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:43

Rasim Qaraca: "Onların hərəkəti etik deyil"


Rasim Qaraca və Qan Turalı Azadlıq Radiosunun "Pen klub" proqramında, 21 oktyabr, 2011
Rasim Qaraca və Qan Turalı Azadlıq Radiosunun "Pen klub" proqramında, 21 oktyabr, 2011
-

Rasim Qaraca:

"İstər-istəməz adamın ağlına gəlir, dostlarımız hansısa basqıyla üzləşiblər və bu addımı atmaqdan ötrü ilk fürsəti gözləyirmişlər".


Ötən həftə Şairə Sevinc el Sevər və yazıçı Qan Turalı Azad Yazarlar Ocağını (AYO) tərk etdilər.

Yazarlar bəyanatlarında fərqli səbəblər göstərsələr də, nəticədə AYO iki tanınan üzvünü itirdi.

Sevinc El Sevər oxuzali.az-a göndərdiyi bəyanat mətnində səbəb kimi bunları göstərib: Azad Yazarlar Ocağının həyatımda əhəmiyyətli yeri var, nəinki yazılarımda. Uzun müddətdi ki, AYO-nun heç bir tədbirinin iştirakçısı deyiləm, müzakirələrə qoşulmuram, birgə qərar qəbul etdiklərində heç bir fikir irəli sürmək imkanım yoxdu. AYO ilə mən bir-birimizə heç nə vermir, heç nə almırıq”.

Qan Turalı “Qafqazinfo”ya AYO-nu tərk etməsini təşkilata ondan xəbərsiz sədr seçilməsi ilə izah edib.

Məsələ ilə bağlı Azad Yazarlar Ocağının yaradıcılarından biri, təşkilatın keçmiş rəhbəri Rasim Qaraca “Oxu zalı”na danışıb. Yazarın sözlərinə görə azad yazar olmaqdan ötrü yüksək fərdi keyfiyyətlərə sahib olmaq lazımdır:

“Mən əvvəlki müsahibələrimdə də bir dəfə demişəm: AYO-nun energetikası yüksəkdir, mən heç kəsi qınamaq istəmirəm, amma bu təşkilatda duruş gətirmək həqiqətən çətindir. AYO-çular ailədən tutmuş iş yerlərinə, hakimiyyət orqanlarına qədər hər kəsdən basqı görürlər. Azad Yazar olmaqdan ötrü çox yüksək fərdi keyfiyyətlərə və yaradıcılıq vizyonuna, kollektiv təfəkkürə sahib olmalısan. AYO-da neqativlər yox deyil, ancaq əsas prinsiplərin xatirinə biz heç zaman bunlara əhəmiyyət vermirik. Müstəqil Azərbaycanda yeganə müstəqil ədəbi təşkilat olaraq fəaliyyətimizi sürdürürük, maddi resurslar sıfır həddindədir, olmayan idealları gerçəkləşdirməyə çalışırıq".

İki yazarın təşkilatı tərk etməsinə gəldikdə isə, Rasim Qaraca onların hansısa səbəbdən bəyanat verməsini etik saymır:

“Sevinc El Sevərin və Qan Turalının dəstəyinə ehtiyacımız olduğu halda, onların hansısa inciklik səbəblərindən ictimaiyyətə (qələm dostlarına deyil) bəyanat verməsi ən azından etik deyil. İstər-istəməz adamın ağlına gəlir, dostlarımız hansısa basqıyla üzləşiblər və bu addımı atmaqdan ötrü ilk fürsəti gözləyirmişlər. O ki Qan Turalının toplantıya dəvət edilməməsinə, bu sadə texniki səbəblə bağlıdır: Qan Turalının telefonuna düşmək mümkün deyil, bilmirəm nə üçün belədir. O özü də son iki ildə bir dəfə də olsun mənə zəng vurmayıb. Yazdığım e-maillərəsə bəzən heç cavab verməyib... Hər iki dostumuza uğurlar arzulayıram”.
XS
SM
MD
LG