Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:29

İş adamlarının vəkili: «Bu da istintaqın Naxçıvan variantıdır»


Xalid Bağırov
Xalid Bağırov
-
Həbsdə olan naxçıvanlı işadamı Məhəmməd QurbanovNadir Məmmədova əlavə ittiham verilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib. Naxçıvandan qayıdan vəkilin bildirdiyinə görə, hər iki şəxsə Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə əlavə ittiham irəli sürülüb:

«Çox anlamsız və yersiz maddədir. Hər iki şəxs 315-ci (hakimiyyət nümayəndəsinə zor) maddə ilə ittiham olunurlar. Hər hansı şəxs 315-ci maddəyə əsasən təqsirləndirilirsə, 221-in artıq yeri yoxdur. Bu maddə heç bir səbəbsiz ictimai asayiş pozanda, yəni xuliqanlıq edəndə, tətbiq oluna bilər. İdarəçilik münasibəti varsa, xuliqanlıqda suçlamaq absurddur. Vəsatətimdə də bunu bildirmişəm. İstintaq birtərəfli aparılıb, çünki yalnız gömrük işçiləri dindirilib. 17 nəfər gömrük işçisinin izahatı var ki, guya onları döyüblər. Qondarma bıçaq da çıxarıblar ortalığa. Guya Nadir həmin bıçaqla kiminsə əlini cızıb. Axı qan izindən də görünür ki, bıçağın üzərində xəsarətə uyğun gəlməyən izlər var. Qan bıçağın bütövlükdə üstünə yaxılıb. Bıçağın Nadirə aid olması ilə bağlı heç bir ekspertiza keçirilməyib. Bu da istintaqın Naxçıvan variantıdır».

Vəkilin bildirdiyinə görə, müdafiə etdiyi şəxslərin həbsində yerli məmurların inhisarçı maraqları da var:

«Məhəmməd Qurbanovun gömrükdə saxlanılan mallarının bir qismi də polietilen torbadır ki, Naxçıvanda həmin işə Daxili İşlər naziri Əhməd Əhmədovun qohumları baxır. Digər mallar da başqa bir yuxarı vəzifəlinin qohumunun inhisarındadır. Həbsin siyasi xarakterini bunlar da sübut edir. İstintaqa aid adicə bir sənədin sürətin ala bilmirik. Deyirlər ki, bizə tapşırıblar ki, olmaz. İstintaqın işinə Naxçıvanın DİN və onun əlaltıları birbaşa qatılıb».

Naxçıvan MR DİN-dən həm nazirlik, həm də onun əməkdaşları haqda deyilənləri təkzib etdilər.

«RÜSUMDAN ARTIQ PUL İSTƏYİBLƏR»

Məhəmməd Qurbanov keçən il noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda isə Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Sədərək rayon Prokurorluğu tərəfindən istintaq aparılır. Bu ittihamlarla onlar 3 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum oluna bilər.

Dekabrın 12-də Sədərək rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb. Onlar Naxçıvandakı Böyükdüz təcridxanasında saxlanırlar.
XS
SM
MD
LG