Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:45

Güllələnmiş Azərbaycan generalı - Tlexas


-

«...Mən heç vaxt siyasi partiyaların işinə qoşulmazdım. Mənim məqsədim milli ordu yaratmaq, milli qırğının qarşısını almaq idi...».


GÜLLƏLƏNMİŞ AZƏRBAYCAN GENERALLARI

İkinci yazı

AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini yaxın vaxtlarda saytımızda oxuya biləcəksiniz. Təbii ki, yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq.

QORXUBİLMƏZ SƏRKƏRDƏ--MURAD GƏRAY TLEXAS

«Qorxubilməz» sözünü təsadüfən işlətmədim. Bu, Murad Gəray bəyin düşmənlərinin – bolşeviklərin etirafıdır. Onlar generalın güllələnməsindən illər keçəndən sonra, görün, nə yazıblar:

«..zahiri görkəmi çox təsirlidir. Hündür, enlikürək, gözləri od saçır, çiyinlərində böyük epoletlər... Enli yazı masasının arxasında oturur... Masanın yaşıl örtüyünün üstü müxtəlif fiqurlarla doludur... sağ tərəfdə naqan, sol tərəfdə isə qamçı qoyulub. O, qorxubilməz sərkərdədir».

MURAD GƏRAY BƏY TLEXAS KİM İDİ?

«Qorxubilməz sərkərdə»--Murad Gəray bəy Tlexas milliyyətcə çərkəz olub. 1874-cü ildə Kuban vilayətinin Yekaterinodor şəhərində (indiki Krasnodar) hərbçi ailəsində doğulub. İlk təhsilini Maykopda alıb. Sankt-Peterburq Mixaylovski Artilleriya Məktəbini bitirib.
1912-13-cü illərdə 51-ci Artilleriya briqadasında kapitan rütbəsində xidmət edib. Port-Artur savaşına və 1-ci Dünya müharibəsinə qatılıb. Şöhrətlənib.

Rus-yapon müharibəsində (1904-1905) iki dəfə 4-cü dərəcəli «Müqəddəs Georgi», iki dəfə «Müqəddəs Anna» ordeninə layiq görülüb.

1914-cü ildə yaralanıb. 1915-ci ildə «Müqəddəs Vladimir» və «Müqəddəs Georgi» ordenləri alıb (4-cü dərəcəli).

1917-ci ildə yüksək döyüş xidmətlərinə görə Georgievsk silahı ilə mükafatlandırılıb.
1918-ci ilin payızında ağqvardiyaçılar Kubanı və Adıgeyi tutanda, Tlexas Azərbaycana gəlib. General Əliağa Şıxlinski onu Əlahiddə Azərbaycan Korpusunun tərkibində olan 2-ci nişançı topçu briqadasının komandiri təyin edib. Az sonra Baş Qərargahda Baş Artilleriya İdarəsinin rəisi, 1919-cu il dekabrın 4-dən Bakı möhkəmləndirilmiş rayonunun general-qubernatoru olub.

ARXİVDƏ «TAMAMİLƏ MƏXFİDİR» QRİFİ İLƏ 2 ƏMR SAXLANILIR

Şəmistan Nəzirli general Tlexasın Cümhuriyyət ordusundakı ilyarımlıq fəaliyyətinə işıq salan iki əmr tapıb. Onun yazdığına görə, bu əmrlər Azərbaycan Yeni Tarix Mərkəzi Dövlət Arxivində «Tamamilə məxfidir» qrifi ilə saxlanılır. Əmrləri hərb naziri Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi Həbib bəy Səlimov imzalayıb. Birinci əmrdə hərbi sursat almaq üçün Tbilisiyə göndərilən general-mayor Tlexasın rəhbərliyi altındakı komissiyanın, bir sıra ciddi çətinliklərə baxmayaraq, qısa müddətdə olduqca sərfəli qiymətlərlə bu işi başa çatdırdığı vurğulanır. O, «qeyrətli, təcrübəli və vicdanlı» şəxs kimi öyülür.

