Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

Bu, İslamın İslamla müharibəsidir


İraqda sünni yaraqlılar
İraqda sünni yaraqlılar
-

Indi Yaxın Şərqdə baş verənlər Qərblə savaşdan daha çox sünni-şiə davası kontekstində anlaşılmalıdır.

Bunu Britaniyanın “Times” qəzetindəki məqaləsində Paddy Ashdown yazır.

Onun fikrincə, ərəb baharı müsəlman aləmində böyük dəyişikliklərə səbəb olub.

Demokratiya yolunu seçdiyini bəyan edən yeni hökumətlər yaranıb.

Artıq Qərbin “terrora qarşı müharibə” aparmaq strategiyası işləmir. Çünki bu müharibəni hansısa ölkəyə qoşun yeridərək udmaq mümkün deyil.

Bundan başqa qlobal maliyyə böhranına görə,

Qərb ölkələri hərbi büdcələrini azaltmağa məcburdurlar

Digər tərəfdən müharibə planlarına Qərb cəmiyyətlərində insanlar arasında nifrət böyükdür.

Məqalə müəllifinə görə, bunun əvəzində Qərb ölkələri regiondakı mötədil rejimləri dəstəkləməli və islamçı terrorçuların onların əliylə məğlub edilməsinə çalışmalıdırlar.

Məqalə müəllifi hesab edir ki, hansısa ölkəni işğal etmək, orda ordu saxlamaq və yeni hökumət qurmaq yolu uğur gətirmir.

Bunun əvəzində Qərbin regional siyasəti kəşfiyyat məlumatlarına, yerli hökumətlərlə yaxından əməkdaşlığa, səbrə, incə siyasətə, Qərb ölkələri arasında sıx koordinasiyaya və ən əsası da təhlükə ilə üzləşmiş yerli hökumətlərə edilən yardımlara əsaslanmalıdır.

Fransız qoşunları Malidə, 14 yanvar 2013
Fransız qoşunları Malidə, 14 yanvar 2013
Çalışılmalıdır ki, onların təhlükələri müstəqil şəkildə aradan qaldırmaq imkanları artmış olsun.

Paddy Ashdown hesab edir ki, Qərb ölkələri silah işlədilməsinə ən son imkan kimi baxmalıdırlar. Özü də bu, kiçik miqyasda baş verməlidir.

Çünki genişmiqyaslı əməliyyat strategiyası işləmir

Necə ki onilliklər boyu Malidə islamçı ekstremistlərlə mübarizə üçün ciddi tədbir görülmədi və indi Fransa oraya qoşun yeritməyə məcbur olur.

Məqalə müəllifi növbəti belə problemin Nigeriyada yaşana biləcəyini güman edir.

Paddy Ashdown bunları nəzərə alaraq iddia edir ki, Liviya modeli Əfqanıstan modelindən daha yaxşıdır.

Əfqanıstanı Qərb qoşunları işğal etdiyi halda Liviyada rejimi liviyalılar özləri yıxdılar.

Düzdür, bu, ölkədə çoxlu sayda nəzarətsiz silahların əllərdə qalması və ekstremistlərə qarşı mübarizənin zəifliyi ilə müşayiət olunur.

Amma məqalə müəllifi sual edir:

Doğrudanmı Liviyada zorakılıq və qeyri-stabilliyin miqyası “İraq və Əfqanıstanda bizim səhvlərimizdən” qaynaqlanan zorakılıq və qeyri-sabitlikdən böyük oldu?

Paddy Ashdown Somalini də nümunə göstərir

​O, Britaniyanın köməyi ilə demokratik Somali hökumətinin “Əl-Şahab” yaraqlılarına qarşı uğurla mübarizə apardığını qeyd edir.

Bundan başqa məqalə müəllifi indi müsəlman dünyasında gedən proseslərin heç də əvvəlki kimi birmənalı olaraq “Qərbə qarşı cihad” olmadığına diqqət çəkir.

Qərb siyasətçilərini bunu anlamağa çağırır.

Onun fikrincə, indi regiondakı proseslərin əsas konteksti getdikcə dərinləşən sünni-şiə konfliktidir.

“Qərbə qarşı savaş” ikinci plana keçib

Paddy Ashdown xristianlıqda da məzhəb davalarının olduğunu xatırladır (Belfast, Balkan) və belə davaların necə dağıdıcı gücə malik olduğunu anlamağa çağırır.

Məqalə müəllifi yazır ki, Qərbin Əfqanıstanda ilişib qaldığı, Suriyada baş verənlərə bir əncam çəkə bilməkdə aciz qaldığı, regiondakı yeni hökumətlərin siyasətindən narahat olduğu bir vaxtda İslam aləmində sakit-səssiz proses gedir.

Paddy Ashdown qeyd edir ki, Malidəki ekstremistlərin əsas hədəfi yerli sufi müsəlmanların mötədil doktrinasıdır.

Suriyada sünni üsyançılar şiə hökumətə qarşı döyüşür.

Bəhreyndə şiə etirazçılar sünni hökumətə qarşı çıxır.

Məqalə müəllif hesab edir ki, Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə pullarıyla güclənən sünni sələfilər İslam aləmində - Şimali Afrikadan Çindəki uyğurlar, İndoneziya, Rusiyaya qədər yayılaraq öz gücünü artırmağa çalışır.

Əgər əvvəllər onların əsas hədəfi “Böyük Şeytan” dedikləri Qərb idisə, indi başlıca hədəfləri “Böyük Sapıntı” saydıqları şiəlikdir.

Paddy Ashdown bu məzhəb davasının genişlənməsinin Yaxın Şərq və Qərb üçün daha ağır nəticələri ola biləcəyinə diqqət yönəldir.
XS
SM
MD
LG