Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:44

İlham Əliyev: «İmkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu ləkələsinlər»


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası
-

«Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar».

Bunu prezident İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetində keçirdiyi iclasda deyib.

«Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcəkdir və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcəkdir və verir».

Prezidentə görə, ordu cəmiyyətin bir parçası olduğundan, digər sahələrdə olduğu kimi burda da müəyyən qüsurlar ola bilər.

«...orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq».

HƏRBİ XƏRCLƏR 3,7 MİLYARD DOLLARDIR

İlham Əliyev Azərbaycan ordusunun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olduğunu və böyük nailiyyətlərə çatdığını deyib.

«Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülüb, böyük sayda texnika, silah-sursat alınıb, infrastruktur yaradılıb. Keçən il ümumi hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik».

«KORRUPSİYAYA QARŞI AMANSIZ MÜBARİZƏMİZ DAVAM ETDİRİLƏCƏK»

Yekun çıxışında prezident korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəyə toxunub və bunun daha da ciddi aparılmalı olduğunu deyib.

İlham Əliyev
İlham Əliyev
«Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilib. Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcək. Burada biz müxtəlif alətlərdən istifadə edirik. Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcək. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik».

İlham Əliyev mübarizə ilə yanaşı institutsional və sistem xarakterli tədbirlərin də görülməsinin vacibliyini vurğulayıb.

«Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcək. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institutsional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcək».

Prezident nağdsız ödəmələrin çox aşağı səviyyədə olduğunu deyib.

«Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir. Hesab edirəm ki, bu il daha da ciddi tədbirlər görülməlidir. Mən təkliflər gözləyirəm ki, nağdsız hesablaşmaların, ödəmələrin sayı artsın. 2012-ci ildə doğrudan da, bu sahədə çox böyük işlər görülmüşdür və mən bu işləri qiymətləndirirəm. Hesab edirəm ki, biz bu il və bundan sonrakı illərdə də bu sahəyə çox ciddi fikir verməliyik. Burada, necə deyərlər, heç bir yeni üsul icad etməməliyik, inkişaf etmiş ölkələrin təcrübələrinə baxmaq kifayətdir».

MAAŞ VƏ PENSİYALARIN ARTIRILMASI NƏZƏRDƏ TUTULUR

Arxiv foto
Arxiv foto
«Dağlıq Qarabağla bağlı gedən danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir. Ancaq prinsiplər var. Bu prinsiplərdən biz bir addım geri çəkilməyəcəyik. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün işğal edilmiş torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır. Diplomatik və siyasi əsaslar bizim mövqeyimizi gücləndirir».

İlham Əliyev bildirib ki, «bizim mövqeyimiz həm hüquqi, həm siyasi cəhətdən sarsılmazdır. Eyni zamanda, iqtisadi gücümüz, hərbi gücümüz də yerindədir».

Prezident deyib ki, 2013-cü ildə əmanətlərin kompensasiyası prosesi başa çatmalıdır. 70-dən çox tibb müəssisəsinin inşası və təmiri, bütün qəzalı vəziyyətdə olan məktəblərin təmiri, maaşların və pensiyaların artırılması nəzərdə tutulur.

İlham Əliyev deyib ki, makroiqtisadi sabitlik qorunmalı, inflyasiya bir rəqəmli səviyyədə saxlanılmalıdır. 2013-cü ildə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha ciddi xarakter alacağını deyib. Bununla bağlı elektron xidmətlərə keçid prosesinin sürətləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı dövlət qurumlarına tapşırıqlar verib.

İlham Əliyev gələn il Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılacağını da deyib.

«BİZ POSTSOVET ÖLKƏ DEYİLİK»

İlham Əliyev Azərbaycanın artıq kosmik ölkəyə çevrilməkdə olduğunu deyib:

«Biz regional müstəvidən çoxdan çıxmışıq. Postsovet ölkəsi kimi bu adı, necə deyərlər, artıq çoxdan arxada qoymuşuq. Biz postsovet ölkə deyilik. Bəzi hallarda xarici tərəfdaşlarla görüşlər əsnasında deyiləndə ki, postsovet ölkələr, deyirəm saxlayın burada. Azərbaycan postsovet ölkəsi deyil. Bəlkə kimsə postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik».
XS
SM
MD
LG