İkinci əmrdən seçmə:

«Cəngavər insan və yorulmaz təcrübəli hərbi xadim olan Murad Gəray bəy Tlexas ordunun silahlanması, bütün Azərbaycan boyu səpələnmiş artilleriya əmlakının toplanması, artilleriya anbarlarının və emalatxanalarının qurulması işlərində böyük əmək sərf etmişdir».

MURAD GƏRAY BƏYİN «AZƏRBAYCAN» QƏZETİNƏ MÜSAHİBƏSİ

1919-cu il sentyabrın 13-də Tlexas hərbi nazirin təqdimatı ilə Dövlət Müdafiə Komitəsi tərəfindən Bakı İstehkamçılar hissəsinin rəisi təyin olunub. Bu struktur ağqvardiyaçı Denikin təhlükəsinə qarşı Bakının müdafiəsini təşkil etməli və şəhərin asayişini qorumalı idi. Həm də Bakının hərbi general-qubernatoru olan Tlexasın rəhbərliyi ilə Bakının qurudan və dənizdən müdafiəsi üçün konkret tədbirlər həyata keçirilib, şəhər ətrafında müdafiə zolaqları qurulub. S.Mehmandarovun 1919-cu il 4 dekabr tarixli əmri ilə Topçu İdarəsinin rəisi vəzifəsindən azad edilən Tlexas bundan sonra bütün diqqətini yalnız Bakının müdafiəsinin və asayişin təşkilinə yönəltməli idi. 1919-cu il dekabrın 10-da Bakının hərbi general-qubernatoru vəzifəsini daha səmərəli icra etməsi üçün Tlexas Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsindən azad edilib. 1920-ci il yanvarın 25-də Bakı Hərbiyyə General-Qubernatoru Tlexasın «Azərbaycan» qəzetinə verdiyi müsahibədən:

«Son günlərdə şəhərdə şayiələr yayılır ki, bolşeviklər çıxış edib bazar-dükanı talayacaqlar. Əhali həyəcana gəlmişdir. Boş laqqırtılar böyük meydan alır. Belə hərəkələr olmayacaqdır. Əgər baş verərsə, rəhmsizcəsinə basılacaq, hökumətin lazımi miqdarda qüvvəsi vardır. Heç kəsə şəhərə daxil olmağa müsaidə edilmir.... Köhnə rus pasportları etibardan saqiət edilir, bir aya bütün vətəndaşlar türk pasportu almalıdır».

BULVARI SÜPÜRƏNLƏR...

Tlexas bolşevik istilasından sonra bolşevik Əli Bayramovun qatillərindən biri kimi həbs edilir. Sənəddə bu, belə ifadə olunub:

«1920-ci ilin aprelində Bakıda silahlı çevrilişin həyata keçməsində və hazırlığında Türk kommunistləri Süleyman Nuru, Məmməd Tahir, Fuad Sabit fəal çalışmışlar. Onların gücü və fəaliyyəti ilə Bakının Hərbi Qubernatoru general Murad Gəray Tlexas həbs edildi».

Tlexas mayın 21-dən 29-dək Ali İnqilab Şurasının məhkəməsində şahid kimi dindirilir. Deyilənə görə, general Tlexas və bütün dustaqlar Bayıl xəstəxanasında saxlanılırmış. Hər gün onları mühafizə ilə gətirib bulvarı süpürtdürürmüşlər... Görk olsun deyə! Məhkəmədə Tlexas bütün ittihamları rədd edir:

«General Denikinlə mənim əməkdaşlığım mümkünsüzdür. Bir il ərzində mən denikinçilərlə mübarizə aparmışam. Onun kəşfiyyatçıları mənim əməkdaşlarımdan və məndən oddan qorxan kimi qorxurdular. Bakıya bolşeviklər deyil, denikinçilər girsəydi, birinci mən güllələnərdim...».

