Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:58

ABŞ səfiri son olaylara münasibət bildirdi


«Çıraq» oteli
«Çıraq» oteli
-
«İsmayıllıda baş vermiş zorakılığa görə təəssüf edirik. Eyni zamanda biz qanuni şikayətləri təmin etmək üçün Azərbaycan hökuməti ilə vətəndaşlar arasında konstruktiv dialoqa və hökumət nümayəndələrini sərbəst toplaşmaq və ifadə azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq».

ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar-ın Azərbaycandakı son nümayişlərlə bağlı bəyanatında belə deyilir.

Səfirliyin rəsmi saytında yayılan bəyanatda Bakıda İsmayıllı sakinləri ilə həmrəylik nümayişi, eləcə də yanvarın əvvəlində paytaxtda və şəhər ətrafında hakimiyyət nümayəndələrin qanunazidd əməlləri ilə bağlı etiraz aksiyaları da xatırladılıb.

8 NƏFƏR BARƏSİNDƏ CİNAYƏT İŞİ QALDIRILIB

Yanvarın 23-də İsmayıllıda baş verən hadisələrlə əlaqədar 8 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib.

Onlar ictimai qaydanı pozmaqda, özgə əmlakına qəsdə, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməkdə ittiham olunurlar.

Bu məlumat Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Məlumatda deyilir ki, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş daha 52 nəfər saxlanıb. 23 nəfərə inzibati həbs verilib, 15 nəfər cərimə edilib. 14 nəfər xəbərdarlıq edildikdən sonra buraxılıb:

«O da müəyyən edilmişdir ki, Müsavat sədrinin müavini Tofiq Yaqublu və «Real» Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək» rayon sakinlərini polisə müqavimət göstərməyə, heç kimə tabe olmamağa, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırıblar.

Məlumatda deyilir ki, hadisələrin bütün təşkilatçıları və iştirakçılarının məsuliyyətə cəlb olunması üçün axtarış tədbirləri davam etdirilir.

«ÇIRAQ» OTELİ SÖKÜLÜR

İsmayıllı hadisələrində yandırılmış «Çıraq» oteli sökülür.

AzadlıqRadiosunun müxbirinin İsmayıllıdan verdiyi xəbərə görə, otel ekskavatorla sökülür. Köhnə avadanlıqlar yığışdırılır, salamat əşyalar çıxarılır.

POLİS MONİTORİNQƏ GƏLƏNLƏRİ UZAQLAŞDIRMAQ İSTƏYİR

Yanvarın 29-da İsmayıllıda monitorinq keçirmək istəyərkən saxlanan ictimai fəallar – Zaur Əkbər, Bəşir Süleymanlı, Rəsul Cəfərov, Yadigar Sadıqov sərbəst buraxılıblar.

İsmayıllı polis şöbəsində onlara deyiblər ki, «İsmayıllı hadisələrinə» görə 12 nəfərə rəsmi ittiham irəli sürülüb. Saxlananlara işgəncə verilməsi haqqında deyilənlər təkzib olunub.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, polis və mülki geyimli şəxslər monitorinq keçirənləri rayondan uzaqlaşdırmaq istəyir.

MONİTORİNQƏ GƏLƏNLƏRDƏN BİR NEÇƏSİ SAXLANIB

Yanvarın 29-da İsmayıllıda monitorinq keçirmək istəyən ictimai fəallar – Zaur Əkbər, Bəşir Süleymanlı, Rəsul Cəfərov, Yadigar Sadıqovu polis saxlayıb.

Onların hara aparılması haqqında məlumat verilməyib.

İsmayıllı rayon polis şöbəsindən saxlananlarla bağlı onlarda məlumat olmadığını deyiblər.

Yanvarın 29-da bir qrup ictimaiyyət nümayəndəsi İsmayıllıya gedib. Onlar yanvarın 24-də baş verən hadisələr zamanı saxlananlara qarşı zorakılıq faktlarını araşdırmaq istəyirdilər.



«XULİQANLIQ EDƏNİN QARŞISINI ALIRSANSA TUTULMALISAN?»

Yanvarın 28-də İsmayıllı Olimpiya İdman Kompleksinin sədr müavini 31 yaşlı məşqçi-müəllim Anar Həsənov da həbs olunub.

Bu haqda AzadlıqRadiosuna Anar Həsənovun atası Rasim Həsənov məlumat verib.
Rasim Həsənovun sözlərinə görə, oğlunu məşq zamanı həbs ediblər:

«Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib həbs ediblər. Nədir oğlumun günahı? Burda yerli sakinləri təhqir edənlərə deyib ki, niyə camaatı söyürsünüz. Buna görə, oğlumu tutub haqqında 2 aylıq həbs-qəti imkan tədbiri seçiblər. Deyirlər dövlət çevrilişi edirsiniz. Xuliqanlıq edənin qarşısını alırsansa tutulmalısan?».

GECƏ 30-40 NƏFƏR HƏYƏTƏ SOXULUB

Yanvarın 28-də İsmayıllı rayon sakini, 47 yaşlı Səftər Ağamalıyev həbs olunub.

Bu haqda AzadlıqRadiosuna onun qardaşı Heydər Ağamalıyev məlumat verib.
«Dünən saat 4 radələrində 30-40 nəfər maskalı həyətə soxulub. Evə girənlər də olub. Səftər həmin vaxt yatırmış. İstəyiblər elə mayka ilə aparsınlar. O da hay-küy salıb. Axır geyinib çıxıb. Qardaşım İsmayıllı sakinlərini söyənlərdən birini vurmaqda ittiham olunur. Qardaşım nə edib ki? Gedib deyib ki, niyə camaatı söyürsünüz? İndi onu həbs ediblər. Deyirlər ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır».

Heydər Ağamalıyevin sözlərinə görə, hazırda rayonda mərkəzi yollar avtomobillər üçün bağlıdır. İcra strukturları ətrafında güclü polis nəzarəti var.

İsmayıllı rayon polis şöbəsindən yeni tutulanlarla bağlı məlumatsız olduqlarını bildiriblər.

Yanvarın 29-da bir qrup ictimaiyyət nümayəndəsi İsmayıllıya səfər edib, saxlananlara qarşı zorakılıq faktlarını araşdıracaq.

İsmayıllı hadisələrində saxlananların sayı haqqında müxtəlif rəqəmlər səslənir. Yerli icra orqanlarının nümayəndələri ən çoxu 30 adamın tutulduğunu deyir. Qeyri-rəsmi məlumatlar görə, azı 100 adam saxlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirdilər ki, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində soruşdurma aparılır. Saxlananlar haqqında yeni məlumat yayacaqlar.
XS
SM
MD
LG