Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:35

İran BP-ni məhkəmə ilə hədələyir


BP loqoosu
BP loqoosu
-

İran BP-ni Xəzəri çirkləndirdiyi üçün məhkəmə ilə hədələyir. Bu barədə xəbəri İranın rəsmi İRNA agentliyi İran Ətraf Mühit nazirinin müavini Abdolreza Karbasi-yə istinadən yayıb.

Cənab Karbasi bəyan edib ki, Azərbaycan Respublikasında neft çıxaran BP Xəzər dənizini bundan sonra da çirkləndirərsə, Tehran beynəlxalq tribunallara bu barədə rəsmən şikayət edəcək.

Karbasi deyib ki, BP neft tullantılarını yer səthinin 600 metr dərinliyinə vurmaqdansa, birbaşa dənizə axıdır.

DİL ÇAŞAR DÜZÜNÜ DEYƏR

Maraqlıdır ki, Press TV agentliyi İRNA-nın bu xəbərinə istinadla öz xəbərinə «İran Azərbaycanı məhkəməyə verəcək» başlığı qoyub.

Ola bilər, Londonda mənzillənmiş və Qərbi Avropada rəsmi Tehranın maraqlarını ifadə edən Press TV üçün belə bir başlıq «daha dramatik» görünüb.

Xəzər dənizi
Xəzər dənizi
Nazir müavini bildirib ki, son bir neçə ildə Xəzərin cənub sahilləri neft layı ilə örtülüb, dörd ay əvvəl baş vermiş axıntı ilə əlaqədar İran tərəfi öz sahillərini 25 ton xam neftdən təmizləməli olub. O deyib ki, dənizin bu cür çirkləndirilməsi Xəzər sularında oksigenin miqdarını azaldacaq və bu, nadir dəniz heyvanlarının və balıqlarının tükənməsinə gətirib çıxaracaq.

Son iki onillik ərzində Xəzərin, neft və qaz istehsalında son dərəcə böyük risklə üzləşəcəyi xəbərlənir.

İrandakı Xəzər Dənizi Ekoloji Tədqiqatlar İnstitutunun rəhbəri Reza Pourgholam deyib ki, dənizin sənaye və neft tullantıları ilə çirkləndirilməsinin miqyası böhran həddinə çatıb.

Bununla belə, Xəzərdə aparılan ekoloji təhqiqatların bəzi nəticələri də verilib. Bu nəticələrə görə, dənizə əsas neft axıntısı Rusiyanın Həştərxan və Qazaxıstanın Aktau sahillərində dəniz neft nəqliyyatı marşrutlarında baş verir.

AZƏRBAYCANDA DA BP-DƏN ŞİKAYƏTLƏR SƏSLƏNİB

Keçən ilin oktyabrında Tehranda keçirilən mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast bildirmişdi ki, İran və Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur və buna ikinci dərəcəli məsələlərlə xələl gətirmək düzgün olmazdı.

BP-nin Xəzəri çirkləndirməsi barədə suala cavab verərkən sözçü demişdi ki, bu məsələ Xəzəryanı dövlətlərin diqqət mərkəzindədir.

Yaxın keçmişdə Azərbaycanda da BP-nin Xəzəri çirkləndirməsi ilə bağlı şikayətlər eşidilib.

Mayis Gülalıyev (sağda)
Mayis Gülalıyev (sağda)
UPİ agentliyi hələ 2009-cu ilin iyulunda Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Gülalıyevə istinadən bildirirdi ki, Xəzərin neft tullantıları ilə çirkləndirilməsi Azərbaycanı iqtisadi çətinliklərə düçar edir.

O, konkret olaraq, dənizin çirkləndirilməsində BP-Azərbaycan şirkətini ittiham etmişdi.
Cənab Gülalıyev demişdi ki, Azərbaycan hökuməti Xəzərdəki ekoloji problemləri həll etmək üçün hətta Dünya Bankından kreditlər almalı olur.

İRANIN BP İLƏ ÖZ HAQQ-HESABI VAR

İranın, doğum yeri etibarilə «iranlı» olan BP ilə köhnə haqq-hesabı var.

2010-cu ilin iyulunda BP şirkəti İran Air hava yolları şirkətinin sərnişin təyyarələrinə yanacaq doldurulmasını birdən və birdəfəlik kəsib. Bu barədə hələ o vaxt «The Daily Telegraph» yazırdı ki, şirkət bunu ABŞ sanksiyalarına uyğun olaraq etdiyini bildirib.

Qəzet yazırdı ki, Karib Körfəzindəki fəlakətli axıntı BP-ni Amerika sanksiyaları məsələsində «daha intizamlı» edib.

Bir sözlə, BP Vaşinqtonla münasibətlərini nə yolla olursa-olsun yaxşılaşdırmağa çalışırdı.

Davos forumu
Davos forumu
O vaxt BP-nin sözçüsü bu xəbəri nə təsdiq, nə də inkar edib, lakin bildirib ki, «biz istənilən ölkəyə qarşı beynəlxalq sanksiyalara riayət edirik, ancaq hava yolları şirkətləri ilə fərdi kontraktları müzakirəyə çıxarmırıq».

Bu da qeyd olunmalıdır ki, dünyanın neftlə ən zəngin ölkələrindən biri olan İranda çox ciddi benzin qıtlığı var və Tehran ölkəyə lazım olan yanacağın az qala yarısını xaricdən almağa məcburdur.

Elə həmin günlərdə İranın millət vəkillərindən Heshmatollah Falahatpisheh demişdi ki, BP-nin bu hərəkətinə mütləq cavab veriləcək.

Düşünmək də olar ki, ötən həftə Davosda Azərbaycan Dövlət Neft Şirkətinin BP ilə Azəri-Çıraq-Günəşli yataqlarına dair müqavilənin 2024-cü ildən o yana uzadılması barədə danışıqların getdiyini elan etməsi, İran millət vəkilinin hədəsi üçün məqamı yetişdirib.
XS
SM
MD
LG