SON SÖZ

General Əli Bayramovun qətlində özünü qətiyyən müqəssir saymadığını, denikinçi könüllülər komandanlığı ilə heç bir danışığa getmədiyini dönə-dönə bildirir və tribunala son sözündə deyir:

«...Əgər məndən soruşsanız ki, Bakıdakı fəaliyyətim dövründə kimləri özümə düşmən hesab edirdim, cavab verərdim: Ancaq və ancaq Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyən könüllülər mənim qatı düşmənimdir. Mən heç vaxt siyasi partiyaların işinə qoşulmazdım. Mənim məqsədim milli ordu yaratmaq, milli qırğının qarşısını almaq idi...».

Tribunal Opera Teatrının binasında keçirilirmiş. Hökmü Ali İnqilab Komitəsi—sədr Teymur Əliyev və üzv Mir Bəşir Qasımov imzalayır...

«İNQİLAB ETMİŞ XALQIN ADINDAN» – GÜLLƏLƏNSİN!

Murad Gəray bəy Tlexası mayın 29-da gecə saat 2-də «inqilab etmiş xalqın adından» güllələyirlər. Həmin gecə Müsavat hökumətinin polis rəisi olmuş Rüstəm bəy Mirzəyevi, dördüncü sahə rəisi Nurəddin Seyidovu, onun müavini Süleyman bəy Sübhanverdixanovu, baş qorodovoy Məşədi İbrahim Babayevi, polis agenturasının rəhbəri Eyvaz Cəbrayılovu, məşhur Bakı qoçusu Nəcəfqulu Rzayevi və b. da güllələyiblər... Qiyabi ölüm hökmü kəsilənlər arasında xaricə qaçmağa müvəffəq olmuş Cümhuriyyətin Daxili İşlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyov da vardı...

DAHA BİR DÜŞMƏN ETİRAFI...

Şəmistan Nəzirli tribunalın sənədlərində bir qeydə də rast gəlib. Onu siz də oxuyun:

«Dünən təkəbbürlü, belisilahlı gəzən qoçular oturduqları müttəhim kürsüsündə büzüşüb yumağa dönmüşdülər. Yazıq, qorxaq nəzərlərlə məhkəmənin gedişini izləyir, gözləri ilə aman diləyirdilər. Yalnız Bakının general-qubernatoru Murad Gəray bəy Tlexas məğrur oturub zəhmli gözləri ilə salona baxırdı. Bu comərd generalın varlığında qorxudan əsər-əlamət yox idi».

DAHA BİR SƏNƏD...

Şəmistan bəyin yazdığına görə, arxiv sənədləri arasında qısa və təsirli bir məktub da var. Məktubu Murad Gəray bəy Tlexasın həyat yoldaşı Əminət xanım Tlexas Ali İnqilab Şurasının sədrinə 1920-ci il iyunun 6-da yazıb:

«..1920-ci il mayın 29-da Ali İnqilab Məhkəməsinin qərarı ilə ərim Murad Gəray bəy Tlexas güllələnmişdir. Ərim həbs olunan gün evimizdən sizin əməkdaşlar ailəmizə məxsus olan qızıl və gümüş əşyalarını da aparmışlar. Acizanə surətdə xahiş edirəm, həmin qızıl və gümüş əşyalarının qaytarılması barədə sərəncam verəsiniz. Həmin əşyalar yenicə həddi-buluğa çatmış iki qızıma və mənə məxsusdur»

Ərizənin üstündəki dərkənardan aydın olur ki, ailəyə heç nə qaytarılmayıb...
General ailəsi ilə indi «Araz» kinoteatrının da yerləşdiyi dördmərtəbəli binada yaşayırmış.

Əminət xanım ərinin Bakıdakı dostları sayəsində İrana mühacirət edə bilir.
Onun böyük qızı Cənnət xanım o dövrdə İranın Bakıdakı konsuluna ərə gedibmiş.
Kiçik qızın taleyindən xəbər yoxdur...
XS
SM
MD
LG